Mədəni xidmət pandemiya dövrünün
tələblərinə uyğun davam edir
Koronavirus adlı kabus xeyli vaxtdır ki, bəşəriyyətin rahatlığını pozur, insanların həyatına son qoyur, ən inkişaf etmiş dünya dövlətlərinin iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Azərbaycan Prezidenti İlham Əliyevin vaxtında həyata keçirdiyi zəruri tədbirlər, dövlət səviyyəsində qəbul edilən qərarlar sayəsində pandemiya dövründə ölkə iqtisadiyyatına, insanların sağlamlığına dəyə biləcək zərbələrin qarşısı maksimum alınır.
Tətbiq edilən sərt karantin rejiminin əsas məqsədi bəşəriyyət üçün ciddi problem olan "CovId-19”un ağır sınaqlarından nisbətən az itkilərlə çıxmağı təmin etməkdir. İnkar edilməyən bir həqiqətdir ki, vəziyyətin kifayət qədər ciddi olmasına baxmayaraq, ölkədəki mövcud müdrik idarəetmə sistemi iqtisadiyyatın ahəngdar inkişafını uğurla tənzimləyir. Paytaxtda və regionlarda möhtəşəm infrastruktur layihələrinin icrası davam etdirilir. Tikinti-quruculuq işləri səngimir, bölgələrdə məktəblər, xəstəxanalar, zavodlar tikilir, yollar çəkilir, körpülər salınır. Ölkənin mədəni həyatındakı inkişaf, pandemiya dövrünün diktə etdiyi yeni fəaliyyətin forma və metodları diqqət çəkir. Bu baxımdan Bərdə Regional Mədəniyyət İdarəsində həyata keçirilən kompleks tədbirlər zamanın tələbləri ilə daha çox uzlaşır, nəticə etibarı ilə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci ilin "Könüllülər ili” elan olunması ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə könüllü gənclər mədəniyyət sahələrinə cəlb edilmiş və gənc mədəniyyət işçilərinin kreativ qrupu ilə könüllülərin birgə təşkilatçılığı yaradılmışdır.
Ölkəmizdə gənclər hər zaman dövlət qayğısının mərkəzində yer alırlar. Dövlət səviyyəsində 2020-ci ilin "Könüllülər ili” elan edilməsi də, təbii ki, bu məntiqin nəticəsidir. Könüllülərin sırası tamamilə gənclərdən ibarətdir. Regional mədəniyyət idarəsinin əhatə etdiyi şəhər və rayonlardakı müəssisələrə cəlb edilən könüllülərin pandemiya şəraitindəki səmərəli fəaliyyəti özünəməxsus forma və məzmunu ilə diqqət çəkir.
Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir və Yevlax şəhərlərini, Bərdə və Tərtər rayonlarını əhatə edir. Bölgələrdəki Heydər Əliyev mərkəzləri tərəfindən "ASAN xidmət” könüllüləri ilə sıx qarşılıqlı əlaqə şəraiti yaradılmışdır. Könüllülər mərkəzin bir çox tədbirlərində fəal iştirak edirlər. Bu sıradan olan görüşlərdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar və tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünü və ictimai-siyasi fəallıqlarının artırılması ilə bağlı maraqlı söhbətlər dinlənilir, müzakirələr aparılır.
