General
Həzi
Aslanov - 110
Hər bir xalqın qəhrəmanlıq simvolları var. Bu il anadan olmasının 110-cu ildönümü tamamlanan general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da Azərbaycanın sarsılmaz əzmini, güclü iradəsini rəmzləşdirən şəxsiyyətlərdəndir. Belə şəxsiyyətlərin öz ömürləri ilə yaratdıqları nümunələr xalqın ruhunu hər zaman oyaq saxlayır. Cəmiyyətin vətənpərvərlik tərbiyəsində, xüsusilə gənc nəslin mənəvi-əxlaqi dəyərlər ruhunda yetişməsində müstəsna rol oynayır.
Xalqımızın tarixboyu yaratdığı şanlı qəhrəmanlıq səhifələrinin mühüm bir qismi İkinci Dünya müharibəsi dövrünə aiddir. Bəşəriyyətin yaddaşına ən dağıdıcı savaş kimi yazılmış bu müharibə zamanı faşizm əleyhinə mübarizədə, insanlığın qorxunc nasizm təhlükəsindən xilas edilməsində Azərbaycan övladlarının çox böyük xidmətləri olub. 1941-1945-ci illərdə altı yüz mindən artıq soydaşımız müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub. Onlardan 170 min nəfəri orden və medallarla təltif edilib, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. General Həzi Aslanov da öz ömrü ilə böyük qəhrəmanlıq tarixi yaradan Azərbaycan övladlarından biridir. Mahir hərbi sərkərdə Volqadan Baltik dənizinədək çətin, ağır döyüşlərdə mərdliklə iştirak edib.
Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli Sərəncamında deyilir: "Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir”.
Döyüş yolu
İkinci Dünya müharibəsi başlananda Həzi Aslanov Ukraynada - Lvov vilayətində xidmət edirdi. Onda hələ kapitan rütbəsində idi. 1939-cu ilin sonunda o, Sovet-Fin hərbi münaqişəsi ilə əlaqədar könüllü olaraq Kareliyaya gedir. Tankçılar Həzi Aslanovun rəhbərliyi ilə Mannerheym səddini aşır və digər döyüş əməliyyatlarında iştirak edirlər. Sovet qoşunlarının qələbəsi nəticəsində 1940-cı il martın 12-də SSRİ ilə Finlandiya arasında sülh müqaviləsi imzalanır. Həzi Aslanov isə əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır. 1940-cı ilin noyabrında ona vaxtından əvvəl mayor rütbəsi verilir.
Hitler Almaniyası SSRİ-yə qarşı müharibə elan edəndə Həzi Aslanov öz tankçıları ilə düşmənin önünə ilk çıxanlardan olur. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi Aslanov özünü son dərəcə bacarıqlı bir zabit kimi göstərir. O, döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edir, hitlerçiləri ağır tələfata uğradır.
1941-ci
ilin sonu, 1942-ci ilin əvvəllərində Rostov-Don
altında, Moskva ətrafında, Tixvin və Leninqrad istiqamətlərində
düşmən birləşmələrinə
sarsıdıcı zərbələr vurur.
Moskva ətrafındakı vuruşmalarda qəhrəmanlığına görə Həzi Aslanov "Qırmızı Ulduz” ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə də onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Həzi Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedərək Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Tanklar düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardır. Bu qəhrəmanlıq nümunəsi Kotelnikovo yaxınlığında gedən döyüşlərdə daha böyük şücaətlə davam etdirilir. Öz tankçıları ilə düşmənin 30 əks-hücumunu dəf edən, hitlerçilərin bir batalyon piyada qoşununu, 30 tankını, 50 avtomobilini sıradan çıxaran polkovnik-leytenant Həzi Aslanov bu döyüşdəki rəşadətinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülür. O, döyüş tapşırığını yüksək məharətlə yerinə yetirir. Alman feldmarşalı Manşteynin tank ordusunu tamamilə darmadağın edir.
Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə, Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı, Aslanovun polkuna isə qvardiya adı verilir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edir. 1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belarusiya və Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşlarda xüsusilə fərqlənir.
