QALİBLƏR
Gecə saatları idi... Əksər
vətəndaşlarımız kimi mən də Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində Azərbaycan
Prezidenti cənab İlham Əliyevlə Ermənistanın
baş naziri Nikol Paşinyan arasında təşkil olunmuş
panel müzakirələrinin canlı yayımını izləyirdim...
Bu,
iki ölkə rəhbərliyi arasında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı indiyə qədər media nümayəndələri
önündə ilk belə geniş, açıq debat idi.
Elə ilk dəqiqələrdən aydın idi ki, müzakirələr xeyli maraqlı keçəcək və debatın qalibi məhz cənab İlham Əliyev olacaq.
Zənnimizdə yanılmadıq...
Bu debata adi müzakirədən, aparılan söhbətin detallarından daha çox böyük bir siyasi prosesin, onilliklər ərzində olub-keçənlərin yaratdığı ümumi həyat mənzərəsi, siyasi tablo, tarixi peyzaj kimi tamaşa edirdim.
Bu mənzərədə iki qütb vardı...
Bir tərəfdə
öz xalqının mövqeyini, tarixi həqiqətləri,
haqqın, ədalətin, vicdanın səsini ingilis dilində
çox səlis şəkildə, əsl siyasətçi və
diplomat məntiqi, təmkini ilə çatdıran, peşəkar
davranışları rəğbət yaradan əsl Lider,
Şəxsiyyət...
O biri tərəfdə isə belə müzakirələr üçün lazımi savadı, hazırlığı, səriştəsi, ən əsası isə arqumentləri, dəlilləri, hüquqi əsasları çatmayan, çox pis bildiyi ingilis dilinin hər kəlməsində dili topuq çalıb kəkələyən, nə demək istədiyi başa düşülməyən, opponentinin tutarlı arqumentləri qarşısında demoqoqluq edib gülünc vəziyyətə düşən, tez-tez səhvlər buraxan, miskinliyi ilə öz ölkəsinin, xalqının da adına utanc gətirən, tarixi faktları həyasızcasına təhrif etməsi ilə ikrah doğuran avantüristün biri...
***
Müzakirələri izləyə-izləyə düşünürdüm ki, əslində Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərləri arasında aparılan bütün danışıqlarda cənab İlham Əliyev onları belə çətin duruma salıb, tutarlı arqumentlərlə susdurub və işğalçı ölkənin rəhbərləri belə miskin durumlara çox düşüblər.
Onlar haqsız tərəfdirlər axı...
Apardıqları
işğal siyasətinə don geyindirmək üçün
ağlabatan nə deyə bilərlər ki?!
Ona görə də onlar Azərbaycan Prezidenti ilə aparılan bütün danışıqlarda aciz durumdadırlar. Bu debatın önəmi isə Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər forum çərçivəsində və media üçün açıq keçirilməsi idi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımla bütün beynəlxalq birliyin diqqətinə çatdırıldı, dünya ictimaiyyəti bu münaqişədə hansı tərəfin haqqa, ədalətə, beynəlxalq hüquq normalarına, tarixi reallıqlara əsaslandığına, hansı tərəfin sadəcə ikrah doğuran həyasızlıq etdiyinə bir daha şahid oldu.
Bir daha əmin oldum ki, məhz bu həyasızlığı, arqumentsizliyi, gülünc durumu daha geniş auditoriyanın görməməsi üçün Ermənistanın Paşinyandan əvvəlki rəhbərləri həmin günə qədər münaqişənin həllinə dair beynəlxalq birliyə mesajların ötürülməsi məramı ilə yaradılan imkandan qaçıblar. Açıq dialoqdan müxtəlif bəhanələrlə yayınıblar. Hətta Davos Forumu çərçivəsində təşkil olunan müzakirələrdə iştirakını belə təxirə salıblar. Bunun da əsas səbəbi odur ki, Ermənistan işğalçı dövlətdir, diplomatik mövqeyi çox zəifdir, bu, mövqeyi əsaslandırmaq üçün ciddi arqumentlərə malik deyil! Üstəlik, bu dövlətin rəhbərləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsində necə güclü bir opponentlə, öz ölkəsinin, xalqının maraqlarını yüksək qətiyyət və məharətlə təqdim edən peşəkar diplomat, təcrübəli dövlət adamı ilə üz-üzə əyləşəcəklərini fərq ediblər.
Paşinyan isə kiminlə debata çıxdığını, görünür, hələ dərk edə bilməmişdi...
Və müzakirələrin elə ilk dəqiqəsindən o, öz dərsini aldı!..
