İlham Əliyev dialoq
mühitinin formalaşmasında güclü siyasi iradə
nümayiş etdirir
AMİP sədri Arzuxan
ƏLİZADƏ: "Dövlət
başçısının tapşırığı əsasında
partiya rəhbərləri ilə görüşlərin
keçirilməsi hakimiyyətin ölkədə yeni siyasi
münasibətlər sisteminin formalaşmasında maraqlı
olduğunu göstərir”
Prezident İlham Əliyevin elan etdiyi köklü islahatlar cəmiyyət həyatının bütün sahələrində öz əksini tapır. Yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan addımlar isə islahatların konkret istiqamətlər üzrə məhdudlaşmayaraq, kompleks xarakter daşıdığını göstərir. Bu sırada diqqəti çəkən məqam ondan ibarətdir ki, hakimiyyət müxalif siyasi partiyaların da bu prosesdə fəal iştirakını dəstəkləyir.
Prezident atılacaq addımları göstərdi
Bununla bağlı fikirlərini öyrəndiyimiz Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirdi ki, altıncı çağırış Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında, eləcə də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev bir çox məsələlərə münasibət bildirməklə yanaşı, bundan sonra atılacaq addımların konturlarını da cızaraq, sosial-iqtisadi, eləcə də siyasi sahədə islahatların aparılmasının vacibliyi ilə bağlı konkret fikirlər səsləndirdi: "Prezident qeyd etdi ki, 2020-ci il ölkəmizin tarixinə dərin, geniş islahatlar ili kimi daxil olacaq. Həmin çıxışlardan da anlaşılan odur ki, bir çox sahələrdə, xüsusilə də siyasi sistemin təkmilləşdirilməsi istiqamətində daha ciddi, önəmli addımlar atılacaq və yeni siyasi konfiqurasiyanın formalaşdırılması prosesi həyata keçiriləcək.
Prezidentin çıxışlarında, həmçinin struktur və kadr islahatları ilə bağlı mühüm qərarların qəbul olunacağı anonsu da verilib və deyim ki, həqiqətən də, sonrakı mərhələdə deyilənlərlə bağlı bir sıra ciddi addımların atıldığının şahidi olmuşuq. Buna misal olaraq hesab edirəm ki, dövlət başçısının bilavasitə tapşırığı əsasında siyasi mövqeyindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri ilə heç bir ilkin şərt qoyulmadan tanışlıq görüşlərinin keçirilməsi, eyni zamanda müxtəlif məsələlərlə bağlı partiyaların təkliflərini qəbul etmək istəyi, əlbəttə ki, bir ilk olmaqla, həm də hakimiyyətin ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşmasında maraqlı olduğunu göstərdi. Həmçinin bu günə qədər aparılan kadr islahatları, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclis aparatının yenidən təşkili, seçkilərdən sonra parlamentin tərkibində baş verən dəyişikliklər, bu sırada parlamentin rəhbər qurumlarının tamamilə yenilənməsi, parlamentdə azlıqda olan partiya nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilməsi, eləcə də parlament azlığının Milli Məclis komitələrində rəhbər vəzifələrə gətirilməsi ortada ciddi siyasi iradənin mövcudluğunun sübutu kimi qəbul oluna bilər”.
Dialoq
dövlətin və cəmiyyətin inkişafını
şərtləndirən ən vacib elementlərdən biridir
Konkret olaraq siyasi sistemin komponentləri arasında yeni müzakirələrin başlamasına gəldikdə Arzuxan Əlizadə dedi ki, dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir: "AMİP olaraq illər ərzində dəfələrlə bu təşəbbüslə çıxış etmişik. Düşünürük ki, bu və ya digər məsələlərin həllinə nail olmaq, ölkədə inam və etimad mühitinin formalaşması üçün iqtidar və müxalifət nümayəndələri arasında dialoqların həyata keçirilməsi vacibdir və ən düzgün yoldur. Siyasi partiya rəhbərləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında fərdi tanışlıq xarakterli görüşlərin keçirilməsi və təkliflərimizin dinlənilməsi tərəfimizdən müsbət qiymətləndirilir. Hesab edirəm ki, bu təmasların, məsləhətləşmələrin davamı olmalıdır və inanıram ki, olacaq da. Çünki dialoq zəminində qəbul olunan qərarlar, fikir müxtəlifliyi fonunda əldə edilən nəticə hər zaman effektli olur. Əminliyimi şərtləndirən əsas amil isə Prezident İlham Əliyevin dialoq mühitinin formalaşmasında güclü siyasi iradə nümayiş etdirməsi, prosesin şəxsən öz nəzarəti altında olması və bir qədər də sürətlə həyata keçirilməsi istəyini dilə gətirməsidir”.