O, qələbələr üçün doğulmuşdu
Sərkərdəlik bacarığını görərək 1943-cü il dekabrın 17-də onu hərbi sahədə biliklərini daha da təkmilləşdirmək üçün Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərirlər. Həzi Aslanov birillik proqramı 3 aya başa vuraraq yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdır. O, döyüş və qələbələr üçün doğulmuşdu. Ona görə də Akademiyada əlavə vaxt itirmək istəmirdi. 1944-cü il martın 13-də Həzi Aslanova tank qoşunları general-mayoru ali hərbi rütbəsi verilir.
1944-cü ildə Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Həzi Aslanovun komandiri olduğu briqada da bu qoşunların tərkibində idi. Əvvəlcə Belarusiyanın iri şəhər və dəmir yolları düşməndən təmizlənir. O, briqadadakı əsgər və zabitləri ilə böyük qəhrəmanlıq, şücaət göstərərək iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki rəşadətinə görə 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq” ordeninə, general-mayor Həzi Aslanov isə "İkinci dərəcəli Suvorov ordeni”nə layiq görülür.
Həmin döyüşlə bağlı tarixçilərin araşdırmalarından məlum olur ki, 1944-cü il iyunun 28-də Həzi Aslanovun 35-ci tank briqadası sürətli hücumla Berezina çayını keçərkən düşmən onun qarşını ala bilir. Onda döyüş taktikasının mahir bilicisi olan Aslanov ağlasığmaz qərar qəbul edir: əsas qüvvələrin gəlməyini gözləmədən avtomatçılar batalyonu və bir qrup partizanla hücuma keçərək düşmən qarnizonunu sıradan çıxarır. Generalın əmri ilə suda batırılan bir neçə maşından körpü kimi istifadə edən döyüşçülər çayı keçib, uğurlu döyüşlə Pleşinitsa şəhərini hitlerçilərdən təmizləyirlər. Bununla da sovet ordusunun Berezina çayını bütün cəbhəboyu keçməsi üçün şərait yaradırlar. Sonra Həzi Aslanov qəfil zərbə ilə ilk olaraq Vileykanı azad edir. Bu hücum nəinki alman, elə sovet komandanlığı üçün də gözlənilməz olur. Belarusiya cəbhəsinin komandanı, marşal Vasilevski Stalinə Vileyka şəhərinin azad olunması barədə raport verərkən Həzi Aslanovun rəhbərliyini, şəxsi şücaətini xüsusi vurğulayır və 1944-cü il iyulun 3-də Belarusiya cəbhəsinin komandanı, ordu generalı İ.Çernyaxovski "Baqration” əməliyyatının uğurla başa çatması ilə əlaqədar 35-ci tank briqadasının komandiri Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi üçün sənəd imzalayır. Əfsus ki, buna mane olan erməni səlahiyyət sahiblərinin bədxahlığı ucbatından H.Aslanov öz halal haqqını ala bilmir. Bunun üçün az qala yarım əsrə qədər - 47 il gözləmək lazım gəlir.
Bircə
faktı yada salaq ki, təkcə 1944-cü ilin hücum
döyüşləri ərəfəsində general Həzi
Aslanov Ali Baş Komandanlıq tərəfindən 8 dəfə
təşəkkür alır, iki dəfə
"Qırmızı Ulduz”, 3 dəfə
"Qırmızı bayraq”, "Aleksandr Nevski”,
"İkinci dərəcəli Suvorov Ordeni”, "1-ci dərəcəli
Vətən Müharibəsi Ordeni” və çoxlu sayda
medallarla təltif olunur.
Təsadüf, yoxsa sui-qəsd?
Azərbaycan xalqının zəngin hərb ənənələrini öz sərkərdəlik qüdrətində yaşadaraq şərəflə davam etdirən, Ali Baş Komandanlığın böyük rəğbətini qazanan 34 yaşlı gənc generalı müharibədən sonra bütün SSRİ miqyasında parlaq hərbi yüksəliş gözləyirdi. Əfsuslar olsun ki, müharibənin başa çatmasına lap az - təxminən üç ay qalmış amansız ölüm buna mane olur.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən general Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Mitava şəhəri yaxınlığında mina partlayışından dünyasını dəyişir. Onun ölümü ətrafındakı müəmmalar indiyə qədər tam aydınlaşmayıb. 15 nəfərə yaxın yüksəkrütbəli zabitin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman onun durduğu yerdə qəflətən ardıcıl olaraq partlayan minalar düşmən atəşinə bənzəmirdi. Çünki onların olduqları yer düşmənin atəş mövqeyindən xeyli uzaqda idi. Üstəlik, şahidlərin sözlərinə görə, generalın yarası ağır olsa da, ölümcül deyilmiş.
