102 illik şərəf salnaməsi
Daxili
İşlər naziri, general-polkovnik Vilayət EYVAZOV:
"Dövlətin
və xalqın mənafeyinə, Heydər Əliyev
ideyalarına və
Prezident
İlham Əliyevin fəaliyyət kursuna sədaqətli,
peşəkar xidmət Azərbaycan Polisinin əsas vəzifə
borcudur”
Tarixinin ən qüdrətli dövrünü yaşayan
Azərbaycan iqtisadi-sosial inkişaf modeli ilə yanaşı,
həm də təhlükəsizliyin və sabitliyin
etibarlı təminatı baxımından dünyada mükəmməl
nümunələrdən birini yaradıb. Beynəlxalq
terrorçuluğun və transmilli cinayətkarlığın
sərhəd tanımadığı, kriminogen durumun qlobal
miqyasda kəskinləşdiyi müasir dövrdə ölkəmiz
cənab Prezidentin təbirincə desək, sabitlik adasına
çevrilib. Bu nailiyyətin əldə
olunmasında şübhəsiz ki, daxili işlər
orqanlarının əzmkar fəaliyyəti də mühüm
səciyyə daşıyır.
102-ci ildönümünü qeyd edən Azərbaycan
polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə
qarşı yönələn cinayətkar qəsdlərin
qarşısının alınmasında müstəsna xidmətlər
göstərir. Torpaqlarımızın müdafiəsi,
mütəşəkkil cinayətkarlığa qarşı
mübarizə və digər istiqamətlərdə
qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə
yetirir.
Polis Günü ərəfəsində həmsöhbət
olduğumuz Daxili İşlər naziri, general-polkovnik Vilayət
EYVAZOV bu tarixi nailiyyəti Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu və Prezident İlham
Əliyevin uğurla davam etdirdiyi srtateji kursla əlaqələndirir. Nazirin fikrincə,
qlobal pandemiya ilə bağlı ciddi sınaqlarla üzləşdiyimiz
bu çətin günlərdən də məhz
düzgün yürüdülən mübarizə
strategiyası və Prezident-Xalq həmrəyliyi sayəsində
qurtulacağıq.
- Cənab
Nazir, Azərbaycan Polisi 102-ci ildönümünü ənənəvi
olmayan dönəmdə - qlobal pandemiyanın kütləvi fəsadlarına
qarşı aparılan mübarizə şəraitində qeyd
edir. Ötən 4 aya yaxın dövr
üçün sərt karantin rejimində polis fəaliyyətinin
ilkin nəticələrini necə qiymətləndirirsiniz?
- Öncə
bir məqama xüsusi diqqət ayırmaq istərdim. Həqiqətən də, pandemiya elə qlobal fəsadlar
və kəskin problemlər yaradıb ki, onun ağır nəticələri
bütün dünyada özünü hiss etdirir.
Ötən aylar ərzində fövqəldövlətlərin
koronavirus qarşısında aciz qaldığını, ən
güclü səhiyyə sisteminə malik ölkələrdə
insanların müalicəsi üçün xəstəxanaların
çatışmadığını, dünya
iqtisadiyyatında aparıcı rola malik dövlətlərin
ciddi böhranla, vətəndaşlarının isə
böyük sosial çətinliklərlə üzləşdiyini
müşahidə etdik. Bu acınacaqlı mənzərə təəssüf
ki, hər gün daha da kəskinləşir.
Bu bəla Azərbaycandan da yan keçməyib. Mart ayından
etibarən ölkədə karantin rejimi tətbiq olunub və
müəyyən dövrlərdə daha da sərtləşdirilib.
Möhtərəm Prezident ilk gündən
pandemiyanın yarada biləcəyi çətinlikləri
düzgün müəyyənləşdirdi və preventiv tədbirlərlə
koronavirusun tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarına
qarşı sistemli mübarizə strategiyası
formalaşdırdı. Qabaqlayıcı addımların
atılmasına dair konkret göstərişlər verdi. Təsadüfi deyil ki,
martın sonlarında elan olunmuş və aprel ayından
icrasına başlanan sosial-iqtisadi dəstək proqramı sayəsində
indiyədək ölkə iqtisadiyyatına, sahibkarlara,
işsiz vətəndaşlara, aztəminatlı təbəqələrə
və digər həmvətənlərimizə dövlət tərəfindən
3, 5 milyard manatdan artıq vəsait ödənmişdir.