AMİP sədri ilə bu prosesdə, ümumiyyətlə, cəmiyyətin müasirləşən siyasi həyatında rəhbərlik etdiyi partiyanın irəli sürdüyü təşəbbüslər, proqram və təklifləri barədə söhbətləşdik. Onun sözlərinə görə, Milli İstiqlal Partiyası müxtəlif sahələr üzrə, o cümlədən sosial-iqtisadi və siyasi islahatların həyata keçirilməsi ilə bağlı konkret proqrama malikdir: "Həmin proqramın tərkib hissəsi olan siyasi islahatlarla bağlı təkliflər paketimiz zamanında media vasitəsilə ictimaiyyətə açıqlanıb, həmçinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüş zamanı tərəfimdən ona da təqdim olunub.
Hesab edirəm ki, demokratik cəmiyyətin inkişafı siyasi proseslərdə partiyaların yerinin və rolunun artırılmasını zəruri edir. Biz də bu mövqedən çıxış edərək Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etdirilməsi və siyasi partiyaların demokratikləşmə istiqamətindəki fəaliyyətinin daha əhatəli olması məqsədilə bir sıra addımların atılmasını zəruri hesab edirik. Buraya, ilk növbədə, "Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsi, beynəlxalq təcrübədə olduğu kimi, fəaliyyətdə olan siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin zəruriliyi, partiyaların normal fəaliyyətinin təmin edilməsi üçün onların dövlət tərəfindən mənzil-qərargahlarla təmin olunması da aid olmaqla bir sıra müddəalar daxildir.
Biz,
həmçinin siyasi sistemin təkmilləşdirilməsi məqsədilə
proporsional seçki sisteminin bərpası və Milli Məclisin
say tərkibinin artırılmasını və digər bu
kimi məsələləri özündə ehtiva edən Konstitusiya
dəyişikliklərinin zəruri olduğunu hesab edirik”.
AMİP-in təkliflərinin bir qismi isə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyətin, xüsusilə də siyasi partiyaların potensialından istifadə olunması ilə bağlıdır. Arzuxan Əlizadənin fikrincə, ayrı-ayrı dövlət strukturlarında bu məqsədlə yaradılmış komissiya və komitələrin tərkibində siyasi partiya təmsilçilərinin, müstəqil media və vətəndaş cəmiyyəti nümayəndələrinin olması bütün sahələr üzrə ictimai nəzarətin gücləndirilməsi baxımından olduqca faydalı olar.
Ümummilli məsələlərdə müxalifətçilik olmamalıdır
Partiya sədri onu da bildirdi ki. AMİP müxalifətdə olan siyasi partiyadır və təbii ki, iqtidara münasibətdə də müxalif mövqedən çıxış edir, lakin müstəqil Azərbaycanın ilk rəsmi dövlət qediyyatına alınmış siyasi partiyası olaraq, AMİP hər zaman öz fəaliyyətini "ümummilli məsələlərdə müxalifətçilik olmamalıdır” prinsipi əsasında qurub. "Yarandığı gündən indiyədək keçən iyirmi səkkiz il ərzində hətta bəzən partiya maraqlarımıza ziyan vursa da, bu prinsipimizə sadiq qalmışıq. Dövlətimizin və xalqımızın maraqları baxımından əhəmiyyətli hesab etdiyimiz qərarların həyata keçirilməsində, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində, xüsusilə də Qarabağ probleminin həlli və işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində atılan və atılacaq addımlara birmənalı dəstək verməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik”, - deyə Arzuxan Əlizadə bildirdi.