Bu, Azərbaycan Prezidentinin siyasətdə hələ piyada olan Ermənistan baş nazirinə həm səriştəli dövlət adamının verdiyi ustad dərsi, həm tarixçi alimin tarix dərsi, həm də beynəlxalq hüquq, beynəlxalq münasibətlər elminin bilicisinin keçdiyi hüquq dərsi idi. Məhz buna diqqət edib bütün Ermənistan əhalisi kimi qəzəbini gizlədə bilməyən İrəvanda yaşayan jurnalist Artak Vardanyan deyib: "Nikol Paşinyan... 1991-1994-cü illərdə Yerevan Universitetinin Filologiya fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb. Siyasi fəaliyyətinə görə təhsil ocağından qovulub. Tarixi bilmir, münaqişədən xəbəri yoxdur. Son iki ildə baş nazirdir, ancaq hələ də özünü 3-cü sinif küçə siyasətçisi kimi populist aparır”.
Müzakirələrdən bir daha aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubiyyəti, əhali tərkibi ilə bağlı tarixi həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Cənab
İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı dilə gətirdiyi tarixi həqiqətlər qarşısında Paşinyanın dərsini pis bilən şagird kimi eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu isə auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Debat zamanı açıq şəkildə göründü ki, Paşinyan Prezident İlham Əliyevin səsləndirdiyi tarixi həqiqətlər, təqdim etdiyi faktlar qarşısında çıxılmaz durumdadır.
Bu müzakirələrdə Azərbaycan Prezidenti ənənəvi erməni demaqogiyası, mifləri, iddiaları ilə "silahlanmış” Paşinyanı faktlarla, məntiqlə darmadağın etdi! Saxta tarix, əlləri çatan hər şeyi oğurlayıb özününküləşdirmək, həqiqətləri təhrif etmək mərəzinin erməni xalqını da, onun özünə rəhbər etdiyi şəxsləri də belə açıq tribunalarda necə ironik durumda qoyduğunu bütün dünyaya göstərdi. Ona görə də bu durumu xəcalətlə izləyən erməni politoloq Andranik Tevanyanın görüşdən dərhal sonra "uduzan tərəf Ermənistan nümayəndələri idi və bunda günahkar onlar özləridir” deməklə kifayətlənməyib kinayə ilə "Paşinyanın beynəlxalq auditoriya qarşısında belə ehtiyatla və belə imiclə çıxış etməsi yenə də sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür. Çox böyük!” deməsi başa düşüləndir.
***
Bu mənzərə təkcə iki münaqişə tərəfinə rəhbərlik edən şəxslərin debatı deyildi.
Bu mənzərə iki rəhbərdən də çox iki ölkənin, iki cəmiyyətin, iki xalqın, iki dünyagörüşünün qarşılaşması kimi gəlirdi adama. Paşinyanın Münxen təhlükəsizlik konfransı çərçivəsində İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini baş nazirin kütlüyü ilə izah edən erməni yazıçı Anna Turcotte qəzəblə qeyd edir ki, məhz Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub. Ermənistan isə çoxdan gülünc vəziyyətə düşüb, Paşinyan sadəcə onun hansı vəziyyətdə olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi...
Son onilliklərdə Azərbaycanla Ermənistan arasında yaranmış inkişaf fərqini, işğalçı ölkədən nə qədər irəlidə olduğumuzu, düşmən ölkə və cəmiyyət üzərində nə qədər böyük üstünlük qazandığımızı ilk dəfə idi ki, bu qədər aydın şəkildə görmək olurdu.
Bu reallıqları indiyə qədər ayrı-ayrı hesabatlardan, təhlillərdən, analitik şərhlərdən oxumuşduq, müəyyən məlumatlar əsasında özümüz üçün bir nəticəyə gəlmişdik. Cənab İlham Əliyevlə Nikol Paşinyanın debatında isə bu fərqin özü danışırdı, o videogörüntülər, əslində, bu münaqişədə qalib tərəfin kim olduğunu açıq-aydın əks etdirirdi.
Bir tərəfdə özünə, apardığı siyasətin düzgünlüyünə, vətəndaşlarının dəstəyinə, ölkəsinin gələcəyinə əmin olan, tarixinin ən böyük inkişaf mərhələsinə yetirdiyi Vətənin nailiyyətlərinin verdiyi inamla, yüksək intellektual səviyyə ilə, peşəkar bilik və bacarıqlarla məğlubedilməz görünən və bu üstünlüyü ilə də xalqının sözünü çatdıran Prezidentin təmsil etdiyi, bütün dünyanın getdikcə daha böyük rəğbət duyduğu Azərbaycan...