Həmin sosial-iqtisadi dəstək kampaniyası isə
tibbi müdafiə tədbirləri ilə paralel
aparılırdı. Qısa müddətdə ölkənin səhiyyə
sisteminin infrastruktur və mütəxəssis bazası
pandemiya dövrünə uyğunlaşdırıldı, təkmilləşdirildi,
yeni modul xəstəxanalar istifadəyə verildi.
Bu prosesdə
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ilk gündən
göstərdiyi təşəbbüslər və səylər,
aidiyyəti dövlət orqanları rəhbərlərinin
iştirakı ilə keçirdiyi müşavirələrdə
qəbul edilən qərarlar pandemiya ilə mübarizənin səmərəliliyinin
artmasını şərtləndirdi, habelə Heydər
Əliyev Fondunun ölkə boyu təşkil etdiyi
böyük humanitar dəstək aksiyaları xalqımız tərəfindən
minnətdarlıqla qarşılandı.
Ölkəmizin pandemiyaya qarşı mübarizə
strategiyası beynəlxalq təşkilatlar tərəfindən
də yüksək qiymətləndirilir. Bütün
bunlar xalqımızda dövlətə, iqtidara həm
etimadı yüksəldir, həm də dövlət
başçısının siyasətinin alternativsizliyini təsdiq
edir. Nəticə etibarilə Prezident
İlham Əliyevin "Biz birlikdə güclüyük!”
çağırışı ümummilli səfərbəredici
qüvvəyə çevrilib və vətəndaşlarımız
bu bəladan xilas yolunda öz Liderinin ətrafında daha
sıx birləşib. Ölkə rəhbərinə
son aylarda ünvanlanan on minlərlə vətəndaş məktubları
da bu həqiqəti tam təsdiqləyir.
Sözügedən sahədə digər dövlət
strukturları kimi daxili işlər orqanları da ölkə
rəhbərinin müəyyənləşdirdiyi strateji
prinsiplər əsasında fəaliyyət göstərir. Bu müddətdə
polisin işinin ilkin nəticələri barədə mənim
rəyimə gəldikdə isə hesab edirəm ki, bunu
ictimaiyyət və kütləvi informasiya vasitələri
daha dolğun və obyektiv verə bilər. Çünki həmişə olduğu kimi, bu
dövrdəki fəaliyyətimiz də sizlərin gözü
önündə, geniş ictimai nəzarət altında həyata
keçib. Sözsüz ki, xidmətimizdə
müəyyən nöqsanlar var və onların aradan
qaldırılması üçün müvafiq tədbirlər
görürük. Ümumilikdə isə
cənab Prezident Daxili İşlər Nazirliyinin, onun təşkilati
strukturlarından olan polisin və Daxili Qoşunların fəaliyyətini
yüksək qiymətləndirir ki, bu da bizim üçün
ən böyük mükafatdır.
- Cənab
Nazir, bu prosesdə daxili işlər orqanlarının fədakarlığı,
şəxsi heyətinin əzmkarlığı, gecəli-gündüzlü
gərgin fəaliyyəti ictimaiyyət tərəfindən
yüksək dəyərləndirilir, tam müsbət
qarşılanır...
- Nazirliyə
vətəndaşlar tərəfindən göndərilən
çoxsaylı məktublar, teleqramlar, eləcə də
elektron ünvanımıza daxil olan mesajlar, xüsusən
ölkə KİV-inin sağlam mövqeyi həyata
keçirdiymiz tədbirlərin razılıqla
qarşılandığını sübut edir. Bu ədalətli, obyektiv münasibətə və məhdudiyyət
tədbirlərini anlayışla qarşılayıb dəstəklədiklərinə
görə Daxili İşlər Nazirliyinin bütün şəxsi
heyəti adından ölkə ictimaiyyətinə, media mənsublarına
təşəkkürümüzü bildiririk.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq
edilən xüsusi karantin rejimi dövründə hərəkət
məhdudiyyətlərini tənzimləyən qaydalara riayət
olunmasına ölkə boyu nəzarətin həyata
keçirilməsinə bütün şəxsi heyətimiz səfərbər
olunub. Daxili
işlər orqanlarının əməkdaşları,
sıravisindən ali rəis heyətinədək
hər biri mart ayından etibarən gücləndirilmiş
iş variantında və bundan irəli gələn gərgin
iş rejimində çalışır. Açıq
deyək, həyatlarını bəzən infeksiyaya yoluxma
risqi altına qoyur, paytaxtda və bölgələrdə, o
cümlədən müvəqqəti postlarda məlum
qaydaların təmini və qarşıya qoyulmuş xidməti
tapşırıqların icrası üçün yorulmadan
səy göstərirlər.
