Azərbaycan şahmatının tarixi uğuru

 

Rusiyanın paytaxtı Moskvada başa çatmış nüfuzlu "Aeroflot Openturniri Azərbaycan şahmatçılarının tarixi qələbəsi ilə başa çatmışdır. 14 yaşlı istedadlı beynəlxalq usta Aydın Süleymanlı 6,5 xalla yarışların qalibi olmuşdur.

O, güclü rəqiblərlə 9 görüş keçirmişbunlardan 4-də qələbə qazanmış, 5-ni isə heç-heçə başa vurmuşdur. Son turadək yarışın lideri olmuş digər şahmatçımız, beynəlxalq qrossmeyster Rauf Məmmədov da qaliblə eyni xal toplamış, lakin əlavə göstəricilərə görə 3-cü yeri tutmuşdur.

Azərbaycanlı şahmatçının qələbəsi ilə əlaqədar təəssüratlarını bölüşən Beyməlxalq Şahmat Federasiyasnın baş direktoru, keçmiş həmyerlimiz, beynəlxalq qrossmeyster Emil Sutovski Bakıda növbəti parlaq ulduzun peyda olduğunu bildirmişdir: "Hələ 15 yaşı tamam olmamış azərbaycanlı istedad dünyada ən güclü yarışlardan birinin qalibi olmuşdur. Xoşdur ki, mənim doğma şəhərimdə uzun fasilədən sonra növbəti parlaq ulduz peyda olmuşdur. Daha bir yerlimi, bütün turnir boyu liderlik etmişyekunda əlavə göstəricilərə görə qalibiyyəti əldən vermiş Rauf Məmmədovu da təbrik edirəm”.

Beş yaşından şahmatla məşğul olmağa başlayan Aydın Süleymanlı bir ildən sonra beynəlxalq yarışlara qatılıb. Müxtəlif yaş kateqoriyalarında ölkəmizi uşaq və yeniyetmələr arasında dünyaAvropa çempionatlarında təmsil edib. 2013-cü ildə Monteneqroda 8 yaşlı şahmatçılar arasında qitə birinciliyinin qalibidir. Növbəti il blitsrapid üzrə Avropa çempionu adını qazanıb. 2017-ci ildə Rumıniyada 12 yaşlı oğlanlar arasında qitə çempionatının qızıl medalına layiq görülüb. Ötən il 14 yaşadək idmançılar arasında dünya çempionu olub. Azərbaycan Milli Komandasının tərkibində (U-16) Olimpiadanın qalibidir. O, həm də ötən il Avropanın klub çempionatında "Vüqar Həşimov” komandasının heyətində parlaq oyun nümayiş etdirib. Bu il rapid üzrə birinci Azərbaycan kubokunun qalibi olub.

Şahmatçılarımızın tarixi uğuru ilə bağlı Azərbaycan şahmatının lideri, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov da təəssüratlarını bildirib: "İlk növbədə gözəl oyun nümayiş etdirmiş Rauf Məmmədovu təbrik etmək istəyirəm. Mən bunu çoxdan gözləyirdim. O, yarışlar zamanı çox yüksək səviyyədə çıxış etmişdir. Aydına gəldikdə isə, bu, inanılmaz uğurdur. Onun oyununda inanılmaz soyuqqanlılıq var! Onun böyük şahmatçı olacağına şübhəm yoxdur. Aydın gələcəkdə Azərbaycan şahmatının lideri olmaq üçün böyük addım atmışdır”.

Qeyd edək ki, iki həftə davam edən "Aeroflot Open” beynəlxalq şahmat festivalının əsas yarışında 21 ölkədən 97 şahmatçı iştirak edirdi. Start reytinqində Aydın 71-ci idi. Lakin o, bütün proqnozları alt-üst edərək həm dünyada nüfuzlu turnirin ən gənc qalibi olmuş, həm də "Aeroflot Open”də qələbə qazanan ilk azərbaycanlı kimi adını şahmat tarixinə yazdırmışdır.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2020.- 29 fevral.- S.12.