Şəhid şəhərin sevimli müəllimi, tənha
başçısı, nisgilli vəkili...
Ömür səhifələri
Payız sevinə-sevinə ilk addımını atsa da, yayın vidalaşıb getmək fikri yox idi hələ... Günəş topa-topa ağ buludların arasından gülümsəyib, o gün də şəfəqlərini səxavətlə kəndə paylayırdı... Yəqin yeni dərs ilinin ilk günündə özü məktəbliləri isti qucaqla qarşılamaq istəyirdi. Qarşıda onları gözləyən tale küləklərindən, həyatın soyuğundan, çovğunundan qorxmasınlar deyə...
Məktəbin həyətində topuğa qədər boy göstərən yaşıl otlarsa kənd uşaqlarının addımları altında əzilərək, sanki indidən onların ayaqlarını gələcək həyat yollarındakı daş-kəsəkdən qorumağa çalışırdılar...
Bütün qayğılardan uzaq məktəblilər sevinərək, deyib-gülərək, zarafatlaşaraq cərgələrdə öz yerlərini tuturdular. Birincilər üçün ayrılmış sıranın qabağında üzündə təbəssüm, ürəyində həyəcan balaca bir oğlan gözlərini qıyıb dayanmışdı. Əynində qara qədəh parçadan "finka”, boz qolsuz köynək vardı. Əlində çitdən tikilmiş torba - çanta tutmuşdu. İçində də dağılmasın deyə ağzına kağız salınmış mürəkkəbqabı və ucu lələkli qələm...
Bax, elə bu zamanı, bu məqamı, bu anı fotoqraf yaxalayıb aparatın lentinə köçürür. Beləcə, 1957-ci il sentyabrın 1-i - təbiətin bütün əlvan rənglərinin bir-birini əvəzlədiyi o gün tarixin ağ-qara kadrına çevrilir...
O vaxtlar Xocalıda çəkilən bütün fotolar ağ-qara, həyat isə rəngli olardı...
28 ildir ki, o ağ-qara şəkillərin heç biri yoxdur. Yanıb hamısı, külü də havaya sovrulub, düşmən tapdağı altında qalan torpağımıza qarışıb...
28 ildir ki, o rəngli həyat da başa çatıb. Xocalı da yoxdur daha...
Amma başqa şəkillər, başqa kadrlar, başqa görüntülər var...
Xocalının işğaldan əvvəlki tarixini, həyatını yaşadan bütün fotoları məhv olsa da, bu torpağın bütöv mənzərəsi onun beyninə çəkilib... Doğulub böyüdüyü diyar məhlə-məhlə, döngə-döngə, küçə-küçə yaddaşına əbədi həkk olunub... Adlarını əzbər bildiyi bulaqlar, çaylar indi onun ürəyindən qara qanlar kimi axır... Hər daşını, qayasını, ağacını, çiçəyini tanıdığı meşələr, dağlar, təpələr yalnız xəyallarında gəzib dolaşır... Amma ümidini, inamını itirmir - havasına, ətrinə həsrət qaldığı Xocalıya bir gün yenidən ayaq basacaq, qurub-yaradacaq...
Xocalının keçmiş icra başçısı, Qarabağ müharibəsi veteranı, "Azərbaycan bayrağı” ordenli, ötən dörd çağırışda bu şəhid şəhəri və ətraf rayonları parlamentdə təmsil edən, 9 fevral seçkilərinin nəticəsinə görə də dairəsində lider olan Elman Məmmədovun ağrılı-acılı həyat kitabını "Ömür səhifələri”ndə vərəqləyirik. Bir elin dərdinə şərik, qələmi silaha dəyişən, sinəsinə ana dağı çəkilən Elman Məmmədov həyatının Xocalıda keçən 42 ili ilə bağlı fotoları göstərə bilməsə də, danışdığı hadisələri, söz-söhbətləri, xatirələri ilə o dövrün şəklini, mənzərəsini çəkməyə çalışdı...
Uşaqlıq illərinin şəkli: zəhmət, əziyyət,
bəhrə...
- Xocalıda çəkilən şəkillərim qalmasa da, beynimdən, yaddaşımdan ora ilə bağlı heç nə silinməyib. Hər şey bugünkü kimi gözümün qarşısındadır. Hətta birinci sinfə gedəndə geyindiyim paltarların, əlimdəki çantanın rənginə qədər...
1950-ci il oktyabrın 18-də Xocalıda doğulmuşam. Əsli-köklü xocalılıyam. Atamın babası Səfiyar bəy Xocalıda bəylərbəyi idi. Səfiyar bəygilin ata babalarının adına bir qaya vardı - "Kərbəlayı Abış” qayası deyirdilər. Xocalını 3 böyük nəslin törəmələri təşkil edirdi - Hacı Zeynal (general-polkovnik Ramil Usubovun ulu babası olub), Kərbəlayı Abış və Məşədi Feyzi.
Bizim bir tərəfimiz də qədim Kəngərlilər tayfasına gedib çıxır. Deyirdilər ki, hələ XVIII əsrin əvvəllərində Qarabağ xanı Naxçıvan xanından kömək istəyəndə ordan bir neçə min Kəngərli süvarisi gəlir. Şahbulaq qalasının ətrafında dörd yerdə düşərgə salıb məskunlaşırlar - Qızıllı, Pirhəsənli, Salahlı və Tərtər Kəngərliləri. O zaman qohumluqlar yaranır...