O biri tərəfdə isə hakimiyyətə liderlik qabiliyyətləri, hər hansı menecerlik istedadı hesabına deyil, sırf təsadüf nəticəsində gəlib çıxmış, bütün siyasi həyatı, karyerası, kürsüdən üzüaşağı yuvarlanması yenə də növbəti təsadüflərdən, qaragüruhun emosiyalarından asılı olan, bundan qorxaraq da əsl həqiqətləri dilə gətirə bilməyən naşı boşboğazın illərdir ki, xəstə düşüncələrin əsiri olub yaman günə düşən, inkişafdan, tərəqqidən, müasir trendlərdən uzaq qalıb ac-yalavac dolanan işğalçı imicli, kasıb və miskin ölkəsi. Məhz ölkəsinin rəhbərinin çıxışından beynəlxalq auditoriyada bu assosiasiya formalaşdığına görə hikkəsindən az qala çatlayan Daşnaksütyun partiyasının üzvü Lilit Qalstyan deyir: "Diplomatiya, ictimai danışıq çox danışmağı - boşboğazlığı sevmir, xüsusilə də malik olmadığın bir dillə. Paşinyan da naşı bir diplomat olduğunu Münxendə Əliyevin qarşısında göstərdi. Paşinyan əvvəlcə öz səhvlərini görmək, sonra düzəltmək qabiliyyətinə sahibdirmi? Bəs səhvlər çox və düzəlməzdirsə? Paşinyanın səhvləri çox olsa da, o bunları düzəldə bilmir”...
Videogörüntülər başa çatandan sonra özümdən asılı olmadan bir daha başdan izlədim. Səhər yenidən baxdım və müzakirələrin artıq bir sıra portallarda yayılmış tam stenoqramını da tapıb kəlmə-kəlmə oxudum. Bilirəm ki, Münxen debatının videosunu bundan sonra yenə də izləyəcəyəm. Çünki o kadrlara təkrar-təkrar baxmaqdan zövq alıram. Bu, daxilimdən gələn mənəvi istəkdir.
Hər izlədiyimdə qürur duyuram.
Cənab İlham Əliyevin şəxsində belə bir Liderin rəhbərlik etdiyi, gələcəyə doğru apardığı ölkənin vətəndaşı olmağın qürurunu...
***
Dünyada iki insan bir-birinə bənzəmədiyi kimi bir lider də digərinin eynisi deyil. Əgər insanın liderlik qabiliyyətlərini müəyyən edən konkret standartlar olsaydı, onda xalqların da, təşkilatların da özlərinə uğurlu lider seçmək işi xeyli asanlaşardı.
Amma dünyanın harasında olur-olsun, vətəndaşlardan öz liderlərində görmək istədikləri xarakterik xüsusiyyətlər haqqında soruşanda onlar yüksək intellekti, xarizmanı, qətiyyəti, entuziazmı, gücü, cəsarəti, yeni situasiyalara, inkişaf trendlərinə uyğunlaşma qabiliyyətini, özünə inamı əsl lider haqqında düşüncələrinin ön cərgəsində sadalayırlar.
İlham Əliyev müasir dünyamızdakı çox az liderlərdəndir ki, qeyd edilən xüsusiyyətlər onun şəxsiyyətində bir-birini tamamlayır. Üstəlik, Azərbaycan Prezidentinin liderlik qabiliyyətləri onun yüksək idarəçilik istedadı ilə birləşir və ölkəmizin bu gün əldə etdiyi bütün tarixi nailiyyətlərin rəhninə çevrilir.
Liderlik Azərbaycan prezidentinin şəxsində həm fitri qabiliyyətdir, həm də Ulu Öndər Heydər Əliyevlə akademik Zərifə xanım Əliyevanın ailə ocağında, xalqın bu iki böyük ziyalı şəxsiyyəti ətrafında formalaşan yüksək intellektual mühitdə, Ümummilli Liderlə gündəlik ünsiyyət zamanı bu böyük dövlət adamının siyasət məktəbində daha da inkişaf etdirilmiş bacarıqdır.
Bu fikirləri qələmə alanda, 1993-cü ilin dekabrında Ümummilli Lider Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı onu müşayiət edən bir jurnalistin qeydləri yadıma düşdü. Adını xatırlamadığım jurnalist yazırdı: "Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Fransa Prezidenti Fransua Mitteranın görüşü protokola əsasən 20 dəqiqə nəzərdə tutulurdu. Amma iki dövlət başçısı arasında təkbətək danışıqlar saatyarım çəkdi. Fransanın diplomatik heyəti bir-birinə dəymişdi. Özləri etiraf edirdilər ki, bu, çox nadir hallardan biridir. Görüş başa çatandan sonra biz Fransua Mitteranı çox pərişan, Heydər Əliyevi isə çox qəzəbli gördük. Hiss etdik ki, danışıqlar çox gərgin keçib. Nəticə dərhal özünü göstərdi. Fransua Mitteran mətbuat üçün bəyanat verəndə ilk dəfə idi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını rəsmən bəyan edirdi.Yalnız bundan sonra Ulu Öndərin çöhrəsində bir təbəssüm yarandı. Bundan sonra görüşü izləyən jurnalist Mirzə Xəzər astaca sevinclə mənə dedi ki, Heydər bəy Mitteranı da sındırdı”.
