Cənab Prezident,
hər bir vətəndaşımızı
düşünərək qəbul etdiyiniz
bütün qərarları dəstəkləyirik
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.
Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir qismini təqdim edirik.
Ağcabədi rayonundan müəllim Vüsalə Əliyeva yazır: “Hörmətli cənab Prezident, biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır. Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq”.
Biləsuvar rayon Veteranlar Təşkilatının sədri Məhərrəm Kazımlı: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır. Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev! Yaşasın müstəqil Azərbaycan Ordusu!”.
Ağdam rayonundan məcburi köçkün Raqub Cəfərov: “Möhtərəm cənab Prezident, yeni növ koronavirus infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır. Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.
Bakının Suraxanı rayonundan Orxan Əlizadə: “Hörmətli cənab Prezident, bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.
Ağcabədi rayonunun Taynaq kəndindən Fatma Quliyeva: “Möhtərəm cənab Prezident, dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu, ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökumət başçısı susdu, çünki bu, həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq”.
Zaqatala rayonundan Mehnurə İsmayılova: Möhtərəm cənab Prezident, Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqının yanında olan Prezident olduğunuzu göstərdi. Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir”.
Gəncə şəhərindən professor Azad Bayramov: “Möhtərəm cənab Prezident, Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz!”.
Goranboy rayonunun Muzdurlar kəndindən İlahə Paşayeva: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən bu pandemiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkcə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz işimizlə Sizin etimadınızı dogruldacağımıza, layiqli vətəndaş olmagımıza söz veririk. Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk”.
Zaqatala rayonundan Namidə Süleymanova, Aybəniz Kələşova və Xanım İsayeva yazırlar: “Möhtərəm cənab Prezident, məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq”.
Biləsuvar rayonundan Nurəngiz Bədəlova: “Hörmətli cənab Prezident, ilk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm. Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm. Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladıgınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun!”.
Zaqatala rayonunun Əliabad qəsəbəsindən Elçin Zamanov: “Çox hörmətli cənab Prezident, əvvəlcə Azərbaycan xalqının mənafeyi naminə gördüyünüz bütün işlər üçün Sizə ürəkdən gələn minnətdarlığımı bildirirəm. Bütün dünya ölkələrini cənginə almış koronavirus pandemiyasının Azərbaycanda təzahürləri hələ görülməmişdən əvvəl ölkəmizdə gerçəkləşdirdiyiniz təxirəsalınmaz tədbirlər sayəsində xalqımız bu pandemiyanın ciddi təsirlərindən qoruna bildi. Məhz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusa yoluxanların sayı dünya ölkələri ilə müqayisədə azlıq təşkil etməkdədir. Bu pandemiya günlərində Siz əməlinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bütün bu işlərinizə görə Sizə şəxsən öz adımdan, ailəmin və kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirir və uzun ömür, cansağlığı arzulayıram”.
Bakı şəhərindən müəllim Səriyyə Ziyadova-Eyvazova: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır. Son illər ərzində görülən genişmiqyaslı işlər, min bir əziyyət hesabına ərsəyə gələn sosial və infrastruktur obyektləri bunu deməyə əsas verir. Respublikamızda abad yollar çəkilib, gözəl şəhərlər yaradılıb, müasir məktəblər və xəstəxanalar tikilib xalqın istifadəsinə verilmişdir. “ASAN xidmət” də Sizin uğurlarınızdan biridir. Gənc nəslin nümayəndələrinə geniş imkanlar açmağınız, onları dövlət idarəçiliyində irəli çəkməyiniz təqdirəlayiqdir. Pandemiya dövründə uşaqlar və gənclər təhsildən geri qalmadılar. Virtual dərslərin təşkil olunması buna şərait yaratmışdır. Şagirdlər və tələbələr bu imkandan lazımınca faydalanmağa çalışırlar. Əziz Prezidentimiz, Sizə bu çətin və şərəfli yolda həndəsi silsilə şəklində böyük uğurlar arzulayıram”.
Saatlı
rayonu Dəllər kəndinin sakinləri adından
Əlimuxtar Muxtarov: “Hörmətli cənab Prezident, Azərbaycan
Respublikasının vətəndaşı olaraq, pandemiya
dövründə Sizin mərkəzində ölkə vətəndaşının
sağlamlığı dayanan fəaliyyətinizə görə
həm öz adımdan, həm də Saatlı rayonunun Dəllər
kəndinin sakinləri adından sonsuz minnətdarlığımı
bildirməyi özümə borc bilirəm. Cənab Ali Baş Komandan,
Sizin müvafiq
tapşırığınızla aztəminatlı ailələrə
təyin edilən birdəfəlik yardım bizim
kəndimizdə də bir çox
ailənin güzəranının yaxşılaşmasına
səbəb olmuşdur. Bu
məqamda bir ailənin Sizə olan alqışını, duyğusunu
nəzərinizə çatdırmaq istəyirəm. Ailə deyir: "Allah Prezident İlham
Əliyevin atası Heydər babaya rəhmət
eləsin, Özünə isə uzun və
sağlam ömür versin". Bəli, hörmətli Prezidentimiz, biz Sizin Ulu Öndərin yolu ilə həyata keçirdiyiniz
daxili və xarici siyasəti
bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu
ifadə etmək istəyirik. Tanrı Sizi,
ailənizi və bütün Azərbaycan
xalqını gözəgörünməz bəla və
müsibətlərdən hifz etsin!”.
Azərbaycan.-2020.- 4 iyul.- S.3.