Dövlət
turizm sektorunda dəstəyini davam etdirəcək
İyunun
30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü
ilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə bu təşkilatın Baş katibi Zurab
Pololikaşvili arasında videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Zurab Pololikaşvilini salamlayan Prezident İlham Əliyev dedi:
-Hər vaxtınız xeyir, hörmətli Baş katib. Sizi görməyə şadam. Yenidən görüşmək və ümumi işlər barədə danışmaq üçün yaxşı imkan yaranıb. Əlbəttə, turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq.
Bildiyiniz kimi, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Odur ki, mühüm məsələlər barədə danışmaq təşəbbüsünə görə sizə təşəkkür edirəm. Sizi yenidən görməyimə şadam.
Zurab Pololikaşvili: Cənab Prezident, ilk növbədə, bu görüş üçün vaxt ayırdığınıza, bir daha ünsiyyətdə olmaq, söhbət etmək imkanına görə Sizə təşəkkür edirəm. Düz bir il bundan əvvəl, iyun ayında Bakıda olmuşuq, bizim İcraiyyə Şurasının iclası keçirilib. İcraiyyə Şurasının iclası bizim təşkilat üçün ən mühüm hadisələrdən biridir. Səmimi qonaqpərvərlik üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. Bütün qonaqlar çox razı qaldı, hər şey yaxşı oldu. Siz düzgün qeyd etdiniz, bu pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir.
BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili son 2 ayda təşkilatın həyata keçirdiyi işlərdən danışaraq qeyd etdi ki, qurum tərəfindən ilk gündən regionlar üzrə fəal ölkələrin, aidiyyəti beynəlxalq təşkilatların daxil olduğu böhran komitəsi yaradılıb, "Evdə qal ki, sabah səyahət edəsən” adlı kampaniya elan olunub. Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan danışan Zurab Pololikaşvili mehmanxanaların sertifikatlaşdırılması üzrə layihənin dövlətimizin başçısı və təşkilat tərəfindən dəstəklənməsini məmnunluqla vurğuladı.
Prezident
İlham Əliyev: Sağ olun. Əvvələn,
əməkdaşlığa və Azərbaycanda turizm sektorunu
dəstəklədiyinizə görə sizə təşəkkür
edirəm. Görüşümüz
yadımdadır. O zaman siz nisbətən yaxın vaxtda
Ümumdünya Turizm Təşkilatının Baş katibi
kimi mühüm vəzifəyə seçilmişdiniz. Zənnimcə, sizin ilk səfərlərinizdən
biri Azərbaycana olub. O vaxt biz görüşdük və
hətta birlikdə turizm sərgisinə getdik. Beləliklə,
görüşlərimizi xatırlayıram və keçən
il Bakıda Ümumdünya Turizm Təşkilatının
İcraiyyə Şurasının iclasında iştirak
etdiyinizə görə də sizə təşəkkürümü
bildirmək istərdim. Belə bir mühüm
beynəlxalq təşkilatın həmin Şura
iclasının Bakıda keçirilməsini biz
Ümumdünya Turizm Təşkilatı tərəfindən
dostluq və dəstək əlaməti kimi qiymətləndiririk.
Əlbəttə, sizin tövsiyələriniz çox
qiymətlidir, biz postpandemiya dövründə onlara riayət
edəcəyik. Ona görə ki, siz qeyd etdiyiniz kimi,
pandemiya dövründə dünya ölkələrinin
çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini
bağlayıb. Bizim sərhədlərimiz
indiyə qədər bağlıdır, onlar yalnız Vətənə
qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının
qəbulu üçün və Azərbaycanı tərk etmək
istəyən əcnəbilərin getməsi üçün
açıqdır. Bu, onunla
bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi,
sağlamlığı, onların həyatı barədə
düşünürük. Əlbəttə,
virusun Azərbaycana kənardan gətirildiyini nəzərə
alaraq hesab edirik ki, indiki mərhələdə yeganə
düzgün yol sərhədlərin bağlanmasıdır.
Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə,
o cümlədən bizim sıx əməkdaşlıq
etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyələrinə riayət etməklə biz də sərhədləri
açacağıq. Bunun nə vaxt baş verəcəyini
demək çətindir. Lakin bu, baş
verən kimi, əlbəttə, turizm sektorunun bərpasına
dair sizin tövsiyələriniz çox gərəkli olacaq.
