Həmrəylik, dostluq
və əməkdaşlıq missiyası
Leyla xanım
Əliyevanın təşəbbüsü ilə yaranan RAGB Rusiyadakı azərbaycanlı gənclər
üçün düşüncə, anlaşmaq, yaratmaq, birləşmək
və inkişaf platformasıdır
Azərbaycanla Rusiyanı elə möhkəm, qırılmaz tarixi tellər bağlayır ki, Azərbaycanın həyatında Rusiya, Rusiyanın həyatında isə daim Azərbaycan olacaq. İki ölkə arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlər, dostluq, mehriban qonşuluqla müşayiət olunur.
Hər iki dövlətin Prezidentinin intensiv qarşılıqlı rəsmi və işgüzar səfərləri xüsusən son illərdə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası, hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.
Yüksək siyasi münasibətlər digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan verən mühüm amildir. Bu gün iki dövlət arasında mədəni-humanitar sahədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Xüsusilə qeyd etmək istərdim ki, bu sahədə münasibətlərin genişlənməsində və inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Yarandığı gündən xeyirxahlıq ünvanına çevrilən Heydər Əliyev Fondu Rusiyada indiyədək çoxsaylı tədbirlər, xeyriyyə aksiyaları, müxtəlif layihələr həyata keçirib. Bütün bunların hər biri Azərbaycanla Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfə verməklə yanaşı, həm də ölkəmizin təbliğinə, Azərbaycan həqiqətlərinin qonşu dövlətin ictimai-siyasi mühitinə çatdırılmasına xidmət edib.
Mehriban xanım Əliyevanın 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülməsi, 2014-cü ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılması qayğısına görə 2017-ci ildə "II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni və 2019-cu ildə Prezident Vladimir Putinin fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif olunması onu göstərir ki, Rusiyanın ictimai-siyasi dairələri Mehriban xanım Əliyevanın dövlətlərarası əlaqələrin inkişafına xidmət edən bütün addım və təşəbbüslərini, Heydər Əliyev Fondunun reallaşdırdığı layihə və proqramları yüksək minnətdarlıqla qarşılayır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, "Baku” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri, ictimai xadim Leyla xanım Əliyevanın da təşəbbüsü ilə indiyədək Rusiyanın müxtəlif şəhərlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun abidəsinin, XIV-XV əsrlərin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin heykəlinin, eyni zamanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) İmadəddin Nəsiminin büstünün qoyulması məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə baş tutub. Bu, iki ölkənin mədəni həyatında mühüm hadisə kimi tarixə düşüb.
Leyla xanım Əliyeva mütəmadi olaraq Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirir, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edərək onları reallaşdırır. Bu baxımdan Leyla xanım Əliyevanın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyəti qürurvericidir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən addımlar bu ölkənin ictimai-siyasi mühiti tərəfindən təqdir olunur, qiymətləndirilir.
Əlbəttə, bu cür uğurlu münasibətlər Rusiyada məskunlaşan, çalışan və təhsil alan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakına və təşkilatlanmasına xüsusilə mühüm təsir göstərən amildir. Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Moskvada təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Birliyi də (RAGB) Rusiyada yaşayan, çalışan və təhsil alan gənclərimizi bir araya gətirən və onların bu ölkənin ictimai həyatında fəal iştirakına xidmət edən uğurlu layihədir. Leyla xanım Əliyevanın təşəbbüsünü fəal dəstəkləyən azərbaycanlı gənclər RAGB adı altında bir araya toplanaraq Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, sevgisini dünyaya bəyan etdilər. RAGB-nin təsis olunması ilə həm də Rusiyadakı Azərbaycan diasporunun yeni nəsli yarandı, azərbaycanlı gənclərin bu ölkədə daha fəal olması üçün uğurlu bir platforma meydana gəldi.
RAGB-nin məqsədi gənc azərbaycanlıların yaşadığı, təhsil aldığı, işlədiyi çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiya olunmasına kömək etmək, Azərbaycanın mədəni irsinin, milli-mədəni dəyərlərinin təbliği, təhsilin inkişaf etdirilməsi, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqi, cəmiyyətin mənəvi və əxlaqi əsaslarını qorumaq və möhkəmləndirməkdir. Hələ 2009-cu ilin aprel ayında Rusiyanın "İzvestiya” qəzetinə müsahibəsində Leyla xanım Əliyeva təşkilatın məramı barədə deyirdi: "Bu, ilk növbədə, Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirməyə yönəlmiş könüllü və hamı üçün açıq olan ictimai təşkilatdır. Qısa və sadə dildə desək, RAGB həmin gənclərdə vətənpərvərlik duyğuları və eyni zamanda milliyyətindən, yaşından, dini əqidə və başqa fərqlərdən asılı olmayaraq, bütün insanlara münasibətdə dözümlülük tərbiyə etməyə yardımçı olmağı planlaşdırır. Öz milli mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamaq problemi Rusiyada yaşayan həmvətənlərimiz, xüsusən də gənclər üçün çox aktualdır. Rusiya ali məktəbləri nəzdində yaradılmış azərbaycanlı gənclər klubları və onların bazasında formalaşmış RAGB bu məsələlərin həllinə kömək edir”.
Ötən illərin mənzərəsi göstərir ki, təşkilat bu amallara layiqincə xidmət edib, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla reallaşdırıb. Təsadüfi deyil ki, Rusiyada ictimai həyatın bütün sahələrində RAGB-nin həyata keçirdiyi layihələri görmək mümkündür. Hazırda Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın Azərbaycan gənclərinin 2500-dən çox təşəbbüskar və kreativ nümayəndələrini birləşdirən 55 regional bölməsi fəaliyyət göstərir. Təşkilatın fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. Başlıca vəzifələrdən biri xeyirxah və faydalı işlər görməkdir. Təşkilatda birləşən gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkil edirlər. Artıq neçə ildir ki, "Qanın milliyyəti yoxdur” adlı təmənnasız qanvermə aksiyaları keçirilir.
