Xocalı soyqırımı erməni
nasizminin Azərbaycan xalqına
qarşı törətdiyi 1918-ci il mart soyqırımının davamıdır
1990-cı il 20 Yanvar və 1992-ci il Xocalı soyqırımları 1918-1921, 1921-1929, 1948-1953 və 1988-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilən soyqırımı, deportasiya, sürgün, repressiya, etnik təmizləmə, onun tarixi ərazilərinin işğalı siyasətinin son akkordları idi. 1813-cü ildən Azərbaycan torpaqlarını ikiyə bölən Çar Rusiyası imperiyası sonrakı mərhələlərdə Vətənimizin şimal ərazilərini ələ keçirdikdən sonra bu torpaqlara erməniləri və başqa xristian əhalini köçürərək özünə forpost yaratmışdır. 1917-ci ildə Çar Rusiyasını əvəz edən sovetlər daha qanlı siyasət yeridərək Şimali Azərbaycan torpaqlarını tikə-parça edərək onun 29,8 min km2 -ni XIX-XX əsrin əvvəlində və XX əsrin 20-30, 40-60-cı illərində Çar Rusiyası və sonradan isə sovetlər tərəfindən köçürülən ermənilərə verərək onlar üçün forması hərbi-siyasi dayaq meydanı yaratdılar.
1813-cü və 1828-ci illərin müqavilələrinə qədər Azərbaycan ərazisi təxminən 410 min kv. km idi. 1813-1828-ci illərdə Azərbaycan ərazilərinin bir hissəsi - sahəsi 280 min kv.km. Cənubi Azərbaycan ərazisi Qacarlar İranı əsarəti altına düşmüşdür. Çar Rusiyası əsarəti altına düşən ərazi isə 160 min km2 olmuşdur. 1918-ci ildə Böyük Britaniyanın Osmanlı Türkiyəsinə etdiyi hərbi-siyasi təzyiqi nəticəsində 9 min km2 ərazi İrəvan şəhəri də daxil olmaqla AXC MŞ-nın qərarı ilə ermənilərə güşəştə gedilmiş və onlara bu ərazilərdə Ararat Respublikası yaradılmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ərazinin sahəsi 114 min km2 olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətini işğal edən Sovet Rusiyası Azərbaycan ərazilərini bölüşdürərək 29,8 kv. km ərazisini Azərbaycan xalqının, ilk növbədə həmin ərazilərdə yaşayan yerli azərbaycanlı əhalinin fikri soruşulmadan Ermənistan SSR tərkibinə verilmişdir. Bu ərazilərdən İrəvan (qalan hissəsi) (3.100, 2 kv. km), Zəngəzur (çox hissəsi) (5.115, 4 kv. km), Qazax (2.980, 3 kv.km), Dərələyəz (1.583, 8 kv.km) Ermənistan SSR-ə, Borçalı (bir hissəsi) (5.161,4 kv.km.), Sıqnax (6.832, 6 kv. km) və bir sıra başqa Azərbaycan əraziləri (4.564, 6 kv. km.) Gürcüstan SSR tərkibinə verilmişdir. 1920-1991- ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 86,6 min kv. km olmuşdur. Hazırda bu ərazinin 17 min kv. km Ermənistanın işğalı altındadır.
Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımı cinayətləri 1918-ci ildən başlamışdır. 1905-1907-ci illərdə Bakıda çar hökumətinin məxfi razılığı və ermənilərin təşəbbüsü ilə təşkil edilən qırğın polis və ordunun gözləri qarşısında baş vermişdi. M.S.Ordubadinin təbirincə desək, iki il davam edən azərbaycanlı qırğını Bakıdan sonra İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Qaryagin və digər bölgələri əhatə etmiş və bu qırğınlara çar hökuməti rəvac vermişdi.
Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci ilin 30-31 mart və aprelin 1-də (köhnə təqvimlə martın 17-də, Novruz bayramı ərəfəsində) törədilmişdir. 1918-ci ilin martın 30-31-də bəhanədən istifadə edərək erməni dəstələri azərbaycanlıların yaşadığı məhəllərə hücuma keçmiş, Qızmızı Ordu qərargahının rəisi S.Avetisyan, daşnak-quldur dəstəsinin rəhbəri Amazasp və Kozarev azərbaycanlılara xüsusi amansızlıqla divan tutmuşdular. Martın 31-də atəş xüsusilə geniş vüsət almış, döyüşlərin ən qanlı nöqtəsi Qoşa Qala qapısı və "İsmailliyə” (AMEA RH-nin binası - C.B.) binaları ətrafı olmuşdur. Bakının cənub kəndlərinə hücum edən ermənilər Mərdəkan, Bülbülə, Binə və Qala kəndlərinə yerli əhalinin müdafiə dəstələri tərəfindən buraxılmamışdı. Lakin Bakı şəhərində daşnak-bolşevik quldur dəstələri tərəfindən 30 mindən çox əhali qətlə yetirilmişdir. Daşnaklar tərəfindən təkcə Bakı və onun ətrafında "...3 gün ərzində 15.000 müsəlman öldürülmüş, "İsmailliyə” sarayı, "Açıq söz”, "Kaspi” mətbəəsinə od vurulmuş, Bakının ən böyük cümə məscidi top mərmiləri ilə dəlik-deşik edilmişdir...” Azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədilən zaman erməni nasistlərinə bu qədər silah-sursatı, onları əldə etmək üçün maddi vəsaiti kim verirdi? Aparılan tədqiqatlar, aşkar edilən arxiv sənədləri belə bir fikri söyləməyə əsas verir ki, erməniləri bir ölüm aləti kimi istifadə edənlər sovet dövlətini quran cinayətkarlarla bərabər, onlara Bakı neftindən sonsuz miqdarda gəlir əldə edən Nobellər, Rotşildlər, Rokfellerlər və onlarla birgə müəssisələr qurmuş erməni milyonçuları Qukasov, Lianozov və Mantanşovlar olmuşlar.
Azərbaycanlıların kütləvi şəkildə soyqırımı ətraf bölgələrdə də baş vermişdir. Daşnak Hamazaspın rəhbərliyi altında Qubaya gedən qoşun hissələri şəhərə daxil olaraq 2 mindən çox kişi və qadını, uşağı öldürmüşdülər. O, qubalılar qarşısında çıxış edərək demişdir: "Mən erməni xalqının qəhrəmanıyam ...Mən bura qayda-qanun yaratmaq və sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mən Xəzər dənizinin sahillərindən Şahdağına qədər bütün müsəlmanları məhv etmək, onların yaşayış yerlərini yerlə yeksan etmək əmri ilə gəlmişəm”. Hamazaspın 1918-ci ildə törətdiyi soyqırımı cinayətinin real nümunəsi bugünkü Quba məzarlığıdır. Bu gün məsələlərdən bəhs edərkən həmişə biz tədqiqatçılara bu sual verilir.
Ermənilər 1918-ci ilin martınadək İrəvan quberniyasının 197 kəndini darmadağın etmiş, 10.626 nəfər azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Zəngəzurun 115 kəndi dağıdılmış, 10 min 63 nəfər azərbaycanlı erməni nasistləri tərəfindən soyqırımına məruz qalmışdır. Qarabağda 157 kənd ziyan çəkmiş, Bakı quberniyasında 33 yaşayış məntəqəsi büsbütün, 196-sı isə qismən dağıdılmışdı.
