Ermənistanın gerçək
üzü
Erməni terror təşkilatları Fransada, xüsusən Lionda xeyli fəal idilər. Lionun ermənilər tərəfindən mərkəz kimi seçilməsi səbəbsiz deyildi. Şəhərin 2 mln. nəfər əhalisinin 80 min nəfəri erməni idi. Türkiyə, Suriya və Livandan gəlmiş ermənilərin çoxu burada sosialist, kommunist partiyalarına üzv olmuşdular. Fransada Türkiyə əleyhinə 8 gizli erməni təşkilatı var idi. Təkcə Lionda Türkiyə əleyhinə 3 erməni təşkilatı fəaliyyət göstərirdi. Fransanın bir çox şəhərlərində olduğu kimi, Lionda da fransız senatorların dəstəyilə tarixdə heç bir zaman olmamış uydurma "erməni soyqırımı”na üç abidə ucaldılmışdı. Türkiyənin Lion şəhərindəki baş konsulu Okan Gezer ermənilərdən tez-tez təhdid dolu məktublar alırdı. Məktublarda onlar Türkiyəyə qarşı əsassız torpaq ərazisi iddiaları ilə çıxış edir, qisas alacaqlarını yazırdılar.
Ermənilər Fransanın Marsel şəhərində
də fəallaşmışdılar. Onlar Türkiyə
konsulluğunun binasına bomba qoydular. Amma Fransa polisi bu
bombanı zərərsizləşdirdi.
Erməni təşkilatları Yunanıstanda da xüsusi
fəallıq göstərirdilər. Türkiyənin
Afinadakı səfirliyinin əməkdaşı Galib Özmen
və ailə üzvləri erməni terrorunun hədəfinə
tuş gəldilər. Terror aktı nəticəsində
Özmen və 14 yaşlı qızı Esmer həlak oldu, həyat
yoldaşı Sevil Özmen və oğlu Alper isə
ağır yaralandı.
Avqustun 5-də Fransanın Lion şəhərində
"Erməni gizli azadlıq ordusu” terror təşkilatının
üzvü olan iki nəfər türk konsulluğunun
binasına soxularaq konsulun oturduğu yeri göstərməyi tələb
etdi. Təhlükəsizlik xidməti əməkdaşlarının
işə qarışması nəticəsində
terrorçular konsulu qətlə yetirə bilməsələr
də, iki nəfəri öldürdülər, bir neçə
adamı yaraladılar.
Türklərə qarşı təhdidlər ABŞ ərazisində
də davam edirdi. 1980-ci il avqustun 11-də Nyu Yorkda
Türkiyənin BMT-dəki nümayəndəliyinin və
türk konsulluğunun yerləşdiyi Türk evinin
qarşısına üstündə türk diplomatlarından
qisas alınacağı barədə yazının olduğu vərəqələr
yapışdırıldı. Binaya "Erməni
qrupu” imzası qoyulmuş partlamayan bombalar atıldı.
1980-ci il sentyabrın 26-da Parisdə türk səfirliyinin
mətbuat məsələləri üzrə müşaviri Səlcuq
Bakkalbaşı ASALA terror təşkilatının üzvlərinın
açdığı atəşlə yaralandı və
ömürlük əlil oldu.
Oktyabrın 3-də İtaliyada - Milanda Türk Hava
Yollarının ofisi qarşısında ASALA-nın törətdiyi
partlayış nəticəsində iki nəfər italiyalı
yaralandı.
Bu hadisədən üç gün sonra Türkiyənin
Los-Ancelesdəki baş konsulu Kamal Arkanın
yaşadığı evə yandırıcı butulka
atıldı.
Edilən telefon zəngində
partlayışın "ermənilər naminə” törədildiyi
bildirildi.
Oktyabrın 12-də Nyu York şəhərində erməni
terrorçuları tərəfindən
qaçırılmış avtomobilə qoyulmuş bomba
türk mehmanxanasının yaxınlığında
partladıldı.
