Mehriban Əliyevanın himayəsində
qurulan xoşbəxtlik
Taleyi uşaq evində yazılan cütlüyün
nisgil və sevinc dolu həyat hekayəsi
Günəş
saralmış şəfəqlərini yer üzünə xəsisliklə
paylayır, tez də tutqun buludların arxasında
daldalanırdı...
Dəli küləyin hirslə sovurduğu xəzan yarpaqlarının arxasınca isə qucağı körpəli bir qadın ayaqlarını sürüyürdü...
Neçə müddətdir beynində götür-qoy etdiyi, son çarə ünvanına çatmamağa çalışırdı...
***
Çovğunlu bir qış səhəri idi...
Dəli küləyin hirslə sovurduğu qar dənələri acı gerçəklik kimi bir qızcığazın əlindən yapışaraq beynindəki tərəddüdlərdə ilişib qalan başqa bir qadının üzünə çırpılırdı...
Təəssüf ki, zaman fərqli olsa da, hər iki qadının, ananın taleləri də, ağrı-acıları da, könüllü olaraq bala həsrəti seçiminə qol qoymaq üçün üz tutduqları ünvan da eyni idi...
Bu yolçular uşaq evinə gedirdilər...
***
Tale özü onların qismətini uşaq evində çarpazlaşdırmış, bir-birinin alın yazısına çevirmişdi. Kimsəsizlik, valideyn özləmi, ailə həsrətini qoşa yaşamışdılar. Gözləri qapıya dikiləndə, ürəklərinə qubar dolanda, adicə bir sözdən inciyib-küsəndə həyan, arxa-dayaq olmuşdular bir-birlərinə. Beləcə, onlar da uşaq evinin ana-ata nisgilli bütün sakinləri kimi böyüyürdülər... Amma hər şeyin dəyişəcəyi, kimsəsizliklərinə son qoyulacağı, talelərinin güləcəyi ümidini itirmirdilər...
Və günlərin bir günü arzularının belə fövqündə olan bir aləmə düşmüş, həsrətlə gözlərinin dikildiyi o qapı açılmış və kandarında əziz bir qonaq görünmüşdü. Onun gəlişi bayrama, hüdudsuz sevincə rəvac vermişdi.
Sanki uşaq evinin bütün sakinlərinin
üzərinə günəş doğmuşdu. Onun
timsalında ana nəvazişi duymuş, kədərli gözlərinə
gülüş qonmuş, özlərinə yaxın dost, həmdəm,
"mənəvi ana” tapmışdılar...
Daha onlar tək, kimsəsiz deyildilər. Əlamətdar günlərdə sevinclərini bölüşən, nailiyyətlərinə qiymət verən, xoş günlərində qol götürüb oynayan, gələcək həyatda uğurlara səsləyən, onlara dəstək olan insan vardı...
Elə
onların həyat axarının dəyişməsinə,
bir-birlərinə olan sevgilərinin xoşbəxt sonluqla bitməsinə,
şən körpə sədaları yüksələn bir
yuvanın çırağının yanmasına da məhz o
xeyirxah səbəb olmuşdu - amalı Azərbaycan
uşaqlarını bəxtəvər görmək olan Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyeva...
Acılı-şirinli
xatirələr...
Bu hekayə
nisgil, kədər, sevgi, xoşbəxtliyin bir arada
yaşandığı Nizami rayonu 1 saylı Uşaq Evinin məzunları
Yasəmən və İbrahim Abzotovların ömür
yolundan bəhs edir. Gənc qəhrəmanlarımız
ötüb keçən, amma hələ də
acılı-şirinli xatirələri burunlarını
göynədən uşaqlıq illərindən, müstəqil
həyatdakı ilk addımlarından, arzularındakı
xoşbəxt həyata necə qovuşmalarından
danışırlar.
1989-cu ilin yanvarında Bakıda dünyaya göz
açan İbrahimin qismətinə cəmi 10 ay ana
qayğısı görmək nəsib olur. Anası tək
olduğu və heç yerdə işləmədiyi
üçün oğlunu Bakıda yerləşən körpələr
evinə qoymağa məcbur olur. 3
yaşına qədər orada qaldıqdan sonra uşaq evinə
təhvil verilən körpə İbrahim həyat yolunda tənha
addımlamağa başlayır. Amma heç zaman onu
uşaq evinə qoyduğuna görə anasını
qınaya bilmir...
