“Əkinçi”dən başlayan milli mətbuata dövlət qayğısı

 

Azərbaycan Prezidenti İlham Əliyev ənənələrin qorunması və təbliği məqsədilə, KİV-in ölkəmizin ictimai-siyasi həyatındakı yerinimüasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixdə imzaladığı sərəncam da bunun təsdiqidir

Söz və mətbuat azadlığı hər bir xalqın taleyində mühüm amillərdən sayılıb. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, eləcə də ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı "Əkinçi”dən başlayaraq xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə, ölkəmizin davamlı inkişafına öz layiqli töhfəsini verib.

Demokratik cəmiyyətin formalaşmasında bu amilin oynadığı rol böyük əhəmiyyət daşıyıb. Məhz bu prinsipi əsas tutaraq Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu istər sovetlər dövründə, istərsə də müstəqillik illərində mətbuatın cəmiyyətin aynası funksiyasını yerinə yetirməsi üçün zəmin yaradılmasını vacib sayıb.

145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifpərvər, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanının ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazılıb.

Prezidentin 30 iyun tarixli sərəncamında ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanların yaranması xüsusi qeyd edilir: "1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”.

Müstəqil fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı olan və xalqımızın milli maraqlarını rəhbər tutan mətbuatın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Söz və məlumat azadlığının təmin olunması sahəsində yürüdülən siyasət nəticəsində bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində, 50-dən çox informasiya agentliyi isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərir.

Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycanda demokratik dövlət quruculuğu dövrü kimi tarixə yazılıb. Yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər azad və müstəqil mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib. Bununla da milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılıb. Bu siyasətin davamlılığını təmin etmək məqsədilə 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaradılıb.

Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə istər hökumət, istərsə də cəmiyyət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi”, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardan sayılır.

Milli mətbuatın yubileylərinin qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin bu sahənin inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da dövlət qayğısının tərkib hissəsidir.

Mətbuat Şurasının yeni binasının açılış mərasimində Prezident İlham Əliyevin jurnalistlər qarşısındakı çıxışı bir daha təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Ölkə rəhbərinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı isə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasətini bir daha ortaya qoydu.

Bu peşənin layiqli təmsilçiləri də dövlət başçısının KİV-ə daimi dəstəyini və qayğısını diqqətdən kənarda saxlamayıb. Jurnalistlər üçün yaşayış binasının dövlət vəsaiti ilə tikilməsi kimi xeyirxah bir missiya onları öz dostlarını seçməkdə çətinə salmayıb. "Ruh” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin 2010-cu ildə keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Prezident İlham Əliyev KİV-in inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

2013-cü il iyulun 22-də - Milli Mətbuat Günündə 156 mənzildən ibarət onyeddimərtəbəli birinci yaşayış binasının açılışında Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlini qoydu. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan media nümayəndələri 2013-cü ildə yenidən Prezident İlham Əliyevi "Jurnalistlərin dostuelan etdilər.

Dövlət başçısı jurnalistlər üçün tikilən ikinci binanın açılışını da əlamətdar tarixi gündə - milli mətbuatın yaradılmasının 142-ci ildönümü ərəfəsində etdi. Bu dəfə 255 jurnalist mənzillə təmin olundu. Açılış mərasimində Prezident bir daha bəyan etdi ki, mətbuat nümayəndələrinə bu qayğı davamlı olacaq. Tədbirdə, həmçinin media mənsubları üçün tikiləcək üçüncü binanın da təməli qoyuldu.

Milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması, orden, medal və fəxri adlarla təltif olunması da ölkəmizdə mətbuata dövlət qayğısının bariz nümunələrindəndir. Azərbaycan dövləti mətbuatın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret şəkildə ortaya qoyur. Ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV artıq formalaşıb, yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir. Azərbaycan müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. İnternet jurnalistikası inkişaf edir, söz azadlığı isə birmənalı şəkildə təmin olunub. Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər oxucuların görüşünə gəlir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Respublika əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəm onu nümayiş etdirir ki, ölkəmizdə azad media çox uğurla inkişaf edir.

Dövlət başçısının milli mətbuatın yubileyləri münasibətilə imzaladığı sərəncamlar, eləcə də jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atdığı addımlar KİV nümayəndələrinə yüksək qayğının əyani təzahürüdür.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 2 iyul.- S.1;7.