Azərbaycan dövlətinin turizm sektoruna verdiyi dəstək təqdir olunur
Doğrusu, indiki çətin zamanda nikbin mövzudan - turizmdən danışmaq adamda istər-istəməz ani də olsa xoş əhval yaradır, COVID-19-un ən yaxın gələcəkdə həyatımızı tərk edəcəyinə inamı artırır.
Yavaş-yavaş da olsa inanmağa başlayırıq ki, çox çəkməyəcək, yenə də məzuniyyətimizi harada və necə keçirməyimizi planlaşdıracağıq, istirahət və bayram günlərində "piknik” üçün seçəcəyimiz yeri götür-qoy edəcəyik, xarici qonaq qəbul edib, xaricə qonaq gedəcəyik.
Bəli, bu gün iqtisadiyyatın aparıcı və gəlirli sahələrindən olan turizm təkcə ölkə üzrə ÜDM-dəki çəkisinə görə yox, həm də əhalinin sosial durumuna qiymət vermək sarıdan əvəzsiz sektordur. Elə bu səbəbdən mütəxəssislər pandemiyanın ən çox ziyan vurduğu sahələrdən danışarkən ilk növbədə turizm sektorunu qeyd edirlər. Dünyanın 150-yə yaxın ölkəsinin sərhədlərini bağlaması adi statistika deyil. Bu, turizm sektorunun dünya üzrə 1,5 trilyon dollar itkiyə məruz qalması deməkdir. Əgər nəzərə alsaq ki, COVID-19 hələ meydan sulamaqda davam edir və ÜST pandemiyanın nə vaxt ləğv ediləcəyi tarixi açıqlamaqda çətinlik çəkir, həmin rəqəmin artacağı şübhəsizdir.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Polikaşvili arasında videokonfransın keçirilməsinin əhəmiyyəti böyükdür. Əvvəla, ÜTT-nin təşəbbüsü ilə keçirilən bu videokonfransdakı müzakirələrdən məlum oldu ki, dünya artıq pandemiyadan sonrakı dövrə hazırlaşır. Bu isə, qeyd etdiyimiz kimi, əhalinin COVID-19 sindromundan qurtulub normal həyata dönməsi üçün vacib amildir. İkincisi, videokonfransda Z.Polikaşvilinin pandemiyadan sonrakı dövrdə ÜTT-nin ölkəmizdə turizm sektorunun dirçəlməsi üçün tövsiyə və köməyini əsirgəməyəcəyini bildirməsi bir daha sübut etdi ki, Azərbaycan sürətlə dünyanın turizm mərkəzlərindən birinə çevrilir və dövlətin bu prosesdə iştirakı təqdirəlayiqdir.
Bunu təsdiqləyən digər fakt bir il əvvəl ÜTT İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsi və Z.Polikaşvilinin Ümumdünya Turizm Təşkilatının Baş katibi seçildikdən sonra ilk səfərlərindən birini Azərbaycana etməsidir. Prezident İlham Əliyev videokonfransda həmin hadisələrə belə qiymət vermişdir: "Görüşümüz yadımdadır. O zaman siz nisbətən yaxın vaxtda Ümumdünya Ticarət Təşkilatının Baş katibi kimi mühüm vəzifəyə seçilmişdiniz. Zənnimcə, sizin ilk səfərlərinizdən biri Azərbaycana olub. O vaxt biz görüşdük və birlikdə turizm sərgisinə getdik. Beləliklə, görüşlərimizi xatırlayıram və keçən il Bakıda ÜTT İcraiyyə Şurasının iclasında iştirak etdiyinizə görə də sizə təşəkkürümü bildirmək istərdim. Belə bir mühüm beynəlxalaq təşkilatın Şura iclasının Bakıda keçirilməsini biz Ümumdünya Turizm Təşkilatı tərəfindən dostluq və dəstək əlaməti kimi qiymətləndiririk”.
ÜTT-nin Azərbaycana nümayiş etdirdiyi bu münasibətin isə əsaslı səbəbləri var. Və o səbəblərdən biri pandemiyadan əvvəl Azərbaycanın turizm sektorunun sürətlə inkişaf etdiyi ölkələr sırasında olmasıdır. Təkcə keçən il ölkəmizə 3 milyondan çox əcnəbi turist gəlmişdir ki, bu da əvvəlki ilə nisbətən 15 faiz artım deməkdir. Son 4-5 ili götürsək, bu artım 10-24 faiz civarında olmuşdur.
