Səyyar xidmət, vətəndaşa diqqət, vaxta qənaət

 

 

Səhərdir...

Azərbaycanın ucqar cəbhə bölgələrindən biri Qazax rayonundayıq.

Dəmir Yolu Stansiyasına xeyli insan toplaşıb. Hər kəsin üzündə bir təbəssüm var. Bir qədər sonra stansiyada dayanmış qatarın qapıları açılır və minik başlanır.

Növbəlilik prinsipi qorunmaqla insanlar vaqonlara daxil olurlar. Müəyyən qədər vaxt keçsə də, qatar yerindən tərpənmir ki, tərpənmir.

Bir az əvvəl qatara minən vətəndaşlar isə sevincli şəkildə vaqonlardan düşərək geri qayıdırlar. Nə baş verir?

Bayaqdan kənardan seyr etdiyimiz mənzərə bizdə maraq yaradır. Duruma şahidlik etmək üçün qatara yaxınlaşırıq və bir anlıq hər şey bəlli olur. Sən demə, bu, regionlararası dəmir yolu nəqliyyatı vasitəsi yox, milli brendimiz olan "ASAN xidmət”in səyyar qatarıdır.

Maraqlı gəldiyi üçün qatara daxil olub burada həyata keçirilən proseslə yaxından maraqlanırıq.

 

 

Səyyar xidmətə indiyədək 2 milyondan artıq vətəndaş müraciət edib

 

 

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların real təzahürü olan "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN Qatar” konsepsiyası reallaşdırılıb.

2016-cı ildə dövlət başçısının açılışını etdiyi səyyar qatar 2017-ci il fevral ayının 1-dən fəaliyyətə başlayıb və bugünədək ümumilikdə 17 rayona 46 dəfə səfər edib.

Bu müddət ərzində səyyar qatara 115 minə yaxın müraciət daxil olub.

Qeyd edək ki, səyyar xidmətin təşkili məqsədilə ilk olaraq avtobuslar təşkil edilib. 2013-cü ilin iyun ayından etibarən iki istiqamət (cənub və şimal-qərb) üzrə hərəkətə keçib. 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb, daha sonra Prezident İlham Əliyevin tapşırığına əsasən avtobusların sayı 10-a çatdırılıb.

Ümumilikdə səyyar xidmətə (avtobus, qatar, kiçik səyyar qruplar, sifarişli əsaslarla həyata keçirilən xidmət və sosial aksiyalar) 2.126.461 vətəndaş müraciəti qeydə alınıb.

 

 

Gözləmə və xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqon

 

 

"ASAN Qatar”dayıq. Sanki "ASAN xidmət” mərkəzlərinin kiçildilmiş formasıdır. Qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir. Səyyar qatar ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşların xidmətindədir.

Belə ki, "ASAN Qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir.

Xidmətlərə gəlincə burada - tərcümə xidməti; tibb xidməti; bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu); daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi; yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi; əmək pensiyalarının təyin edilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; notariat fəaliyyəti xidməti həyata keçirilir.

Səyyar "ASAN xidmət”in qatar və avtobuslarında göstərilən xidmətlərlə bağlı ödənişlərin qəbulu daxildə fəaliyyət göstərən poçt xidməti vasitəsilə reallaşır.

 

 

Dövlət xidmətləri vətəndaşlara yeni və innovativ üsullarla təqdim olunur

 

"ASAN Qatar”da ümumilikdə 21 nəfər əməkdaş vətəndaşlara xidmət göstərir. Vaqona daxil olan şəxs məlumat mərkəzinə yaxınlaşıb müraciət edir və könüllülər tərəfindən istiqamətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Qatarda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Səyyar "ASAN xidmət” həftənin bazar ertəsi - şənbə günləri saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

2017-ci ildə fəaliyyətə başlayan səyyar qatar artıq 4-cü dəfədir ki, Qazax rayonuna səfər edir. Elnur Niftəliyevin sözlərinə görə, indiyədək "ASAN Qatar” vasitəsilə Qazaxda 17.872 nəfər vətəndaş müraciətindən 16.957-si xidmətlə təmin olunub. Səyyar qatar fevral ayının 29-dək Qazax rayonunda vətəndaşlara xidmət göstərəcək.

 

Hansı sənədi düzəltmək istəyirsən gəl, asanlıqla nail ol

 

 

 

Burada ən çox müraciət edilən sahələr ümumvətəndaşlıq pasportu, notariat və şəxsiyyət vəsiqəsinin alınması, dəyişdirilməsi xidmətləridir.

Rayonun Sofulu kəndindən olan məcburi köçkün Qurbanovlar ailəsi yenicə dünyaya gəlmiş körpələri Uğur Qurbanova şəxsiyyət vəsiqəsi almaq üçün səyyar xidmətə təşrif buyurub. Anası Aygün Qurbanova deyir ki, xeyli vaxtdı "ASAN Qatar”ın Qazaxda olması barədə məlumat alıblar. Amma ilk günlər gəlmək mümkün olmayıb: "Rayon yeridir, hər kəsin işi-gücü olur. Biz də imkanlaşdırıb bu gün gəldik. Çox rahat şəkildə sənədlərimizi təqdim etdik. Körpə uşaqla gələnlərə daha çox diqqət göstərilir. Belə xidmətdən kim inciyər ki?!”

