Azərbaycan diplomatiyasının növbəti uğuru

 

Koronavirus pandemiyası ilə bağlı dünyada gedən proseslər göstərir ki, yoluxucu xəstəliyin qarşısının alınması və yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün qlobal xarakterli birgə tədbirlərin görülməsinə ehtiyac var.

Hələ CovId-19-un yayılmağa başladığı ilk dövrlərdə Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini nəzərə almış və onun təşəbbüsü ilə 2020-ci il aprelin

10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilmişdir. Bu tədbirin tarixi-siyasi əhəmiyyəti ondadır ki, dünyada ilk dəfə olaraq beynəlxalq təşkilat çərçivəsində, dövlət başçılarının iştirakı ilə bəşəriyyəti narahat edən CovId-19-un fəsadları, onun insanların sağlamlığına və ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edilmişdir.

Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun 2020-ci il mayın 4-də keçirilmiş Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqı və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmiş, tədbirdə pandemiyaya qarşı mübarizədə dünya ölkələri arasında əməkdaşlıq məsələsi müzakirə olunmuşdur. Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin yaradılması üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürmüşdür.

Bu təklifi Qoşulmama Hərəkatının üzv dövlətləri yekdilliklə dəstəklədikdən sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşkilatın Baş katibi Antonio Quterreşə müraciət etmişdir. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın "Prosedur Qaydaları”na uyğun olaraq, bütün üzv ölkələrə müraciət edib 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə münasibət bildirmələrini xahiş etmişdir. Qaydalara görə, BMT-yə üzv ölkələrin 97-si təşəbbüsü dəstəklədiyi halda xüsusi sessiya təşkil olunmalıdır. Hələ göstərilən müddətin bitməsinə qədər 130-dək dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi beynəlxalq birliyin Azərbaycana böyük etimadinam göstərməsindən irəli gəlir.

Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı apardığı siyasət yalnız ölkəmizin deyil, həm də qlobal səviyyədə beynəlxalq ictimaiyyətin maraqlarını ifadə edir. Fikrimizcə, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi CovId-19-la mübarizədə beynəlxalq həmrəylik yaradaraq, pandemiyaya qarşı sistemli və mütəşəkkil tədbirlərin görülməsinə əhəmiyyətli təsir göstərəcək. Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə sahəsində atdığı addımların əhəmiyyətini və dünya dövlətləri arasında həmrəyliyin yaranması istiqamətindəki fəaliyyətinin müsbət nəticələrini beynəlxalq ictimaiyyət öz həyatında hiss edəcəkdir.

Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizəyə qlobal təhlükəsizlik məsələsi kimi yanaşır və bu məqsədlə praktiki tədbirlər görür. Hazırda CovId-19 insanların sağlamlığına və həyatına ciddi təhlükə olmaqla yanaşı, dünya ölkələri üçün sosial-iqtisadihumanitar problemlər yaratmışdır. Ölkəmiz pandemiyaya qarşı mübarizədə qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan çox dövlətə humanitar yardım göstərmişdir.

Dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər sübut edir ki, Azərbaycan yalnız özünün deyil, həm də dünya əhalisinin sağlamlığı ilə bağlı təhlükəsizliyin təmin olunmasına çalışır. Ölkəmiz həmişə beynəlxalq əməkdaşlığın möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun, qlobal xarakter daşıyan tədbirlərin keçirilməsində yaxından iştirak etmiş, pandemiya ilə mübarizədə də beynəlxalq həmrəyliyin vacib olmasını nəzərə alıb bu istiqamətdə fəal siyasət aparır.

 

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini

Azərbaycan.-2020.- 1 iyul.- S.1;5.