Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görüləntədbirlərlə bağlı məlumat yayıb

 

Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə yanvarın 28-də Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib. Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb.

Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.

İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə edilir.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib.

Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.

Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər.

Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Azərbaycan.-2020.- 25 fevral.- S.2.