Azərbaycan dövləti koronavirusun qarşısının alınması üçün zəruri addımlar atır

 

Sərt karantin rejimi sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq baxımından vacibdir

 

 

İl başlayandan bəşəriyyət COVID-19 adı verilən yeni tip koronavirusla mübarizəyə atılıb. Altı aydır dünyanın bütün ölkələri öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. Dövlətlər qlobal pandemiyaya qarşı savaşda müxtəlif üsullara əl atsa da, hələ də koronavirusa qalib gələ bilmirlər.

Bu kiçik mikroorqanizm hər gün minlərlə insanı yoluxdurur, canlar alır. Artıq dünyada COVID-19-a yoluxan xəstələrin sayı 11 milyonu ötüb, 600 minə qədər insan virusdan həyatını itirib. Heç bir ölkənin səhiyyə sistemi sayı sürətlə artmaqda olan xəstələrin müalicəsini tam təşkil edə bilmir.

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxma faktı 19 mini keçib. İyulun 2-ə olan məlumata görə, ölkədə müalicəsi davam etdirilən koronaviruslu xəstələrdən 241 nəfəri reanimasiyalardadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub. Ölkəmizdə ötən müddət ərzində bu virusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı isə 500 mini ötüb.

 

 

Azərbaycan dövləti üçün heç nə əhalinin sağlamlığından öndə ola bilməz

 

 

Azərbaycan dünyanı bürümüş pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Dövlət koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə lazımi, zəruri addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə yanvar ayından başlayaraq səmərəli tədbirlər həyata keçirilir. Tbbi baxımdan ən inkişaf etmiş ölkələrin belə, bu xəstəliklə mübarizədə aciz qaldığı zamanda ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimiz bütün imkanlarını virusun fəsadlarının aradan qaldırılmasına səfərbər etdi. Ölkəmiz bu çətin durumdan az itkilərlə çıxmaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirərək nümunəvi mübarizə ortaya qoydu.

Lakin mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı. Bəzi vətəndaşların məsuliyyətsizliyi, qoyulan qaydalara riayət olunmaması, sosial məsafə saxlanılmaması, maska taxılmaması nəticəsində iyun ayının ortalarından ölkə ərazisində koronavirusa gündəlik yoluxma hallarının sayı 500-ü ötdü. Bu da yoluxma hallarının daha çox qeydə alındığı bəzi ərazilərdə sərt karantin rejiminin yenidən tətbiqini zəruri etdi.

Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında xüsusi karantin rejiminin 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılmasına qərar verdi.

Bundan başqa, 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti, eləcə də xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2 həftə ərzində şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Vətəndaşlar anlamalıdılar ki, sərt karantin rejimi sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq baxımından vacibdir. Hazırda qoyulmuş qaydalara əməl etmək, məsafə saxlamaq, təcrid olunmaq, maska taxmaq virusa yoluxmanın qarşısını alan əsas şərtlərdəndir.

Ekspertlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, bəzi vətəndaşlar ya maskadan istifadə etmirlər, ya da maskanı düzgün taxmırlar. İnsanların sıx olduğu yerlərdə - ictimai nəqliyyatda, yerlərində, marketlərdə maskanı düzgün taxmaq, yəni maska ilə ağız, burun boşluğunu bağlamaq vacibdir. İnsanlar tək özlərini deyil, yaxınlarını, ətrafdakıları da düşünməlidirlər. Hər kəs özünün və digərlərinin sağlamlığına ziyan vurmamaq üçün qaydalara riayət etməlidir. Vacib olmadıqca yaşayış yerini tərk etməməli, insanların sıx toplaşdığı ərazilərdə maska taxmalı, sosial məsafəni qorumalıdır. Hazırda dövlətlə yanaşı, hər bir vətəndaş özü öz sağlamlığının keşiyində durmalıdır.

Vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan dövləti üçün ən mühüm prioritet vəzifədir. Pandemiya dövründə əhalinin sosial təminatı və iqtisadi dayanıqlılığının təmin edilməsi üçün bütün tədbirlər görülüb və hazırda da görülməkdə davam edir. Bu isə onun göstəricisidir ki, Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

 

Azərbaycan həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparır

 

 

Bu gün qlobal pandemiyaya qarşı Azərbaycan tərəfindən aparılan effektiv mübarizə dünyanın da diqqətindən kənarda qalmayıb. Həyata keçirdiyi mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan dövləti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Prezident İlham Əliyev virusun qlobal problemə çevrilməsini nəzərə alaraq onunla mübarizədə ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlığı zəruri hesab edir.

Koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayan Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırdı. Martın 13-də Azərbaycan tərəfindən ÜST-ün strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalandı.

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünyanı birləşdirdi. Azərbaycan BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü, bu təşəbbüs Qoşulmama Hərəkatının üzvləri, dünyanın 130-dan çox ölkəsi tərəfindən yekdilliklə dəstəkləndi.

Azərbaycan COVID-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə, ÜST xətti ilə Quşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərib. Bu da onu deməyə əsas verir ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır.

İyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşündə hər üç ölkənin COVID-19-a qarşı mübarizə aparmaq üçün beynəlxalq təşəbbüslərdə fəal iştirak etdiyi vurğulanıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov koronavirusa qarşı mübarizə və pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində Türkmənistanın təşəbbüslərinə hərtərəfli dəstək verdiyinə görə Azərbaycan və Əfqanıstan prezidentlərinə minnətdarlığını ifadə edib. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani koronavirus pandemiyası ilə mübarizəyə toxunaraq əfqan xalqına məhsullar göndərdiyi üçün Azərbaycana minnətdarlığını bildirbbunu yüksək dəyərləndirdiklərini söyləyib.

İyulun 3-də Ukraynanın Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüşündə də vurğulayıb ki, pandemiya dövründə Azərbaycan Ukraynaya digər ölkələrlə müqayisədə ən böyük humanitar yardım edib. Buna görə Azərbaycan dövlətinə təşəkkürünü çatdıran Ə. Caparova iki ölkə arasında əməkdaşlığın inkişafından məmnun olduqlarını ifadə edib.

Göründüyü kimi, pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi Azərbaycanın və dövlət başçısının təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirilir. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə təkcə insanlar deyil, dövlətlər də bir olmağa, birlikdə mübarizə aparmağa borcludurlar. Çünki hazırkı çətin vəziyyətdə dünyanın həmrəyliyə və əməkdaşlığa ciddi ehtiyacı var.

Azərbaycan həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparır. Qalır bircə ölkə daxilində vətəndaş həmrəyliyi nümayiş etdirərək virusa qarşı birgə savaşmaq. Hazırda bu bəladan qurtulmağın əsas yolu vətəndaş məsuliyyətindən keçir. Birlikdə vətəndaş məsuliyyəti nümayiş etdirməklə, Operativ Qərargahın qaydalarına intizamla yanaşmaqla COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərik.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 4 iyul.- S.6.