Digər tərəfdən, bildiyiniz kimi, hərəkət
məhdudiyyətlərinin pozulmasına görə fiziki,
hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar. Bu halların müəyyənləşməsi
üçün yol-patrul, post-patrul xidmətlərinin əməkdaşları
və Daxili Qoşunların hərbi qulluqçuları
davamlı tədbirlər görürlər. Paytaxtda və sərtləşdirilmiş xüsusi
karantin rejimi tətbiq olunan digər inzibati ərazilərdə
əhalinin sıx olduğu yerlər tam nəzarətə
götürülüb.
Lakin xüsusi karantin rejiminin pozulması halları təəssüf
ki, hələ də qeydə alınır. Yoxlamalar zamanı müvafiq
icazə olmadan yaşayış yerlərini tərk edən,
postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən,
fərdi qoruyucu vasitələrdən istifadə ilə
bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri
üçün elan edilən qaydalara riayət etməyən
obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən
istifadə edən sürücülər və digər
pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən
həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddəsi ilə protokol tərtib edilərək
onlar məsuliyyətə cəlb olunurlar.
- Şəxsən Siz pandemiyaya qarşı mübarizə
tədbirlərində vətəndaşlarımızın
iştirakını, onların bu prosesə münasibətini
necə dəyərləndirirsiniz?
- Vətəndaşlarımız
adi və sərt karantin rejimləri üçün müəyyən
edilmiş qaydalara bütövlükdə riayət edirlər.
Əhalinin mütləq əksəriyyəti
sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə
və sanitar-gigiyenik şərtlərə əməl edilməsi,
lüzum olmadan yaşayış yerinin tərk edilməməsi
və bu kimi digər tələblərə əməl edir.
Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın
bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik
hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr
bu cür münasibətdən ortaya çıxan, eyni zamanda,
ailələrinin, ətraflarının xəstəliyə
yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir.
Mən bu istiqamətdə də möhtərəm
Prezident İlham Əliyevin və xanım Mehriban
Əliyevanın davamlı
çağırışlarını, şəxsi nümunələrini
xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi
profilaktik təsir yaratdı, böyük maarifçilik
dalğasına çevrildi.
Sərt karantin rejimi nə deməkdir? İnsanlar
pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf
mühitdən təcrid olunsun və beləliklə də,
sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə
üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod
da tapılmayıb. Cərimələr də
əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən
səmərəli vasitədir. Yəni, cəriməyə
məruz qalmamaq düşüncəsi tək bir insanı
deyil, həm də onun yoluxdura biləcəyi digərlərini
xilas edir.
Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları
aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas
işimiz cərimə yazmaq deyil və xatırladım ki,
qaydaları ilk dəfə pozanların əksəriyyətinə
heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq
edilib.
Müxtəlif istiqamətlər üzrə monitorinqlər
də aparırıq. Təsəvvürünüzə gətirin,
ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin
bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və
qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur.
Son günlər yoluxmaya məruz qalan
insanların sayının artması da məhz belə səhlənkarlıqların
nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi
olmadığına görə şəhəri tərk etmələrinə
imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət
etməyə cəhd edən yüzlərlə şəxsi
hamı gördü.
Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində
əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər
gün rastlaşırıq. Daxili işlər
orqanları bu kimi halları, - əslində o həm də
cinayət faktlarıdır, - müəyyən edən
müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək
lazımi hüquqi tədbirlər görülür.