Qeyd
edildi ki, AMİP əhatəli beynəlxalq əlaqələrə
malik siyasi təşkilatdır. Partiya özündə
dünyanın 80-dən artıq ölkəsinin 100-dən
çox sağ mərkəz yönümlü siyasi
partiyasını birləşdirən Beynəlxalq Demokrat
İttifaqının (IDU) 1999-cu ildən etibarən tam,
hüquqlu üzvüdür. Bununla yanaşı, Avropa
Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq
Partiyası (EPP) ilə 2008-ci ildən etibarən sıx əlaqələri
var. Lakin AMİP heç vaxt Azərbaycanla əlaqəli hər
hansı xoşagəlməz məsələnin müzakirəyə
çıxarılmasına nəinki cəhd göstərməyib,
heç buna imkan da verməyib.
Bu barədə danışan Arzuxan Əlizadə dedi: "Bu təşkilatlarda təmsil olunan partiyaların böyük əksəriyyəti öz ölkələrinin hakim partiyalarıdır. Eyni zamanda hər iki nüfuzlu təşkilatda təmsil olunan bir çox partiyalarla AMİP olaraq uzun illərdən bəri davam edən ikitərəfli sıx əməkdaşlığımız da mövcuddur. Bu çərçivədə Avropa Parlamenti, Avropa Komissiyası da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarda dəfələrlə ölkəmizi layiqincə təmsil etmişik və çoxsaylı görüşlərimiz olub. Eyni zamanda ATƏT-in vitse-prezidenti, AXP-nin (EPP) prezidenti, İsveçin Avropa Parlamentində nümayəndə heyətinin rəhbəri və digər nüfuzlu şəxslərlə Bakıda, bəziləri ilə AMİP qərargahında, bəziləri ilə partiyamızın təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində, bir çoxu ilə isə ölkəmizə etdikləri rəsmi səfərlər zamanı görüşmüşük. Lakin, tam məsuliyyəti ilə deyirəm ki, hətta ölkə daxilində aparılan siyasətlə bağlı müəyyən narazılıqlarımız olsa belə bir dəfə də olsun Azərbaycanla əlaqəli hər hansı xoşagəlməz məsələnin müzakirəyə çıxarılmasına nəinki cəhd göstərməmişik, heç imkan da verməmişik. Mövqeyimiz hər zaman belə olub ki, ölkədaxili məsələləri və narazılıqları elə ölkə daxilində də həll etmək daha məqsədəuyğundur. Bu vaxta qədər ölkədə keçirilən müxtəlif ranqlı seçkilərdən narazı qalan heç bir AMİP namizədi indiyədək Avropa Məhkəməsinə üz tutmayıb. Ən əsası da Avropa Məhkəməsinin prosedur qaydasına müvafiq olaraq baxılacaq məhkəmə işinin adının "filankəs (yəni müraciət edən şəxsin adı, soyadı) Azərbaycana qarşı” ifadəsini prinsipcə qəbul etmədiyimiz səbəbi ilə.
Lakin
bütün yuxarıda sadaladıqlarımla yanaşı,
iqtidar tərəfindən qəbul olunan və doğru
olmadığını hesab etdiyimiz qərarlara, atılan səhv
addımlara münasibətdə hər zaman müxalif
mövqedən çıxış etmişik və
müxalifətdə olan partiyanın əsas vəzifəsi də
elə bu yanlışlıqları bəyan etmək və
hakimiyyəti yanlış qərarların qəbulundan çəkinməyə
çağırmaqla alternativ təkliflər irəli sürməkdən
ibarət olmalıdır”.
Siyasi mədəniyyətin inkişaf etdirilməsi baxımından təkmilləşməyə ehtiyac var
Arzuxan Əlizadə yeniləşən siyasi sistemdə müxalifətin iştirakı, rolu, funksiyası, fəaliyyəti barədə fikirlərini də qəzetimizlə bölüşdü. Onun sözlərinə görə, yeniləşən siyasi sistemdə siyasi partiyaların da yeniləşməsinə ehtiyac var və bu, təkcə müxalifətdə olan siyasi partiyalara aid deyil, eləcə də hakimiyyət partiyasına və iqtidaryönümlü bütün siyasi partiyalara aiddir: "Məzmun və forma etibarilə daha məhsuldar və effektiv gedişləri özündə ehtiva edən yeni taktiki addımların atılması üçün isə, ilk növbədə, yeni konsepsiyanın müəyyənləşdirilməsi həyata keçirilməlidir.
