2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
24 fevral 2020-ci il tarixli 399 saylı müraciətə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Qulu Qurban oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq səsvermə günü həmin seçki dairəsinin 34 seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Q.Q.Quliyev müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 34 seçki məntəqəsində normal müşahidəyə şərait yaradılmamış, bəzi seçicilər tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin xeyrinə səslər artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surəti təqdim edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.
Namizədin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Əhmədli Dadaş Rəşid oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 24 fevral 2020-ci il tarixli 32/390 saylı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 1 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmalıdır.
Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər, video və digər materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən və məntəqə seçki komissiyaları üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanılan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.
Beləliklə, 94 saylı Bərdə kənd seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd Q.Q.Quliyevin 24 fevral 2020-ci il tarixli 399 saylı müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Qulu Qurban oğlunun 24 fevral 2020-ci il tarixli 399 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2020.- 26 fevral.- S.14.