Bəy nəslindən olsaq da, cah-calal, var-dövlət içində yaşamamışıq. Atam danışırdı ki, çox əzab-əziyyətlə, yetimçiliklə böyüyüblər. Sovet hökuməti əksər qohum-əqrəbalarını sürgün edib, güllələyib, qalanlar da ağır şəraitdə, zülm içində yaşayıb. Atamın bir dayısı Abdulla o vaxt Sankt-Peterburqda ali təhsil alırmış. Oktyabr inqilabı baş verəndə qayıdıb Azərbaycana gəlir. Savadlı olduğu üçün ona dəymirlər. 1944-cü ilə qədər müxtəlif yerlərdə işlədiblər. Həmin il gecəylə evdən gəlib aparıblar. Sonrakı taleyindən heç bir məlumat yoxdur. Atamgil muzdur kimi işləyiblər. Hər zaman "siz bəy nəslisiniz, sinfi düşmənsiniz” tənələri ilə qarşılaşıblar. 16 yaşı olanda atamı bir neçə nəfərlə birlikdə müharibəyə göndərmək istəyirlər. Bakıda komissiyadan keçəndə hərbiyə yaşları çatmadığı məlum olur. Onları Bakıda saxlayıb Şmidt zavoduna işləməyə göndərirlər. Orada sürücülüyü öyrənir. Ömrünün sonuna qədər Xocalıda sürücü işləyirdi. Anam isə kolxozçu idi.
Uşaqlığım bütün kənd uşaqlarınınkı kimi keçib. Özümü tanıyandan bizi səhər yuxudan tez oyadardılar. Malla, qoyun-quzuyla, əkin-biçinlə məşğul olurduq. Xocalıdan 3 çay keçirdi. Xocalı çayı ortadan axırdı. Bakıdan gələndə kiçik çay olan İlis sağ, Qarqar sol üzdə qalırdı. Xocalı uşaqları o çaylarda, o daşların üzərində üzə-üzə, balıq tuta-tuta, oynaya-oynaya böyüyərdi. Ona görə deyirdilər ki, Xocalıda üzməyi bacarmayan uşaq yoxdur. Gözümüzü açandan o çayların içində görmüşük özümüzü. Xocalı çox barlı, bəhərli yerdi, torpaq məhsuldar, camaat zəhmətkeş idi. Hər kəsin həyətyanı sahəsi vardı. Valideynlərimizlə bərabər orda çalışır, məhsul yetişdirir, Ağdamın, Şuşanın, Xankəndinin bazarlarında satırdıq. Kənddə insanlar nə işlə məşğul olubsa, mən də hamısı ilə məşğul olmuşam. Maraqlı keçib uşaqlığım. O vaxt hiss etməsən də, böyüyəndə başa düşüb qiymətləndirirsən ki, valideynlər səni oxutmaq üçün nə qədər əziyyət çəkib, məhrumiyyətlərə düçar olublar...
Elman Məmmədov 1957-1964-cü illərdə Xocalı kənd məktəbində təhsil alır. Yuxarı sinifləri isə Xankəndi məktəbində oxumalı olur. Amma xeyli çətinlik və əziyyətlə...
- O vaxt Xankəndi ətrafında olan azərbaycanlı kəndlərinin heç birində orta məktəb yox idi. Xankəndinin özündə bir məktəb vardı. Direktoru yunan idi. Azərbaycan bölməsinin direktor müavini İsi Hacıyev, rus bölməsinin müavini erməni idi. 9-10-cu sinifləri orda oxumuşam. Birinci gün səhər gedir, şənbə günü dərsdən çıxanda qayıdırdıq evə. Guya bizə yataqxanada yer ayırmışdılar. Zirzəmidə pis şəraitdə qalırdıq. O vaxt kasıbçılıq idi. İmkanı olan uşaq evdən bir həftəyə uzağı 3 manat götürərdi. Amma əksəriyyətin imkanı yox idi, 2 manat götürürdü. Gündə 20-30 qəpik xərcləyərdi. Evdən gələndə analarımız boxçamıza gücü çatdığı qədər azuqə yığırdı. Təndir çörəyi, yumurta, kartof, soğan, mürəbbə... 14-15 yaşlı uşaqlar bacardığımız qədər bir şey hazırlayıb yeyirdik. Beləcə, orta məktəbi bitirdik...
Gəncliyin fotosu: məktəbdən səngərə
uzanan həyat yolu
Əvvəl sənədlərini Tibb İnstitutuna verir, amma imtahandan keçə bilmir. Həmin il Bakı radio zavodunda fəhlə işləyir. Növbəti il Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə qəbul olur. İnstitutu bitirəndən sonra təyinatla Xocalıya riyaziyyat müəllimi göndərilir. 8-ci sinfə qədər oxuduğu məktəbdə bir vaxtlar ona dərs deyən müəllimləri ilə birlikdə işləməyə başlayır. 3 il sonra 1976-cı ildə Xocalı səkkizillik məktəbə dərs hissə müdiri, 1979-cu ilin oktyabrında direktor təyin edilir. 1985-ci ildə Xocalı tərəvəzçilik, südçülük sovxozuna partiya komitəsinin katibi, 1987-ci ilin yanvarında kənd soveti sədri seçilir. 1 il sonra isə Dağlıq Qarabağ hadisələri başlayır. Və o, qələmi silaha dəyişmək məcburiyyətində qalır...
