28 yeni saziş, 6 milyard dollarlıq ticarət

 

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycana və onun rəhbərinə göstərilən xüsusi diqqətin bariz təcəssümüdür

 

 

Fevralın 19-21-də Azərbaycanın siyasi tarixində daha bir ilk yaşandı. Prezident İlham Əliyevin Azərbaycanın Avropada ən əsas ticarət tərəfdaşı olan İtaliya Respublikasına dövlət səfəri baş tutdu. Ölkələr arasında ikitərəfli münasibətlər kontekstində dövlət səfəri səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda belə səfər edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur.

Bu, Azərbaycan dövlət başçısının İtaliyaya ilk dövlət səfəri idi. Eyni zamanda bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da Azərbaycana və onun dövlət başçısına göstərilən xüsusi diqqətdən irəli gəlirdi.

 

 

Azərbaycan əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanıdır

 

Bu gün İtaliya "Böyük Yeddilik” ölkəsidir və dünyanın 7-ci iqtisadiyyatı hesab olunur. Əlbəttə ki, Azərbaycanın məhz Avropanın nəhənglərindən biri ilə münasibətlərini bu səviyyəyə yüksəltməsi böyük uğur hesab olunmalıdır. Buna İtaliya Prezidenti Sercio Mattarellanın dəyərləndirməsi ilə nəzər yetirək:

"Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur. Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu”.

Azərbaycanın ən mühüm ticarət tərəfdaşı olan Avropa nəhənginin rəhbəri hesab edir ki, illərdir iki ölkə çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əlaqələrdə əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atır.

Prezident İlham Əliyevin İtaliyaya 3 günlük dövlət səfəri çərçivəsində reallaşan tarixi hadisələrə nəzər yetirdikdə aydın şəkildə görərik ki, Azərbaycan və İtaliya arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir.

 

 

Tarixi münasibətlər, Bakıda açılan ilk səfirlik

 

 

 

İtaliya-Azərbaycan münasibətləri qədim dövrdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar. XV əsrdə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi-diplomatik əlaqələr qurulub, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparıblar.

1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə - 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. İtaliya Cənubi Qafqazda ilk səfirliyini 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.

 

 

Prezident İlham Əliyevin İtaliyaya 6-cı səfəri

 

 

Prezident İlham Əliyevin fevralın 19-da Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə İtaliyaya dövlət səfəri və keçirdiyi rəsmi görüşlər, imzalanan müqavilələr və İtaliya-Azərbaycan Biznes Forumu münasibətlərin daha da şaxələnməsinə real imkanlar yaratmış oldu.

Düzdür, bu səfər Prezidentin İtaliyaya ilk dövlət səfəri idi. Bundan əvvəl Prezident İlham Əliyev 5 dəfə İtaliyaya səfər edib. Bunlardan üçü rəsmi səfər (fevral 2005, noyabr 2008, iyul 2014), ikisi isə işgüzar (iyun 2011 və iyul 2015) səfər olub. Ümumilikdə bu səfər Azərbaycan Prezidentinin İtaliyaya sayca 6-cı səfəri idi. Bundan öncə dövlət başçısının bu ölkəyə rəsmi səfərləri, o cümlədən İtaliyanın dövlət rəsmilərinin Azərbaycana gəlişi qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsini şərtləndirmişdi. 2014-cü ildə isə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdi. Bu sənəd iki ölkənin bir-biri ilə olan münasibətinin və gələcək əməkdaşlıq formatının göstəricisi idi.

2018-ci ildə isə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər edib və iki ölkə arasında yeni sənədlər imzalanıb. Bu səfər zamanı Sercio Mattarella Azərbaycanın ali dövlət mükafatı olan "Heydər Əliyev” ordeni, Prezidentin qızı Laura Mattarella "Şöhrət” ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi isə "Dostluq” ordeni ilə təltif ediliblər.

 

 

İki ölkə arasında 28 mühüm sənəd imzalandı

 

 

Bu səfər çərçivəsində iki ölkə arasında mühüm tarixi sənədlər də imzalandı. Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzaladılar və mübadilə etdilər.

Sonra tərəflər arasında enerji, mədəniyyət, turizm, xarici işlər, bitki karantini və bitki mühafizəsi, sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində, idman sahəsində anlaşma memorandumları imzalandı.

Eyni zamanda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A” arasında "M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” mübadilə edildi. "Azərbaycan İnvestisiya Şirkəti” ilə CDP, SACE, "Simest” şirkətləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında anlaşma memorandumları imzalandı.

SOCAR ilə SNAM arasında da əməkdaşlıq sazişi mübadilə edildi. SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan SNAM arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə "Cənub qaz dəhlizi” və TAP vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Hər iki şirkət TAP konsorsiumunda 20 faiz paya sahibdir və "Cənub qaz dəhlizi”nin ən böyük səhmdarlarındandır.

Bundan başqa, "AZPROMO ilə "Simest” arasında Tərəfdaşlıq Sazişi”, "Azərenerji” ASC ilə "Ansaldo Energia” arasında və ADA Universiteti ilə Luiss Universiteti arasında anlaşma memorandumları, "Azərbaycan Dəmir Yolları” QSC ilə "I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə” imzalandı.

