2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
25 fevral 2020-ci il tarixli 417 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Səmədbəyli Arzu Həbib oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd A.H.Səmədbəyli müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü seçki məntəqələrində normal müşahidəyə şərait yaradılmamış, bəzi seçicilər bir neçə dəfə səs vermiş, başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin xeyrinə səslər artırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surəti təqdim edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd A.H.Səmədbəylinin müraciəti ilkin olaraq 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasında araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Namizədin vəkil edilmiş şəxsinin Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizəd İbrahimov Ağasif Şakir oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/322 saylı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmalıdır.
Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər, video və digər materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyaları üzvlərindən və seçilməmiş namizədlər Bayramov Cabbar Bayram oğlu və İmanov Rafiq Xaliq oğlundan izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanılan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamış, A.H.Səmədbəylinin müraciətinin təmin olunmaması barədə qərar çıxarılmışdır.
A.H.Səmədbəylinin müraciətinin təmin edilməməsinə dair 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.
Beləliklə, 8 saylı Binəqədi birinci seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd A.H.Səmədbəylinin 25 fevral 2020-ci il tarixli 417 saylı müraciəti əsassız hesab edilərək təmin olunmamalı, həmin dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Səmədbəyli Arzu Həbib oğlunun 25 fevral 2020-ci il tarixli 417 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 24/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2020.- 26 fevral.- S.14.