Bakı Ali Neft
Məktəbinin nümayəndə heyəti Avrasiya
Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
Bakı Ali Neft Məktəbinin (BANM) Mətbuat xidmətinin verdiyi məlumata görə, rektor Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş "Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti - 2020”-də iştirak edib.
Üç gün davam edən sammitə dünyanın müxtəlif universitetlərindən, eləcə də təhsil agentliklərindən 600-ə yaxın iştirakçı qatılıb. Sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.
Rektor səfər zamanı EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparıb. Elmar Qasımov sammit çərçivəsində təşkil edilmiş sərgidə iştirakı zamanı İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın ilə də görüşüb.
Sammit çərçivəsində panel sessiyaları və sərgi də təşkil olunub. Bakı Ali Neft Məktəbini sammitdə spiker qismində təmsil edən İnformasiya Təhlükəsizliyi ixtisasının baş müəllimi Xəyyam Məsiyev Rəqəmsallaşdırma və innovasiya paneli üzrə "Blokçeyn texnologiyalarını tətbiq etməklə kibertəhlükəsiz sosial cəmiyyət platforması” mövzusunda çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgidə Ali Məktəb rəsmi stendi
ilə də təmsil edilib. Stenddə əldə olunan ən son nailiyyətlər
təqdim edilib. Tədris
metodologiyası, qəbul
mexanizmi, geniş əməkdaşlıq və
iş imkanları barədə ziyarətçilərə
məlumatlar verilib. ABŞ, Türkiyə, Qazaxıstan, İran və İtaliyadan olan iştirakçılar
stendə xüsusi maraq göstəriblər.
Qeyd edək ki, Avrasiya Beynəlxalq
Ali Təhsil Sammiti Avrasiya regionunun nüfuzlu ali
təhsil müəssisələrinin
əməkdaşlarını və dünya miqyasında tanınmış
təhsil ekspertlərini
bir araya gətirən, dünyanın
sayca 3-cü böyük
beynəlxalq təhsil
və sərgi sammitidir. Hər il
keçirilən EURAS-ın illik sammiti çərçivəsində sərgilər
və konfranslar təşkil olunur, müxtəlif təhsil və innovasiya məsələlərinə həsr olunmuş panellər üzrə spikerlər diskussiyalar aparır. Bu, sammit iştirakçılar üçün
məlumat mübadiləsi, əlaqələrin genişləndirilməsi,
eləcə də gələcək əməkdaşlıq
imkanları üçün
yaradılmış fürsətdir.
Azərbaycan.- 2020.- 28 fevral.- S.4.