- Qələmi silaha dəyişmək dövrün, həyatın tələbi idi. Xocalının coğrafi mövqeyi elə idi ki, ətrafında erməni yaşayış məntəqələri çox idi. Elə bir azərbaycanlı kəndi yox idi ki, ora maneəsiz gedib-gələsən. Biz ortada tək idik. O kəndlərdə ermənilərin muzdlu dəstələri, silahlı bölmələri hissə-hissə yerləşdirilmişdi. 366-cı alay da ermənilərə işləyirdi - zabit, gizir heyətinin xeyli hissəsi ermənilərdən ibarət idi. Yəni biz müdafiə olunmağa məhkum idik. Uşaqlı-böyüklü, qadınlı-kişili bütün Xocalı camaatı mənim rəhbərliyim ilə torpağımızın, vətənimizin müdafiəsinə qalxdıq. Sona qədər də müdafiə olunduq. Elim-obam sağ olsun, mənə inanıb etimad göstərirdilər. Mən də fəaliyyətimlə çalışırdım inamlarını qırmayım.
1988-ci il fevralın 12-də Əsgəranda, səhəri gün Xankəndidə mitinq oldu. Gecə teleqram gəldi ki, sabah Əsgəran Rayon Partiya Komitəsində fəallar yığıncağıdır. Səhər 9-da 5 nəfər ora getdik. Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov, Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi Konovalov, Əsgəranın birinci katibi Vaçaqan Qriqoryan, o vaxt Mərkəzi Komitədə inzibati şöbənin müdiri olan Məhəmməd Əsədov və digərləri də iclasda iştirak edirdi. İclas başlayan kimi ermənilər qalxdı ayağa. Fit çalır, ayaqlarını yerə çırpır, şüarlar səsləndirirdilər. Pəncərədən baxdıq ki, çöldə minlərlə erməni yığılıb. Bizi milisin köməyi ilə ermənilərin arasından çıxarıb maşına mindirdilər.
Həmin axşamdan Xocalıda özünümüdafiə postları qurduq. 4 il mühasirə şəraitində yaşadıq. Əvvəl Dağlıq Qarabağın ətrafımızda olan kəndlərindən qovulan azərbaycanlıları Xocalıda yerləşdirdik. Sonra Xankəndidə yaşayan azərbaycanlıların xeyli hissəsi, ardınca Ermənistan qaçqınları Xocalıya gəldi. Artıq 1991-ci ilin payızında Xocalı əhalisinin sayı 3 mindən 7 minə çatmışdı.
Elman Məmmədov danışır ki, ermənilərin Xocalıya ilk güclü hücumu 1988-ci il sentyabrın 18-də bazar günü olub. Həmin gün kənddə toy mərasimi vardı. O toy yasa çevrilir. Saat 3-4 radələrində onlara ermənilərin hücuma hazırlaşdıqları ilə bağlı xəbər çatır. Demə, ermənilər Xankəndidə mitinq keçirib qərar veriblər ki, Xocalını yandırıb, əhalini ordan çıxaracaqlar...
- 10 mindən çox insan mitinqdən birbaşa Xocalıya hücuma keçdi. Xankəndi ilə Xocalının arası təxmini 10 kilometr məsafədir. Kütlənin qarşısında "Kraz” maşınlar gəlirdi, içi iri armaturlar, partlayıcı, yandırıcı maddələrlə dolu idi. Bizim də cəmi 20 ov tüfəngimiz vardı. Bütün şəhər qadınlı-kişili əlində balta, dəhrə, bıçaq, yaba, dəryaz ermənilərin qabağına çıxdı. Hətta 15 yaşlı qızımız Arzu saçını kəsdirib, kişi paltarı geyinib, başına papaq qoyub oğlanlarla birlikdə ermənilərin qabağında durmuşdu. Biz öz ev-eşiyimizi, torpağımızı, əhalimizi qorumalı idik. Ermənilər 6 evimizi yandırdılar, çəpərlərə, ot tayalarına od qoydular. Xocalı sakinlərindən ölən olmamışdı, amma yaralılarımız çox idi. Ermənilər düşünürdülər ki, xocalılıların silahı, təminatı yox - qaçıb canlarını qurtarmağa çalışacaqlar. Amma əksinə oldu, özləri itki verdi.
Həmin gün Bakıdan Şuşaya, Laçına gedən magistral avtomobil yolunu Xocalının hər iki tərəfindən bağladıq. İrəvana gedən maşınlar Xankəndidə qaldı. Hərbçilər gəlməli idilər ki, danışıqlar getsin. Onda sovet qoşunu Əsgəranda yerləşirdi. Əsgəranla Xocalının arası cəmi 5 kilometr idi. Biz telefonla komendantla danışıb, yardım istədik. Dedilər, köməyə gəlirlər. Əsgəran milisi qoşunlara bələdçilik edirdi. Xocalıya təxmini bir kilometr qalmış, "86-cı kilometr” adlanan yolayrıcında milis qoşunu səhv istiqamətə yönləndirir. Nəticədə cəmi 10 dəqiqəyə şəhərə daxil olacaq qoşunlar 2 saatdan çox davam edən döyüş bitəndə Xocalı istiqamətində göründü. Ermənilər bizə məğlub olub geri qayıdanda sovet qoşunları ilə qabaqlaşdılar.
Həmin günün səhəri
bütün mətbuata yaydılar ki, guya xocalılılar erməniləri
qırıblar, 22 erməni öldürülüb. Sonradan bu rəqəmi
19-a endirdilər. Toqquşmanın səhəri saat 7-də
İrəvandan yola çıxmış təyyarə
Xocalı hava limanında eniş etdi. Zori Balayan və bir dəstə
həkim, jurnalist, professor Xankəndiyə yola
düşdülər. Onlar köməyə gedirdilər... Ovaxtkı
Azərbaycan rəhbərliyi isə xocalılıların
köməyinə yalnız 3 gün sonra gəldi. Sentyabrın 21-də artıq əhalinin vəziyyəti
pisləşib, çörək, ərzaq bitəndə
"Mi-2” vertolyotu Xocalıya endi. 3 nəfər - Həsən
Həsənov, general Kamil Məmmədov və
Ağdam ağsaqqalı Zeynal Məmmədov Xocalıya gəldi.