- Anam
arada yanıma gəlib-gedərdi. Amma bu, mənim
valideynlərimə olan həsrətimi ödəmirdi. Hər uşağın ən böyük arzusu
ata-anası ilə birlikdə böyüməkdir. Təəssüf
ki, mən o xoşbəxt uşaqlardan ola
bilmədim, bu psixoloji travma ilə böyüdüm. Təbii ki, uşaq evində maddi ehtiyaclarımız
ödənirdi, bizə qayğı göstərirdilər,
amma ana qayğısı, ata sevgisi başqadır. Adi bir şey deyim, məktəbdən
çıxanda görürdüm ki, digər uşaqların
dalınca valideynləri gəlib. Bizim isə arxamızca
gələn, nailiyyətlərimizlə maraqlanan valideynimiz yox
idi... Bəzən mənə sual verirlər ki,
valideynlərindən inciyirsənmi? "Yox”
deyirəm. Axı onlardır bu dünyaya gəlməyimin
səbəbkarları...
Bilmirdi
ki, təkcə atasına yox, anasına da həsrət
qalacaq...
1990-cı illərin əvvəlləri idi. Bərdə
rayonunun Alaçadırlı kəndində xoşbəxt bir
ailədə üç azyaşlı uşaq
böyüyürdü. Çox keçməyəcək
ki, üzərlərini qara buludların alacağından, həyatdakı
dayaqlarını, atalarını itirəcəklərindən
xəbərsiz... Atasının surətini rəsmlərdən
ürəyinə həkk edən Yasəmən cəmi yaş
yarımlıq idi onda... Körpə Yasəmən
həm də ondan xəbərsiz idi ki, elə bu andan o, təkcə
atasına yox, anasına da həsrət qalacaq, onun hənirini
özgələrlə, yadlarla ovutmağa
çalışacaq. Amma bunlar 2-3 il
sonra olacaqdı...
Hələliksə tənha ana övladlarını
başına yığaraq onlara baxmağa
çalışırdı, amma bu, çox çətin
idi. Buna görə də Bakıda dolanışıq
tapa bilərlər düşüncəsi ilə
övladlarını da götürüb heç kimi
tanımadığı böyük şəhərə
yollanır. Amma yoxluqlar, çətinliklər
də onu qarabaqara izləyirdi. İşsiz
tənha qadın, himayəsində olan üç
azyaşlı uşaqla cavabı olmayan suallar
qarşısında çarəsiz qalmışdı. Ümidsiz qalan ana balalarının acından ölməməsi
üçün neçə zamandır ürəyində
dolandırmağa, dilinə gətirməyə qorxduğu o
gerçəyə boyun əyməli oldu. Balaca Yasəməni
kiçik qardaşı ilə bərabər uşaq evinə
təhvil verib, sürətlə uzaqlaşmağa, körpələrinin
ağlamasını, arxasınca qışqırmasını
görməmək, duymamaq üçün qaçmağa
başladı...
- 6
yaşımdan uşaq evində böyüdüm. Həftəsonları anam görüşümüzə
gəlirdi. İstəmirdim bizi qoyub getsin, amma gedirdi... Uşaq vaxtı bunu başa düşməsəm də,
sonradan o dövrdə yaşadığımız həyatın
reallığını dəyərləndirib anladım ki, bəlkə
də bizim üçün beləsi daha məsləhətli
olub. Yaxşı ki, anam bu gücü
özündə tapıb, bizi uşaq evinə, dövlətin
qayğısına verib. O çətinliklərlə
açıq cəmiyyətdə böyüsəydik, həyatımız
daha ağır olardı. Yəqin, Allahın buyruğu belə
idi...
Mehriban xanım soruşdu ki, hanı mənim alagöz
qızım?
Yaman yuxa,
yaman kövrək olur uşaq evinin sakinləri... Gözləri yolda, qulaqları səsdə
böyüyürlər. Ürəklərinin
dərinliyində kimsəsizliyin soyuq ürpərtisi, gələcəklə
bağlı əndişə yuva qurur. Amma onlar və Azərbaycandakı
bütün kimsəsiz uşaqlar xoşbəxt idilər,
çünki Mehriban xanım Əliyeva idi arxa-dayaqları,
könül həmdəmləri...
Yasəmən:
- Mehriban
xanım bizim uşaq evinə tez-tez qonaq gəlirdi. O, çox
ünsiyyətcil, mehriban idi. Hər birimizlə
danışır, nəyə ehtiyacımız olduğunu
soruşur, xırda nüanslara qədər maraqlanırdı.
Hiss edirdik ki, birinci xanım bizimlə vaxt keçirməyi
çox sevir. Ozamankı görüşlərimizdən
bir xatirə isə mənim üçün çox əziz,
qiymətlidir. Mehriban xanımın bizə
növbəti gəlişlərindən biri idi. Otağa daxil olanda bütün uşaqlar yerlərindən
durub Mehriban xanımın yanına qaçdılar. Utancaq olduğumdan təkcə mən xalça dəzgahının
yanında qısılıb qaldım. Bu
zaman Mehriban xanım soruşdu ki, hanı mənim alagöz
qızım? O, məni axtarırdı. Sonra
yanına çağırdı, görüşdü.