Bəli, bu böyük insan əyilməz iradəsi, qətiyyəti ilə xalqını, ölkəsini şərəflə təmsil edən Azərbaycan dahisi Heydər Əliyev idi, bir neçə gün əvvəl Münxendə Nikol Paşinyanı əzən, beynəlxalq aləmin gözü qarşısında onun acizliyini, çılızlığını, savadsızlığını, Ermənistanın işğalçı olduğunu nümayiş etdirən isə Heydər Əliyev siyasi akademiyasını əla qiymətlərlə bitirən, Ulu Öndərin "özü kimi inandığı” Azərbaycan Prezidenti İlham Əliyevdir.
Dünyanın bir çox ölkələrinə səs salan Münxen debatını izləmiş Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov Prezident
İlham Əliyevin Paşinyan üzərində diplomatik qələbəsinin gözlənilən olduğunu bildirərək deyir: "Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik istedadını, dünya liderləri ilə ünsiyyət təcrübəsini nəzərə alanda onun Nikol Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil. Üstəlik, həqiqət Azərbaycan Prezidentinin yanındadır. Çünki hamı bilir ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunub, orada etnik təmizləmə aparılıb. Tarixə ekskursiyalar barəsində isə onu deyə bilərik ki, Nikol Paşinyanın Böyük Tiqranla əlaqəli açıqlaması, yəqin ki, kiçik millətin bir növ yeniyetməlik kompleksinin irrasional şüurunun təzahürüdür”. Son dərəcə obyektiv qiymətləndirmədir.
***
Bütün uğurlu liderlər kimi, İlham Əliyev də daim hərəkətdədir, iş başındadır, enerji dolu obrazı ilə dinamik, işgüzar mühitin əhatəsindədir.
O, Azərbaycan
naminə davamlı nailiyyətlərə can atır. Qarşıya qoymuş milli hədəflərə
yetişməkdən ötrü yorulmadan
çalışır, ardıcıl təşəbbüslər
göstərir, başqalarını da buna sövq edir.
Azərbaycan Prezidentinin yüksək intellekti ona
böyük həcmdə aramsız informasiya
axınını təhlil etməyə və nəticələr
çıxarmağa, ölkənin və xalqın gələcəyi
üçün yeni baxışlar müəyyənləşdirməyə,
problemlərin həlli üçün doğru qərarlar
verməyə şərait yaradır. Cənab İlham
Əliyev insanlara təsir göstərməyi, onları
verilmiş qərarların perspektivlərinə
inandırmağı və qarşıya qoyulmuş vəzifələrin
icrası üçün hamını səfərbər etməyi
gözəl bacarır.
Azərbaycan Prezidenti ən müxtəlif sahələr,
qlobal siyasət, iqtisadiyyat, ölkənin təsərrüfat
həyatının incəlikləri barədə dərin
biliklərə malikdir. Açığını deyim ki, onun
müxtəlif toplantılar zamanı etdiyi
çıxışları, apardığı əhatəli
təhlilləri, ortaya qoyduğu strateji baxışları izləyərkən
bir insanın ən müxtəlif sahələrə aid bu qədər
həcmli faktları, göstəriciləri, rəqəmləri
necə yadda saxlamasına təəccüblənməyə
bilmirəm.
Cənab
İlham Əliyevə Azərbaycan xalqı qədər beynəlxalq
ictimaiyyət, ölkəmizlə dost münasibətlərdə
olan dövlətlərin rəhbərləri də
böyük simpatiya bəsləyirlər. Çünki
ona hər zaman inanmaq, güvənmək, etibar etmək olar.
İnam,
etibarlı əməkdaşlıq, dürüstlük, səmimiyyət
İlham Əliyev üçün çox böyük dəyərlərdir...
Azərbaycan
Prezidenti bu dəyərlərə sadiqliyini verdiyi vədlərə
xilaf çıxmamaqla, söz və əməllərinin
üst-üstə düşməsi ilə, comərdliyi ilə
həmişə sübuta yetirib...
***
İnsanlar adətən özlərinə inanan,
addımlarının düzgünlüyünə
şübhə etməyən şəxsiyyətləri lider
seçir, talelərini ona əmanət edirlər. Ulu Öndər
Heydər Əliyevə tükənməz xalq rəğbətinin
bir sirri də bunda idi. Azərbaycan vətəndaşları
Heydər Əliyevin rəhbərlik etdiyi ölkənin
bütün sərt sınaqlardan çıxa biləcəyinə,
inkişaf yolu ilə aram-aram irəliləyəcəyinə,
bir daha ağır təlatümlərlə üzləşməyəcəyinə
əmin idilər. Çünki buna ilk
növbədə Heydər Əliyev özü inanırdı
və Ümummilli Liderin bu özünəinam hissi insanları
da xatircəm edirdi.
