Xocalıdan
Missuriyə...
Hər
şey belə bitə, illərdir çəkdiyi bütün
əziyyətlər bir anın içində məhv ola bilməzdi...
Axı o,
heç uşaqlığını, yeniyetməliyini, gəncliyini
gözüdolu yaşamamışdı...
Bu
yaşa qədər yoxluqla insanların sınağa çəkildiyi
bir həyatda var olmaq üçün
çapalamışdı...
Amma indi
arzuları da tükənmişdi, ümidi
üzülmüşdü...
Uzaqda,
okeanın o tayında, Amerikada çox tənhaydı...
Xocalıdan
köçkün düşmüş körpələrdən
biri də o idi. Yaş yarımlığından elə həyatda
ilk addımlarını da sığındığı
düşərgədə ağrı-acılarla, çətinliklərlə
qoşa atmağa başlamışdı. Körpə
dünyası başdan-başa insan fəryadı, ah-naləsi
ilə dolub daşmışdı. Ətrafında hər
şey qap-qara, bomboz idi. Heç zaman xəyalından çəkilməyən
dəhşətli mənzərə isə ağappaq qarla
bürünmüş bir dünyanın üzərinə
çilənmiş qıpqırmızı qan idi...
Günahsız insanların yer üzünə
tökülmüş qanı...
Bir də
əsir, itkin düşmüş doğmalarını
gözləyənlərin gələnin-gedənin gözlərinə
dikilmiş bir ümid işartısı uman həsrətli
gözləri...
Bu cür
qəlb yükü, ürək dərdi içərisində,
yardım növbələrində, çörək
yoxluğunda, su qıtlığında böyüməyə
çalışırdı bütün xocalılı,
bütün məcburi köçkün uşaqlar kimi...
Sadəcə
bu zülmət aləmdə ümidləri, arzuları əngəlsizdi,
tükənməzdi, sonsuzdu...
Sanki qara
daşın bağrın yarıb Günəşə can atan
zərif çiçəkdi...
"Xocalıdan
çıxan insanlar arasında təsadüf nəticəsində
sağ qalanlar olub. Elə bilirəm bizim də ən
böyük xoşbəxtliyimiz oradan sağ
çıxmağımız olub. Amma məcburi
köçkün düşərgəsində problemləri,
sıxıntıları, maddi və mənəvi çətinlikləri
hamımız eyni yaşamışıq”.
Amma o, hər
zaman düşünürdü ki, həyatları həmişə
belə olmalı deyil. Və bundan qurtuluşun yalnız bir
formulu var: təhsil, bilik, elm. Və elə bu amal uğrunda
qarşısındakı hədəflərə doğru
müqəddəs bir yola çıxır...
ABŞ-ın
Vaşinqton Universitetinin məzunu, Azərbaycan İqtisad
Universitetinin Layihələrin İdarəedilməsi
şöbəsinin müdiri və Biznesin idarə edilməsi
üzrə magistr fakültəsinin müəllimi Xocalıdan
məcburi köçkün Nərmin İbrahimova
Naftalandakı məcburi köçkün düşərgəsində
həyat sınağı ilə keçirdiyi illərindən,
Bakıdakı ağır imtahanlı tələbəliyindən,
çətinliklərlə təkbaşına mücadilə
apardığı Amerikadakı günlərindən söhbət
açır.
"Sağ qaldığım
üçün xoşbəxt idimmi?”
-
1990-cı ildə Xocalıda anadan olmuşam. Ailəm mən
yaşyarımlıq olanda Xocalı rayonunun Kərkicahan qəsəbəsindən
məcburi köçkün düşüb. İndi
düşünürəm, bəlkə anasının
qucağında bağrı çatlayan, soyuqdan donan,
süngülənən, güllənənən körpələrdən
biri də mən ola bilərdim...