Hesab edirəm ki, müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Ən əsası isə, cəmiyyətdə siyasi mədəniyyətin inkişaf etdirilməsi baxımından təkmilləşməyə ehtiyac var.
Sosial reallıq, cəmiyyətdə şəxsiyyətlər arasındakı münasibətlər, müsbət mənəvi və əxlaqi dəyərlər sisteminin mövcudluğu, ictimai rəy və faydalı ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən əsas amillərdir. Təəssüf ki, bü gün öz fəaliyyətində sadaladığım bu dəyərlərdən uzaq olan siyasi qüvvələr də mövcuddur ki, ilk olaraq onların öz fəaliyyətlərini yenidən təftiş etməsinə ehtiyac var. Çünki məhz oturuşmuş siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər və ənənələr vasitəsilə tənzimləyir”.
Köhnə təfəkkürdən əl çəkə bilməyənlər fəaliyyətlərini ölkədə xaotik durumun yaranmasına kökləyiblər
AMİP sədrinin özünü sağlam siyasi proseslərdən təcrid edən, marginallaşan radikal müxalif partiyalar barədə mülahizələrinin nədən ibarət olduğunu da öyrəndik. Müxalifət partiyalarının demokratik və hüquqi dövlətin ayrılmaz tərkib hissələri olduğunu, yaşadığımız zamanın özlüyündə bütün siyasi qüvvələrin dövlətçilik və milli maraqlar uğrunda bir araya gəlməsini zəruri etdiyini deyən Arzuxan Əlizadənin sözlərinə görə, bu cür birlik cəmiyyətimizdə oturuşmuş siyasi münasibətlər sisteminin və siyasi mədəniyyətin formalaşması ilə yanaşı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verə bilər ki, bundan da geniş anlamda həm siyasi qüvvələr, həm də bütövlükdə, Azərbaycan xalqı udar.
Arzuxan Əlizadə təəssüf hissi ilə onu da bildirdi ki, müxalifət cəbhəsində də özünü sağlam siyasi münasibətlərdən kənarda saxlayan qüvvələr mövcuddur: "Bu qüvvələr tarixdən nəticə çıxarmaq əvəzinə hələ də köhnə təfəkkürdən əl çəkə bilməyiblər və fəaliyyətlərini yalnız ölkədə xaotik durumun yaranmasına yönəlik kökləyiblər. Son vaxtlar bu tip təşkilatlara rəhbərlik edən şəxslərin videoformatda apardıqları müzakirələrin ictimailəşdirilməsi də dediklərimizi bir daha çılpaqlığı ilə ortaya qoydu və bunların hansı təfəkkür sahibləri olduğunu bir daha nümayiş etdirdi. Sayları az olmasına baxmayaraq, bu cür qüvvələr hələ də bütövlükdə, müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışırlar ki, bu da heç bir halda qəbul edilə bilməz və edilmir də. Artıq tam əminliklə demək olar ki, qeyd etdiyiniz kateqoriyadan olan qüvvələr cəmiyyət içərisində də öz dayaqlarını günü-gündən itirməkdədirlər və öz fəaliyyətlərinə düzəliş etməyəcəkləri halda siyasi səhnədən tamamilə silinəcəklər”.
Hakimiyyətə dəstək verməyə hazır olduğumuzu bəyan etmişik
AMİP sədri pandemiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə barədə də fikirlərini bölüşərək dedi: "Obyektivlik naminə deməliyəm ki, COVID-19 koronavirusunun vətəndaşımızı təhdid etdiyi ilk gündən dövlət səviyyəsində pandemiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm addımlar atıldı. Belə ki, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Vəziyyətin nəzarət altına alınması və kütləvi yoluxmanın qarşısını almaq məqsədilə təhsil prosesinin dayandırılması, bütün kütləvi tədbirlərin ləğv edilməsi, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması da daxil olmaqla, bir sıra qabaqlayıcı və effektli hesab olunan qərarlar qəbul edildi. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, sahibkarlara və sosial həssas qruplara dəstək, ölkədə dezinfeksiyaedici məhsulların, spirt və digər qoruyucu vasitələrin istehsalının artırılması, gündə 250 min ədəd qoruyucu maska istehsal edən müəssisənin açılması və sair bu kimi tədbirlərin həyata keçirilməsi, əlbəttə ki, koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı.
Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyasına həsr olunmuş Zirvə toplantısının, mayın 4-də isə Qoşulmama Hərəkatının videokonfransının keçirilməsi pandemiya dövründə Azərbaycanın həmçinin beynəlxalq təşəbbüslərdə oynadığı rolu da təsdiqləmiş oldu”.
Hazırkı dönəmdə pandemiya ilə mübarizənin təkcə hakimiyyətin və ya dövlət strukturlarının üzərinə düşən vəzifə olmadığını deyən partiya sədrinin sözlərinə görə, dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizə həm də hər bir vətəndaşın bilavasitə vəzifəsidir: "Biz də cəmiyyətin tərkib hissəsi olan siyasi partiya olaraq, hələ martın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə əlaqədar ilk qadağalar tətbiq edilməyə başlanarkən Operativ Qərargahın qərarlarına dəstək bəyanatı ilə çıxış etdik. AMİP olaraq həmin müraciətlə görülən bütün qabaqlayıcı tədbirləri təqdir etdiyimizi və vəziyyətin normallaşması üçün Azərbaycan hakimiyyətinə dəstək verməyə hazır olduğumuzu da bəyan etmişik. Eyni zamanda mövcud şəraitdə ehtimal edilən fəsadların aradan qaldırılması və gələcəkdə yarana biləcək problemləri önləmək məqsədilə bir sıra qabaqlayıcı addımların atılmasını məqsədəuyğun hesab edərək, bu yöndə təkliflərimizi də vermişik. Onu da deyim ki, sonrakı mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bizim də irəli sürdüyümüz bir sıra təklifləri özündə ehtiva edən bu və ya digər qərarlar qəbul olunub”.
Arzuxan Əlizadə dedi ki, qəbul olunan qərarların və birgə mübarizəmizin virusun daha geniş yayılmasının qarşısını almağa kömək edəcəyinə əmindir və unutmamalıyıq ki, biz cəmiyyət olaraq yalnız birlikdə bu bəladan qurtula bilərik: "Lakin hökumət yalnız qadağaların tətbiqi ilə kifayətlənməməli, "Evdə qal” çağırışı etdiyi insanların, xüsusilə də əhalinin aztəminatlı hissəsinin karantin dövrü üçün zəruri ehtiyaclarının təmin edilməsi qayğısına qalmalıdır. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar ziyan görən kommersiya qurumlarına, iş adamlarına, ciddi maddi sıxıntı yaşayan sıravi vətəndaşlarımıza dəstək olmalıdır. Eyni zamanda bu və ya digər səbəbdən hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün həyata keçirilən fəaliyyət genişləndirilməli və sürətlənməlidir.
Mən
də fürsətdən istifadə edərək bir daha hər
kəsi bu çətin günlərdə dövlətimizin
yanında olmağa, qəbul edilmiş qərarları
anlayışla qarşılamağa, heç bir halda panikaya
yol verməməyə və vətəndaşlıq borcunu
layiqincə yerinə yetirməyə
çağırıram”.
Korrupsiyaya qarşı mübarizə tədbirləri alqışlanmalıdır
AMİP sədri korrupsiyaya qarşı mübarizə tədbirləri barədə də danışdı. Bildirdi ki, korrupsiya və rüşvət dövlətin və cəmiyyətin inkişafının qarşısında ən böyük bəladır: "Açıq demək lazımdır ki, hətta Prezidentin belə dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə rüşvət və korrupsiya hallarına yol verməmələri ilə əlaqədar çox sərt şəkildə xəbərdarlıq etməsinə baxmayaraq, hələ də bu xəbərdarlıqlardan nəticə çıxarmayan kifayət qədər məmur var. Korrupsiya və rüşvətxorluq belə insanların həyat tərzinə çevrilib və nəticə də ortadadır. Bu baxımdan istər DTX, istərsə də prokurorluq orqanları tərəfindən son dövrlərdə aparılan əməliyyatlar alqışlanmalı və bu prosses davamlı şəkil almalıdır. Lakin o da qeyd olunmalıdır ki, korrupsiyaya qarşı mübarizədə təkcə güc strukturlarının keçirdiyi əməliyyatlar təbii ki, yetərli deyil. Bu sahədə dövlətin cəza tədbirləri ilə yanaşı, ictimaiyyətin, qeyri-hökumət qurumlarının, tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin maarifləndirici addımlarına, sözlərinə, müraciətlərinə də ciddi ehtiyac var. Bütün vətəndaş cəmiyyəti, bütün xalqımız bu məsələdə dövlətə dəstək verməli, bütün sahələr üzrə ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət nə qədər güclü olacaqsa, bu kimi hallara qarşı mübarizə də bir o qədər çox effektli olacaq”.