Həmin tarixdə Londonda Türkiyə turizm və
informasiya bürosunun binası qarşısında ASALA
terrorçuları partlayış törətdilər.
Fransanın Strasburq şəhərində Türkiyə
konsulluğunun yerləşdiyi binanın qarşısında
noyabrın 9-da erməni terrorçuları tərəfindən
törədilən partlayış nəticəsində ətrafa
ziyan dəydi.
İtaliyanın paytaxtı Romada Türkiyə turizm
bürosunun və Türk Hava Yollarının ofislərinin
yerləşdiyi binalar qarşısında ASALA tərəfindən
noyabrın 19-da partlayışlar törədildi.
Dekabrın 17-də Avstraliyanın Sidney şəhərində
erməni terror qrupu tərəfindən baş konsul Şerik
Erseki və səfirliyin təhlükəsizlik məsələləri
üzrə attaşesi Engin Sever qətlə yetirildilər.
Terror aktları 1981-ci ildə də davam etdirildi. Türkiyənin
Fransadakı baş konsulluğunu tutmaq planını
hazırlamış Yan Kaskayanın yaratdığı
"Ölümə gedənlər eskadronu” binaya xeyli ziyan
vurdu.
Parisdəki türk səfirliyinin iqtisadi məsələlər
üzrə müşaviri Ahmet Erbeylinin maşınında
yanvarın 14-də "Aleks Yeniköməciyanın dəstəsi”
tərəfindən partlayış törədildi.
ASALA-nın iki terrorçusu Türkiyənin
Fransadakı səfirliyinin əmək məsələləri
üzrə müşaviri Reşat Moralıya və Parisdəki
Anadolu bankının nümayəndəsi İlkay
Karakoça martın 4-də atəş açdı. Moralı
öldürüldü, maşında olan və yaralanan Teselli
Arı isə xəstəxanada vəfat etdi.
Erməni terrorçuları martın 12-də Türkiyənin
Tehrandakı səfirliyinə basqın edərək mühafizəçiləri
öldürdülər.
Aprelin 3-də Türkiyənin Danimarkadakı səfirliyinin
əmək məsələləri üzrə attaşesi
Kavit Demir Kopenhagendə ASALA terror təşkilatının
üzvləri tərəfindən atəşə tutuldu.
Kaliforniyada Los-Ancelesdə erməni
terrorçularının Anahaym Konvent mərkəzinə yerləşdirdikləri
bombanın partlaması nəticəsində iyunun 3-də
türk xalq rəqs ansamblının konserti
dayandırıldı.
İsveçrədə
- Cenevrədə türk konsulluğunun katibi Mehmet Savaş
Ergüz iyunun 9-da iş yerindən çıxarkən
terrorçu M.Camdostyan tərəfindən
öldürüldü. Onun həbs edilməsindən
sonra yeni terror təşkilatı olan "9 iyun”
yaradıldı.
İyunun 11-də Ara Toronyanın
başçılıq etdyi terror qrupu Parisdə Türk Hava
Yollarının ofisinin yerləşdiyi binanı tutdu. Lakin
fransız təhlükəsizlik xidməti əməkdaşları
onları zərərsizləşdirdi.
Danimarkada
Kopenhagendə "Altıncı erməni azadlıq ordusu” tərəfindən
sentyabrın 15-də Türk Hava Yollarına məxsus
binanın qarşısında bomba partladılması nəticəsində
bir neçə nəfər yaralandı.
Parisdə dörd nəfər erməni terrorçusu
sentyabrın 24-də türk konsulluğunun binasını
tutdu. Konsul Kaya İnalı və təhlükəsizlik
xidmətinin əməkdaşı Kemal Özen ağır
yaralandı. Terrorçular 56 nəfəri
girov götürdülər. Özen xəstəxanada
vəfat etdi.
Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökbörk
Erceokan oktyabrın 25-də erməni terrorçusunun atəşinə
tuş gəldi. Ağır yaralanan ikinci katib
terrorçuya cavab atəşi açdı. Lakin o, qaçıb aradan çıxdı.