Eyni
missiyanı Azərbaycan xalqı üçün bu gün cənab
İlham Əliyev yerinə yetirir...
2003-cü ildən bəri Azərbaycan Prezidentinin rəhbərliyi
ilə əldə olunmuş bütün tarixi nailiyyətlərimiz
bu özünəinam hissindən, həyata keçirilən
siyasətin, verilən qərarların doğruluğuna əminlikdən
gəlir və bu inam həyat reallıqlarında
özünü doğruldur.
Münxen
debatını dəyərləndirən amerikalı politoloq,
beynəlxalq münasibətlər sahəsində ekspert Piter
Teys Prezident İlham Əliyevin qətiyyətini yüksək
qiymətləndirərək deyir: "Azərbaycanın
mövqeyi gələcəkdə Dağlıq Qarabağ
münaqişəsinin həllində üstün olacaq,
Bakının fəal diplomatiyası həmişə
uğurlu olub. Qeyd edim ki,
çıxışı zamanı Prezident İlham Əliyev
Avropa təhlükəsizliyi üçün önəmli
olan Azərbaycanın tam ərazi suverenliyinin vacibliyini
vurğuladı. Hesab edirəm ki, Azərbaycan
Prezidenti bu vəziyyətdə uzaqgörən lider, Almaniya və
Avropa ilə iqtisadi və təhlükəsizlik əməkdaşlığının
daimi tərəfdarı kimi çıxış etdi”. Ölkəsinin, eyni zamanda xalqının müstəqilliyini
bu şəkildə qürurla, ləyaqətlə təmsil edən,
müdafiə edən və qoruyan dövlət
başçısı ilə yalnız qürur duymaq və fəxr
etmək olar.
***
Gələcəklə bağlı aydın strateji
baxışlara malik liderlər inkişafın yeni dönəmlərində
yaranmış dəyişiklik zərurətlərini öz qərarlarında
həmişə nəzərə alırlar. Uğura aparan
yol reallığa uyğun dəyişiklik hekayələrindən,
davamlı islahatlardan keçir.
Dəyişiklik
bir həyati reallıqdır... Dünyanın ən
inkişaf etmiş ölkələri, çox dayanıqlı
iri korporasiyaları da tez-tez dəyişiklik qərarları
verməli olurlar. Bu, zamanla
yarışmaqdır. Çünki həyat
bir yerdə durmur, insanlar, onların istək və gözləntiləri,
fəaliyyət modelləri, texnologiyalar dəyişir.
Aydın gələcəyin təminatı buna həmahəng
dəyişməyi bacarmaqdadır. Əgər yeni
dövrə transformasiya proseslərini həyata keçirməsən
vaxtın sürətindən geri qalarsan. İnkişaf
axınından uzaq düşərsən.
İdarəetmə mexanizmlərinin, tətbiq edilən
texnologiyaların dəyişməsi, yenidən dizayn
olunması və insanların da buna uyğunlaşması
aparılan islahatların, ümumi transformasiya prosesinin
ayrı-ayrı istiqamətləridir.
Azərbaycan xalqının şansıdır ki, dövlət
rəhbərimiz bu prosesi vaxtında və uğurla həyata
keçirir. Bu gün ölkəmizdə aparılan
ardıcıl islahatlar, qurulan yeni idarəetmə
strukturları, bu strukturlara gənc və peşəkar menecerlərin
cəlbi dövrün çağırışlarını əks
etdirir.
Azərbaycan
həyatındakı böyük tarixi dəyişikliklərdən
biri də 25 sentyabr 2016-cı ildə keçirilmiş
ümumxalq referendumu əsasında ölkəmizdə
vitse-prezident institutunun yaradılması və Azərbaycan
Prezidentinin 21 fevral 2017-ci il tarixli sərəncamı
ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti təyin edilməsi oldu.
Bu, Azərbaycan insanlarının sosial sifarişi ilə
üst-üstə düşən, vətəndaş olaraq hər
birimizin ürəyindən xəbər verən bir təyinat
idi. Belə
yüksək etimadı öz nəcib əməlləri, tarix
yazan şəxsiyyəti ilə çoxdan haqq etmiş Mehriban
xanım Əliyeva isə bununla hər hansı dövləti
status, ali vəzifənin gətirdiyi
imtiyazlar qazanmırdı.
Son
onilliklərdə Azərbaycan vətəndaşlarının
dilinin əzbərinə, sevgi və rəğbət rəmzinə
çevrilmiş Mehriban Əliyeva adı bu təyinata qədər
də özündə bütün mənəvi dəyərləri,
ali statusları ifadə edirdi...
Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə
təyin olunmaqla Mehriban xanım üzərinə daha
böyük məsuliyyət götürmüş oldu.