Camaat ciddi giley-güzar, etiraz etdi. İlk istədiyimiz əhali üçün ərzaq,
çörək oldu. Bizə bir "BTR”
alıb verdilər və bir nəfəri Ağdamdan
çörək gətirməyə göndərdim.
Sonradan un, digər ərzaqlar da gətirə
bildik.
O hadisədən sonra bir erməni belə
saxlanılmadı. Amma 9 Xocalı sakinini həbs
etdilər. Biz izah edə bilmirdik ki, ermənilər
bizə hücum ediblər, biz onlara yox. SSRİ
hüquq mühafizə orqanlarından 2 qrup Xocalıya gəldi.
Məndən başlayaraq hamını
sorğu-suala çəkdilər. Tutulan 9
nəfəri hər gün incidirdilər ki, hadisəni
Elmanın törətdiyini deyin, sizi azad edək. Onda mən iki nəfərlə Əbdürrəhman
Vəzirovun qəbuluna getdim. Üzərimizə
hücuma keçdi. Dedi, "cinayətkarsan, qan
tökmüsən, erməniləri qırmısan, səni həbs
etdirəcəm”. Biz ona vəziyyəti izah etməyə
çalışdıq. Dedim, bizim həbs
edilən 9 sakinimiz azad edilsin. Bir də
yazılı təklifimiz vardı ki, Ermənistandan qovulan azərbaycanlıların
köçünün istiqaməti Dağlıq Qarabağa
yönəldilsin. Onun da əleyhinə
çıxdı. Dedi "sən istəyirsən qan
tökülsün”. Sonradan o tutulan 9 nəfərdən
yeddisi ara-ara sərbəst buraxıldı, amma ikisi iki ilə
yaxın həbs çəkdi.
Gəncədə
Yeltsinlə gərgin görüşdən kadr
1991-ci ilin aprelində
Xocalı ərazi partiya komitəsi və Xocalı İcraiyyə
komitəsinin sədri seçilən E.Məmmədov sentyabrda
Azərbaycanda səfərdə olan Rusiya prezidenti Boris
Nikolayeviç Yeltsinlə görüşür. Gəncədə baş
tutan görüşü bu gün də nöqtə-vergülünə
qədər xatırlayır Elman müəllim...
- Mən Şuşanın ovaxtkı
rəhbər şəxsləri Mikayıl Gözəlov və
Vaqif Cəfərovla birlikdə bir gün əvvəldən Gəncəyə
getdim. Yeltsinin köməkçisi Qennadi Burbulis
də gəldi. Oturub söhbət etdik.
Gecəni qaldıq. Səhər Ayaz Mütəllibov,
Telman Orucov, Məhəmməd Əsədov, Vaqif Hüseynov gəldi.
Günorta orda Yeltsin və Nursultan Nazarbayevlə
görüş oldu. Sonra həyətdə
kreslo qoydular, Yeltsin oturdu, bir tərəfində Nazarbayev, digər
tərəfində Ayaz Mütəllibov. Yeltsin dedi ki,
Dağlıq Qarabağdan olan nümayəndələr gəlsin,
onlarla söhbət edəcəm. Şaumyan
rayonundan Ağacanyan soyadlı bir erməni də gətirmişdilər.
Yeltsin çıxış elədi ki, sülh
olmalıdı, barışmalısınız və s. Sonra da
bizə müraciət etdi ki, kimin sözü var desin. Dedim,
burda razılığa gəldiniz ki, Xankəndinə gedəndə
üzərində Azərbaycan bayrağı asılan vilayət
partiya komitəsinin binasında görüş olacaq. Amma məndə məlumat var ki, Qalina Starovoytova Zori
Balayanla Stepanakertə gəlib sizi qarşılamağın
ssenarisini hazırlayırlar, sizi o binaya qoymayacaqlar. Detalları da sadaladım. Bu barədə
bir müddət əvvəl Azərbaycan rəhbərliyinə
də məlumat vermişdim, mənə
acıqlanmışdılar ki, elə şey yoxdur.
Yeltsin də bərk hirsləndi, özü də çox
kobud adam idi. Çımxırdı
ki, təxribatla məşğulsan, Qalina Moskvadadır. Ayaz Mütəllibov da əsəbləşdi ki, kəs
səsini. Onu da deyim, Gəncəyə getməmişdən
qabaq işçilərimə tapşırıq vermişdim
ki, Yeltsini Xocalı aeroportunda duz-çörəklə, milli
musiqi ilə qarşılayaq. Tam
hazırlıq görülmüşdü. Bunu bizim rəhbərlərə danışdım.
Dedilər lazım deyil. Yenə
danladılar məni, məcbur etdilər, öz yanlarında
Xocalıya zəng vurub qarşılanma mərasiminin təxirə
salındığını bildirdim.
Səhər tezdən saat 7-də
hərbi vertolyotla Xocalı aeroportuna gəldik. Nə görsək
yaxşıdı? Qarşıda erməni keşişi,
ardınca erməni musiqiçiləri, oğlan-qızlar milli
geyimdə, əllərində duz-çörək... Maşınlara oturub Stepanakertə getdik. Yolda minlərlə erməni maşını
dayandırdı. Yeltsini
düşürtdülər qucaqlarına alıb yük
maşınında quraşdırılmış səhnəyə
çıxartdılar. O da mikrofonu götürüb
dedi: "Əziz erməni dostlar, mən sizinləyəm”.