1982-ci ildə də erməni terrorçuları türk
diplomatlarına və binalarına qarşı aktları
dayandırmadılar. Yanvarın 13-də ASALA
terrorçuları Türkiyənin Torontodakı
konsulluğunun binası qarşısında partlayış
törətdilər. Binaya ziyan dəydi.
Üç nəfər silahlı erməni martın 12-də
Türkiyənin Kanadadakı səfirliyinin binasını atəşə
tutdu. Atışmada kanadalı təhlükəsizlik xidmətinin
əməkdaşları öldürüldü. Səfirliyə hücumdan bir neçə gün əvvəl
ABŞ-ın Müdafiə naziri K.Uaynberger Konqresin nümayəndələr
palatasında bəyanat verərək türk
diplomatlarının və vətəndaşlarının
öldürülməsini pisləmişdi.
ABŞ
Müdafiə nazirinin siyasi məsələlər üzrə
köməkçisi F.S.Aykl 1982-ci ilin mart ayında verdiyi bəyanatında
deyirdi: "Ən təhlükəli və bununla belə diqqətdən
kənarda qalmış terror təşkilatlarından biri - Ermənistanın
azadlığı uğrunda erməni gizli ordusu rəsmi olaraq
elan etmişdir ki, onun strateji məqsədi
Türkiyənin şərq hissəsini öz nəzarəti
altına almağa nail olmaq, onu necə deyərlər,
Türkiyə idarəçiliyindən "azad etmək” və
Ermənistan Sovet Sosialist Respublikasına birləşdirməkdir...
Erməni gizli ordusunun fəaliyyətinin bilavasitə
Moskvadan idarə edilib-edilməməsindən asılı
olmayaraq, o, yaxşı hazırlıq keçmiş və
günahsiz adamları amansızlıqla qətlə yetirən
ordudur. O, Türkiyənin müttəfiqi olan dövlətlərə
və qanunpərəst erməni icmasına təhlükə
törədir”.
Almaniya
Federativ Respublikasının Dortmund şəhərində yerləşən
bir neçə türk ticarət şirkətinin binası
aprelin 24-də "Yeni erməni müqaviməti” təşkilatının
terrorçuları tərəfindən bomba
partlayışı nəticəsində
dağıdıldı.
ABŞ-ın Boston şəhərində türk fəxri
konsulu Orhan Gündüz maşınında erməni
terrorçusu tərəfindən mayın 4-də qətlə
yetirildi.
Florida ştatının Tampa şəhərində
türk konsulluğuna mayın 18-də soxulmaq istəyən
erməni terrorçularının qarşısı
alındı.
Portuqaliyanın Lissabon şəhərində Türkiyə
səfirliynin inzibati-təsərrüfat məsələləri
üzrə attaşesi Erkut Akbay və xanımı Nadide Akbay
yaşadıqları evin qarşısında iyunun 7-də erməni
terrorçuları tərəfindən
öldürüldülər.
Dörd nəfər erməni terrorçusu iyulun 1-də
Türkiyənin Niderland krallığında Amsterdamdakı
baş konsulu Kemalettin Demirerin avtomobilini atəşə tutdu.
Avqustun 7-də Ankarada Esenboğa hava limanında gözləmə
salonunda oturanlara ASALA terrorçuları atəş
açdı.
Terrorçuların bir nəfəri
restorandakı 20 nəfəri girov götürdü. Təhlükəsizlik xidmətinin əməkdaşları
ilə atışmada 9 nəfər öldü, 82 nəfər
yaralandı. Terrorçu Levon Əkməkçiyan
həbs edilərək məhkəmə qarşısında
dayandı.
Parisdə Türkiyə səfirliynin turizm üzrə
attaşeliyinin mühafizəçiləri avqustun 12-də erməni
terrorçuları tərəfindən atəşə
tutuldu.
Erməni terrorçusu Türkiyənin Kanadadakı səfirliyinin
hərbi məsələlər üzrə attaşesi,
polkovnik Atilla Altıkatı avqustun 27-də
maşınında öldürdü.
