2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
25 fevral 2020-ci il tarixli 418 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qəmbər Turqut İsa oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlə həmin seçki dairəsi dairə seçki komissiyasının 20 fevral 2020-ci il tarixli 11/39 saylı qərarını mübahisələndirərək seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Şikayət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”a uyğun olaraq Mərkəzi Seçki
Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq bu barədə
rəy verilmiş və Komissiyanın iclasında
baxılmışdır.
Namizəd
müraciətində səsvermə günü 22 saylı Nəsimi
ikinci seçki dairəsinin seçki məntəqələrində
seçici fəallığının aşağı
olmasını, seçici fəallığının
süni şəkildə artırılmasını,
müşahidəçilərə maneələrin
yaradılmasını, səsvermənin nəticələri
haqqında protokolların tərtib edilməsi zamanı qanun
pozuntularına yol verilməsini bildirmiş, bəzi seçki
məntəqələrində bülletenlərin topa
halında qutuya salındığını, adı
seçici siyahısında olmayan şəxslərin səs
verməsini, eyni şəxsin bir neçə dəfə səs
verməsinə şərait yaradılmasını, səsvermənin
nəticələri haqqında protokolların verilməməsini,
bir şəxsin bir neçə seçki məntəqəsində
səs verməsini iddia edərək həmin seçki məntəqələri
üzrə səsvermənin nəticələrinin ləğv
olunmasını tələb etmişdir.
Araşdırma
prosesində ərizəçi ilə əlaqə
saxlanılmış, araşdırma və iclasda iştirak
etmək, həmçinin digər hüquqlarının
olması izah edilmişdir.
Araşdırma
zamanı sosial şəbəkələrdə yayılan
görüntülər nəzərdən keçirilərkən
səsvermə prosesində, səslərin hesablanmasında və
səsvermənin nəticələrinə dair protokolların
tərtib edilməsində bu və ya digər şəkildə
seçkilərin nəticəsinə təsir edə biləcək
hallar müşahidə edilməmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Araşdırma nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmamışdır.
Qeyd edilməsi zərurudir ki, həmin seçki dairəsindən deputatlığa digər namizəd Məmmədov Vüqar Qurban oğlunun dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 09/35 saylı qərarından Mərkəzi Seçki Komissiyasına verdiyi şikayətlə əlaqədar aparılmış hərtərəfli araşdırma çərçivəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 17 fevral 2020-ci il tarixli 31/371 qərarı ilə seçki dairəsinin 1, 11, 20 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmalıdır.
Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsbit olunmuş, müraciətdə göstərilən pozuntular təsdiqini tapmadığından əsassız olması müəyyənləşdirilmiş, müraciətin təmin edilməməsi barədə qərar çıxarılmışdır.
Ərizəçinin 22 saylı Nəsimi ikinci seçki dairəsinin seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsi, eyni şəxslərin bir neçə dəfə səs verməsi, iki şəxsin bir kabinəyə daxil olması, bəzi seçki məntəqələrində seçki bülletenlərinin topa halında qutuya salınması, seçki məntəqələri üzrə seçici fəallığının süni şəkildə artırılması ilə bağlı iddiaları araşdırılarkən həmin halların heç bir əsasının olmadığı və təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış digər müşahidəçilərin, məntəqə seçki komissiyası üzvlərinin izahatlarından, seçici siyahılarında edilmiş müvafiq qeydlərdən, digər zəruri materiallardan, eləcə də veb-kameraların quraşdırıldığı məntəqələrdə seçmə üsulu ilə görüntülərin izlənilməsinin nəticələrindən görünür ki, seçki günü seçki məntəqələrində girişdən başlayaraq bülletenin qutuya salınmasınadək bütün səsvermə prosesinin izlənilməsi ilə bağlı hər hansı bir maneə və ya problem olmamış, müşahidə sərbəst və açıq şəkildə həyata keçirilmiş, müşahidəçilərə real müşahidə üçün zəruri şərait yaradılmış, həmçinin seçicilərin fəal iştirakı, səs verərək öz iradələrini azad şəkildə ifadə etmələri, səsvermə başa çatdıqdan sonra seçki qanunvericiliyinin tələblərinə uyğun surətdə bülletenlərin sayılması, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib olunaraq təsdiq olunmuş surətinin maraqlı şəxslərə verilməsi müşahidə olunmuşdur.
Beləliklə qeydə alınmış namizəd T.İ.Qəmbərin 25 fevral 2020-ci il tarixli 418 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 20 fevral 2020-ci il tarixli 11/39 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qəmbər Turqut İsa oğlunun 25 fevral 2020-ci il tarixli 418 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 20 fevral 2020-ci il tarixli 11/39 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2020.- 26 fevral.- S.12.