Dövlət BAXÇALI: “Xocalı türkün
yurdudur, türkün qürurudur, işğalçılar sonsuza qədər lənətlənmişdir”
Türkiyənin hakim koalisiya ortağı Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı 9 fevral seçki qələbəsi münasibətilə İlham Əliyevi və YAP-ı təbrik edib
"Xocalı dinməyən hayqırtı, bitməyən acı, tükənməyən bir türk sevdasıdır. Xocalının yaraları dərindir, yamacları sərindir, əks-sədası böyükdür. Tam 28 ildir ki, Dağlıq Qarabağın Xocalı şəhəri türklüyün vicdanında bir sızıltı, ürəklərdə bir ağrıdır”.
Bu fikirləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində partiyasının deputat fraksiyasının iclasında səsləndirib.
Xocalı soyqırımına geniş şəkildə toxunan partiya rəhbəri öncə Dağlıq Qarabağın tarixi türk yurdu olduğunu xatırladaraq bu torpaqların 28 ildir Ermənistan tərəfindən işğal altında saxlanıldığını vurğulayıb.
Dövlət Baxçalı qeyd edib ki, Dağlıq Qarabağ, Azərbaycanda Kür və Araz çayları ilə Ermənistanın sərhədləri daxilində yerləşən Göyçə gölü arasında yer alan, Qərbdə Ermənistan, Cənubda İran sərhədlərinə yaxın olan məkanın adıdır və bu yerlər qədim türk yurdudur. Dağlıq Qarabağ şimaldan cənuba 120 kilometr, şərqdən-qərbə 35-60 kilometr uzunluğundakı dağ və obalardan ibarət ərazidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin və sovet ordusuna məxsus 366-cı motoatıcı alayın Xocalıda həyata keçirdikləri qətliamı ötən əsrin ən vahiməli, dəhşətli hadisələrindən biri adlandıran MHP sədri deyib ki, rəsmi məlumata görə, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaq üzrə 613 soydaşımız Xocalıda qətlə yetirilib. 76 uşaq olmaqla 487 nəfər ağır yaralanıb. 1275 nəfər əsir götürülüb. Bunların 150-sindən hələ də xəbər yoxdur. Digər məlumatlara əsasən ümumilikdə şəhid olanların sayı 1300 nəfərdir.
MHP sədrinin fikrincə, Xocalı qətliamı Qarabağ müharibəsinin yaşandığı bölgələrdə böyük narahatçılıq yaratdığı üçün insanlar bu qətliamdan qorxaraq öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bunun nəticəsində ermənilər qanunsuz və həyasız şəkildə Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri, Qubadlını, Zəngilanı, Cəbrayılı, Füzulini işğal ediblər. 1 milyon Azərbaycan türkü öz doğma torpağını tərk etmək məcburiyyətində qalıb.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri ilə bağlı qətnaməsini yada salan MHP sədri hesab edir ki, Sovet İttifaqı dağıldıqdan sonra "böyük Ermənistan” xülyasına düşən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan türk düşmənçiliyini yeni bir mərhələyə gətirərək müasir dünyanın gözü qarşısında Dağlıq Qarabağın işğalı siyasətini yürütdü. Azərbaycan ərazisinin beşdəbirini işğal edən Ermənistan hələ də qədim türk yurdundan geri çəkilməyib və hərbi işğala son qoymaq niyyətində deyil.
"Bu gün Dağlıq Qarabağ inləyir. ATƏT-in Minsk qrupu və başqa beynəlxalq təşkilatlar bununla bağlı ədalətli qərar qəbul edə bilmirlər. Xocalıda soyqırımı aktı, insanlığa qarşı dəhşətli qətliam baş verib. Ancaq beynəlxalq birlik tərəfindən bu qətliam hələ də soyqırımı aktı kimi tanınmayıb. Bu qətliam beynəlxalq hüquqi qiymət almalı və qərarlar dərhal icra olunmalıdır”, - deyə Dövlət Baxçalı vurğulayıb.
MHP sədri deyir ki, qondarma "erməni soyqırımı”nı əldə əsas tutaraq Türkiyəyə qarşı siyasi və diplomatik təhdid maşınına çevrilən ölkələrin ədalətə bir az da olsa sayğıları varsa, insan haqlarına az da olsa bağlılıqları mövcuddursa, Xocalıda axan qanın hesabını insan cəlladlarından soruşsunlar: "Xocalı türkündür, Dağlıq Qarabağ türkündür, Qarabağın hər qarışında türkün xatirəsi, silinməyəcək ayaq izləri var. Ermənistan və onun dəstəkçiləri tarixi gerçəkləri silahla, zor gücü ilə, qan tökərək əsla dəyişdirə bilməyəcəklər. Hesab günü gəldiyində qarşılarında türk millətinin qüdrətini görəcəklər. Xocalı türkün yurdudur, türkün qürurudur, işğalçılar sonsuza qədər lənətlənmişdir”.
Azərbaycan və Türkiyənin tarixin bütün zamanlarında qardaş ölkələr olduğunu, dar gündə bir-birinə dəstək verdiklərini söyləyən Dövlət Baxçalı deputat fraksiyası qarşısında Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə” şeirini səsləndirərək qeyd edib ki, Türkiyə-Azərbaycan arasındakı can, qan və qardaşlıq bağı əbədi var olacaq.
Çıxışının sonunda MHP sədri fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərində qalib gəlmiş hakim Yeni Azərbaycan Partiyasını və təşkilatın sədri Prezident İlham Əliyevi təbrik edib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2020.- 27 fevral.-
S.1; 3.