2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 288 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 30/348

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Poladzadə Tahir Əhəd oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/86 saylı qərarını mübahisələndirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

T.Ə.Poladzadə müraciətdə səsvermə günü 28 saylı Sabunçu üçüncü seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin olduğunu iddia edərək, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırma və komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

T.Ə.Poladzadənin müraciətinin araşdırılması zamanı səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş vermiş qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və namizədlər tərəfindən təqdim olunmuş digər seçki materialları əhatə olunmuşdur.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd T.Ə.Poladzadə dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onun şikayəti araşdırılmış, dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/86 saylı qərarı ilə müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Sosial şəbəkələrdə paylaşılan videogörüntülərin araşdırılması nəticəsində seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.

Göstərilənlərə əsasən müraciət təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Poladzadə Tahir Əhəd oğlunun 19 fevral 2020-ci il tarixli 288 saylı müraciəti təmin edilməsin, 28 saylı Sabunçu üçüncü seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/86 saylı qərarı dəyişdirilmədən saxlanılslın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

22.02.2020

Azərbaycan.-2020.- 23 fevral.- S.7.