Amma
xoşbəxt idimmi?! Xeyr. O faciənin, iztirabların
içində böyüdüm. Uşaqlıq xatirələrim
Naftalanda yerləşən məcburi köçkün
düşərgəsində keçən həyatımızla
bağlıdır. Rayonlarımızın
işğalından sonra təxminən 4 minə yaxın məcburi
köçkün Naftalanın bir hissəsində yerləşib
kortəbii yaşamağa başlamışdı. Burada məcburi
köçkünlərdən ibarət bir icma
yaranmışdı. İnsanlar sanatoriyaya gələnlər
üçün nəzərdə tutulan taxta birotaqlı evlərdə
yaşayırdılar. Bu evlər xüsusilə qışda
dözülməz soyuq olurdu. Valideynlərim, kiçik
qardaşımla mən də birotaqlı evdə
yaşayırdıq. Vəziyyətimiz çox pis idi, hətta
su tapmaq belə müşkül idi...
Acınacaqlı
hal isə bu idi ki, yaşadığımız yerdə hər
kəs eyni vəziyyətdə olduğuna görə heç
zaman bunun qeyri-adiliyini, pisliyini anlamamışıq, elə
bilmişik ki, normal budur...
Maddi vəziyyətin
dözülməzliyindən çox insanların ruhi vəziyyəti
dəhşətli idi.
Xüsusilə
də ilk illərdə insanlar daha travmatik, emosional idilər.
Qonşuluğumuzda elə insanlar var idi ki, bir gecədə ailə
üzvlərinin əksəriyyətini itirmişdilər. Onlar
üçün yeni həyata başlamaq daha ağrılı
və çətin idi.
Artıq
30 ilə yaxın vaxt keçib və sanki insanlar dərdlərini
bir növ sinələrinə çəkiblər. Amma
övladı, atası, anası, bacısı, qardaşı
öldürülənlərin yarası hələ də
qaysaq bağlamayıb. Doğmaları əsir, itkin düşənlərin
gözləri hələ də yoldadır.
Düşünürəm ki, hələ də onlar buna
öyrəşməyiblər və dərdlərinin
ağırlığı ilə yaşayırlar...
"Saatlarla yardım növbələrində
dayanırdım...”
- 4-5
yaşımdan etibarən saatlarla yardım növbələrində
dayanmağım yadıma gəlir. Bizə BMT-dən, xarici təşkilatlardan
yardım gəlirdi. Ərzaq, geyinilmiş paltar göndərirdilər.
İnsanların pulu yox idi ki, özlərinə lazım olan nə
isə alsınlar... Düşünürəm ki, məcburi
köçkünlüyün ilk illərində həmin
yardımlar sayəsində sağ qala bilmişik.
Düşərgədəki
insanların əksəriyyəti işsiz idi.
Naftalanda
yerləşən bir məktəbin tərkibində dərs
keçmək məqsədilə məcburi
köçkün uşaqlar üçün bəzi otaqlar
ayrılmışdı. Müəllimlərimizin də əksəriyyəti
Xocalıdan olanlar idi. Təbii ki, kitab və dərs vəsaitlərimizi
də çətinliklə əldə edirdik. Məktəb
kitabxanasında olan köhnə kitablardan oxuyur, UNİCEF-in
göndərdiyi dəftər - qələmlərdən istifadə
edirdik.
Bütün
bu çətinliklərə baxmayaraq, qardaşım da, mən
də dərslərimizi yaxşı oxumağa
çalışırdıq. Bunun üçün anam əlindən
gələni edir, ən əsası da bizə mənəvi
motivasiya verirdi. Hər zaman deyirdi ki, yalnız oxumaq və təhsil
yolu ilə bu məcburi köçkün düşərgəsindən
çıxa, uğur qazana bilərik. Həm də
zamanında valideynləri anamın təhsil almasına icazə
verməmişdilər, ona görə də ürəyində
qalan arzusunu bir növ bizimlə reallaşdırmağa
çalışırdı. Orta məktəbə
başlamamışdan əvvəl bilirdik ki, məktəbi əla
oxumalıyıq, başqa cür ola bilməz...
Yoxluqlar, çətinliklər...
-
Uşaqlıqdan ingilis dilinə marağım çox idi.
Yadımdadır, Azərbaycan Televiziyasında həftədə
bir dəfə "Week News” adlı ingilis dilində xəbər
proqramı var idi və mən mütləq ona baxırdım.