Bununla da münaqişəyə münasibətini bildirdi...
Naxçıvan səfərindən
görüntü: Ulu Öndərlə unudulmaz
görüş
1991-ci il
sentyabrın 30-da Naxçıvanda Ulu Öndər Heydər
Əliyevlə də görüşməyə müvəffəq
olur. Həmin unudulmaz görüşü detallıca
xatırlayır Elman Məmmədov...
- Mən, Rafiq Mürsəlov və
Qüdrət həkim Gəncədən təyyarəyə
minib Naxçıvana getdik. Özü də ayaqüstə,
basabasla... Getməzdən əvvəl
Naxçıvan həmkarlar komitəsinin sədri ilə əlaqə
saxlayıb gələcəyimizi xəbər vermişdim.
Bizi elə özü qarşıladı.
Dedi gəlişiniz haqda Heydər Əliyevə məlumat
vermişəm. Tapşırıb ki, Elman Məmmədovu
Naxçıvan Ali Məclisinin növbədənkənar
sessiyasına gətirin. Ulu Öndər
sessiyanı açıq elan etdikdən sonra mənim məclisdə
olduğumu, Dağlıq Qarabağdakı vəziyyət
haqqında məlumat vermək istədiyimi söylədi.
Deputatlar qarşısında mövcud vəziyyət
haqqında ətraflı danışdım. Sualları cavablandırdım, sonra əyləşdim.
Köməkçisi yaxınlaşdı ki,
yoldaş Əliyev tapşırdı gözləyəsiniz,
sessiyadan sonra sizi qəbul edəcək. İclas
çox uzun çəkdi, yekunlaşandan sonra Ulu Öndər
məni qəbul etdi. Xeyli məsələləri
soruşdu məndən, vəziyyəti ətraflı izah etdi.
Maraqlı və faydalı görüş oldu.
Oktyabrın 2-si yenidən Gəncəyə, ordan Xocalıya
qayıtdım...
Çarəsizliyin
şəkli: Xocalı mühasirədədir
1991-ci il
oktyabrın 29-da Elman Məmmədov Xocalı Şəhər
İcra Hakimiyyətinin başçısı təyin edilir. 2000-ci ilə - Milli Məclisin deputatı seçilənə
qədər həmin vəzifədə
çalışır.
Xocalının tam mühasirədə
qaldığı son 4 aydakı ağır vəziyyəti təsvir
etməyə çalışır keçmiş
başçı. Deyir 1991-ci il oktyabrın 30-u gecə
ermənilər Xocalıdan Ağdama gedən "UAZ”
markalı avtomobili Əsgəranda vururlar. Maşının
içərisində olan bir sərnişin ölür, digəri
yaralanır. Elə həmin gecə ermənilər
Əsgəran qalasından yolu bağlayırlar. Və Xocalı əhalisi son günə qədər
4 ay mühasirədə yaşayır.
- Bir neçə dəfə
komendaturaya yalvarmaqla, xahiş-minnətlə, pul verməklə
maşınlarla, ZTR-lərlə düzülən hərbi
kolonun arasına bizim maşınları da yerləşdirib
Ağdamdan ərzaq, yanacaq gətirdik, yaralıları, xəstələri
aparıb-gətirdik. Amma əsas nəqliyyat
vasitəmiz vertolyot idi. Sonuncu dəfə 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya
uçan, içində 50 nəfər olan mülki vertolyot
Xankəndi üzərində ermənilər tərəfindən
vuruldu. Bununla da vertolyotların uçuşu
dayandırıldı. Bir neçə dəfə
pul verib hərbi vertolyotlarla Gəncədən dizel
yanacağı, çörək gətirtdik. Axırıncı dəfə fevralın 13-də Gəncənin
ovaxtkı polis rəisi Eldar Həsənov, müavini Ramiz
Cahangirovun köməyi ilə iki dəfəyə nəqliyyat
vertolyotları ilə 300-ə qədər adamı -
qadınları, uşaqları, qocaları Xocalıdan
çıxartdıq. Rabitə
qovşağımız generatorun hesabına axıra qədər
fəaliyyətdə oldu, həm telefon, həm ratsiya işlədi.
Yalvarır, xahiş edir, tələb edirdik ki, bizi hər an hücum gözləyir, köməyə gəlin.
Bir neçə dəfə vertolyotla Bakıya gəlib
Ali Sovetə girib, çıxış etdim. Zaldakı mikrofonları güclə, icazəsiz
götürüb müraciətlər etmişəm. Bəzən təhqirə də yol vermişəm,
söyüş də soymüşəm. Həmin
çıxışların stenoqramlarını hələ
də saxlayıram. Demişəm
başınız qarışıb hakimiyyət davasına,
millət qalıb sahibsiz, bizi qıracaqlar, mülki əhalini
çıxarmağa kömək edin. Hər
dəfə vəd verirdilər, heç nə edən olmurdu.
Fevralın 24-ü AzTV-yə zəng etdim. Telefonu diktor Hicran Hüseynov götürdü.
