2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 413 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd Əmrahlı Limunət Şəfi qızı 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciəti ilə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırıl¬masına dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 12/2 saylı qərarını mübahisələndirmiş, seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd L.Ş.Əmrahlı müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat dövründə lider namizədin xeyrinə inzibati resurslardan istifadə edilmiş, bəzi seçki məntəqələrində müşahidəçilərin hüquqları pozulmuş, onlara seçkini müşahidə etməyə imkan yaradılmamış, qutulara topa halında bülletenlər atılmış, seçki məntəqəsi üzrə seçici siyahılarında olmayan şəxslər səs vermiş, seçicilərin sayı süni şəkildə şişirdilmiş, səsvermənin nəticələrinə dair protokolun nüsxəsi məlumat lövhəsində asılmamış və bu qəbildən olan digər qanun pozuntularına yol verilmişdir. O, müraciətinə iki ədəd CD-R disk və 10 ədəd seçki məntəqəsində səsvermənin nəticələrinə dair protokol nüsxəsi əlavə etmişdir.

Qeyd olunanlarla əlaqədar L.Ş.Əmrahlı 112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməsinə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd L.Ş.Əmrahlının müraciəti əsassız hesab edildiyi üçün təmin edilməməlidir.

Müraciətin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Müraciətin hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış namizədin təqdim etdiyi 4, 5, 7, 9, 24 (iki ədəd), 25, 42, 56 və 57 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 10 ədəd protokoliki ədəd elektron məlumat daşıyıcısında olan məlumatlar, seçki dairəsinin seçki məntəqələri üzrə seçkilərin nəticələrinə dair rəsmi protokol məlu¬matları, qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiya¬sının mübahisələndirilən qərarı və digər seçki sənədləri ətraflı tədqiq edilmişdir. Təqdim olunmuş 9 və 42 saylı məntəqə seçki komissiyalarının protokolları müvafiq qaydada düzgün təsdiq edilmədiyindən tədqiqata cəlb edilmədi.

Araşdırma zamanı şikayətə əlavə edilən və məntəqə seçki komissiyalarından əldə edilməsi iddia olunan səsvermənin nəticələrinə dair protokolların nüsxələrinin rəsmi təqdim edilmiş protokollarla eyni olub-olmamasını müəyyən etmək üçün onlar müqayisəli tədqiq olunmuşseçki dairəsinin 24 saylı seçki məntəqəsinin protokolu (iki ədəd) istisna olmaqla 4, 5, 7, 25, 56 və 57 saylı seçki məntəqə¬lərinin səsvermənin nəticələrinə dair müvafiq qaydada düzgün tərtib və təsdiq olunmuş protokollarının nüsxəsində və həmin seçki məntəqəsi üzrə tərtib edilərək rəsmi təqdim edilmiş protokollarda uyğunsuzluqlar müəyyən edilmədi.

Təqdim edilmiş 24 saylı seçki məntəqəsi üzrə protokol (iki ədəd) nüsxəsindəki məlumatlarla həmin seçki məntəqəsi üzrə rəsmi protokollardakı məlumatlar tutuşdurularkən onlarda uyğunsuzluqlar müəyyən edildi ki, bu da seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirilməlidir.

Qeyd olunanlara əsasən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 24 saylı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş maraqlı seçki subyektlərinə verilmişdir, bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntula¬rının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən, o cümlə¬dən qeydə alınmış lider olmayan digər namizədlərdən, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan aydın olur ki, 24 saylı seçki məntəqəsi istisna olmaqla, müraciətdə qeyd olunan pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Beləliklə, L.S.Əmrahlının müraciəti qismən təmin edilməli, 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalı, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 12/2 saylı qərarı 24 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 1, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 58-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komis¬siyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyən¬ləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edil¬dikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 112 saylı Qax seçki dairəsi üzrə qeydə alınmış namizəd Əmrahlı Limunət Şəfi qızının 25 fevral 2020-ci il tarixli 413 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 12/2 saylı qərarı 24 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Azərbaycan.-2020.- 26 fevral.- S.15.