Bu dövrdə biz nə etmişik? Biz turizm
sektorunun işçilərinin əməkhaqqının
çox hissəsini ödəmişik ki, onların
dolanışıq üçün vəsaiti olsun və bu
sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya
bilsinlər. Mənə təəssüflə
məruzə edirlər ki, işçilərin sayı müəyyən
qədər ixtisar edilir. Buna görə mən
hökumətə təlimat vermişəm ki, bu məsələyə
baxılsın və turizm sektorunun dəstəklənməsi
davam etdirilsin. Ona görə ki, siz
yaxşı bilirsiniz, bu potensialı artırmaq çox
çətin və məsul məsələdir. Azərbaycanda biz bu istiqamətdə çox fəal
irəliləmişik. Əvvəlcə
infrastruktur layihələrindən, ölkəmizin təqdimatı
ilə bağlı layihələrdən, sərgilərdə
iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin
keçirilməsindən başladıq. Deməliyəm
ki, Azərbaycanda turizmin sürətli inkişafı çox
cəhətdən Formula 1 yürüşlərinin
keçirilməsi ilə bağlı idi. Birinci
yürüş keçiriləndən dərhal sonra turizmin
artmasını gördük. Dediyim kimi, hər il bu
potensial artır və müxtəlif məlumatlara görə
əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni, bu, bizim iqtisadiyyata böyük valyuta
axını deməkdir. Buna görə də
turizm sənayesinin yaradılması üçün çox
böyük qüvvə sərf etmişik və otel biznesi ilə
məşğul olan iri firmalar, dünyanın aparıcı
brendləri Azərbaycana gəliblər. Bunu
nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə
bilmərik. Biz kadr potensialını,
qazanılmış təcrübəni qoruyub
saxlamalıyıq. Buna görə dövlət
bu sahəni dəstəkləyəcək.
Lakin, əlbəttə, postpandemiya dövründə
işi daha düzgün görmək üçün bizə
sizin təşkilat tərəfindən tövsiyələr
lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə
əməl edəcəyik və onları həyata keçirməklə
çalışacağıq ki, bu sahəni maksimum qısa
müddətdə bərpa edək. Hərçənd
bu, asan olmayacaq. Əlbəttə, biz turizm
sahəsində aparıcı ölkələrin, böyük
təcrübəyə malik olan və özlərinin iqtisadi
inkişafında müəyyən dərəcədə, əhəmiyyətli
dərəcədə turizm sektoruna güvənən ölkələrin
atdığı addımları diqqətlə izləyəcəyik,
lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda
görəcəyik.
Zurab Pololikaşvili: Sağ olun, cənab Prezident. Siz hər şeyi çox gözəl qiymətləndirdiniz.
Mən özəl sektoru bu cür dəstəklədiyinizə
görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
Ona görə ki, Siz çox yaxşı qeyd etdiniz, Sizin rəhbərliyinizlə sərf olunmuş
qüvvəni və qoyulmuş sərmayələri öz
gözümlə görmüşəm. Son 3-5
ildə ölkənizdə turizmə aid rəqəmlərin
necə dəyişməsini özüm görmüşəm.
Məsələn, Formula 1 kimi layihələr,
mehmanxana biznesinə kapital qoyuluşu – bütün bunlar rəqəmlərlə
əks olunub. Bizim ilk gündən etibarən
ölkələrə göndərdiyimiz tövsiyələrdə
özəl biznesə və bu sektorda çalışan
insanlara böyük dəstək verilməsindən bəhs
edilirdi. Bu dəstəyə görə çox sağ olun.
Bu gün ən vacibi insanlar və
onların sağlamlığıdır. Sabahkı
günə gəldikdə, Siz çox düzgün qeyd etdiniz
ki, biz böyük və inkişaf etmiş ölkələrin
bütün yaxşı nümunələrini dəstəkləyəcək
və bütün ölkələrə göndərəcəyik.
Biz Madriddə, İspaniyada yerləşirik.
İspaniya həm özü, həm də turizm
biznesi COVID-19-dan zərər çəkmiş ölkələrdən
biridir. Onların postpandemiya dövrü
üçün çox konkret və çox maraqlı inkişaf
planı var.
