Yollarımız daha
rahat olacaq
Bu istiqamətdə həyata keçirilən yeni infrastruktur layihələri
əhalinin sosial problemlərinin həllinə
dəstək verir
Koronavirus pandemiyası hələ davam etsə də, ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər öz axarı ilə gedir. Bu, yeni yolların çəkilməsində və köhnələrin əsaslı təmirində aydın görünür.
Son aylar onlarca yeni yol istifadəyə
verilib. Prezident İlham Əliyevin
bu yolların əksəriyyətinin açılışında
iştirak etməsi bir daha onların
nə qədər önəmli olduğunu göstərir.
Yaşadığımız bu çətin və sınaq dolu vaxtda yolların
əhəmiyyəti bir
qədər də artır. Xüsusilə ərzaq məhsullarının
və digər yüklərin daşınmasında
yolların rahat olması çox vacibdir. Bu, istər
kənd, bölgə və şəhərlərimiz
arasındakı, istərsə
də Azərbaycanı
digər ölkələrlə
bağlayan yollara aiddir.
Yeni yollardan biri də bu il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra istifadəyə verilən Tərtər rayonundakı Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı
avtomobil yoludur. Uzunluğu 21,5 kilometr olan bu yol
6 min 800 nəfər əhalinin
yaşadığı 6 yaşayış
məntəqəsini birləşdirir.
Dördüncü texniki
dərəcəli yolun
hərəkət hissəsinin
eninin 6 metr, hərəkət zolaqlarının
sayının 2 olması,
yolboyu avtobus dayanacaqlarının, suötürücü
boruların, yol nişanlarının və
göstərici lövhələrin
quraşdırılması, cizgi xətlərinin çəkilməsi müasir
bir infrastruktur layihəsinin uğurla başa çatdığını
təsdiqləyir.
İyunun 22-də isə dövlət başçısı Bakının
Xətai rayonu, Neapol küçəsində
yeni yerüstü piyada keçidinin açılışında iştirak
edib.
Fərqli görkəmə malik, müasir texnologiyalar əsasında inşa olunan bu keçid
paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir. Yeni piyada
keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir.
2000-ci ildə salınan
və həmin il açılışında
Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi bu park paytaxt sakinlərinin sevimli istirahət məkanlarındandır.
Keçidin istifadəyə verilməsi
piyadaların təhlükəsizliyinə
xidmət edir. Belə ki,
indiyə qədər
onlar hər gün, xüsusilə axşam və səhər pik saatlarında yolu keçməkdə çətinlik
çəkirdilər. Bununla yanaşı, nəqliyyat vasitələrinin hərəkəti
üçün də
problemlər yaranırdı.
Beləliklə, indi artıq
bu ərazidə piyadalar təhlükəsiz
hərəkət edəcək,
avtomobillər isə tıxaca düşməyəcək.
Qeyd edək
ki, son illər avtomobil yollarında hərəkətin intensiv
olduğu ərazilərdə
yeraltı və yerüstü piyada keçidlərinin inşasına
xüsusi diqqət yetirilir. 2018-2019-cu illərdə
Bakıda və şəhərətrafı yollarda,
həmçinin magistrallarda
7 yerüstü və
yeraltı piyada keçidi istifadəyə
verilib. 2020-ci ilin
əvvəlindən indiyədək
paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin
kəsişməsində yeraltı
piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində
və Neapol küçəsində yerüstü
piyada keçidləri
inşa olunub. Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt
yollarında və digər ərazilərdə
piyada keçidlərinin
inşası yekunlaşmaq
üzrədir. Daha bir neçə yerdə bu cür qurğuların
tikintisi davam etdirilir.
Hazırda bilavasitə yol tikintisində də yeniliklər çoxdur. Məsələn, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə metronun "Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqların sayı 4-ə çatdırılıb. Paytaxtın şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxacların aradan qaldırılması üçün icra edilən bu layihə çərçivəsində "20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metrə qədər, magistral yol Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissədə hər iki istiqamət üzrə bir hərəkət zolağı enində genişləndirilib.
Son dövrdə Prezident İlham Əliyev yol tikintisi və təmiri ilə bağlı daha neçə-neçə sərəncam imzalayıb. Həmin sənədlərdən biri 24 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Kəlbəcər-Laçın (14 km)-Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad avtomobil yolunun tikintisinə aiddir. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitdən 9,6 milyon manat ayrılması barədə sərəncam verilib.
Dövlət başçısının daha bir sərəncamı ilə 6 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun tikintisi həyata keçiriləcək. Bunun üçün 5,6 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Prezident
Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət
sərhədi (4 km)-Şahnəzərli avtomobil yolunun tikintisi
üçün Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə 900 min manat vəsaitin ayrılması barədə
də sərəncam verib.
Hazırda paytaxtın Bakı şəhər Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işləri də davam etdirilir. Bu məqsədlə Prezidentin sərəncamına əsasən 2,85 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Dövlət başçısı dəfələrlə vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq infrastruktur layihələri ixtisar edilməyəcək. Yol tikintisində layihələrin ardıcıllıqla icra edilməsi bunu bir daha təsdiqləyir. Bu layihələr xüsusilə indiki dövrdə əhalinin sosial problemlərinin həllinə böyük dəstək verir.
Flora SADIQLI
Azərbaycan.-2020.- 2 iyul.- S.4.