Ona özümü təqdim etdikdən sonra dedim, istəyirəm
telekanalınız vasitəsilə respublika rəhbərliyinə
və bütün dünyaya çatdırasınız ki, biz
ölüm, qırğın, fəlakət
qarşısındayıq, xocalılıları xilas etmək
üçün tədbirlər görsünlər. O zaman
televiziyanın rəhbəri Elşad Quliyev idi. 1996-cı ildə
Xocalı ilə bağlı keçirilən məhkəmə
prosesində Hicran Hüseynov ifadəsində bildirdi ki, Elman Məmmədov
mənimlə danışdı, telefonoqrammanı mənə verdi, mən isə bunu Elşad Quliyevə
çatdırdım. Onun sözlərinə
görə, mənim dediklərimi yazıb, stolunun üzərinə
qoyub, qayıdanda görüb ki, həmin kağız orada
yoxdur. Kimin götürdüyünü
bilməyib.
Elə həmin gün
Tamerlan Qarayev Ağdamdan qərargahdan mənimlə
danışdı. Dedi, sabah səhər
çayımızı Xocalıda içəcəyik. Demə, Ağdamda neçə gündür hərbi
əməliyyat planları işlənirmiş ki, hücum edib
Xocalının yolunu açsınlar. Amma
hər dəfə kimlərinsə əli ilə o planlar
pozulurmuş. Beləcə, bizə yenə kömək gəlmədi...
Vəhşət
dolu şəkillər: yandırılan evlər,
öldürülən insanlar, işğal olunan şəhər
Xocalının son
gününü ürək ağrısı ilə yada
salır Elman müəllim. Bu gün də o gecədən
danışanda səsi titrəyir, eyni hissləri yenidən
yaşayır, o dəhşətli günə xəyalən
yenidən qayıdır...
- Xocalının ətrafında 32
müdafiə postu vardı. Gündə bir
neçə dəfə 4-5 nəfər
döyüşçü ilə həmin postları
yoxlayırdım. Fevralın 25-də kənddə
ölü sükutu vardı. Bir güllə
də atılmırdı. Biz də
gözləyirik ki, bu saat Ağdamdan hücum edib yolumuzu
açacaqlar. Axşam evə gəldim ki,
bir stəkan çay içim. Saat 7 radələrində
zəng gəldi ki, bir PDM Noragir tərəfdən keçdi.
Noragir erməni kəndi idi, bizimlə arası
500 metr idi. 10 dəqiqə keçməmiş
mesxeti türklərinin yaşadığı məhəllədən,
Mehdikənd tərəfdən məlumat gəldi ki, ermənilər
hərbi avtomobillər və piyada qüvvə ilə bizə
tərəf hərəkət edirlər. Ard-arda
hər tərəfdən məlumatlar gəldi ki, ermənilər
artıq hücuma keçib. Xocalı
özünümüdafiə batalyonunun komandiri Tofiq
Hüseynova komanda verdim ki, ehtiyat qüvvələrini,
döyüşçüləri mövqelərə yerləşdirin.
Hamı səngərlərə toplandı.
Hamı deyəndə ki, söhbət 300-dən bir az artıq döyüşçüdən
gedir. Xocalının müdafiəçiləri
sırf xocalılılardan ibarət idi. Xocalı
özünümüdafiə batalyonunda 250 nəfərdən
artıq döyüşçü vardı. Amma hamısı silahla təmin
olunmamışdı. Cəmi 4 əl
pulemyotumuz vardı, qalanları avtomat, tapança, tüfəng
idi. 50 nəfər Xocalı milisi idi, 25 nəfər
Əlif Hacıyevin rəhbərlik etdiyi aeroport milisi və
Aqil Quliyevin rəhbərlik etdiyi 15
döyüşçü. 8 milyonluq Azərbaycanda
Xocalıya köməyə bircə dekabrın 23-də Aqil
Quliyevin rəhbərliyi ilə 21 döyüşçü gəlmişdi.
Onlardan 5-i yanvarda Ağdama keçmişdi.
Vertolyotların uçuşu
dayandırıldığı üçün qayıda bilməmişdilər.
Qalan 16 nəfərdən biri Musayev İlqar
fevralın 19-da şəhid oldu. Vəssalam,
bu qədər. Halbuki sonradan istintaq müəyyən etdi
ki, Xocalıya hücuma keçən düşmənin təkcə
canlı qüvvəsinin sayı 5 mindən çox idi...
3 saata yaxın ermənilər
mühasirə halqası yaratdılar. Hərbi texnikalar
özünün atəş məsafəsindən mövqeyini
tutub dayandı. Hərbin qanununa uyğun
eyni saniyədə bütün hərbi texnika atəş
açdı. Buna artilleriya
hazırlığı deyilir. Dəhşətli
mənzərə idi. Elə bil
bütün torpaq, yer silkələnirdi. Evlər
dağılır, hər yeri alov bürüyür,
insanların çığırtısı,
qışqırtısı, ah-naləsi göylərə
çatırdı. Şuşa
Xocalıdan yüksəklikdə yerləşir deyə ordan
baxanda hər şey olduğu kimi görünüb. Amma
təsəvvür edin ki, 16 km aramız olan Ağdamdan da
Xocalının qırmızı alovu
görünürmüş...
Xocalı oğulları mərdliklə
vuruşdu. Nəyə
gücümüz çatdı, nə bacardıqsa etdik! Gecə 3 radələrində əhali şəhərdən
çıxmağa başladı. Qarqar
çayını keçib Kətih dağa çıxmaq,
meşənin içi ilə Ağdam istiqamətinə getmək
lazım idi. Qışın oğlan
çağı, buzlu çay, camaat evdən ayaqyalın, bir
canını götürüb çıxıb. Çaya girənlərin ayaqqabısı 5 metr getməmiş
cırılıb çıxır, qalırdı
ayaqyalın. Nə qədər adamın
ayağını don vurdu. Yol da hamar deyil,
daşlı, tikanlı meşədi. Ayaqqabı
ilə getmək müsibətdir, o ki qaldı ayaqyalın.
