2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
22 fevral 2020-ci il tarixli 385 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 32/386
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlu 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 33/168 saylı qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməklə pozulmuş seçki hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd A.Ə.Əsədli müraciətində 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə qeyd edilən seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntusu baş verməsini iddia etmiş, pozuntulara dair təqdim etdiyi video görüntüləri, həmçinin digər materialları araşdıraraq dairə seçki komissiyası qərarının ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticəsinin etibarsız sayılmasını xahiş etmişdir. O, müraciətini onunla əsaslandırmışdır ki, səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş vermiş seçki pozuntuları ilə bağlı müvafiq sənədlər əlavə etməklə Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi şikayət aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyasına göndərilmiş, dairə seçki komissiyası isə ətraflı araşdırma aparmadan seçki günü səsvermədə iştirak etmiş müxtəlif seçki subyektlərindən alınmış izahatlara əsasən müraciətin təmin edilməməsi barədə əsasız qərar qəbul etmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, A.Ə.Əsədlinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Namizəd A.Ə.Əsədli tərəfindən araşdırmaya əlavə olaraq seçki dairəsinin səkkiz məntəqə seçki komissiyasından əldə etdiyi səsvermənin nəticələrinə dair protokolun surəti təqdim olunmuşdur.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmişdir.
125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, namizəd A.Ə.Əsədlinin müraciəti əsasında aparılmış araşdırma ilə əlaqədar namizədin şikayətə əlavə etdiyi siyahıda qeyd olunmuş seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularına dair elektron məlumat daşıyıcısında olan görüntülər araşdırılmış, həmçinin səsvermə günü seçki məntəqələrində müşahidə aparmış siyasi partiya və qeyri-hökumət təşkilatıarını təmsil edən müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin təqdim etdiyi izahatlarda şikayətdə göstərilən hallar təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər Azadoğlu Nazim Azad oğlu və Kərimov Faiq Alməmməd oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/316 saylı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılması nəzərə alınmalıdır.
Qeyd edilən araşdırma sosial şəbəkələr vasitəsi ilə paylaşılan və şikayətçilərin araşdırmaya təqdim etdikləri elektron məlumat daşıyıcılarındakı videogörüntüləri və digər materialları əhatə etməklə seçki dairəsinin şikayətçilər tərəfindən mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etmələri müəyyən olunmuşdur.
Namizəd A.Ə.Əsədli tərəfindən müraciətə əlavə edilmiş 1 ədəd elektron məlumat daşıyıcısında olan görüntülərə baxış keçirilmiş və seçicilərin iradə ifadələrini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən edilməmişdir.
Hazırkı araşdırma prosesində namizəd tərəfindən səsvermənin nəticələrinə dair 8 məntəqə seçki komissiyasının protokollarının surətinin təqdim edilməsi ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair rəsmi protokolları alınaraq onlara müqayisəli baxış keçirilmişdir. Baxış zamanı 48 və 50 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair rəsmi protokollarındakı məlumatların şikayətçinin təqdim etdiyi protokol surətləri ilə müqayisədə fərqli olduğu aşkar olunmuşdur. Bu hal seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu kimi qiymətləndirilməlidir. Göstərilən pozuntular Seçki Məcəlləsinə görə həmin məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 48 və 50 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Beləliklə, 125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin qeyd edilən seçki məntəqələri üzrə göstərilən hal şikayətin qismən təmin olunması üçün hüquqi əsas yaratmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Əsədli Anar Əsəd oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 385 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 48 və 50 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.
2. Dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 33/168 saylı qərarı ilə 48 və 50 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.
3. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020
Azərbaycan.-2020.- 25 fevral.- S.8.