2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
21 fevral 2020-ci il tarixli 369 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 32/409
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Türksoy Mete Seymur oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) səsvermə günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş şikayətvermə müddətinin ötürülməsi ilə daxil olmuş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə və müvafiq Təlimatın 7.10.2-ci yarımbəndinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 4.1.2-ci və 7.10.2-ci yarımbəndlərinə əsasən qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 114 saylı Şəki kənd birinci
seçki dairəsi üzrə qeydə alınmış
namizəd Türksoy Mete Seymur oğlunun Mərkəzi
Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli
369 saylı müraciəti qanunvericiliklə müəyyən
olunmuş şikayətvermə müddəti
ötürülməklə daxil olduğundan müraciət
etmiş şəxsə geri göndərilsin.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020
Azərbaycan.-2020.- 25 fevral.- S.11.