Mənə dedi ki, ali təhsil
almalısan, oxumalısan. Nə çətinliyin olsa, xəbər
ver. Mehriban xanımın bu sözləri mənə
böyük motivasiya, həvəs və özünəinam verdi.
İbrahim:
- Mehriban
xanımın bizim uşaq evinə ilk dəfə gəldiyi
vaxtdan 13-14 il keçib, amma o günü
indiki kimi xatırlayıram... Hər zaman
ana-atamızı, bacı-qardaşlarımızı gözləyirdik.
Amma Mehriban xanım gəlişi ilə o həsrətimizə
son qoydu, kimsəsizliyimizi unutdurdu. Elə bil nağıl
dünyasına düşmüşdük, o qədər
sovqat, oyuncaq gətirmişdi ki...
Təəssüratlarımız çox zəngin idi. Hətta
günlərlə, həftələrlə, aylarla
danışırdıq ki, cənab Prezidentin xanımı məhz
bizim görüşümüzə gəlib. Və bu gəliş bir dəfə yox, davamlı
oldu. Elə olurdu ki, ildə 3-4 dəfə
bizə baş çəkirdi. Birlikdə
oturub çay içir, söhbət edir, bir valideyn kimi bizimlə
maraqlanırdı. Bəzən hətta unudurduq ki,
valideynimiz yoxdur... Sanki biz Mehriban xanımın
övladlarıydıq. O bizə ana qayğısı
göstərdi, öz övladları kimi qəbul etdi. Bu
günə qədər də özümü tək,
atılmış hiss etməmişəm...
Mehriban xanım gələndə onu müxtəlif rəqslər,
mahnılarla qarşılayırdıq. Bir dəfə bal rəqsi oynayırdım. Daha
sonra isə keçib xalçaçılıq
otağında xalça toxumağa başladım. Rəssamlıq əl qabiliyyətim olduğu
üçün çəkdiyim rəsmləri sərbəst
şəkildə ilmələrə köçürə
bilirəm. Mehriban xanım məni orada da
gördükdə müdiriyyətimizdən soruşmuşdu
ki, "bu, bayaq rəqs edən oğlandır?” "Hə” cavabı alandan sonra isə demişdi ki,
"bu oğlanın gələcəyi parlaqdır. Həqiqətən
istedadlı bir insan olacaq...”
Çox
sevinmiş, qürurlanmışdım ki, Mehriban xanım məhz
mənim haqqımda belə gözəl ifadə işlədib...
Sevgi etirafı
Çoxdan idi ki, ürəyində iz salan bir
sirri-pünhanı dilinə gətirmək istəsə də,
çəkinirdi. İlk sevgi oxunun daşa dəyəcəyindən,
nakam qalacağından, qarşılıqsız
olacağından qorxurdu. Amma vədə
yetişmişdi, qarşıda onu ayrılıq gözləyirdi,
əsgərliyə yollanacaqdı. Nəhayət, cəsarətini
toplayıb sevgisini etiraf etmək qərarına gəlir...
İbrahim:
-
Çoxdan idi ki, Yasəməndən xoşum gəlirdi, xasiyyətimiz
də tuturdu. Amma sevgimi özünə etiraf edə
bilmədim, utandım. Yaxın bir dostum var
idi, onun vasitəsilə bildirdim. Lakin ilk dəfə
qəbul etmədi. Amma əsgərlikdə
olduğum zaman bir-iki dəfə mənə zəng
vurmuşdu, danışmışdıq. Sevdiyini etiraf
etməsə də, könlünün məndə olduğunu
hiss edirdim...
Yasəmən:
-
Çox yaxşı dostluq münasibətlərimiz vardı,
bir-birimizi anlayırdıq. İbrahim ilk dəfə
sevgisini etiraf edəndə isə söylədim ki, hələ
bu barədə düşünməmişəm, təhsil
almaq istəyirəm. 2012-ci ildə Azərbaycan
Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə
qəbul oldum. Təhsilim ödənişli
olsa da, Mehriban xanımın diqqəti sayəsində bundan
azad edildim, hətta mənə tələbə təqaüdü
də ayırdılar.
2016-cı ildə universiteti bitirəndə şəxsi
məlumatlarımı Heydər Əliyev Mərkəzinə
göndərdim. Üzərindən heç iki gün keçməmiş
məni işə qəbul etdilər və o zaman yeni yaranan
Regional İnkişaf İctimai Birliyində işə
başladım...