Bu, qəbul
edilmiş inkişaf proqramlarının icrasına, Azərbaycanın
öz milli hədəflərinə çatmasına
faydaları baxımından Mehriban xanım Əliyevanın
yüksək potensialını, menecerlik qabiliyyətini, idarəçilik
bacarığını, təşkilatçılıq məharətini
düzgün dəyərləndirərək, ona daha geniş
və əhatəli işlər tapşıran Azərbaycan
Prezidenti qarşısında məsuliyyətdir...
Ona inanan,
çətinliyə düşəndə adına üz
tutan, Mehriban xanımın ana qayğısından, həssaslığından,
insanlara sevgisindən, xeyirxahlığından, şəfqətindən
öz nəsibini alan, məşğul olduğu bütün
işlərə necə sidq-ürəklə, vicdanla, sevgi ilə
yanaşıb ortaya real nəticələr qoyduğunu görərək
dövlətimizə, vətəndaşlarımıza xidmət
üçün ona daha geniş səlahiyyət verilməsini
arzu, hətta yeri gələndə tələb edən Azərbaycan
insanları qarşısında məsuliyyətdir...
Aradan
ötən 3 il isə bu təyinatın nə qədər
düzgün olduğunu, Mehriban xanım Əliyevanın Azərbaycan
Prezidentinin inam və ümidlərini, vətəndaşların
gözləntilərini bu dəfə də
doğrultduğunu, dərk edilmiş məsuliyyət hissinin
diktəsi ilə bu vəzifədə də mükəmməl
örnəklər yaratdığını
bir daha göstərdi.
Mehriban
xanım özü bir mükəmməllik nümunəsidir...
İndiyə qədər onun adı olan, rəhbərliyi
altında həyata keçirilən bütün layihələr
qüsursuz yerinə yetirilib. Ələ zərrəbin
götürüb bir-bir nəzərdən keçirsən belə
o layihələrdə unudulmuş, diqqətdən kənarda
qalmış hansısa bir detalı, el dilində desək, yola
vermə cəhdini, göstəri xatirinə təqdim
edilmiş keyfiyyətsiz bir işi tapa bilməzsən. Çünki bunların hər birini Mehriban xanım
özü bir-bir yoxlayıb. Əgər
çatışmayan məqamlar varsa, aradan qaldırılmasına
nail olub, insanlara qüsursuz işlər, kəm-kəsirsiz nəticələr,
yarımçıq olmayan həllər təqdim edib.
***
Mehriban
xanım milli dövlətçilik tariximizdəki bir çox
ilklərin müəllifidir...
Və dövlətimizin də, xalqımızın da, elə
tariximizin də şansıdır ki, bu ilkləri belə bir
mükəmməl şəxsiyyət yaradıb. Öz mükəmməlliyi
ilə bu ilklərin də ən mükəmməl
meyarlarını ortaya qoyub.
Mehriban
xanım Əliyeva tariximizdə rəsmən ölkənin
birinci xanımı institutunu formalaşdırmış, bu
statusu daşıyan şəxsin davranış
qaydalarını, sosial məsuliyyətini, gördüyü
işlərin istiqamətlərini müəyyənləşdirən
və Azərbaycanın birinci xanımı kimi insanların
böyük sevgisini qazanan, qayğıkeş ana misalı
yüksək humanizmi, sadəliyi, doğmalığı,
insanlara həssaslığı ilə vətəndaşların
dövlətə, dövlət rəhbərimizə rəğbətini
daha da artıran, dövlət-vətəndaş münasibətlərinə
maraqlı çalarlar gətirən şəxsiyyətdir...
Mehriban
xanım Əliyeva ötən əsrin əvvəllərində
fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin
fəaliyyətindən sonrakı böyük bir fasilənin
ardınca müstəqillik, azad bazar iqtisadiyyatı
dövründə Azərbaycanın Heydər Əliyev Fondu
kimi geniş fəaliyyət dairəsinə malik ilk belə
ictimai təşkilatını yaratmış, bu fondun sosial məsuliyyət
layihələri ilə bütün dünyada ölkəmizə
böyük nüfuz qazandırmış ictimai xadimdir...
Mehriban
xanım Əliyeva Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsi,
I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi
çox genişmiqyaslı, hətta illər əvvəlin
şərtləri ilə baxdığımızda ölkəmizdə
keçirilməsi mümkünsüz görünən qlobal
tədbirlərin təşkilati işlərini qısa zamanda
və ən yüksək səviyyədə, inanılmaz
qabiliyyətlə yerinə yetirmiş, bu cür beynəlxalq tədbirlərin,
əslində, necə keçirilməli olduğunu
bütün dünyaya göstərmiş, onların yeni təşkilati
standartlarını formalaşdırmış menecerdir...
O, eyni
vaxtda həm daha çox Qərb dünyasının dəyərlərini
əks etdirən UNESKO-nun, həm də Şərq aləminin
dəyərlərinə bağlı ISESCO-nun xoşməramlı
səfiri adını daşıyan nadir şəxsiyyətdir...