Amma o, yaralı vəziyyətdə səhra
hospitalına yerləşdirildikdən sonrakı hadisələrin
gedişi yenə də müəmmalara bürünür. Tədqiqatçı-jurnalist
Musa Bağırovun sənədlər, arxiv materialları,
şahidlərin söylədikləri hadisələr əsasında
yazdığı "Sərkərdənin taleyi” adlı
kitabında (Bakı, 1999) bunlar hərtərəfli əksini
tapmışdır. Orada göstərilir ki, hadisənin
şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor
Georgi Beqiaşvili Həzi Aslanovun sağ böyrək ətrafından
ağır zədə aldığını söyləyir. Çoxlu qan itirən
generala Beqiaşvili özü qan verir. General özünə
gəlir. Hətta yanındakı insanlarla
zarafatlar edir. "Vəziyyəti getdikcə yaxşılaşırdı...
Qərara gəldik ki, onu bizdən cəmi 900
metr aralıda yerləşən səhra hospitalına göndərək.
İki saat müddətində generalı səhra
hospitalına çatdırdıq”, - deyə Beqiaşvili
öz xatirələrində qeyd edir.
Bundan sonra Həzi Aslanovun təcili olaraq Moskvaya
aparılması əmri gəlir. General Beqiaşvilidən
onunla birgə Moskvaya getməyi xahiş edir. "Mənə təcili olaraq hazırlaşmaq əmri
verildi. Amma bir neçə dəqiqədən
sonra bildirdilər ki, generalla mən getməyəcəyəm.
Həzi Aslanovu müşayiət etmək
üçün xüsusi həkim qrupu təyin edilib. Mən generalla sağollaşdım və briqadaya
qayıtdım. 3 saatdan sonra dedilər ki, Həzi
Aslanov keçinib”.
Yaralandıqdan sonra general 23 saat müddətində
sağ olub. Müəmmalı hadisələr, döyüş
dostlarının, xüsusilə də Beqiaşvilinin fikrincə,
general qətlə yetirilib. Özü də erməni əsilli
komandan tərəfindən...
Elə
onun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri
adına təqdim olunması barədə
sənədlərin məqsədli şəkildə it-bata
salınması faktı, bu məsələdə haqq-ədalətin
yalnız 47 ildən sonra öz yerini tutması da az mətləblərdən
xəbər vermir.
İtirilən
sənədlər
Uzun illər bu məsələni araşdıran
kinorejissor-ssenarist professor Musa Bağırov Həzi Aslanovla
bağlı həmin sənədi üzə
çıxarmaqdan ötrü xeyli əziyyətlərə
qatlaşır. General haqqında ilk filmini o, 1967-ci
ildə lentə alır. 1983-cü ildə isə
Azərbaycan televiziyasının sifarişi ilə Həzi
Aslanov barədə sənədli film hazırlayır.
Filmə ictimai baxışda iştirak edən veteranların
söhbətindən məlum olur ki, Həzi Aslanov ikinci dəfə
Sovet İttifaqı Qəhrəmanı adına
təqdim edilibmiş. Amma generalın komandiri
olduğu hərbi hissə Pribaltika cəbhəsinin
komandanı İvan Xristoforoviç Baqramyanın tabeliyinə
veriləndən sonra həmin təqdimat da izsiz-soraqsız yoxa
çıxmışdı.
Musa Bağırov 1985-ci ildə SSRİ Müdafiə
Nazirliyinin arxivinin yerləşdiyi Podolsk şəhərinə
gedir. Sənədləri araşdıran zaman Həzi
Aslanovun tankçılarının 23-30 iyun 1944-cü ildə
apardıqları hərbi əməliyyatların
qeydiyyatının olmadığını aşkarlayır.
Tədqiqatçı arxivdə bununla bağlı
araşdırma aparmaq istəsə də, ona rədd cavabı
verilir və bildirilir ki, bu məlumatlarla tanış
olmaq imkanları məhduddur.
