2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
21 fevral 2020-ci il tarixli 373 və 374 saylı müraciətlərə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 32/396
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə)
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Aslanov Eldar Zabit oğlu və Məlikov Arzu Sədrəddin
oğlu 2020-ci il fevralın 21-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciətlə həmin
seçki dairəsi dairə seçki komissiyasının 13
fevral 2020-ci il tarixli 53/143-2 və 53/143-3 saylı qərarlarını
mübahisələndirərək seçki dairəsinin əhatə
etdiyi seçki məntəqələri üzrə səsvermənin
nəticələrinin etibarsız hesab edilməsini və
seçki dairəsi üzrə seçkilərin nəticələrinin
ləğvi barədə qərar qəbul olunmasını
xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən birgə icraata qəbul edilmiş, araşdırılaraq bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər
müraciətində səsvermə günü 38 saylı
Nizami ikinci (Gəncə) seçki dairəsinin bütün
seçki məntəqələrində səsvermənin nəticələri
haqqında protokolların tərtib edilməsi zamanı qanun
pozuntularına yol verdiyini iddia edərək həmin seçki
məntəqələri üzrə səsvermənin nəticələrinin
ləğv olunmasını tələb etmişdir.
Namizədlərin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək hüquqlarının olması onların nəzərlərinə çatdırılmışdır.
Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
E.Z.Aslanov və A.S.Məlikovun müraciətlərinin təmin edilməməsinə dair 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 53/143-2 və 53/143-3 saylı qərarları qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçilərə vaxtında təqdim olunmuşdur.
Beləliklə, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları olmadığından deputatlığa qeydə alınmış namizədlər E.Z.Aslanov və A.S.Məlikovun 21 fevral 2020-ci il tarixli 373 və 374 saylı müraciətləri əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 53/143-2 və 53/143-3 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə qeydə alınmış namizədlər Aslanov Eldar Zabit oğlu və Məlikov Arzu Sədrəddin oğlunun 21 fevral 2020-ci il tarixli 373 və 374 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 53/143-2 və 53/143-3 saylı qərarları dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020
Azərbaycan.-2020.- 25 fevral.- S.9.