Mehriban
xanım Əliyeva dünyanın bu iki mötəbər
qurumunun belə yüksək səlahiyyət verdiyi ilk
insandır...
O, mədəniyyətlərarası
dialoq, multikulturalizm, tolerantlıq ideyalarının
yayılmasına töhfə verən fəaliyyəti, 2008-ci
ildən başlanmış, BMT kimi mötəbər təşkilatın
da təqdir etdiyi "Bakı prosesi” çərçivəsində
paytaxtımızda təşkil olunan beynəlxalq humanitar
forumların təşkilatçısı, dünyanın
müxtəlif ölkələrində minlərlə
insanın həyatına fayda gətirən humanitar layihələrin
müəllifi kimi bu iki qurumun xoşməramlı səfirinin,
əslində, necə davranmalı olduğunu göstərir. Təkcə daşıdığı statuslarla
deyil, bu statuslarda yerinə yetirdiyi xoşməramlı missiya
ilə də bir çox ilklər yaradır.
Mehriban
xanım Əliyeva adı tarix boyu bir çox yüksək dəyərlərlə
assosiasiya olunmuş, dəyərlərin rəmzinə
çevrilmiş Azərbaycan qadınının bu
haqqını ən yüksək səviyyələrdə rəsmiləşdirən,
Azərbaycan qadını adını ən böyük
ucalıqlara yüksəldən və ölkəmizdə
qadın fəallığı ənənələrinin
inkişafına tarix boyu bu qədər böyük töhfələr
verən ilk xanım liderdir...
***
O, Azərbaycanın
Birinci vitse-prezidenti vəzifəsindəki 3 illik fəaliyyəti
ilə milli dövlətçilik tariximizdə bu vəzifənin
parlaq ənənələrini, konkret meyarlarını da formalaşdırdı.
Dövlət idarəçiliyi sistemində Birinci
vitse-prezident institutu yaradıldıqdan sonra bu vəzifəni
daşıyacaq şəxsin hansı işləri və necə
görəcəyi çoxlarına maraqlı idi. Azərbaycan
Prezidenti bu vəzifəyə məhz Mehriban xanım
Əliyevanı təyin etməklə dövlətçilik ənənələrimizdəki
belə bir ilkin - Birinci vitse-prezidentlik təcrübəsinin ən
mükəmməl nümunələr əsasında
formalaşmasına vəsilə oldu.
Mehriban
xanım Əliyeva bu 3 illik fəaliyyəti ilə göstərdi
ki, ölkənin Birinci vitse-prezidenti üzərinə
götürüb fədakarcasına yerinə yetirdiyi
çoxsaylı vəzifələrlə, həyata
keçirilən dövlət siyasətinə, insanlara, cəmiyyətə
verdiyi faydalarla, yaratdığı dəyərlərlə
dövlət rəhbərinin ən yaxın silahdaşı
olmalıdır.
Gördüyü işlərə hər hansı vəzifə
öhdəliyi kimi yox, qəlbinin sevgisi ilə
yanaşmalıdır, bu işləri vicdan borcu kimi yerinə
yetirməlidir, başqaları üçün faydalı
olmaqdan ruhani məmnuniyyət hissi duymalıdır.
Xalqla dövlət arasında mənəvi körpüyə
çevrilməlidir, insanların sözünün, sosial
qayğılarının, problemlərinin həllinə
kömək istəklərinin dövlət institutlarına
çatmasına mane olan bürokratik əngəlləri
ortadan götürməlidir, onların arzularının tərcümanına
çevrilməlidir.
Mehriban
xanım göstərdi ki, ölkənin Birinci vitse-prezidenti
olmaq hər bir azərbaycanlı ailəsinin doğma bir
üzvü olmaqdır, onlara qəlbinin sevgisini, istisini verə
bilməkdir...
Ərazilərimizin
ermənilər tərəfindən işğalı nəticəsində
yurd-yuvasından perik düşmüş və illərdir
yataqxana hücrələrində zimistan çəkən məcburi
köçkün ailələrini abadanlığa çıxarmaqdır,
uşaq evlərindən birbaşa həyatın çətin
yollarına atılan atasız-anasız gənclərin üzərinə
qanad sərib onları iş, ev-eşik
sahibi etməkdir...
Bu yurdun
kimsəsiz körpələrinə öz doğma
analarından da qayğıkeş ana, qocasına doğma
övladlarından da həssas övlad, şəhid
anasının, bacısının, həyat
yoldaşının göz yaşlarını ən yaxın
bir insanın sevgisi, təsəllisi ilə silən həmdəm
olmağı bacarmaqdır...
Əcdadlarımızın
min illərdən bəridir ki, bu torpaqlarda yaratdıqları zəngin
mədəniyyətə sahib çıxmaqdır, mədəni
sərvətin qorunması, gələcək nəsillərə
ötürülməsi və bütün dünyada təbliği
qayğısına qalmaqdır...