16 km yol getməlisən. Hava
işıqlananda meşə qurtardı. Çingiz
Mustafayev, Seyidağa Movsümlü, Tahir Qarayevin çəkdikləri
o məşhur kadrlar da həmin düzənlik yerdə lentə
alınıb. Xocalılıların kütləvi
qırğını məhz orda oldu. Qarşıda
erməni səngərləri vardı. Üç
təpədə də hərbi texnika yerləşdirmişdilər.
O səngərləri vurub dağıdıb mülki əhalini
keçirməliydik. Döyüşçülər
xırda dəstələrə bölündü,
döyüş başladı. İnanın, əgər
xocalılılar orda döyüşməsəydi, qəhrəmanlıq
göstərməsəydi, bir mülki şəxs də ordan
sağ çıxa bilməzdi...
Keçmiş
başçının sözlərinə görə,
axırıncı dəstə səhər saat 6 radələrində
şəhərdən çıxmışdı. Xocalı
batalyonunun komandir müavini Sərvər Rəcəbov zirzəmidə
gizlənən əhalini bir gecədən sonra Xaçın
istiqamətindən çıxara bilmişdi. Elman müəllim özü 10 nəfərlik qrupla
fevralın 27-si səhər mühasirədən
çıxmışdı.
"Anamın
meyitini tanıya bilmədim”
O gecə canını
götürüb Xocalıdan qaçan əhalinin arasında
Elman Məmmədovun anası və ibtidai sinif müəllimi
işləyən həyat yoldaşı da vardı. Atası və kiçik qardaşı 1976-cı ildə
yol qəzasında həlak olmuşdular. Bacısı
1978-ci ildə Bakıya gəlin köçmüşdü.
Yeddi övladını da işğaldan bir
müddət öncə Bakıya göndərmişdi. Anası və xanımı isə onunla bərabər
son ana qədər Xocalıda qalmışdı. Lakin təəssüf
ki, o gecə şəhid olanlar arasında onun anası da
vardı...
- Xalam oğlanlarına
tapşırmışdım ki, anamı özləri ilə
gətirsinlər. Fevralın 27-si mühasirədən
qayıdandan sonra bildim ki, anam meşədə şəhid
olub. Xocalı şəhidlərinin
axırıncı 36 nəfərinin cəsədi martın
19-da meşələrdən yığılıb gətirildi.
Onların içində anam da vardı. Silahla vurmuşdular, başının bir tərəfi
dağılmış, bir qolu paralanmışdı. Mən
doğma anamın meyitini tanıya bilmədim... Sir-sifətini
qurd-quş yemişdi... Əynindəki paltardan və bədənindəki
bir nişanədən tanıdım anamı... Cəsədlərin
əksəriyyəti tanınmaz vəziyyətdə idi, qohum-əqrəba
tanıya bilmirdi. Çoxunun baş-gözünü ermənilər
sonradan əzmişdilər, dilə gəlməyəcək
vandalizm törətmişdilər...
Yoldaşım isə meyitlərin
arası ilə sürünən vaxt eşidir ki, uşaq
ağlayır.
Xocalıdakı çəkilişlər
zamanı bir kadr göstərilir - şəhidimiz hərbi
buşlatda arxası üstə uzanıb, güllə
alnının ortasından dəyib. Bu,
Orucov Telmandır. Özü də,
yoldaşı da şəhid oldu. Uşağını
mələfə ilə kürəyinə
sarıyıbmış. Arxası üstə
yıxılanda uşaq qalıb altında. Yoldaşım zorla mələfəni açıb
uşağı dartıb çıxarır. Görür İlham Quliyev gedir. Uşağı
verib deyir ki, sağdı, götür apar, birdən mən
sağ çıxmaram. O uşaq bir neçə il sonra Bakıda öldü... Ümumiyyətlə,
o gecə Xocalıdan çıxa bilənlər təsadüfən
sağ qalanlardır. Güllə hər tərəfdən
yağış kimi yağırdı, hərbi texnikanın mərmiləri
tökülürdü. Bilmirdin kimə, hara
dəyəcək. Nə qədər igid,
pəhləvan döyüşçümüz öldü.
Ermənilərin məqsədi o idi ki, Xocalıdan bir adam sağ çıxmasın ki, şahidi
olduqlarını danışmasınlar. Bu
gün sağ qalan o hadisələrin şahidləri şəhid
olmuş qəhrəman xocalılıların hesabına
yaşayırlar. Təəssüf ki,
dünya bu hadisələrə laqeyd, biganə qaldı.
Elman Məmmədov ötənləri
hər dəfə xatırlayanda, gözünün
önünə gətirəndə, geriyə boylananda
peşman olacaq, təəssüf edəcək bir hərəkətə
yol vermədiyini deyir.
- Mən və bütün
xocalılılar bir ümidlə yaşayırdıq ki, bizi tək
qoymazlar, kömək göndərərlər. Təəssüf
ki, yanıldıq. Bizi tək qoydular,
qırğına verdilər. O vaxt Bakıda hakimiyyət
uğrunda gedən oyunların qurbanına çevirdilər. Buna baxmayaraq, vətəndaş kimi borcumuzu yerinə
yetirdik - özümüzü torpağa qurban dedik, axır
gücümüzə qədər vətənimizi qoruduq,
heyif ki, ondan artığını edə bilmədik.