Azərbaycanın özəlliklərindən biri də odur ki, ölkəmizdə turizm həm dövlətin, həm də özəl sektorun sərmayələri hesabına inkişaf edir. O layihənin ki, icrasında dövlətin maddi dəstəyinə ehtiyac var, problem yoxdur - dövlət iş adamının yanındadır. O layihə ki, külli miqdarda investisiya tələb edir, yenə dövlət yaxasını kənara çəkmir - bütün vasitə və imkanları ilə sahibkarı tək qoymur.
Elə bu çətin günlərdə də dövlət bütün özəl sahələrdə işləyənlər kimi, pandemiyadan ən çox ziyan çəkən turizm sektorunda çalışanlara da hər cür kömək edir. Prezident İlham Əliyev videokonfransda bu barədə demişdir: "Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”.
Bəs,
Prezidentin bu sözlərinin arxasında nə dayanır? Yenə də dövlət başçısından
sitat: "Biz turizm sektorunun işçilərinin
əməkhaqlarının çox hissəsini ödəmişik ki, onların dolanışıq
üçün vəsaiti
olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə
edirlər ki, işçilərin sayı
müəyyən qədər
ixtisar edilir. Buna görə də
mən hökumətə
məlumat vermişəm
ki, bu məsələyə
baxılsın və turizm sektorunun dəstəklənməsi davam
etdirilsin”.
Amma bu da turizm sektorunda
çalışanlar üçün
pandemiya dövründə
yeganə xilas yolu deyil. Sərhədlər bağlı olduğundan daxili turizmə tələbatın artmasını
nəzərdə tuturuq.
Düzdür, videokonfransda da
qeyd olunduğu kimi, bu, bütünlükdə
vəziyyətdən çıxmaq
üçün çox
azdır. Amma bütün
hallarda heçdən
çoxdur və indiki vəziyyətdə bundan istifadə edib sektoru müəyyən
qədər ayaqda saxlamaq lazımdır.
Xüsusən də dövlət başçısı
buna dəstək verirsə: "...pandemiya dövründə biz daxili
turizmə böyük
diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda bütün turizm infrastrukturunun, o cümlədən regionlarda
müəyyən dərəcədə
doldura bilər.
Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini
nəzərə alaraq,
əlbəttə, daxili
turizm sənayesini dəstəkləyən amil
ola bilər”.
Bu yerdə biz haşiyəyə
çıxmaq istərdik. Məsələ bundadır ki, adətən daxili turizmdə əsas iştirakçı paytaxt
sakinləridir. Yəni regionlardakı
istirahət mərkəzlərinə
üz tutanların əksəriyyəti adətən
Bakıda yaşayanlar
olur. Bakıdan isə məlum
səbəblərdən ən
yaxşı halda iyul ayının üçüncü ongünlüyünəcən
regionlara gediş-gəliş
mümkün olmayacaq.
Deməli, sözügedən sektorun daxili turizm hesabına vəziyyətdən müəyyən
qədər çıxması
sərt karantin tədbirlərinin nə qədər davam edəcəyindən, dolayısı
ilə bizim həmin tədbirlərə
nə dərəcədə
məsuliyyətlə yanaşacağımızdan
asılıdır.
Bununla birlikdə
bütün dünya,
o cümlədən Azərbaycan
pandemiyanın ləğvindən
sonra turizm sektorunun bərpa yolları üzərində
çalışır. Hərçənd bu, elə də
asan məsələ deyil, külli miqdarda vəsait tələb edir. Elə
COVID-19-un üzündən yaranan iqtisadi böhranda həmin vəsaiti tapmaq da problemdir. Amma belə bir vəziyyətdə
Azərbaycan turizm sektorunun postpandemiya dövründə dirçəlməsi
üçün bütün
tədbirləri görməkdə
israrlıdır. Prezident
İlham Əliyev:
"Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq... biz bu sahəyə sərmayə qoyulmasını
bundan sonra da davam etdirəcəyik,
əcnəbi turistlər
üçün daha yaxşı şərait yaradacağıq. Ona görə
ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var”.
Raqif MƏMMƏDLİ
Azərbaycan.-2020.- 4 iyul.- S.1;4.