Mehriban xanımın sevinc ərməğanı
İbrahim:
- Heydər
Əliyev Fondu və SOCAR-ın birgə layihəsinə əsasən
uşaq evləri və internat məzunları əsgərliyə
gedib-gələndən sonra imtahansız peşə məktəbinə
qəbul olub 1 il orada oxuyurlar. Bundan sonra isə
ev və işlə təmin edilirlər. Mən
də bu imkanlardan yararlandım... Nizami rayonunda
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
valideyn himayəsindən məhrum olan gənclər
üçün inşa edilmiş yaşayış
binasında mənzillə təmin olundum. Hazırda Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyirəm.
Elə nişan üzüyümün
pulunun yarısını da öz maaşımla düzəltmişdim.
Amma toy etməyə maddi gücüm çatmırdı...
Yasəmən:
- İş yerində ailə həyatı qurmaq istədiyimi
bildirəndə bu barədə Mehriban xanıma məlumat
göndərildi. Bizə bildirildi ki, toyun bütün xərcləri
Heydər Əliyev Fondu tərəfindən ödəniləcək.
Cəmi iki gündən sonra bizim
üçün çox təntənəli toy mərasimi təşkil
edildi. Uşaq evinin bütün sakinləri,
dostlarımız, xeyli qonaqlar var idi və bolluca şənlənmişdik.
Toyumuzda Mehriban xanım bizi bir daha sevindirdi, avtomobil hədiyyə
etdi...
İbrahim:
- Bəy
kürsüsü elə bir yerdir ki, hər kəs
özünü orada xoşbəxt hiss edir. Amma
mən özümü daha xoşbəxt sayırdım.
Keçdiyim çətin günlər xatirəmdə
canlanırdı və düşünürdüm ki,
özüm bu yolu tək gəlsəydim, çox şeyi
bacara bilməzdim. İndi işimiz, evimiz,
avtomobilimiz, ailəmiz var. Bütün bunlar isə Mehriban
xanım Əliyevanın bizə sevinc ərməğanıdı.
Həyata
keçən arzular...
Həyatlarının
heç bir dönəmində özlərini tənha hiss etmədilər.
Bütün analı-atalı uşaqlar kimi,
ürəkli böyüdülər. Cəmiyyətə,
xalqımıza layiqli, xeyirli vətəndaş kimi yetişdilər.
Bütün bunlara isə məhz Mehriban xanım
Əliyevanın şəxsi diqqəti və
qayğısı sayəsində nail oldular...
Yasəmən:
- Həyatımda
ən böyük dəstəkçim Mehriban xanım olub. Hansı çətinliyim olubsa, başımı
çevirəndə hər zaman arxamda onu görmüşəm.
İşlərinin çox olmasına,
zamanının darlığına baxmayaraq, dəstəyini
heç zaman əskik etməyib. O, mənə dayaq oldu,
təhsil almağa təşviq etdi. Hətta ali
təhsil almasaydım belə, uşaq evində bizə öyrədilən
peşələrlə həyatımı normal şəkildə
qura bilərdim. Məsələn, yaxşı aşpaz, toxucu,
saç ustası ola bilərdim.
Həyatım boyu minnətdarlığım, dualarım Mehriban xanıma olacaq. Uşaq evində olsam da, çox yaxşı mühitdə böyümüşəm, xeyli yaxşılıqlarla qarşılaşmışam. Çalışıram mən də gördüyüm yaxşılıqları digər insanlara ötürüm...
İbrahim:
- Mehriban xanımın həyatımızda böyük rolu var. Uşaq evində gördüyümüz qayğı, sevgi oranı tərk etdikdən sonra da bitmədi, əksinə, ikiqat artdı. İndi də Heydər Əliyev Fondundan mütəmadi olaraq hər birimizlə maraqlanırlar. İşimizdə hansısa çətinliklərin olub-olmamasını soruşurlar. Bizim üzərimizə düşən borc isə göstərilən etimadı doğrultmaqdır.
Əslində biz tənha, valideyn himayəsindən məhrum deyilik. Mehriban xanımın himayəsində olan heç bir uşaq kimsəsiz deyil və biz böyük bir ailəyik...
İndi pəncərəsi işıqlı, bacasından tüstü burumlanan bir evdə Abzotovlar ailəsində Əminə adlı qızcığaz böyüyür. Valideynlərinin himayəsində, ana qayğısıyla, ata sevgisiylə...
Eyni ilə Mehriban xanım Əliyevanın bütün Azərbaycan uşaqlarını görmək istədiyi şəkildə: bəxtəvər, xoşbəxt, firavan, analı, atalı...
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 23 fevral.- S.1;5.