Ümumilikdə səfər çərçivəsində iki dövlət arasında 28 sənəd imzalandı. Onlardan 17-si Prezidenti

İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalandı və mübadilə olundu. Digər sənədlər səfərin ikinci günündə baş tutan biznes forumu çərçivəsində imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir.

 

 

 

Yüksələn xətlə inkişaf edən iqtisadi-ticari əlaqələr

 

 

İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Azərbaycan İtaliyaya xam neft ixrac edir və son 15 il ərzində heç bir problem, heç bir fors-major hadisəsi baş verməyib.

Fevralın 21-də Prezident İlham Əliyevin də iştirak etdiyi İtaliya-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi-ticari əlaqələr barədə geniş məlumat verildi. Qeyd edildi ki, imzalanmış yeni sazişlərə əsasən Azrbaycan İtaliyadan dəmir yolu texnikası alacaq, kosmik sənayenin inkişafı üzrə əməkdaşlıq genişlənəcək. Yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq.

İki ölkə arasında iqtisadi ticari əlaqələrə nəzər yetirək:

- ticarət dövriyyəsi 6 milyard dollara çatıb;

- qeyri-enerji sektorunda bu rəqəm 700 milyon dollardır;

- İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür;

- enerji layihələri ilə bağlı İtaliya şirkətləri ilə 10 milyard dollara yaxın saziş imzalanıb;

- İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi ölkəmizin payına düşür;

- Azərbaycanda fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb;

- İtaliya şirkətləri Azərbaycanda 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər;

- son 10 ildə İtaliyanın Azərbaycandan olan idxalı 55,5 milyon avro təşkil edib;

- İtaliya şirkətləri Azərbaycanda dəyəri 7 milyard avro təşkil edən tender qazanıblar.

 

 

İtaliya hər zaman Azərbaycana dəstək verməyə hazırdır

 

 

 

Azərbaycanın Avropada ən mühüm ticarət tərəfdaşı olan İtaliyanın Cənubi Qafqazın lider ölkəsi ilə hərtərəfli münasibəti yeni inkişaf mərhələsindədir. İtaliyanın dövlət başçısı hesab edir ki, Azərbaycan məhz Prezident İlham Əliyevin yürütdüyü müstəqil, prinsipial siyasəti ilə inkişaf yolunda inamla addımlayır.

Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Prezident İlham Əliyevin idarəçiliyi sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycanın yanında olmaq niyyətindədir və ətraf mühitin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır: "Bu gün hər iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir”, - deyə Sercio Mattarella vurğulayıb.

Bu səfər çərçivəsində də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Prezident İlham Əliyev tərəfindən gündəmdə saxlanılıb. Dövlət başçısı mətbuata bəyanatında qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliya Prezidenti ilə müzakirə aparıb: "Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq”.

Prezident vurğuladı ki, məsələnin konkret həlli ilə bağlı addımlara gəlincə, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir: "Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

 

 

Azərbaycan İtaliyanın Avro-Atlantik Tərəfdaşlıq üzrə ən əsas tərəfdaşıdır

 

 

Dövlət başçısının bu səfərinin proqramı çox zəngin olub. Səfər çərçivəsində Prezident İlham Əliyev dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirib, mühüm tədbirlərdə iştirak edib. Öncə Prezident İlham Əliyev fevralın 19-da Romadakı məşhur "Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib. Dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva Romadakı Kuirinale Sarayı ilə tanış olub. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Romadakı "Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

İtaliya Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib. Həmçinin Romadakı Kuirinale Sarayında "2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fiko və Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşlər keçirib.

Bu görüşlərdə ikitərəfli əlaqələr, getdikcə daha da dərinləşən münasibətlər və bu əlaqələrin daha da şaxələnməsi üçün real imkanlar müzakirə edilib.

Prezident Sercio Mattarella vurğulayıb ki, İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır: "Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər”.

 

 

Azərbaycan İtaliya şirkətləri üçün bütün sahələrdə əməkdaşlığa açıqdır

 

Bu səfər və iki ölkə arasında Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrə növbəti dəstək verəcək. Bu əlaqələr təkcə energetika sahəsində deyil, eləcə də Roma ilə Bakı arasında olan körpünü özündə birləşdirir və münasibətlərin daha geniş şəkildə inkişafına kömək edəcək.

Biznes forumunda Prezident İlham Əliyev bir daha İtaliya şirkətlərinə müraciət etdi. Bəyan etdi ki, Azərbaycan bütün sahələrdə əməkdaşlığa açıqdır: "Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Azərbaycan və İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin tarixində yeni səhifə açıblar. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır. İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki, İtaliya şirkətlərinin də marağı bizim marağımızla üst-üstə düşür. İnanıram ki, biznes forum bu istiqamətdə önəmli addım olacaqdır”.

Bu gün Azərbaycan və İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.

Təcrübəyə əsasən ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına böyük təkan verəcək.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 23 fevral.- S.3.