Bolqarıstanın Burqas şəhərindəki
Türkiyə konsulluğunun inzibati-təsərrüfat məsələləri
üzrə attaşesi Bora Suelkan sentyabrın 9-da öz evində
erməni terror təşkilatı ASALA-nın əməkdaşı
tərəfindən qətlə yetirildi.
ABŞ-da
Kaliforniya ştatının Los-Anceles şəhərindən
olan beş nəfər erməni
terrorçusu oktyabrın 26-da Pensilvaniya ştatının
Filadelfiya şəhərindəki türk konsulluğunun
binasında və baş konsul Kanot Erbeyin otağında
partladıcı qurğunu quraşdırarkən həbs
edildilər.
1983-cü
il yanvarın 22-də Parisdə iki nəfər
erməni terrorçu Türk Hava Yollarının ofisinin yerləşdiyi
binaya əl qumbaraları atdı. Yalnız təsadüf
nəticəsində ölən olmadı.
Belçikada - Brüsseldə Türk Hava
Yollarının binasında erməni terrorçuları
fevralın 2-də partlayış törətdilər.
Fevralın 28-də Türkiyənin "Marmara travel
agency” şirkətinin binasına ASALA tərəfindən
qoyulan bombanın partlaması nəticəsində 9 nəfər
fransız əməkdaş yaralandı.
Türkiyənin Belqraddakı səfiri Qalib Balkar və
sürücüsü Necati Keyer terror təşkilatının
üzvləri olan Krikor Levonyan və Rafi Elbekyan tərəfindən
martın 9-da atəşə tutuldular. Səfir qətlə
yetirildi, sürücüsü isə ağır yaralandı.
Yuqoslaviya orqanları terrorçuları həbs etsə də,
az sonra azad edilərək Yunanıstanda
sığınacaq tapdılar.
Belçikada
Türkiyənin "Marmara travel agency” və səfirliyin mədəniyyət-informasiya
mərkəzinin ofisləri qarşısında ASALA tərəfindən
güclü partlayışlar mayın 24-də törədildi.
İyunun 16-da bu təşkilata mənsub olan
terrorçular İstanbulun Kapalıçarşı ticarət
mərkəzində atəş açdılar, qumbaralar ataraq
iki nəfəri öldürdülər, 21 nəfəri
yaraladılar.
Brüsseldəki Türkiyə səfirliyinin attaşesi
Dursun Aksoyu iyulun 14-də erməni terrorçuları
maşınında qətlə yetirdilər. Bundan bir
gün sonra Parisdə Orli hava limanında yerləşən
Türk Hava Yollarının kassası qarşısında
törədilən partlayış nəticəsində 8 nəfər
həlak oldu. Onların 4-ü fransız,
2-si türk, 1-i amerikalı, 1-i isveçrəli idi. Hadisədə 60 nəfər yaralandı. ASALA-nın Fransadakı şöbəsinə
başçılıq edən Suriya mənşəli 29
yaşlı Varocan Karapetyan və adamları terror
aktını törətdiklərini etiraf etdilər.