Son günlər ölkə ictimaiyyəti, deputatlar,
ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin
pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər
görməsini istəyirlər. Bu fikirlər, əlbəttə,
təbii qarşılanır və polis bu işin öhdəsindən
gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları
hər bir məkanda, hər bir məhəllədə sutkalıq
nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq
işinə çevrilməlidir.
Daxili İşlər naziri olaraq ictimaiyyətə
müraciət edib bir daha bildirmək istərdim ki, bu cür
neqativ hallara qarşı mübarizə yalnız rəsmi
çərçivədə və polis müdaxiləsi ilə
aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə
ictimai qınağın, məzəmmətin və nəzarətin
artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə
özləri qaydalara əməl edib, sonra da ətrafdakıların
bu tələblərə riayət etməsinə çalışsalar,
həmçinin tələblərə zidd
davranışları müəyyənləşdirib çəkinmədən
məlumat versələr bu prosesdə müsbətə
doğru dönüş yaranar. Faktlar
sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi
nəzarət qədər təsirli olur.
Ümumilikdə sərtləşdirilmiş karantin rejimində
vətəndaşlarla polis əməkdaşları
arasında əsasən səmimi, qarşılıqlı
etimada əsaslanan, təəssübkeşlik ovqatlı
münasibətlər mövcuddur və davam edir. Bu həmrəyliyi,
işbirliyini yüksək qiymətləndirirəm və əminəm
ki, əlaqələrimiz daha da möhkəmlənəcək.
- Cənab
Nazir, cinayətkarlığa qarşı mübarizədə
vəziyyət necədir?
- Azərbaycan
cinayətkarlığa qarşı mübarizədə,
asayişin və əmin-amanlığın qorunması sahəsində
öncül dövlətlər sırasında yer alır. Respublikamız bu gün dünyanın təhlükəsiz
ölkələrindən biri, sabitlik adası kimi
tanınır. Vətəndaşlarımızın
dinc həyatı etibarlı qorunur, özlərini güvənli
hiss edirlər. Hesab edirəm ki, bu fakt son
17 ildə Prezident İlham Əliyevin müdrik, uzaqgörən
siyasəti nəticəsində əldə olunan ən
mühüm uğurlardandır.
Son dövrlərin statistikası da bunu sübut edir.
2003-2017-ci
illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə
zərərsizləşdirilmiş, əllərdə qanunsuz
saxlanılan 16 minə yaxın odlu silah
yığılmış və onun tətbiqilə törədilən
cinayətlərin sayı 1,3 dəfə azalmışdır.
Cinayətlərin
orta hesabla 87 faizinin açılması təmin olunmuş,
axtarışda olan 55 mindən artıq təqsirləndirilən
şəxs tutulmuş, qanunsuz dövriyyədən 11 tona
yaxın narkotik vasitə çıxarılmışdır. Azərbaycanda əhalinin hər 100 min nəfərinə
düşən cinayətlərin sayı bu gün də əksər
Avropa dövlətləri ilə müqayisədə xeyli
azdır.
Davos Forumunun son hesabatına əsasən, Azərbaycan
mütəşəkkil cinayətkarlığa qarşı
mübarizə indikatoru üzrə 141 ölkə arasında
18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə
görə 30-cu yerə yüksəlib.
Göründüyü kimi, respublikanin hüquq
mühafizə və xüsusi xidmət orqanlarının səylərinin
vahid məqsəd üzərində cəmləşməsi
sayəsində, cinayətkarlığa qarşı mübarizədə
əhəmiyyətli nəticələr əldə edilir,
bütün kütləvi tədbirlərdə asayiş və
təhlükəsizlik yüksək səviyyədə qorunur. Hədəfimiz
əldə olunmuş nəticələri daha da
yaxşılaşdırmaqdır.
- Cənab
Nazir, son illərdə Prezident İlham Əliyev tərəfindən
aparılan islahatlar dövlət strukturlarının fəaliyyətində
də köklü dəyişikliklərə, mühüm
yeniliklərə rəvac verib. Bu islahatlar
dalğası Daxili İşlər Nazirliyində hansı nəticələrlə
müşayiət olunub?
