Azərbaycan milli
mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.
Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.
Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına
tapşırılsın:
2.1. koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan
Respublikasının ərazisində
tətbiq edilən xüsusi karantin rejiminin tələbləri
və Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə
alınmaqla yubiley tədbirlərinin keçirilməsini
təmin etsin;
2.2. jurnalist təşkilatlarının
və redaksiyaların
təklifləri əsasında
Azərbaycan milli mətbuatının inkişafında
xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri bir ay
müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun
2020-ci il
Azərbaycan.-2020.-
1 iyul.- S.1.