Xocalı soyqırımı ilə əlaqədar Koreya Respublikası parlamentinin
üzvlərinə müraciət ünvanlanıb
Koreya Respublikasında yaşayan həmvətənlərimiz bu ölkənin parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıblar.
AZƏRTAC xəbər verir ki, məqsəd ötən əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının Koreya Milli Assambleyası tərəfindən tanınmasına və onu törədənlərin cəzalandırılması istiqamətində səylərin artırılmasına nail olmaqdır. Müraciətlərdə Xocalı soyqırımının tanıdılmasında azərbaycanlıların məqsədinin intiqam alınması deyil, heç bir günahı olmayan mülki şəxslərə qarşı yalnız etnik mənsubiyyətinə görə törədilmiş həmin cinayət üzrə ədalətin yerini tapması olduğu vurğulanıb.
Qeyd edək ki,
Xocalı soyqırımının Koreya
Respublikasında daha yaxşı
tanıdılması məqsədilə həyata keçirilən
tədbirlər çərçivəsində Koreya Prezidenti
Administrasiyasının və parlamentinin rəsmi
internet səhifələrində
"Xocalı soyqırımının 28-ci ildönümü
ərəfəsində səsimizi eşidin!"
başlıqlı petisiyalar yerləşdirilib.
Petisiyalarda 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Ermənistan silahlı qüvvələri
tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı
insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə
öldürülməsi vurğulanıb, Ermənistan
hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi
qiymət verilməsinin vacibliyi diqqətə
çatdırılıb. Koreya
Respublikası Prezidentinin internet
səhifəsində yerləşdirilmiş petisiya
tələb olunan sayda
dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə
götürülüb və hazırda nəzərdən
keçirilir.
Azərbaycan.-
2020.- 27 fevral.- S.5.