Beş nəfər erməni terrorçusundan ibarət
qrup iyulun 27-də Türkiyənin Lissabondakı səfirliyini ələ
keçirməyə, cəhd etdi. Onlar səfirin
müavinini, həyat yoldaşını və
övladlarını girov götürdülər. Terrorçuların əlindəki bombanın
partlaması nəticəsində səfirin həyat
yoldaşı və dörd terrorçu öldü. Terrorçulardan biri təhlükəsizlik xidməti
əməkdaşları ilə atışmada
öldürüldü. Bir nəfər
polis əməkdaşı qətlə yetirildi. Cinayətə görə məsuliyyəti "Erməni
azadlıq ordusu” adlı terror təşkilatı öz üzərinə
götürdü. Bu hadisə ilə əlaqədar
olaraq iyulun 28-də ABŞ Prezidenti Ronald Reyqanın verdiyi bəyanatda
deyilirdi: "Türkiyənin Lissabondakı səfirinə
qarşı Portuqaliyada dünənki sui-qəsd türk
diplomatlarına və digər günahsız adamlara
qarşı qəddar, nizamsız aksiyalar seriyasında axırıncı
olmuşdur. Erməni azadlıq ordusunun məsuliyyət
daşıdığı dünənki sui-qəsd nəticəsində
səfirin həyat yoldaşı ölmüş,
uşağı yaralanmışdır. Elə
iki həftə bundan əvvəl Brüsseldə türk
diplomatı evindən çıxarkən qətlə
yetirilmiş, bir gün əvvəl isə Türkiyənin
yeddi nəfər vətəndaşı Paris hava limanında
öldürülmüşdür. Həmin
günlərin dəhşətlərinə heç bir real və
yaxud uydurma inciklik bəraət qazandıra bilməz. ABŞ xalqı və hökuməti adından
Türkiyə hökumətinə və günahsız
qurbanların ailə üzvlərinə dərin hüznlə
başsağlığı verirəm. Lakin
başsağlığı ilə kifayətlənmək
azdır. Mən sivil cəmiy-yətlərdə
belə vəhşi və insanlıqdan kənar hərəkətlərə
son qoymaq üçün təcili və daha əlaqəli tədbirlər
görmək barədə bu günlərdə digər
dövlətlərin rəhbərləri ilə
danışacağam”.
80-ci illərdən etibarən erməni terror təşkilatları
fəaliyyətlərini İran ərazisində də
genişləndirmişdilər. 1984-cü il
martın 28-də iki erməni terrorçusu Tehranda Türkiyə
vətəndaşı İsmayıl Pamukçunu ağır
yaraladı. ASALA bu terror aktına görə məsuliyyəti
öz üzərinə götürdü. Səfirliyin birinci katibi Hasan Servet Ötkem də
terror nəticəsində yaralandı. İran
polisi Türkiyə səfirliyinin binası
qarşısında üç nəfər erməni
terrorçusunu həbs etdi. Səfirliyin
maliyyə müşavirinin maşınına bomba qoyan
terrorçu partlayış nəticəsində öldü.
Erməni
terror qrupları 1984-cü il martın 29-da
Türkiyənin Los-Ancelesdəki konsulluğuna göndərdikləri
məktubda bu şəhərdə keçiriləcək
olimpiadada türk idmançılarının
iştirakının qarşısını almaq
üçün ölümlə hədələdilər. Aprelin 8-də ASALA təşkilatı Livandan
Türkiyəyə uçan bütün təyyarələri
partlatmaqla hədələdi. Yenə həmin
təşkilat aprelin 26-da Türkiyənin Baş Naziri Turqut
Özala məktub göndərərək İrana səfərini
təxirə salmağı tələb etdi. Əks təqdirdə təyyarəsini
partladacağını bildirdi. Bu hadisədən
iki gün sonra iki nəfər erməni terrorçusunun
törətdiyi sui-qəsd nəticəsində Tehranda
Türkiyə vətəndaşı İşık Yönder
maşınında öldürüldü.
Türkiyənin Avstriyadakı səfirliyinin sosial məsələlər
üzrə müşavirinin koməkçisi Erdoğan
Özen iyunun 20-də maşınının
partladılması nəticəsində öldü. Bir neçə
avstriyalı polis əməkdaşı yaralandı.
Sentyabrın 3-də İstanbulda Topkapı
sarayının qarşısında maşına bomba qoymaq istəyən
iki nəfər livanlı erməni bombanın vaxtından əvvəl
partlaması nəticəsində öldü.
BMT-nin Vyanada yerləşən sosial və humanitar məsələlər
mərkəzinin əməkdaşı, milliyyətcə
türk olan Enver Ergün noyabrın 19-da maşınında qətlə
yetirildi.
1984-cü ilin dekabrında AFR-də Münxendə
türk konsulluğunun binası qarşısında bir bomba
partladıldı.