Biz hökmən Sizinlə əməkdaşlıq edəcəyik
və vaxt itirməməyiniz, mövsüm açılan kimi
sərhədləri açmağa, ölkənin
populyarlaşdırılmasını davam etdirməyə
hazır olmağınız üçün Sizə hazır
sənəd verəcəyik. Ona görə ki, indi
bütün ölkələr öz kampaniyalarına
başlamağa hazırdırlar. Hamı
beynəlxalq əlaqələrin açılacağı
günə hazırlaşmaq istəyir. Odur
ki, hər şey artıq hazırdır və biz birbaşa əlaqə
saxlayacağıq, bütün yaxşı ideyaları, Azərbaycanın
son illərdə nail olduğu rəqəmlərə
mümkün qədər tezliklə qayıtmaq
üçün istifadə edilə biləcək
bütün yaxşı nümunələri çox fəal
şəkildə yayacağıq.
Prezident
İlham Əliyev: Çox sağ olun. Biz Ümumdünya Turizm Təşkilatının
tövsiyələrinə riayət edəcəyik. Əlbəttə, dediyim kimi, daha çox inkişaf
etmiş turizm sənayesinə malik olan ölkələrin
addımlarını müşahidə edəcəyik.
Xüsusən ona görə ki, yay mövsümünün az qala üçdəbir hissəsi arxada
qalıb. Buna görə yəqin ki, iyul-avqust
aylarında ölkələr daha çox açılacaq.
Mən dünyada baş verən hadisələri
müşahidə edirəm və görürəm ki, turizm
istiqamətləri arasında aviasiya əlaqələri
artıq bərpa olunur, buna görə biz bu prosesi çox
diqqətlə izləyəcəyik.
Eyni zamanda, onu da demək istərdim ki, indi, xüsusən
pandemiya dövründə biz daxili turizmə böyük diqqət
yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz
etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o
cümlədən regionlarda müəyyən dərəcədə
doldura bilər. Azərbaycan vətəndaşlarının
hələlik xaricə gedə bilmədiklərini nəzərə
alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən
amil ola bilər. Pandemiya
sovuşandan dərhal sonra biz, əlbəttə, öz
addımlarımızı çox dəqiq
planlaşdırmalıyıq. Bir daha demək
istəyirəm ki, səhvə yol verməmək və məhz
turizm sahəsinin bərpası istiqamətində addımlar
atmaq üçün sizin növbəti məsləhətlərinizi,
tövsiyələrinizi gözləyəcəyik.
Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir.
Zurab Pololikaşvili: Sizinlə tamamilə razıyam. Yəqin ki, yay tətilləri dövründə bütün dünyada yerli turizm daha çox inkişaf edəcək. İş elə gətirib ki, hələ yanvar ayında 2020-ci ili "Kənd turizmi ili” və "Regional turizm ili” elan etmişik. Biz pandemiya olacağını bilmirdik. İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var. Bu, regionlarda yeni iş yerləri yaratmağa imkan verəcək. Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək. Bu, ölkələrin regional turizmi inkişaf etdirmələri üçün yaxşı şans ola bilər. Biz Sizinlə hökmən çox sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə görə çox sağ olun. Sizinlə söhbətimiz bizim üçün çox vacibdir. Ona görə ki, turizmin bütün ölkələrin iqtisadiyyatının ən mühüm amillərindən biri olmasını bütün dünya liderləri təsdiqləyiblər. Əlbəttə, Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Əminəm ki, Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq. Bizə vaxt ayırdığınıza və bu cür səmimi söhbətə görə Sizə bir daha təşəkkür etmək istərdim.
Prezident İlham Əliyev: Çox sağ olun. Bu təşəbbüsünüzə görə sizə bir daha təşəkkür etmək istəyirəm. Şadam ki, Azərbaycan ilə sizin rəhbərlik etdiyiniz təşkilat arasında çox sıx münasibətlər yaranıb. Biz fəal əməkdaşlıq edəcəyik. Sərhədlər açılanda sizi Azərbaycanda gözləyəcəyik. Çox sağ olun.
Zurab Pololikaşvili: Hökmən
görüşəcəyik. Çox sağ olun.
Azərbaycan.-2020.- 1 iyul.- S.1-2.