Heç nə başa düşməsəm də, bu dildə
səslənənlərə qulaq asmaq xoşuma gəlirdi. Hər
zaman düşünürdüm ki, ingilis dilinin arxasınca
getməliyəm. Elə bəlkə də bu arzu idi ki, sonradan
məni Amerikaya apardı və uşaqlığımdakı
kiçik maraqların köməyi ilə bir çox şeylərə
nail oldum.
Orta məktəbi
bitirdikdən sonra Bakı Dövlət Universitetinin mexanika -
riyaziyyat ixtisasına qəbul oldum. Yəni ilk hədəfim
olan tələbəliyi qazandım.
Tələbə
vaxtı Bakıda qohumumuzgildə qalırdım. Hiss edir və
görürdüm ki, yaşam şərtləri, geyimləri
ilə digər tələbələrdən geridəyəm.
Onlar kinoya, konsertə, harasa gəzməyə gedirdilər, mən
isə gedə bilmirdim. Amma uşaqlıqdan belə vəziyyətə
öyrəşdiyimə görə bu mənim
üçün qeyri-adi hal deyildi. Onsuz da həmişə belə
olmuşdu və indi də belə davam edirdi...
"Cibimdə cəmi 250 dollar pulla,
uzaq bir ölkəyə yola düşdüm”
- Qrup
yoldaşlarımın əksəriyyəti riyaziyyat müəllimi
olmağı planlaşdırırdı. Mən isə bakalavr
təhsilimi bitirdikdən sonra tamamilə başqa bir istiqamətə,
biznesin idarə edilməsi ixtisası üzrə İqtisad
Universitetinə sənəd verdim. Həmçinin magistr təhsilinin
ilk ilindən iş tapıb işləməyə
başladım. Bununla yanaşı, hər zaman
arzulayırdım ki, ABŞ-da təhsil alım. Amma o ölkə
həmişə mənə əlçatmaz
görünüb. Zaman keçdikcə özümə əminliyim
artmışdı və xaricdə təhsil almağı daha
ciddi düşünməyə başlamışdım. Buna
görə bir neçə xarici universitetə müraciət
etdim. Qəbul olduğum Vaşinqton Universitetində ikiillik
proqram üçün 80 min dollar təhsil haqqı ödəməli
idim. Çox çətinliklə universitetin qəbul
şöbəsini razı salaraq birinci il üçün mənə
40 min dollar təqaüd ayırmalarına nail oldum. Bir şərtlə
ki, ikinci ilə təhsil haqqını tapacağam. Amma
özümə də aydın deyildi ki, bu necə olacaq?
Artıq
Amerikaya yola düşə bilərdim, amma orada da şəxsi
xərclərimi ödəmək üçün ayda 1000
dollar pul lazım idi. O zaman Portuqaliyada təhsil alan
qardaşım 500 manat aylıq təqaüdünü mənə
verəcəyini dedi. Yerdə qalanını isə iş
tapıb ödəməli idim. Bu düşüncələr
və cibimdə 250 dollar pulla, heç kimi
tanımadığım yad bir yerə, Missuri
ştatının Sent-Luis şəhərinə yola
düşdüm.
"Təmizlik işləri
görür, ev heyvanlarına qulluq edirdim ki...”
- Amerikada
ilk olaraq əsas məqsədim kampusda iş tapmaq idi. Beynəlxalq
tələbə olduğum üçün həftədə
20 saat işləmək icazəm var idi. Buna görə təmizlikdən
tutmuş, uşaq baxıcılığına qədər
bir çox işlərdə çalışırdım ki,
yaşamaq üçün pul qazanım.
Orada
qaldığım üç il yarım müddətində
pula qənaət etmək üçün 12 müxtəlif ev
dəyişmişəm. Amerikalılar istirahatə getdiyi zaman
evlərini tələbələrə müvəqqəti
yaşamaq üçün verirdilər ki, ev heyvanlarına
qulluq edən olsun. Mən də həmin fürsətdən
istifadə edirdim, əvəzində kirayə haqqı ödəmirdim.
