“Milli
şura”nın məqsəd və fəaliyyət
formalarına ötəri nəzər salmaq
kifayətdir ki, onun antimilli şura olduğuna əminlik yaransın
Özünə şərəfli bir ifadədən istifadə edərək ad qoymuş milli şuranın nə millət, nə də xalq anlayışları ilə hər hansı əlaqəsinin olmadığını Azərbaycanda uşaq da bilir. Şübhəli və qaranlıq niyyətlərini gizlətmək üçün “xalq”, “millət” anlayışlarının bəzi partiyalar və hərəkatlar tərəfindən konspirativ element kimi istifadə edilməsi tarixdən yaxşı məlumdur. 2013-cü il prezident seçkiləri ərəfəsində müxtəlif adlarla meydana gələn və nəhayət, “milli şura” adını qəbul edən qruplaşmanın Azərbaycanın milli maraqlarından qaynaqlandığını düşünmək siyasi sadəlövhlükdən başqa bir şey deyil. Sadəcə olaraq, həmin qruplaşmanın Azərbaycanın siyasi sisteminə uyğunlaşdırılması məqsədilə onun xalqda rəğbət yarada biləcək ad altında təqdimatı kimi konspirativ metoddan istifadə edildi. Nəticə etibarilə “milli şura” adlanan, əslində millət və xalq anlayışları ilə heç bir əlaqəsi olmayan pozucu, mahiyyətcə isə antimilli qruplaşma yaranmış oldu. Buna görə də onun “milli şura” deyil, “antimilli şura” adlandırılması daha doğru və ədalətli olar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun özünün “facebook” səhifəsində paylaşdığı “Antimilli şura” sərlövhəli məqaləsində yer alıb.
Əli Əhmədov məqaləsində qeyd edib: “Siyasi partiyanın, yaxud qruplaşmanın mahiyyətini onun adı deyil, məqsədləri və fəaliyyət formaları müəyyən edir. Haqqında söhbət etdiyimiz qrupun məqsəd və fəaliyyət formalarına ən ötəri nəzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında antimilli şura olduğuna əminlik yaransın. Əvvəla, onun yaranması tarixi şübhələr və müəmmalarla doludur. 2013-cü ilin prezident seçkiləri ərəfəsində cərəyan edən siyasi proses və qruplaşmalar, açıq şəkildə özünü büruzə verən xarici maraqlar milli şuranın yaranmasında əsas rol oynayan amillər olub. O zamankı təhlilçilərin birmənalı rəyinə görə, milli şura bir sıra maraqlı xarici qüvvələrin layihəsi kimi meydana gəlmişdi. 2013-cü il iyun ayının 7-də qurumun təsis yığıncağının beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilməsi kiçik bir epizod olsa da, obrazlı şəkildə desək, doğulan körpənin göbəyini kimlərin kəsməsi barədə təsəvvür yaradır. Lakin bu körpənin dünyaya gəlməsində daha əhəmiyyətli rol oynamış “ata” və “anası” da olmamış deyildi. Ancaq maraqlı olan budur ki, onlar da Azərbaycanın siyasi mühitinin yetirmələri sayılmırdı və bu səbəbdən yarana biləcək şübhələri aradan qaldırmaq üçün “körpəyə” milli ruha asanlıqla yol tapan ad qoymaq lazım idi. Beləliklə, milli şura adı meydana gəldi. Bundan yaxşısını düşünmək mümkün deyildi: həm şərəfli tarixi var (Azərbaycan Xalq Cümhuriyyətini 1918-ci ilin may ayının 27-də yaradılmış Müvəqqəti Milli Şura elan etmişdi), həm də bu ad altında millətin maraqlarının şəriksiz ifadəçisi roluna iddia etmək mümkün idi.
Adətlərinə uyğun olaraq, Azərbaycanın sərhədlərindən kənarda kimlərinsə göstərdiyi yağlı tikədən pay qoparmaq istəyənlər də tələm-tələsik milli şuranın ətrafında toplaşaraq, yad maraqların ifadəçisi kimi xəyanət yoluna yuvarlandılar. Lakin xoşbəxt anlar çox çəkmədi. 2013-cü ilin prezident seçkilərində xalq səsini onun maraqlarının həqiqi və layiqli təmsilçisi İlham Əliyevə verdi. Milli maraqlara xəyanət edib yağlı tikədən pay almaq həvəsi ilə yenicə yaradılan quruma qoşulanlar vaxt itirmədən oranı tərk etdilər, çünki onun ləkəli imicinə şərik olmaq artıq heç nə vəd etmirdi. Yalnız Əli Kərimli və Cəmil Həsənli “milli şurada” antimilli fəaliyyətlərini davam etdirmək seçiminə “sadiq” qaldılar və bu günə qədər də həmin “yola” sədaqətlə xidmət edirlər.