Amma fəxr edirik ki, ünvanımıza "cəsarətsiz”,
"qorxaq”, "torpağını qoyub qaçdı” ifadələri
işlənmədi. Qoy o vaxt səlahiyyət sahibi olanlar,
xalqın, vətənin müdafiəsinə cavabdeh olanlar
vicdan əzabı çəksinlər ki, səhlənkarlıq,
laqeydlik nəticəsində əhali soyqırımına məruz
qaldı...
Reallığın
nisgil dolu fotosu: yuxulara girən vətən
Həmin dəhşət dolu günlərdən,
faciədən 28 il ötür artıq. Amma zaman da o dərin yaranı sağalda bilmir.
Üstü qaysaqlasa da tez-tez qopur, qanayır,
ağrıdır, incidir, əzab verir... Gah
röyaya çevrilib yuxularına girir, gah dilinin əzbəri
olur. Söhbətləri, xatirələri ilə nəvələrinə
görmədikləri Xocalını tanıtdırmağa, mənzərəsini
çəkməyə çalışır...
- Gözümü dünyaya
Xocalıda açmışam. Ömrümün
əsas hissəsi, uşaqlığım, gəncliyim, ən
maraqlı dövrlərim, həyat pillələrini
addımlamağım Xocalı ilə bağlıdır.
Mənim vətənim Xocalıdır, doğulduğum,
anamın məni yüyrüyə qoyub yellədiyi evdi... Xocalıda nə görmüşəmsə hamısı
yadımdadı, heç biri hafizəmdən
çıxmayıb. Çalışıram bildiyim,
gördüyüm hər şeyi nəvə-nəticələrimə
ötürüm... Uşaqlarımın
hamısı Xocalını görüb. Balaca
oğlum ordan çıxanda 11 yaşı vardı. Hamısı oranı xatırlayır. Nəvələrə isə özümüz
Xocalı haqqında danışırıq. Bulaqları, çayları, meşələri, təpələri,
qayaları sadalayırıq. Hansı
kurqanlar, abidələr vardı. Qonşularımız
kimlər idi, hansı müəllimlər dərs deyirdi - hər
şeyi, bütün xatirələrimizi
danışırıq...
Bir də tez-tez yuxularıma girir
Xocalı... Bakıda evim də,
dolanışığım da var, 7 övladım, 17 nəvəm,
3 nəticəm var. Amma mən hələ bir dəfə də
olsun bu evi yuxuda görməmişəm. Həmişə
Xocalıdakı evimiz yuxuma girir. Qəribədir,
möcüzədir sanki... Bunu elm də izah edə
bilməz yəqin. Gah evimizi əvvəlki
kimi abad görürəm, oturub çörək yeyirik,
söhbət edirik. Gah görürəm
sel-su gəlib həyət-bacanı basıb. Birdən görürəm evin içinə ilanlar
dolub, bir-ikisini öldürürük, deyirəm, biz bunun
hamısını qıra bilməyəcəyik. Bəzən evi indiki -
uçulub-dağıdılmış vəziyyətdə
görürəm, kənardan baxıb köks
ötürürəm ki, mən bunu necə tikib düzəldəcəm.
Qapıda su quyum vardı, buz kimi suyu olurdu, yuxuda
həmin quyudan su içirəm. Ya da həyətdə əkdiyim
ağaclarım çiçəkləyib, öz-özümə
sevinirəm ki, bu il yaxşı bar verəcək...
Və oyanıb "kaş yuxu olmazdı”, - deyə
yanıb-yaxılıram...
Əlim bircə ona çatır ki, "Google maps” proqramı vasitəsilə Xocalıya, uçuq evimə baxıram, ürəyim para-para olur, ağlayıb sızlayıram... Biz nə qədər sevinsək də, gülsək də, şənlənsək də, ürəyimizin küncündə həmişə bir nisgil, həsrət var. Yaşadığımız heç bir sevinc tam deyil. İnsan kimi də yarımçığıq. İşlərimiz də ala-yarımçıqdır. Nə vaxt torpaqlarımız azad olsa, dağıdılmış yurd-yuvamızı, ocağımızı yandırıb evimizi bərpa etsək, onda bütövləşəcəyik. O günün olacağına isə ümidim, inamım itməyib. İllərdir bir arzu ilə yaşayıram - Xocalıya qayıdıb orda ölmək. Bundan böyük, ali arzum yoxdur. Mən Xocalıya qalib kimi getmək istəyirəm. Və əminəm ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu zəfər yürüşünə çıxacaq, biz də sönmüş ocaqlarımızı yandırmağa gedəcəyik...
İndi də Elman Məmmədovun evində Xocalının şəkilləri var. Amma bu görüntülər Xocalının əvvəlki rəngli həyatını yox, işğaldan sonrakı acı taleyini əks etdirir... Və o şəkillər əvvəlkilər kimi canlı olaraq çəkilməyib, kompüterdən çıxarılıb... Xocalıdakı məhəllələrin şəkilləridir bunlar. Hər birinin də üzərində adı, kimlərin yaşadığı qeyd olunub...
Bir də Xocalıdakı evinin yerləşdiyi məhəllənin görüntüsünü saxlayır Elman Məmmədov. Saxlayır ki, özü həyatda olmasa belə nəvə-nəticələri Xocalıya qayıdanda o yeri tapıb, babalarının yuxusundan çıxmayan evi təzədən tikib qursunlar...
Xəyalə
MURADLI
Azərbaycan.- 2020.- 28 fevral.- S. 1; 5.