2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 302 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Qərar ¹ 32/414

 

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə qeydə alınmış namizəd İsmayılova Ləman Aləşrəf qızı 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlamış, həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/41 saylı qərarını mübahisələndirərək, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci,112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

L.A.İsmayılovanın müraciətində göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, üzrə zəruri olan bütün məlumatların öyrənilməsi məqsədi ilə araşdırma müddəti Mərkəzi Seçki Komissiyasının 22 fevral 2020-ci il tarixli 30/345 saylı Qərarı ilə artırılmışdır.

Namizəd müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki dairəsi üzrə seçki məntəqələrində səsvermədə iştirak edən seçici fəallığı aşağı olmuş, seçki bülletenləri topa şəkildə seçki qutularına atılmış, 4, 7, 8, 9, 10, 11, 15, 19, 22, 23, 24, 29, 30, 31, 32, 33, 34, 38, 39, 42, 43, 45, 46, 47, 48, 54, 55, 56 və 59 saylı seçki məntəqələrində səslər düzgün hesablanmamış və digər qanun pozuntularına yol verilmişdir. L.A.İsmayılova dairə seçki komissiyasına təqdim edilmiş müraciətinin və digər sənədlərinin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/41 saylı qərarının ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir. Ərizəçi müraciətinə 3 ədəd elektron məlumat diski (DVD-disk), 23 ədəd akt və 20 ədəd səsvermənin nəticələrinə dair protokolun nüsxələrini əlavə etmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş, namizədin Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

117 saylı Oğuz - Qəbələ seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları öz təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı sözü gedən seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd L.A.İsmayılovanın müraciəti əsassızdır və təmin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir seçki pozuntusu əks olunan görüntü aşkarlanmamışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq qaydada təsdiqlənərək müşahidəçilərə verilmiş səsvermənin nəticəsinə dair protokolların nüsxələri ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 29, 30 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda uyğunsuzluq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 29, 30 və 43 saylı seçki məntəqələri istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşbu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən 3 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır.

Beləliklə, qeydə alınmış namizəd L.A.İsmayılovanın müraciəti qismən təmin edilməli, 29, 30 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/41 saylı qərarı həmin seçki məntəqələri üzrə hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə qeydə alınmış namizəd İsmayılova Ləman Aləşrəf qızının19 fevral 2020-ci il tarixli 302 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 29, 30 və 43 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 20/41 saylı qərarı 29, 30 və 43 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.02.2020

Azərbaycan.-2020.- 25 fevral.- S.12.