2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 276 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

QƏRAR ¹ 29/340

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əbilov Ramin Rəsul oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/43 saylı qərarını mübahisələndirmiş, səsvermə günü baş vermiş qanun pozuntularının araşdirılmasını, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd R.R.Əbilov müraciətində iddia etmişdir ki, seçkiqabağı təşviqat dövründə namizədlərə bərabər şərait yaradılmamış, səsvermə günü seçici aktivliyi aşağı olmuş, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etməmiş, dairə seçki komissiyası qanunsuz olaraq şikayətin təmin edilməməsi barədə 2020-ci il tarixli 12/43 saylı qərar qəbul etmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, Komissiyanın iclasında iştirak etmək arzusunda olduğunu bildirsə də iclasa gəlməmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

25 saylı Nizami ikinci seçki dairəsinin dairə seçki komissiyası mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, namizəd R.R.Əbilovun müraciətindəki səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış, səsvermənin keçirilməsi və ya nəticələrinin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində buya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar yalnız 26 saylı seçki mənqəsində müşahidə edilmişdir ki, bu da seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməli və həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı buya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.

Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunması və dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/43 saylı qərarının həmin seçki məntəqəsinə aid hissədə ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əbilov Ramin Rəsul oğlunun müraciəti qismən təmin edilsin, 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 12/43 saylı qərarı 26 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

21.02.2020-ci il

Azərbaycan.-2020.- 22 fevral.- S.10.