Bakıda İslam Əməkdaşlıq
Təşkilatının Gənclər və İdman
Nazirlərinin Daimi Şurasının
iclası keçirilib
Fevralın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin daimi Şurasının (PMC) iclası baş tutub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov iclasda çıxış edərək İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda keçirildiyini bildirib: “Bu, bizim üçün sevindirici haldır. Bir neçə gün sonra isə Səudiyyə Ərəbistanında İslam dünyası könüllülərinin gənclər forumu keçiriləcək. Həmin tədbirin əsas məqsədi müsəlman dünyasının maraqlarının harmoniya və beynəlxalq sülh çərçivəsində müdafiəsi və qorunmasıdır. Əfsuslar olsun ki, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin könüllülər hərəkatı ilə bağlı dünyada kifayət qədər məlumat yoxdur. Əslində isə müsəlman aləmində qədimdən mövcud olan təmənnasız yaxşılıq edilməsi kimi ənənələr kölgədə qalmış könüllülük sayıla bilər. Onu da qeyd edim ki, ilk Avropa Oyunları və dördüncü İslam Həmrəyliyi Oyunlarına, ümumilikdə, 25 mindən çox könüllü qatılmışdı. 2016-cı ildən bu günə qədər isə hər il keçirilən "Formula 1" yarışında 3500-dən çox könüllü iştirak edir".
Azad Rəhimov iclasın əsas məqsədinin hesabatların dinlənilməsinin və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsi olduğunu vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası çıxışlarla davam edib.
Qeyd edək ki, Daimi Şurada Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı Krallığı, Fələstin, İraq, İran və Seneqalın gənclər və idman nazirləri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunur.
Azərbaycan.- 2020.- 28 fevral.- S.2.