Soyqırımı cinayətləri Cənubi Azərbaycan ərazisində və Türkiyənin Şərqi Anadolu vilayətlərində də davam etdirilmişdir. Bakıda törətdikləri soyqırımı cinayətlərindən ürəkləri soyumayan və Cənubi Azərbaycanın Qərb hissəsində aysorlar və ermənilər üçün xristian dövləti yaratmaq istəyən daşnak və aysor cəlladları Urmiya, Səlmas və Köhnəşəhərdə 170 mindən 210 minədək yerli azərbaycanlı əhalini son dərəcə amansız və faciəli şəkildə soyqırımına məruz qoydular. Həmin ərəfədə Andronik Oranyan başda olmaqla 13 min silahlı erməni Araz çayını keçərək Xoy şəhərinə hücum edib soyqırımı cinayətini törətdilər. Qeyd etmək lazımdır ki, Cənubi Azərbaycan və Şərqi Anadoluda yerli azərbaycanlı və türk əhaliyə qarşı törədilən cinayətlərin sifarişçiləri Böyük Britaniya, Fransa, ABŞ dövləti idisə, Rotşildlər ailəsi də maliyyələşdirmişdir.
Urmiyada qırılanların əksəriyyətini günahsız arvad-uşaq, hətta südəmər körpələr təşkil edirdi. Qars vilayətində müsəlman kəndləri dağıdılmışdır. Kanteliyanın teleqramında bildirilirdi ki, "...general Arişev və kapitan Movsesyanın vəhşilikləri nəticəsində Qars vilayətində 82 müsəlman kəndi məhv edilmişdir”. AXC hökuməti tərəfindən yaradılmış "Mart hadisələrini yoxlayan komissiya” üzvlərindən biri, xristian Külqenin hazırladığı sənəddə göstərilir ki,: "Müsəlmanların sakin olduqları məhəllələrə girib əhalini öldürmüşdülər, şəmşirlə parçalamışdılar. 3-4 günlük südəmər uşaqları süngüyə taxmışdılar. Hadisənin sonunda 57 müsəlman meyidi müşahidə olundu ki, bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdir. Öldürmədikləri qadınları saçları ilə bir-birinə bağlayaraq tüfəng qundaqları ilə döymüşdülər”. İzaha ehtiyac yoxdur və bu vəhşiliyn bir adı var: erməni nasizmi.
Azərbaycan xalqına qarşı törədilən soyqırımı nəticəsində Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, evləri talan edilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 minədək insan, o cümlədən 1.653 qadın, 965 uşaq öldürülmüş, Quba qəzasında 122 müsəlman kəndi yerlə yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, İrəvan qəzasında 88 kənd dağıdılmış, 1.920 ev yandırılmış, 131.970 nəfər öldürülmüşdür. Törədilmiş faciələrin nəticəsi idi ki, 1916-cı ildə İrəvan quberniyasındakı 373.582 nəfər azərbaycanlı əhalidən 1922-ci ildə cəmi 70 min nəfər qalmışdı. Əgər sadaladığımıza 1948-1953-cü illərdəki faciələri, 1988-ci ildən sonra bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin salınması, başqa sözlə, etnik təmizləmə siyasətinin nəticələrini əlavə etsək, erməni nasistlərin azərbaycanlıların başına gətirdiklərinin nəticələri gözümüz qarşısında canlanar. Bütövlükdə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi, yəni 17.000 kvadratkilometr torpaq sahəsi indiyədək işğal altındadır. İşğal olunmuş ərazilərdə 6 minə yaxın kənd təsərrüfatı və sənaye obyekti, 102 min yaşayış evi, 4.366 sosial-mədəni obyekt, 7 min ictimai bina, 693 orta məktəb, 855 məktəbəqədər müəssisə, 695 xəstəxana və digər tibb müəssisəsi, 10 məscid, 160 körpü, 368 klub, 927 kitabxana, 85 musiqi məktəbi, 464 muzey və tarixi abidə, 6 dövlət teatrı dağıdılmış, 800 kilometr dəmir yolu və avtomobil yolları, 15 min kilometr elektrik və qaz xətləri, 2.300 kilometr regional əhəmiyyətli su kommunikasiya sistemləri sıradan çıxarılmış, 31 məscid, 9 tarixi saray, 1 milyon hektar kənd təsərrüfatı sahəsi, 250 min hektar meşə sahəsi, 200 palentoloji, geoloji abidə erməni faşistlərinin əlinə keçmişdir.