O, Həzi
Aslanovun döyüş dostları, böyük sərkərdələrlə
görüşür. Uzun-uzadı söhbətlərdən,
axtarışdan sonra M.Bağırov lazım olan sənədləri
tapır. Məlum olur ki, sənəd diqqətdən
kənarda qalsın deyə məqsədli şəkildə
tamamilə ayrı yerdə saxlanılıb. Sənədin ora necə düşməsi bu günə
qədər sirr olaraq qalır. 14 avqust 1944-cü il tarixli təltif sənədində Həzi
Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı
adına təqdim edilməsi göstərilir. Orada qeyd edilir:
"23-30 iyun 1944-cü ildə Həzi Aslanovun rəhbərlik
etdiyi 35-ci tank briqadası 580 yaşayış məntəqəsini
azad etmiş, düşmənin 18 tank, 118
avtomaşınını məhv etmiş, alman ordusunun 580
zabit və əsgərini əsir
götürmüşdür. Berezina
çayını birinci keçərək Vileyka şəhərini
azad etmişdir”. Musa Bağırovun bu
tapıntısından və SSRİ rəhbərliyinə
müraciətindən sonra M.Qorbaçov və onun
Şahnazaryan kimi daşnak xislətli əlaltıları sənədi
hər nə qədər şübhə altına almağa
çalışsalar da, buna nail ola bilməyiblər.
22 iyun 1991-ci ildə Həzi Aslanova ikinci dəfə
Sovet İttifaqı Qəhrəmanı adının verilməsi
barədə fərman imzalanır.
Musa Bağırov mükafatı da götürüb
Bakıya qayıdır, amma Vətəndə də məyusluqla
üzləşir. Həzi Aslanovun ikinci dəfə təltif
olunduğu Sovet İttifaqı Qəhrəmanı
adının mükafatını və sənədlərini
Musa Bağırovdan uzun müddət rəsmi səviyyədə
qəbul edəcək kimsə tapılmır. Kimsə bunun tarixi dəyərini, Azərbaycan
xalqı üçün əhəmiyyətini dərk edəcək
təfəkkürdə olmur. AXC-Müsavat
iqtidarının səriştəsiz rəhbərləri isə
Həzi Aslanovun sovetlər üçün vuruşduğunu
deyərək "Qızıl Ulduz” ordenini və medalı qəbul
etməkdən açıq şəkildə boyun
qaçırırlar.
Musa
Bağırov mükafatları iki il evdə
saxlamalı olur. "Heydər Əliyev hakimiyyətə
gələndən sonra bir müşavirə keçirilirdi. Mən
də orada çıxış etdim. Sonda isə Prezidentə
yaxınlaşıb dedim ki, Həzi Aslanovun həmin orden və
medalı iki ildir məndədir, heç kim qəbul etmir. O isə
"Nə danışırsan?! Haradadır!? Tez onları mənə
gətir!”,- dedi. Səhərisi gün saat on bir tamamda ordeni də,
medalı da götürüb Prezident Administrasiyasına getdim. Heydər
Əliyev çox mehribanlıqla məni qucaqladı.
Ordeni-medalı məndən təhvil aldı (9 may 1994-cü il)”, - deyə Musa Bağırov təxminən
20 illik zəhmətinin nəticəsini, Ulu Öndərin qədirbilənliyini
belə xatırlayır.
Hazırda
general Həzi Aslanovun ikinci
"Qızıl Ulduz”u Azərbaycan Tarix Müzeyinin ən qiymətli
eksponatlarından biri kimi qorunmaqdadır. Bakıdakı
məzarı üzərində sərkərdənin abidəsi
ucaldılıb. Hər il 9 May
faşizm üzərində qələbə günü
paytaxtımızda rəsmi səviyyədə
xalqımızın bu igid oğlunun Dağüstü
parkdakı məzarının ziyarətilə qeyd edilir.
General Həzi Aslanov Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda həlak
olmuş qəhrəmanlarımızla yanaşı uyuyur. Vaxtilə
Bakını daşnak-bolşevik işğalından azad
etmiş Qafqaz İslam Ordusunun şəhid əsgərlərinin
məzarları da onun son mənzilinin bir neçə
addımlığındadır.
Şəhidlər xiyabanının yerləşdiyi bu
ucalıqdan, bu müqəddəs ziyarətgahdan o məkanın
Həzi Aslanov kimi əbədi sakinlərinin əbədiyyət
ömrü başlanır.
İradə
ƏLİYEVA
Azərbaycan.-2020.- 23 fevral.- S.10.