O da vurğulandı ki, korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifəsi daşıyanların gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə deklarasiya verilməsini tələb edir: "Dünyanın aparıcı ölkələrində bu deklarasiya sistemi fəaliyyət göstərir və bizdə də bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdiriməsinə ehtiyac var”.
Arzuxan Əlizadənin fikrincə, inhisarçılığın tamamilə ortadan qaldırılması da korrupsiyaya qarşı mübarizənin başlıca metodlarındandır. "Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların cibinə axmasına xidmət edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalı və bunun üçün də Rəqabət Məcəlləsi qəbul olunmalıdır”, - deyə o bildirdi.
AMİP dövlət proqramlarını, sosial paketləri təqdir edir
Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyasına da münasibət bildirən Arzuxan Əlizadənin sözlərinə görə, inkişaf etmiş dünya dövlətlərinin siyasətinin əsasında həmişə o amil dayanır ki, dövlətin iqtisadiyyatı inkişaf etdikcə və iqtisadi gücü artdıqca, paralel olaraq ölkə əhalisinin də sosial müdafiəsi gücləndirilsin. Yəni iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, insanların maddi rifahının güclənməsinə yönəldilsin.
Partiya sədri bu baxımdan sosial müdafiə paketlərinin imzalanmasını, dövlət proqramlarının həyata keçirilməsini təqdir edərək dedi: "Azərbaycan vətəndaşlarının da sosial inkişafının təminatları Azərbaycan Konstitusiyası ilə təsbit olunmuşdur. Eyni zamanda Prezident İlham Əliyev davamlı olaraq çıxışlarında Azərbaycanda sosial-iqtisadi islahatların və sosial siyasətin prioritet istiqamət təşkil etdiyini vurğulayır. Dövlət başçısı tərəfindən son dövr ərzində iki sosial müdafiə paketinin imzalanması, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşgulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması və s. sahələr üzrə qəbul edilən proqramlar da, əlbəttə ki, əhalinin sosial rifahının yüksəlməsinə yönələn addımlardır və tərəfimizdən də təqdir olunur.
Ölkə üzrə minimum əməkhaqqının 130 manatdan 250 manata qaldırılması, habelə valideyn himayəsindən məhrum uşaqların, I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsinin dövlət büdcəsi tərəfindən həyata keçirilməsini təmin edən qanunvericilik aktlarının qəbulunu təhsil və səhiyyə sahəsində islahatların növbəti mərhələsi kimi olduqca əhəmiyyətli hesab edirəm. Eyni zamanda ASAN, ABAD, DOST xidmətlərinin, özünüməşğulluq proqramlarının icra edilməsi də tərəfimizdən sosial islahatların əməli nəticəsi kimi dəyərləndirilir”.
Bütün bunlarla yanaşı, partiya sədri bildirdi ki, pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın, işsizliyin azaldılması, habelə sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı davamlı addımlar atılmalıdır.
Sonda AMİP sədri bildirdi ki, islahatlar həm də yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir: "Hətta inkişaf etmiş ölkələrdə də daima islahatlar aparılır. Ölkədə iqtisadi inkişaf prosesinin uğurla davam etdiriləcəyi təqdirdə bu, gələcəkdə sosial sahədə də daha geniş islahatların aparılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə real imkanlar yaradacaq. Bu isə hər birimizin istəyidir”.
Söhbəti
yazdı:
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 1 iyul.- S.1;6.