Azərbaycan
insanını inkişaf etdirməkdir, sosiallaşmasına dəstək
olmaqdır, kimliyindən asılı olmayaraq hər bir vətəndaş
üçün öz imkanlarını, fərdi
potensialını reallaşdırmaqdan ötrü bərabər
imkanlar mühiti yaratmaqdır...
Azərbaycan
gəncliyini vətənpərvərlik ruhunda tərbiyələndirməkdir,
onları xeyirxahlıq, mərhəmət, şəfqət,
insana, insanlığa sevgi ruhunda yetişdirməkdir, gənc nəslin
gələcəyə ümidi olmaqdır, o gələcəyi
birgə yaratmaqdan ötrü işin ən çətinindən,
yükün ən ağırından yapışıb gəncliyin önünə düşməkdir,
Vətənə, ümumən dünyaya, nəcib məqsədlərə
xidməti hər kəs üçün bir könül
işinə çevirməkdir...
Bütün
bu nümunələr Mehriban xanım Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti kimi ötən 3 il ərzində
gördüyü işlərin, yaratdığı nümunələrin,
əslində, məhdud və ümumiləşmiş bir hissəsidir...
Onun ən
çətin problemlərinin həllinə kömək
olduğu minlərlə insanı media göstərmir, Mehriban
xanımın rəhbərlik etdiyi layihələr sayəsində
müşkülləri asanlaşan, həyatı sahmana
düşən, bir vaxtların əlçatmaz arzularına
yetişən minlərlə insanın şükranlıq
duyğuları yalnız ona ünvanlanmış təşəkkür
məktublarında əks olunur, biz o işlərdən, o təşəkkürlərdən,
o insanlardan, Mehriban xanımın o köməkdarlıqlarından
xəbərsiz qalırıq...
Çünki
bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti
üçün reklam, təbliğat elementi deyil, əsla...
Bütün
bunlar Mehriban xanım Əliyeva üçün bir taledir,
missiyadır...
O, öz
tale işini, Vətən, tarix, insanlıq
qarşısındakı ali
missiyasını yerinə yetirir, dövlət rəhbərimizin
həyata keçirdiyi siyasətə, bu siyasətdən bəhrələnən
insanlara faydalı olmaqdan ötrü bütün
imkanlarını ortaya qoyur və bu fədakarlığının,
gördüyü nəcib işlərin mükafatını
vicdanından alır.
Mehriban
xanım Əliyeva 3 il əvvəl Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin
olunana qədər də belə idi, bu gün də belədir,
bundan sonra da öz tale missiyasına sadiq qalacaq...
***
Həyat nə qədər müasirləşsə də,
tarixi köklərin, arxetiplərin əlamətləri həyatın
müxtəlif anlarında tez-tez özünü göstərir. Mənəvi
dünyamızda Azərbaycan qadını və kişisinin
obrazı ilə bağlı konkretləşmiş təsəvvürlər
var. Azərbaycan qadını tarixən evin, ocağın
bütövlüyünün, abadlığının,
sahmanının, mənəvi dəyərlərinin qoruyucusu
kimi çıxış edib, evin sosial
qayğısını çəkib, xanım əllərinin
səliqəsi, bərəkəti ilə evi gülüstana,
rahatlıq, sevgi məkanına çevirib.
Azərbaycan
kişisi isə evi, yurdu düşmənlərdən, fitnə-fəsadlardan
qoruyub, yeri gələndə sinəsini sipər
edib, döyüşüb, igidlik göstərib,
yağıları yerində oturdub, ocağın
firavanlığı üçün yaxında-uzaqda
özünü oda-közə vurub və bu fədakarlığın
gücünü, enerjisini hər zaman yurdda onu gözləyən,
dəstək olan doğma insanların sevgisindən hiss edib.
İlham
Əliyev - Mehriban Əliyeva tandemi ulularımızdan miras qalan
bu mənəvi dəyərin dövlətçilik səviyyəsində
təzahürüdür, Azərbaycan dövlətinin 10 milyonluq
böyük bir ailəyə çevrilməsidir...
Münxen
müzakirələrində də, səsimizi,
ünümüzü dünyaya yetirdiyi başqa hər yerlərdə
də Prezident İlham Əliyevi sarsılmaz edən,
gücünə güc qatan bu böyük Azərbaycan ailəsindən
duyduğu sevgi və dəstəkdir...
Bu Vətəndən,
bu xalqdan, bu şəxsiyyətlərdən Tanrı da
sevgisini, şəfqətini heç zaman əsirgəməsin!..
Hüseynbala
MİRƏLƏMOV,
Yeni Azərbaycan Partiyası Xətai
Rayon Təşkilatının sədri
Azərbaycan.-2020.- 25 fevral.- S.1;3.