- Son illər
ölkəmizdə islahatlar yeni, daha dinamik mərhələyə
qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan
xarici reytinq göstəricilərinə görə dəfələrlə
"ən islahatçı ölkə” elan edilib, bu sahədə
fəaliyyətin səmərəliliyi və nəticələri
beynəlxalq miqyasda təqdir olunub.
Prezidentin hər bir dövlət strukturuna konkret tələbi
var. Fəaliyyət davamlı surətdə təkmilləşməli,
müasirləşməli, yeni dövrün
çağırışlarına uyğunlaşdırılmalıdır. İslahatların
əsas məramı isə vətəndaş məmnunluğunu
artırmaqdır.
Daxili İşlər Nazirliyində, eləcə də
tabeliyindəki struktur qurumlarda aparılan islahatlar da
miqyaslıdır. Nəticə baxımından isə fəaliyyətin
effektivliyinin yüksəlməsinə xidmət edir və
Dövlət Başçısının müvafiq
tapşırıqları, təklifləri ümumi işimizə
əhəmiyyətli töhfələr verir.
Həmçinin, ölkəmizdə aparılan geniş
quruculuq işləri daxili işlər orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsi, infrastrukturunun müasirləşdirilməsi,
maddi-texniki təminatının, şəxsi heyətin məişət
və xidmət şəraitinin
yaxşılaşdırılması istiqamətində əhəmiyyətli
addımların atılmasına əlverişli şərait
yaradıb.
Bu gün polis minlərlə yeni nəqliyyat vasitəsi,
qabaqcıl texnologiya və avadanlıqla təchiz edilmiş mobil
dövlət qurumudur. Elektron xidmətlər, veb-saytlar, qaynar xətlər,
"ASAN xidmət” mərkəzlərində fəaliyyət -
vətəndaş məmnunluğunun təmin edilməsinə
yönəlib. Bütövlükdə bu və
digər innovasiyalar xidməti fəaliyyətin səmərəsini
qat-qat artırıb.
- Azərbaycan Polisinin 102-ci ildönümü ərəfəsində
Sizinlə görüşürük. Elə Sizin Daxili İşlər
naziri təyin olunmağınızdan da bir il
ötür. Bu söhbətin Sizin həm də mətbuata
verdiyiniz ilk geniş müsahibə olduğunu nəzərə
alaraq, ötən birillik dövrlə bağlı təəssüratınızı
və fəaliyyətinizdəki əsas hədəfləri
oxucularla bölüşməyi xahiş edərdik...
- Cənab
Prezidentin, Ali Baş Komandanın tapşırıq və
göstərişlərini icra etməyi, nazir kimi
funksiyalarımı tam və yüksək səviyyədə
həyata keçirməyi əsas hesab edirəm. Dövlət Başçısı mənə
böyük etimad göstərib, bu etimadı doğrultmaq,
qarşıya qoyulan vəzifələrin icrasını təmin
etmək borcumuzdur.
Fəaliyyət hədəflərim barədə sual verdiniz. Ölkə rəhbərinin daxili işlər orqanları və mənim üçün müəyyən etdiyi başlıca hədəflər aydındır: daxili işlər orqanlarının qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə hazır olması, cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, kriminogen duruma nəzarətin gücləndirilməsi, ictimai sabitliyin davamlı olaraq möhkəmləndirilməsi, fəaliyyətimizlə vətəndaş məmnunluğunun artırlıması, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi və daha peşəkar, qətiyyətli, günün tələblərinə cavab verən kadrların hazırlanması əsas hədəflərdəndir.
Peşə bayramımız ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 26 əməkdaşımız dövlət mükafatlarına, 3 rəhbər vəzifəli şəxs ali xüsusi rütbəyə layiq görülüb. Xidməti fəaliyyətimizə verilən bu yüksək dəyərə görə bütün şəxsi heyət adından Dövlət Başçısına dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan Polisi Prezident, Ali Baş Komandan İlham Əliyevin inam və etimadını öz peşəkar xidməti ilə doğrultmaq üçün bundan sonra da var qüvvəsilə çalışacaq.
Müsahibəni
apardı:
İxtiyar
HÜSEYNLİ
Azərbaycan.-2020.- 2 iyul.- S.1;3.