Karantin rejimi əhalinin təhlükəsizliyinin təmini üçün vacibdir

 

Azərbaycan dövləti üçün heç bir iqtisadi səbəb vətəndaşların sağlamlığından öndə ola bilməz

 

Dünyada pandemiyanın yol açdığı qeyri-müəyyən vəziyyət davam edir. Hazırda koronavirus infeksiyası karantin rejimləri tətbiq olunmamışdan əvvəlki sürətinə qayıdıb. Dünyada yoluxma sayı 10 milyonun üzərinə çıxıb. Ölkələrdə virusun qarşısını almaq üçün tətbiq olunan sərt karantin rejimləri nisbətən yumşaldılan andan etibarən inanılmaz aqressivliklə yoluxma sayı artmağa başlayıb. Xüsusilə pandemiya tələblərinə əməl edilməməsi virusun yayılmasında birbaşa rol oynayır.

Tibb aləmi isə vaksin axtarışında və bu bəladan qurtuluş üçün peyvəndin sınaqları ilə məşğuldur. Amma hələlik yeni növ koronavirusa çarə tapılmasının yaxınlarda gözlənilmədiyi də acı gerçəklikdir.

 

 

Xəstəliyin yol aça biləcəyi fəsadların qarşısını almaq üçün tədbirlər görülür

 

 

Azərbaycanda da COVID-19-a qarşı bütün istiqamətlər üzrə mübarizə aparılır. Xəstəliyin yol aça biləcəyi fəsadların qarşısının alınması üçün mümkün tədbirlər görülür.

Təəssüf ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətini artırıb. İyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötübdür. Buna görə də dövlətimiz tərəfindən infeksiyanın yayılma sürətini azaltmaq üçün yenidən virusa yoluxma sayının çoxluq təşkil etdiyi ərazilərdə iyunun 12-dən etibarən sərt karantin rejimi tətbiq edilib.

Vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Pandemiya dövründə də əhalinin sosial təminatı və iqtisadi dayanıqlığının təmin edilməsi üçün bütün tədbirlər görülüb və hazırda da görülməkdə davam edir. Bu isə onun göstəricisidir ki, Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

 

 

Gündəlik yoluxma sayında müəyyən sabitləşmə müşahidə olunur

 

 

Tətbiq edilən ciddi karantin rejiminin nəticəsidir ki, gündəlik xəstəlik sayında müəyyən qədər sabitləşmə təmin edilibyoluxma sayının daha yüksək rəqəmlərə sıçramasının qarşısı alınıb.

Eyni zamanda görülən qabaqlayıcı tədbirlər şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdan istifadənin nisbətən aşağı düşməsinə rəvac verib. Məlumdur ki, virusun sürətli yayılmasının başlıca səbəbi insanların ictimai nəqliyyatdan daha çox istifadə etməsi, kütləvi yerlərdə toplaşması və burada da sosial məsafəni gözləməməsi, maskadan istifadə etməməsidir. Hazırda isə əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

 

 

 

Hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz

 

 

 

Amma arxayınlaşmaq, ehtiyatı əldən vermək olmaz. Təhlükə davam edir və COVID-19 Yer üzündən, eləcə də Azərbaycandan yox olmayıb. Gözəgörünməz bəla atacağımız hər hansı diqqətsiz addımı gözləyir ki, yoluxuculuq sürətini artırsın.

Buna görə də ölkəmizdə hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.

O da faktdır ki, koronavirus təkcə səhiyyə və tibb müəssisələrinin yox, bütün sahələrin vəziyyətini pisləşdirir, hətta dərin böhranlara sürükləyir.

 

 

 

Pandemiya dövrünün qısa zamanda bitməsini gözləmək sadəlövhlükdür

 

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətli üzvləri də vaxtaşırı pandemiya ilə bağlı üzücü məlumatlar verir, qlobal böhranın nə qədər sürəcəyini dəqiq söyləməkdə çətinlik çəkirlər. Hazırkı halda ölkələrdə yumşaldılmalar nəticəsində yaranacaq arzuolunmaz nəticələr barədə xəbərdarlıqlar edirlər.

Bəli, bu bir reallıqdır ki, pandemiya dövrünün qısa zamanda bitməsini gözləmək sadəlövhlükdür. Bu böhranlı vəziyyət bir neçə həftə deyil, daha uzun müddət davam edə bilər. Birmənalı şəkildə hər kəs bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemdən qısa müddətli çıxış yolu yoxdur.

Yeganə ümid yolu məsuliyyətli davranış, vətəndaş həmrəyliyidir. Buna görə də həyatımızı yeni növ koronavirusun şərtlərinə uyğun tənzimləməliyik. Davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailə daxilində, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn, maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir.

 

 

İzahı mümkünsüz davranış

 

 

Bəzən isə xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasına davam edir, özünü müalicə etməyə çalışır. Nəticədə həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir.

Bu kimi arzuolunmaz və izahı mümkünsüz məsuliyyətsiz davranışlardan biriiyulun 1-də paytaxtın Səbail rayonunda baş verib. Belə ki, COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə gorə ev səraitində müalicə təyin edilmiş şəxsin qaydalara baxmayaraq yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birində olması aşkarlanıb. Təbii ki, o, davranışı müqabilində müvafiq qaydada məsuliyyətə cəlb olunub, amma yol açdığı təhlükənin fəsadlarını heç bir cəza növü yüngülləşdirə bilməz. Ona görə də vətəndaşlarımız qəti şəkildə bu kimi məsuliyyətsiz addımlar atmamalı, eqoizm nümayiş etdirməməlidirlər. Bu onu göstərir ki, vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması virusa yoluxma hallarını azaltmağa imkan vermir.

Hələ burada karantin postlarını keçməyə cəhd edən minlərlə sürücünün, maskasız gəzən insanların, yas mərasimlərində iştirak edənlərin, ad günü, toy təşkil edənlərin məsuliyyətsizliyindən danışmadıq...

 

 

 

Normal həyata qayıtmağın sadə şərtləri

 

 

Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün işçilərin evdən işləməsi üçün növbəli və məsafəli iş rejiminin tətbiqi çox vacibdir. Vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməməli, indiki halda ən təhlükəsiz yerin məhz evləri olmasını qəbul etməlidirlər. İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişis.) vətəndaşların hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.

Həqiqət budur ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Zərurət olmadan evdən çıxmamaq, sosial məsafə saxlamaq, maska taxmaq, gigiyenik qaydalara riayət etmək hazırkı yaşam şərtlərimizə çevrilməlidir. Pandemiya şərtlərinə nə qədər ciddi əməl etsək, bu qaydaları pozanlara qarşı qınaq nümayiş etdirsək, normal həyata qayıtmağımız da bir o qədər tez və sürətli olar.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 3 iyul.- S.1;7.