Bütün bunlar erməni terror təşkilatlarının
qanlı fəaliyyətinin yalnız bir neçəsidir.
Sovet hakimiyyəti illərində xarici ölkələrdən
ermənilərin Ermənistana gətirilib yerləşdirilməsi,
digər xalqların sıxışdırılması, azərbaycanlıların
vəhşicəsinə deportasiya edilməsi yolu ilə Ermənistanın
erməniləşdirilməsi və türksüzləşdirilməsi
irqçiliyin həm nümunəsi, həm də konkret nəticəsidir.
Ermənistan
Respublikasında irqçilik və terrorçuluq dövlət
siyasətidir
Dövlət
müstəqilliyi elan edildikdən sonra Ermənistan hakimiyyəti
əsası erməni terror-siyasi təşkilatları tərəfindən
qoyulmuş, daşnak Ermənistanında dövlət siyasətinə
çevrilmiş, sovet Ermənistanında isə mahiyyətcə
eyni, lakin şəraitə uyğun olaraq formaca başqa
yollarla davam etdirilən terrorçuluq, irqçilik və
işğalçılığı varislik kimi qəbul etdi.
1991-ci ildən sonra ötən illərin təcrübəsi
göstərir ki, Ermənistanda hakimiyyətdə partiyalar
bir-birini əvəz etsə də, erməni
ünsürünün həyat tərzi olan və
"dövlət ənənəsi”nə çevrilmiş bu
siyasət davam etdirilir. Əslində, bu
üç amil - terrorçuluq, iqrçilik və
işğalçılıq müasir Ermənistanın təməlini
təşkil edir və gerçək simasını göstərir.
Yüzlərlə təkzibolunmaz faktlardan yalnız bir
neçəsinə diqqət yetirək. Azərbaycana qarşı əsassız
ərazi iddialarının gedişində 200 min nəfərdən
çox azərbaycanlının vəhşicəsinə
tarixi, dədə-baba torpaqlarından qovulması ilə
yanaşı, digər xalqlara da qarşı məqsədli
şəkildə yürüdülən ayrı-seçkilik
siyasəti nəticəsində Ermənistan monoetnik dövlətə
çevrilib. Bu gün Ermənistanda "bir millət,
bir kilsə, bir din, bir mədəniyyət” konsepsiyası
dövlət siyasətidir.
Avropa
Şurası tərəfindən 2017-ci il fevralın 13-də
qəbul edilmiş Milli Azlıqların Müdafiəsi
haqqında Çərçivə Konvensiyası üzrə
Məşvərətçi Komitənin hesabatında qeyd
olunur ki, Ermənistan monoetnik dövlət olduğundan burada
milli azlıqların mədəniyyətləri və dillərinin
inkişafına az yer verilir, beynəlxalq
insan və milli azlıqların hüquqlarının
müdafiəsi normaları pozulur, həmçinin
ayrı-seçkiliyin qadağan edilməsi barədə qanunun
qəbul edilməsi gecikdirilir.
Müstəqilliyini elan edən zaman Ermənistanda təxminən
60 min yezidi kürd yaşayırdı. Avropa Şurasının
Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə
Konvensiyası üzrə Məşvərətçi Komitənin
Ermənistanın vəziyyətinə dair dördüncü
hesabatında qeyd olunur ki, toplanmış məlumatların
qeyri-dəqiqliyi, qeyri-şəffaflığı və 2011-ci
il əhalinin
siyahıyaalınmasının nəticələrinə dair məlumatın
dərc edilməsinin 2013-cü ilin dekabrına qədər
gecikdirilməsi nəşr olunmuş yekun nəticələr
haqqında şübhə yaradır. Məşvərətçi
Komitənin hesabatında qeyd edilir ki, yezidilərin sayı
2001-ci ildə 40.620-dən 2011-ci ildə 35.308-dək
azalıb. Ermənistan dövlətinin
milli azlıqlara qarşı həyata keçirdiyi siyasət
nəticəsində azsaylı yezidilər və digərləri
Ermənistanın ictimai-siyasi və mədəni həyatında
iştirak edə bilmirlər. Yezidilərə
münasibətdə tez-tez alçaldıcı,
ayrı-seçkilik formalaşdıran fikirlər səsləndirilir,
cinayətlər törədilir. Bu isə
Ermənistanda qatı millətçiliyin və şovinizmin
olduğunu təsdiq edir.
