Azərbaycan bütün
imkanlarını COVID-19-la mübarizəyə yönəldib
Əhalinin
sağlamlığı və onun təhlükəsizliyinin təmin
edilməsi dövlətin mühüm və prioritet vəzifəsidir
Dünya yeni tip koronavirusla mübarizədə keçən altı ayı geridə qoydu. Ötən yarım il ərzində ölkələr COVID-19-a qarşı mübarizə sahəsində müəyyən təcrübə qazandı. Lakin hələ də infeksiyanın qarşısını almaq üçün konkret vasitə, peyvənd olmadığı üçün pandemiyanın nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil.
Məhz bu qeyri-müəyyənlik ölkələri konkret addım atmağa qoymur. Bir çox məhdudiyyətləri aradan qaldıran ölkələr yenidən sərt karantin rejiminə keçirlər.
Mayın əvvəlindən həyata keçirilən yumşaltma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı. Bir çox vətəndaş yumşaldılmanı koronavirusun yox olması kimi anlayaraq qoyulan qaydalara riayət etmədi. Sosial məsafə saxlanılmadı, maska taxılmadı, nəticədə bu məsuliyyətsizliyin acı reallığı ilə qarşı-qarşıya qaldıq. İyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş yoluxma hallarının sayı 500-ü ötdü. Ölənlərin sayında artım oldu. Yoluxanlar arasında gənclərin, o cümlədən ağırlaşma halları olan xəstələrin sayı çoxaldı. Odur ki, 21 iyun tarixindən yenidən ölkədə karantin rejiminin uzadılmasına, bəzi rayon və şəhərlərdə sərtləşdirmələrə qərar verildi.
Koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlət hesabına həyata keçirilir
Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir. Hazırda gündəlik yoluxma sayında müəyyən qədər sabitləşmə təmin edilsə də, hələlik epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik koronavirusa yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıqdır. Bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də çətinləşdirir.
Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı. Belə ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi, müasir laboratoriyalar alındı, qoruyucu vasitələrin istehsalı təşkil edildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur. Üstəlik, ölkədə başqa xəstəlikləri olan insanlar da var. Pandemiyanın pik həddində İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə göstərilən ölkələrdə hətta ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular.
Nəzərə alınmalıdır ki, hər bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artdığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıb, dəhşətli bəladan qurtularaq öz ailələrinə qovuşub. Ona görə də xəstəxanalarda müalicənin pis aparılması, həkimlərin xəstələrə lazımi diqqət göstərməməsi kimi fikirlər səsləndirmək və ümumiləşdirərək bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı var. Bununla yanaşı, bəzi hallarda vətəndaşlar müstəqil şəkildə, ayrı-ayrı şəxslərin tövsiyələri əsasında müalicə olunmağa üstünlük verirlər ki, bunun da hansı ağır fəsadlara yol aça biləcəyi barədə dəfələrə TƏBİB tərəfindən xəbərdarlıq olunub. Bəzi şəxslərin apteklərdən külli miqdarda vəsait sərf edərək çoxlu sayda dərman preparatları alıb yığması halları da müşahidə olunur. Türkiyədə pandemiya başlayandan sonra vətəndaşların kütləvi şəkildə "Hydroxychloroquine” tərkibli preparatları alması halı müşahidə ediləndə bütün əczaxanalardan həmin dərman geri alındı və mərkəzləşdirilmiş qaydada virusa yoluxmuş xəstələrə verilməyə başlandı. Hər kəs bilməlidir ki, koronavirus xəstələrinin müalicəsi müvafiq protokola əsasən, xəstənin xüsusiyyətləri, yanaşı xəstəliyinin olub-olmaması, immun sisteminin vəziyyəti, hazırkı durumu nəzərə alınmaqla ixtisaslı həkimlər tərəfindən təyin olunur. Mövcud tələblərin nəzərə alınmaması hər bir fərd üçün ciddi fəsadlara səbəb ola bilər.
Həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq
Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar, əsasən, iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqları, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək, maska taxmamaq, məsafə gözləməmək yoluxmaya səbəb olan əsas amillərdəndir.
Bundan başqa, xəstəliyin ilkin simptomlarını özündə hiss edən şəxs tibbi xidmətə müraciət etmək əvəzinə, məsuliyyətsizlik edərək adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində də tək öz vəziyyətini ağırlaşdırmır, ətrafını da yoluxdurmağa davam edir.
Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur.
Təəssüf ki, hələ də bəzi şəxslər koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlükə yaratmaqda davam edir. Halbuki artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım, ilk növbədə, bu cür məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.
Hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısamüddətli, asan həlli yoxdur. Ona görə də davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Mövcud pozuntuların miqyasını azaltmaq, karantin rejimi dövründə daha müsbət nəticələr əldə etmək üçün iş yerlərində işçilərin saylarının azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi vacibdir. Vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməməli, gərəksiz yerə evdən çıxmamalıdırlar. İctimai yerlərdə tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.
Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaqdır
Azərbaycan hələ virusun ilk yayıldığı zamandan həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində qlobal böhrandan minimum itkilərlə çıxmağı bacaran ölkələr siyahısında yer aldı. Hətta respublikamızın mübarizə üsulu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digər dövlətlərə nümunə göstərildi. Dövlət aylardır bütün imkanlarını koronavirusla mübarizəyə yönəldib. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətin apardığı mübarizədə əhali də həmrəylik nümayiş etdirməlidir. Dövlətimizin bütün çağırışlarına əməl etmək indiki məqamda ən böyük vətənpərvərlik nümunəsidir. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə əməl etməlidirlər. Hazırda virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Biz pozuntulara qarşı nə qədər barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafdakı insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 2 iyul.- S.5.