Amma təhsilimin
ikinci ilində təqaüd tapmaq cəhdlərim boşa
çıxdı. Təhsil haqqı borcum
yarandığından sonuncu semestrin dərslərinə
qeydiyyatdan keçə bilmədim.
Artıq
bilmirdim ki, hara gedim, kimə müraciət edim...
Bəxtim
gətirdi ki, həmin dövrdə Azərbaycanın
Amerikadakı səfirliyi ilə təsadüf nəticəsində
kontaktım yarandı. Həmvətənlərimin dəstəyi
ilə bir portalda adıma profil açıldı və həmin
profil ABŞ və Kanadada yaşayan azərbaycanlılar
arasında paylanıldı. Bununla da təhsil haqqım
üçün dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar, o cümlədən qrup
yoldaşlarım, professorlarım ianələr etməyə
başladılar. O insanların əksəriyyətini indi də
tanımıram, lakin onlara həyatım boyu minnətdaram
olacağam...
Bu vasitə
ilə 10 gün ərzində 15 min dollar vəsait toplandı.
Sevincimdən göylərdə uçurdum. Təsəvvür
edin ki, bu məbləğ semesterin başlanılmasına təxminən
4 gün qalmış yığılmışdı. Yerdə
qalan təhsil haqqını isə professorumun dəstəyi ilə
xarici fondların birindən əldə edə bildik. Beləliklə,
universiteti bitirməyimə bir ay qalmış təhsil
haqqım möcüzəvi şəkildə tam ödənildi...
Başlanğıca
qayıdış
- Ermənilər
bizi məhv etməyə çalışsalar da, bunu
bacarmadılar. Yalnız xocalılar deyil, bütün məcburi
köçkünlər həyatlarına yenidən,
sıfırdan başladılar. O çətinliklər bizi
sındırmadı. Nə vaxtsa o cür əziyyətlər
çəkdiyimizi, şəraitsiz vəziyyətdə
yaşadığımızı kiməsə deməyə
utanırdım. Amma indi dərk edirəm və gənclərimizə
də deyirəm ki, bütün bunlar bizim günahımız
deyildi. Amma gələcəkdə bizi daha nəyin gözləməyi
öz əlimizdədir. Əgər gələcəyi
düşünməsək, təhsil almasaq, irəli getməsək,
bax bu, bizim günahımız olar...
İşdənkənar
şəxsi layihələr də həyata keçirirəm.
Xarici ölkələrə səfər edirəm, öz
rayonlarımıza gedirəm, həyat hekayəmi, təcrübəmi
gənclərlə bölüşürəm. Qarabağ
icmasında fəal olmağa çalışıram...
İndi
geriyə baxanda görürəm ki, bəli, mən
bacarmışam, arzularımın arxasınca gedərək təhsilimi
istədiyim səviyyədə təkmilləşdirmişəm.
Bunun üçün əlimdən gələn hər
şeyi etmişəm və hətta ümidimin
üzüldüyü son ana qədər mübarizə
aparmışam.
Qarşıda isə onu ağır bir səfər gözləyir. Neçə ildir ayaq basmadığı və ömrünün əksər hissəsini keçirdiyi Naftalanda yerləşən xocalıların məskunlaşdığı düşərgəyə yollanacaq. Düzdür, indi həmin düşərgədən əsər-əlamət qalmayıb və oradakı ailələr Goranboya köçürülüb. Amma Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində məhz ora baş çəkmək istəyir. Acı göz yaşlarının qarışdığı, körpə gülüşlərinin dəfn olunduğu həmin o yerə...
Elə bu düşərgədə arzularından güc alaraq çətin və uzun bir yola başlamışdı. Və sübut etmişdi ki, həyatda insanın qarşısına sədd çəkəcək heç bir əngəl yoxdur. Yetər ki, bunu ürəkdən istəyib reallığa çevirməyi bacarasan. Bir ömür sığdırdığı həyatına nəzər salanda, ötən günlərini vərəqləyəndə isə həmişə özünün-özünə ünvanladığı bir sual var: "Görəsən, bütün bunları mən necə bacarmışam?!”
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 26 fevral.- S.6.