2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 351 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 32/405

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Sərdar Calal oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət etməklə həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli, 29/122 saylı qərarını mübahisələndirərək, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciət verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

S.C.Məmmədov müraciətində iddia etmişdir ki, səsvermə günü 15 saylı Yasamal birinci seçki dairəsi üzrə seçki məntəqələrində səsvermədə iştirak edən seçici fəallığı aşağı olmuş, seçki bülletenləri topa şəkildə seçki qutularına atılmış, adları seçici siyahılarında olmayan seçicilər səs vermiş, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmış, 1, 3, 5, 6, 7, 8, 9, 11, 12, 14, 15, 16, 20, 24, 27, 30 və 31 saylı seçki məntəqələrində səslər düzgün hesablanmamış, müşahidəçilərə yekun protokollar verilməmiş və digər qanun pozuntularına yol verilmişdir. Namizəd dairə seçki komissiyasına təqdim edilmiş müraciətinin və digər sənədlərinin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 29/122 saylı qərarının ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir.

S.C.Məmmədov müraciətinə 4 ədəd elektron məlumat diski (DVD-disk) və 31 ədəd akt əlavə etmişdir.

Araşdırma ilə bağlı ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, Komissiyanın iclasında namizədin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı sözügedən seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd S.C.Məmmədovun müraciəti əsassızdır və təmin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilərkən və digər materiallar araşdırılarkən 15 saylı Yasamal birinci seçki dairəsinin 10, 19, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin keçirilməsi və nəticələrinin hesablanması zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmışdır. Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 10, 19, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 10, 19, 28 və 29 saylı seçki məntəqələri istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşbu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyaları üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən 4 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır.

Beləliklə, qeydə alınmış namizəd S.C.Məmmədovun müraciəti qismən təmin edilməli, 10, 19, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 29/122 saylı qərarı həmin seçki məntəqələri üzrə hissədə ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Sərdar Calal oğlunun 21 fevral 2020-ci il tarixli 351 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 10, 19, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 29/122 saylı qərarı 10, 19, 28 və 29 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020

Azərbaycan.-2020.- 25 fevral.- S.11.