Rayonun birinci Şıxlı kəndindən gələn Abdullayev Teymur da 5 yaşlı qızı Nuray üçün yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün səyyar xidmətə müraciət edib: "Çox əla bir xidmətdir. Allah Prezident İlham Əliyevin canını sağ eləsin. Əvvəllər necə idi, indi necə... Uşaqlarımızın doğum haqqında şəhadətnamələrini belə güc-bəla ilə alırdıq. İndi hər şey asanlaşıb. Rahat şəkildə nə istəyirsən, hansı sənədi düzəltmək fikirin var, gəl, asanlıqla həll et”.

75 yaşlı rayon sakini Minayə Hacıyeva isə ümumvətəndaş pasportunu dəyişdirmək üçün xidmətə müraciət etdiyini deyir. Sevincli şəkildə bzimlə həmsöhbət olan ağbirçək ananın sözlərinə görə, bəlkə də dünyanın heç bir ölkəsində ucqar rayonlarda, kəndlərdə yaşayan insanlara belə xidmət göstərilmir: "Bunun hamısını edən Prezidentimiz İlham Əliyevdir. Allah dövlətimizin başçısını qorusun. Əlindən gələni edir ki, heç kim narazı olmasın, heç kim başqasına rüşvət verməsin. Əvvəllər pasport almaq, dəyişdirmək zülm idi. Baxın, görün, indi necədir? Hamı çox rahat şəkildə gəlib pasportunu dəyişdirir, yenisini alır”.

Çaylı kəndinin 92 yaşlı ağsaqqalı Nofəl Hüseynəliyev notariat xidmətinə müraciət etmək üçün səyyar qatara təşrif buyurub. Ancaq növbəsi hələ çatmadığı üçün bayırda maraqlı söhbət edir. Biz də ağsaqqalın söhbətinə qulaq müsafirliyi edirik:

"Ay sənin qadan alım, əvvəllər belə işlər görərdin?! Görün Prezidentimiz xalq üçün nələr yaradır. Saatlarla idarə-müəssisələrin qapılarında növbələrdə qalırdıq. Hərdən dava-dalaş düşürdü, rüşvət alan kim, verən kim... Görün, bunların biri qalıbmı, əlbəttə ki, yox!”

 

 

Səyyar qatarın könüllüləri gün ərzində 60-70 nəfərə xidmət göstərirlər

 

 

Səyyar qatarda müxtəlif sahələrlə bağlı xidmətə müraciət edənlərə könüllülər yardımçı olurlar. Əslində elə Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət”dən başlanıb. "ASAN Könüllüləri”nin sayı ildən-ilə getdikcə artır. Hazırda bütün mərkəzlərdə yüzlərlə könüllü fəaliyyət göstərir.

Ümumiyyətlə, könüllü olmaq insanların xoş niyyətini göstərir. İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək üçün xidmətə müraciət edirlər. Bu mərkəzdə də gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün şərait və imkanların yaradılması, onların bilik və bacarıqlarının artırılması məqsədilə könüllülük fəaliyyəti həyata keçirilir. Könüllülər 2 ay müddətində fəaliyyət göstərirlər. Göstərilən öhdəliklərlə 2 ay müddətində çalışan könüllülərə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəsmi sertifikat verilir.

Qatarda könüllü kimi fəaliyyət göstərən Turanə Mustafayeva, Məmmədqasım Bayramov, Murad Hüseynovla söhbətimiz zamanı gənclər dedilər ki, Prezident İlham Əliyev tərəfindən 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan edilib. Onlar da uğurlu karyeralarının ilk addımlarını məhz səyyar xidmətdə könüllü olmaqla atmış olublar.

Turanə deyir ki, burada insanlara yardım, kömək etmək xoş bir hissdir. Yaşlı nəslin nümayəndələri, nənə-babalarımz gəlir buraya. Onlara kömək etmək, qocalara əl tutmaq böyük savabdır. Qazaxda 3-cü dəfədir (2 dəfə səyyar qatar, 1 dəfə səyyar avtobus) bu prosesdə könüllü kimi çalışır. Murad gün ərzində 60-70 nəfər vətəndaşa xidmət göstərdiyini də söylədi.

 

 

Bu il "ASAN Qatar” 11 şəhər və rayona səfər edəcək

 

 

Beləliklə, fevralın 3-dən cəbhə bölgəsinə gələn "ASAN Qatar” bu ayın 29-dək, yəni 27 gün müddətində Qazaxda vətəndaşların xidmətində olacaq. Elnur Niftəliyevin sözlərinə görə, növbəti marşrut Ağdaş rayonunun Ləki qəsəbəsi olacaq. Martın 4-dən 18-dək aran bölgəsində olacaq səyyar qatar 15 gün müddətində vətəndaşlara xidmət göstərəcək. Martın 30-dan aprelin 28-dək (30 gün) Xaçmazda, mayın 4-dən iyunun 2-dək isə Şirvan şəhərində olacaq.

Bu il Qazaxdan başlayan səyyar qatarın son duracağı Hacıqabul rayonu olacaq. Ümumilikdə bu il "ASAN Qatar” ölkənin 11 rayonunda - Qazax, Ağdaş, Xaçmaz, Şirvan, Salyan, Astara, Lənkəran, Şəmkir, Ağstafa, Füzuli və Hacıqabulda ölkə əhalisinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında xidmət edəcək.

Bir sözlə, Dövlət Agentliyinin səyyar xidmətləri, xüsusən də "ASAN Qatar”da yaradılan şərait bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin icra orqanlarına vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığı, habelə bir sıra tövsiyələri effektiv üsullarla yerinə yetirilir. Milli brendimiz olan "ASAN xidmət” fəaliyyətini getdikcə daha da şaxələndirir.

 

Elçin CƏFƏROV,

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 23 fevral.- S.1;4.