RAGB təhsil əlaçılarını dəstəkləyir və həvəsləndirir, Rusiyada keçirilən peşə müsabiqələrində iştirak edir, "Nə? Harada? Nə vaxt?”, "Şən və Hazırcavablar Klubu” kimi populyar intellektual oyunlar, konfranslar, liderlik məktəbləri təşkil edir. Bütün bunlar, o cümlədən təşkilatın keçirdiyi "Heydər Əliyev Kuboku” uğrunda mini-futbol çempionatı, digər idman oyunları, "RAGB Universiadası və turizm toplantıları” da Rusiyada böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, azərbaycanlılarla yanaşı, rusiyalı gənclər təşkilatın bütün tədbirlərində məmnuniyyətlə iştirak edirlər.
Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin əsl səbəblərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərmək, müxtəlif layihələr, tədbirlər reallaşdırmaq təşkilatın qarşıya qoyduğu başlıca vəzifələrdən biridir. Hər il Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın şəhərlərində 20 Yanvar hadisələri, Xocalı soyqırımı ilə bağlı anım mərasimlərinin keçirilməsi bu məqsədə xidmət edir.
RAGB-nin uğurlu fəaliyyəti nəticəsində Rusiya ictimaiyyəti xalqımızın zəngin mədəni irsi və tarixi keçmişi barədə daha dərin məlumata malikdir. Artıq təşkilatın xətti ilə Novruz bayramı, 28 May Respublika Günü, Milli Həmrəylik Günü və dövlətimizin digər əlamətdar bayram günləri ilə bağlı tədbirlərin keçirilməsi ənənəyə çevrilib. Qürurverici haldır ki, Leyla xanım Əliyevanın rəhbərliyi ilə RAGB bu istiqamətdə ötən 11 ildə mühüm uğurlara imza atıb və Rusiya ictimaiyyətində kök salmış erməni yalanlarının qarşısını layiqincə almaq üçün irihəcmli layihələr reallaşdırıb.
Bu gün RAGB Rusiyanın ən fəal gənclər təşkilatlarından biridir. Azərbaycanın və Rusiyanın görkəmli siyasi və ictimai xadimləri RAGB-nin fəaliyyətini yüksək qiymətləndirir, təşkilatın gördüyü işlərin əhəmiyyətini vurğulayırlar. Ötən il iyunun 24-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Nəbatət Bağında” RAGB-nin yaranmasının 10 illiyinə həsr olunan "Azərbaycan Mədəniyyəti Günü” adlı möhtəşəm tədbirlə təşkilatın Leyla xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyi bir daha Rusiya ictimaiyyətinə təqdim olundu.
Leyla xanım Əliyevanın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, RAGB-nin sədri kimi fəaliyyəti Rusiya ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib. Belə ki, Leyla xanım Əliyeva 2012-ci ilin sentyabrında "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə, 2013-cü il dekabrın 20-də "III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı, 2015-ci ilin oktyabrında Rusiya Federasiyasının "Puşkin” medalı ilə təltif edilib. Həmin il noyabrın 4-də Xalq Birliyi Günü şərəfinə keçirilən qəbulda Rusiya Prezidenti Vladimir Putin "Puşkin” medalını Leyla xanım Əliyevaya təqdim edib. 2016-cı ilin sentyabrında isə Leyla xanım Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə” medalına layiq görülüb.
Bir faktı da qeyd edim ki, dünyanı çənginə alan koronavirus infeksiyasının yayılması ilə əlaqədar Leyla xanım Əliyevanın tapşırığı ilə RAGB tərəfindən Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarına dəstək göstərilib. Pandemiya səbəbindən yataqxanalarda qalmalarına icazə verilməyən və bununla da qalmağa yeri olmayan, kömək üçün müraciət edən tələbələrə RAGB tərəfindən yardım göstərilib. Təşkilat onların tezliklə vətənə qayıtmaları ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Sıraları ildən-ilə artan RAGB hər il bir-birindən maraqlı layihələr həyata keçirir. Təşkilatımızın Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə də əməkdaşlığı ildən-ilə genişlənir. Uğurlu fəaliyyətinin nəticəsi olaraq RAGB-nin bu gün Azərbaycanla Rusiya arasındakı dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, mədəniyyətlərarası dialoqun dəstəklənməsinə böyük töhfə verən bir ictimai təşkilata çevrilməsi çox böyük uğurdur. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi təşkilatın fəaliyyəti Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsi, elm, təhsil, yaradıcılıq üzrə layihələrin, həmçinin ictimai təşəbbüslərin reallığa çevrilməsi baxımından əvəzolunmazdır. RAGB bu gün Rusiyada yaşayan azərbaycanlı gənclər üçün düşüncə, anlaşmaq, yaratmaq, birləşmək və inkişaf platformasıdır.
RAGB-nin İdarə Heyəti bu gün doğum gününü qeyd edən Leyla xanım Əliyevanı təbrik edir, ona həyatda və ictimai fəaliyyətdə müvəffəqiyyətlər arzu edir. Əminik ki, Leyla xanım Əliyevanın rəhbərliyi ilə RAGB bundan sonra da öz fəaliyyətini yüksək əzmlə həyata keçirərək qarşısında dayanan bütün vəzifələri layiqincə yerinə yetirəcək.
Emin HACIYEV,
Milli Məclisin deputatı,
RAGB İdarə
Heyətinin üzvü, iqtisad
elmləri namizədi
Azərbaycan.-2020.- 3 iyul.- S.4.