Yəhudilərin
də ayrı-seçkiliyə məruz qaldığı Ermənistanda
antisemitizm 3 səviyyədə mövcuddur: erməni cəmiyyətində
antisemitizm; hakimiyyət və siyasətçilər tərəfindən
dəstəklənən antisemitizm; KİV vasitəsilə təbliğ
olunan antisemitizm. Hələ 1959-cu ilin statistik
göstəricilərinə görə, sovet Ermənistanında
yəhudilərin sayı 10 min nəfər idi. 2018-ci ildə isə Ermənistanda yaşayan yəhudilərin
sayı bəzi mənbələrdə 100 nəfər, bəzi
mənbələrdə isə 500 nəfər göstərilir.
Bu azalmanın başlıca səbəbi
antisemitizmin artması və irqçiliyin dövlət siyasətinə
çevrilməsidir. Amerikada nəşr olunan "The
Algemeiner” yəhudi qəzetində "Ermənistanda yəhudilərə
qarşı: açıq-aşkar və təhlükəli”
adlı məqaləsində yazılır: "Erməni cəmiyyətində
antisemitizm hərəkətlərinin artması və iqtisadi vəziyyətin
çökməsi yəhudiləri ölkəni tərk etməyə
vadar etmişdir. Cəmi 20 il ərzində Ermənistanın
yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir
neçə yüz nəfərə enmişdir”.
Ermənistanın rəsmi qurumlarının bilavasitə
rəhbərliyi ilə Azərbaycana qarşı törədilən
yüzlərlə terror aktı bu iyrənc ənənənin
davam etdiyini göstərir.
İrqçiliyin və terrorçuluğun Ermənistanda dövlət siyasəti olmasının başqa bir nümunəsi - ideyasını Hitlerin "Mənim mübarizəm” kitabından götürmüş "erməniçilik” ideologiyasının banisi, İkinci Dünya müharibəsi illərində yəhudilərin öldürülməsində xüsusi rol oynamış Qaregin Njdeyə 2016-cı ilin may ayında İrəvanda ucaldılmış heykəl və onun açılışında həmin vaxt prezident olan Serj Sarkisyanın iştirakı oldu. İndiki Ermənistan rəhbərliyinin bu heykəli sökməməsi, terrorçuların adına orden və medalların təsis edilməsi, küçə və prospektlərin verilməsi, onların haqqında filmlərin çəkilməsi, mətnlərin dərsliklərə daxil edilməsi bir daha təsdiq edir ki, hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, terrorçuluq, irqçilik və işğalçılıq Ermənistanda dövlət siyasətidir. Terrorçunun abidəsini görən, dərsliklərdə terrorçuların milli qəhrəman kimi təbliğ edildiyi mətnləri oxuyan şagirdlər özlərini görəsən kimə bənzədəcəklər? Məncə, cavab aydındır.
* * *
Ümumiyyətlə, təkzibedilməz faktlar və rəsmi İrəvanın fəaliyyəti bir daha sübut edir ki, indiki Ermənistanın dövlət siyasətinin təməlində əsası erməni terror-siyasi təşkilatları tərəfindən qoyulmuş, daşnak Ermənistanında dövlət siyasətinə çevrilmiş, sovet Ermənistanında bu və ya başqa formada davam etdirilmiş terrorçuluq, irqçilik və işğalçılıq dayanır. Ona görə də heç bir erməni xadiminin terrorçuluq və irqçilik əleyhinə danışmağa mənəvi haqqı yoxdur.
Musa QASIMLI,
Milli Məclisin
deputatı,
AMEA-nın
müxbir üzvü
Azərbaycan.-2020.- 3 iyul.- S.5.