2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
21 fevral 2020-ci il tarixli 366 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 32/413
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 10 saylı Binəqədi
üçüncü seçki dairəsi üzrə qeydə
alınmış namizəd Məmmədova Rəbiyyə
İlqar qızı 2020-ci il fevralın 21-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsi dairə seçki
komissiyasının 17 fevral 2020-ci il tarixli 60/174 saylı qərarını
mübahisələndirmiş və onun ləğv
olunmasını, seçki dairəsi üzrə seçkilərin
nəticələrinin etibarsız sayılmasını
xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd R.İ.Məmmədova müraciətində iddia edir ki, səsvermə günü 1, 2 və 3 saylı seçki məntəqələrində namizəd M.Musayevin təşviqatı aparılmış, bülletenlər sayılan zaman onun xeyrinə səslər süni şəkildə artırılmış, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, qeydiyyatda olmayan şəxslər səsverməyə buraxılmış, bəzi hallarda seçicilərin barmaqları yoxlanılmamış, səslərin hesablanmasında ciddi pozuntular baş vermiş, 9 saylı seçki məntəqəsində seçici fəallığı barədə məlumat elan edilməmiş və seçicilərin sayı süni surətdə artırılmış, seçki dairəsinin 8 və 21 saylı məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların surəti verilməmişdir.
Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 3 ədəd elektron məlumat daşıyıcısı və aktlar əlavə etmişdir.
Namizəd R.İ.Məmmədova müraciətini onunla əsaslandırır ki, yuxarıda qeyd olunanlarla əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş və ərizəçinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.
R.İ.Məmmədovanın müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə adıçəkilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd R.İ.Məmmədovanın müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir. Dairə seçki komissiyası bu qərarı çıxararkən xüsusilə ona diqqət yetirmişdir ki, səsvermə günü baş verməsi iddia olunan hər hansı qanun pozuntusu ilə bağlı müvafiq komissiyaya müraciət daxil olmamışdır.
Qeyd edilməsi zərurudir ki, həmin seçki dairəsindən deputatlığa digər namizədlər namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Aslanlı Gülağa Qulam oğlu və namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimli Qorxmaz Əbülfəz oğlunun 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 317 saylı müraciətləri ilə həmin seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 61/176 saylı və 19 fevral 2020-ci il tarixli 62/178 saylı qərarlarından Mərkəzi Seçki Komissiyasına verdikləri şikayətlərlə əlaqədar aparılmış hərtərəfli araşdırma çərçivəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 23 fevral 2020-ci il tarixli 31/373 saylı qərarı ilə seçki dairəsinin 16 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmalıdır.
Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallara rast gəlinməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamışdır. Araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif maraqları təmsil edən müşahidəçilərdən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd R.İ.Məmmədovanın müraciətdə iddia etdiyi qanun pozuntuları öz təsdiqini tapmamış və bu səbəbdən dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.
Göstərilənlərə əsasən müraciətin əsassız hesab edilərək təmin olunmaması və dairə seçki komissiyasının müvafiq qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədova Rəbiyyə İlqar qızının 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 366 saylı müraciəti təmin edilməsin və dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 60/174 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020