XX əsrdə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli soyqırımı cinayətlərindən biri 1992-ci ilin fevralın 25-dən
26-na keçən gecə Xocalı şəhərinin əhalisinə qarşı törədilən soyqırımıdır. Erməni nasistləri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə birgə XX əsrin ən dəhşətli soyqırımını törətdilər.
1992-ci il fevralın 25-də saat-21-də erməni hərbi birləşmələri, 1.890 nəfər şəxsi heyəti olan 366-cı alay, habelə xaricdən gətirilmiş muzdlu qatillər Xocalıya hücum etdilər. Hava limanına vurulan zərbələr ağır olsa da, şəhər müdafiəçiləri-Xüsusi Təyinatlı Milis dəstəsinin rəisi, milis mayoru Əlif Hacıyev və onun 22 nəfərlik dəstəsi mərdliklə müdafiə olundular. Qeyri-bərabər döyüşün nəticələrini başa düşən Əlif Hacıyev hava limanının dispetçer məntəqəsini partlatdı və qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi.
Düşmən tankları və zirehli maşınları artilleriya hazırlığından sonra Mehdikənd, Qərargah və Daşbulaq kəndi tərəfdən Xocalıya hücuma keçdilər. Ermənilərin komandanlıq etdiyi 366-cı alayın komandiri mayor S.Ohanyan olan ikinci, komandiri mayor Nabodixın olan üçüncü motoatıcı tabor, topçu diviziyası, Lixodeyanın rəhbərliyi altında D-3 topu xüsusi vəhşilik göstərdilər.
Düşmən alaylarına qarşı qeyri-bərabər döyüşdə Tofiq Hüseynovun taboru xüsusi mərdliklə vuruşdu və son gülləsini özünə vuran Tofiq Hüseynov da Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.
Düşmən əsgərləri müxtəlif istiqamətlərdən Xocalıya hücum edərək şəhəri yandırmışdılar. Müdafiəsiz qalan şəhər əhalisi - əsasən qadınlar, uşaqlar və qocalar Ağdam istiqamətinə üz tutmuş, əhalinin bir hissəsi qarlı-şaxtalı gecədə həlak olmuş, sağ qalanlar səhərisi gün Qaraqaya adlı yerdə pusquda dayanan erməni əsgərlərinin gülləsinə tuş gəlmişdilər.
Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. 613 nəfər, o cümlədən 106 qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 1000-dən artıq dinc sakin şikəst olmuş, 1.275 nəfər əsir götürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 119 nəfər diri-diri yandırılmşdır.
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi ermənilər tərəfindən terror məskəninə çevrilmişdir. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış "ASALA” terror təşkilatının bir qrup üzvü - 6 nəfərlik dəstə mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlir. Həmin ilin fevral ayının 19-da İrəvanın Teatr meydanında Firdos Ərəbyan adlı Livanlı bir erməni emissarı dünya ermənilərinin "iqtisadi gəlir mənbəyi” kimi ad çıxarmış "Qaragin” erməni mərkəzində 13 varlı erməninin imzaladığı məktubu oxuyur. Məktubda deyilirdi: "...Oyanmış xalqa eşq olsun! Müdrikliyini, ağlı və idrakını dərk edən, babalarımızın, əcdadlarımızın külünü təzədən alışdıran erməni qəhrəmanlarını alqışlamaqla yanaşı, onlara dünya ermənilərinin salamlarını yetirirəm. Parisdə, Kölndə, Romada, Vaşinqtonda, Küveytdə, Londonda, Moskvada və Ankarada, Tehran və Latın Amerikasında...ayağa qalxan ermənilər sizinlədir...Biz sizə hər cür yardıma hazırıq...”
(ardı var)
Cəbi
BƏHRAMOV,
AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər
üzrə direktor müavini,
tarix üzrə fəlsəfə doktoru, dosent
Mais ƏMRAHOV,
AMEA-nın A.A. Bakıxanov
adına Tarix İnstitutunun
şöbə müdiri, tarix
üzrə elmlər doktoru, professor
Azərbaycan.-2020.- 26 fevral.- S.7.