Milli şuranın antimilli mahiyyəti onun mayası ilə şərtlənsə də, yalnız yaranması tarixi ilə məhdudlaşmır. Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsidir. Azərbaycanın onların iştirak etmədiyi tarixində onlarla, yüzlərlə sözün həqiqi mənasında insanda iftixar hissi yaradan hadisələr olub. Mən onların yalnız bir neçəsini sadalamaq istəyirəm: əsrin möhtəşəm neft müqaviləsinin imzalanması və üç dənizin əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin inşa edilib istifadəyə verilməsi (məhz onların sayəsində ölkəmizin iqtisadiyyatı və geopolitik vəziyyəti əsaslı surətdə güclənə bildi), gənc dövlət üçün inanılmaz diplomatik nailiyyət sayılan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi (bu uğura keçmiş SSRİ respublikaları olan müasir müstəqil dövlətlərdən yalnız bir neçəsi nail ola bilib), hazırda isə BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi, ölkəmizin Avropanın ən mötəbər mahnı müsabiqəsində qalib çıxaraq növbəti müsabiqənin 2012-ci ildə Bakıda keçirilməsi, Birinci Avropa Oyunlarının Azərbaycanda baş tutması, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, ən mötəbər idman yarışlarında idmançılarımızın uğurları, Ramil Səfərovun Azərbaycana ekstradisiyası, Aprel döyüşlərində düşmənə endirilən möhtəşəm zərbə, cəbhəçilərin hakimiyyəti dövründə xarabazarlığı xatırladan Bakının, digər şəhərlərin, bütünlüklə ölkənin simasının kökündən dəyişməsi, sadalanması çox vaxt aparan daha nə qədər uğurlar və nailiyyətlər. Soruşmaq istəyirəm: ayrı-ayrılıqda hər biri milli qürur və iftixar mənbəyi ola biləcək bu uğurlarımızın hansına “milli şura” adını götürmüş qrupun üzvləri azacıq da olsa sevindilər? Heç birinə. Tam əksinə, əllərindən gələni etdilər və bu gün də edirlər ki, Azərbaycanın haqqında onun layiq olmadığı təsəvvürləri yaratsınlar.
Sadaladıqlarım “milli şuranın” antimilli mahiyyətini ifadə edən faktların heç də hamısı deyil. Bu və ya digər səbəblərlə əlaqədar Azərbaycanın üzləşdiyi çətinliklərə sevinmələri orada toplaşanların xislətinin ən eybəcər cəhəti kimi hamıya məlumdur. Nə qədər inanılmaz olsa da, o insanlar bir-birini ölkəmizin üzləşdiyi çətinlik və ya problemlərlə təbrik edirlər. Dünya bazarında neftin qiymətinin ucuzlaşması münasibətilə antimilli şura üzvlərindən birinin digərinə gözaydınlığı verməsi cəmiyyətə yaxşı məlumdur. İndi isə, yəqin ki, əlləri göylərdə dualar edirlər ki, koronavirus Azərbaycana daha çox problem yaratsın. Çoxdan müşahidə etdiyimiz mənzərədir: xalqımızın sevincinə səbəb olan, onu ruhlandıran hadisələr baş verəndə onlar yasa batır, problem yarandıqda isə bayram edirlər. Nə yaxşı ki, tale onlara tez-tez sevinməyi nəsib etməyib (söhbət heç bir halda şəxsi həyat anlarından getmir). Bayramı xalqın bayramı, dar günü xalqın dar günü ilə bir olmayanların xalqın dostu adlandırılmağa mənəvi haqqı çatmır. Onlar bədniyyətlər və bəduğurlardır. Onlar harada varsa, orada qan tökülür, faciələr yağır, səfalət yaşanır. Xalq cəbhəsi yaranan gündən Azərbaycanda xalq bir-birini əvəzləyən ağrı-acılar yaşamağa başladı: erməni təcavüzü genişləndi, cəbhədə qanlar töküldü, 1990-cı ilin 20 Yanvar faciəsi baş verdi, Gəncədə vətəndaş müharibəsi alovlandı, xalq çörəklə sınağa çəkildi, ölkə parçalanmaq həddinə çatdırıldı. Bir partiya bir neçə ilin içərisində xalqa nə qədər faciələr yaşada, nə qədər qanlar tökə bilər?!
Mən
bunları ona görə xatırladıram ki, indi “milli
şura” adlanan, əslində isə antimilli şurada
toplananlar həmin bədniyyət və bəduğurların
qalıqlarıdır. Nə yaxşı ki,
tariximiz yalnız onlardan
ibarət deyil. Müasir
tariximiz əsasən və daha çox gəlişi
ilə ölkəyə sabitlik, əmin-amanlıq,
ruzi-bərəkət gətirənlərin tarixidir.
Bir daha onun şahidi olduq ki, heç
bir xalq onun tarixini antimilli
ruhlu adamların yazmasına nə razı
olar, nə də imkan
verər”.
Azərbaycan.-2020.- 3 iyul.- S.7.