Karantin dövrü ərzində gənc mədəniyyət könüllüləri bir neçə layihənin həyata keçirilməsində yaxından iştirak etmişlər. Bu baxımdan gənc yazarlardan ibarət şeir müsabiqələri, "Musiqili xatirələr” adlı karaoke yarışmaları, "Azərbaycan üçün birlikdə oxu” və digər uğurlu layihələr daha çox diqqət çəkir. Eyni zamanda mədəniyyət könüllüləri tərəfindən aktual mövzularda video-çarxlar hazırlanmış, karantin qaydalarına ciddi əməl edilməklə şəhid ailələrinin evlərinə gedilmiş, həyətlərində abadlıq işləri aparılmış, həmçinin xüsusi qayğıya ehtiyacı olan, yaşı 65 və daha yuxarı vətəndaşlara ərzaq və tibbi ləvazimat yardımları edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı karantin dövründə bölgənin mədəniyyət işçilərinin fəaliyyət devizinə çevrilmişdir. Ölkədə karantin rejimi elan edilən gündən etibarən regionun mədəniyyət müəssisələri fəaliyyətlərini onlayn şəkildə davam etdirirlər. Heydər Əliyev Mərkəzləri, tarix-diyarşunaslıq muzeyləri, rəsm qalareyaları müxtəlif dillərdə virtual ekskursiyalar təşkil edərək sosial şəbəkələrə yerləşdirmişlər. Bununla yanaşı, tarixi və əlamətdar günlərlə əlaqədar baxımlı video-çarxlar hazırlanıb təqdim edilmişdir.
Mədəniyyət müəssisələrinin pandemiya dövründəki fəaliyyəti yalnız onlayn çərçivədə həyata keçirilir. İş planlarına uyğun olaraq keçirilən tədbirlərdə onlayn formatı əsas götürülür. Regional idarənin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemi və onların filialları onlayn qaydada fəaliyyət göstərərək kitabları PDF formatında oxuculara çatdırır, video-çarxlardan məqsədyönlü şəkildə istifadə edirlər.
Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələr pandemiya dövründə çağdaş günümüzün diktə etdiyi "Yaradıcılığı evdə öyrən”, "Evim, yeni iş yerim”, "Eyvana çıx”, "Evdə qal, sağlam qal”, "Evdə qal, musiqisiz qalma”, "Canlı kitab”, "Evdə qal, evdə yarat” kimi layihələrə qoşularaq onlayn tədbirlər, konsertlər, video-çarxlar təşkil etmişlər. Regional idarənin rəisi İlyas Hacıyev bizimlə söhbətində deyir:
- Pandemiya dövrünün daha çox diqqət çəkən layihəsinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Regional idarənin musiqi məktəblərinin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Amerika, Fransa və İranda yaşayan həmvətənlərimiz onlayn şəkildə "Sarı gəlin” xalq mahnısını ifa etmişlər. Bu qiymətli layihə ona görə böyük əhəmiyyətə malikdir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıları malik olduqları eyni mədəni dəyər birləşdirir. Bu dəyər azərbaycançılıqdır, vahid mədəniyyətdir, soya, kökə bağlılıqdır. Pandemiya dövründə regional idarənin tabeliyində olan uşaq incəsənət və musiqi məktəbləri beynəlxalq festival və müsabiqələrdə ölkəmizi uğurla təmsil etmişlər. Cari ilin 18-20 may tarixində Türkiyədə keçirilmiş beynəlxalq müsabiqədə Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbi müsabiqənin Qran-prisinə və birinci diplomuna layiq görülmüşdür. "Banu” rəqs qrupu 23 Aprel Beynəlxalq Uşaq Günü münasibətilə Türkiyədə onlayn şəkildə keçirilən beynəlxalq müsabiqədə uğurla iştirak edərək 9-12 və 13-15 yaş qrupları üzrə birincilik qazanmışdır. Türkiyənin Bengütürk kanalında yayımlanan "Azərbaycan rüzgarı” verilişində Bərdə Regional Mədəniyyət İdarəsinin musiqi məktəblərinin uğurlu fəaliyyəti geniş şəkildə işıqlandırılmışdır.
İlyas
Hacıyevin ətraflı söhbətindən öyrəndik
ki, ölkədə karantin rejimi tətbiq olunduğu tarixdən
etibarən bölgənin mədəniyyət müsəssisələrində
1281 dəfə dezinfeksiya işləri aparılmış,
sosial dəstəyə ehtiyacı olan 1513 nəfərə ərzaq
və tibbi yardım edilmiş, 854 onlayn tədbir
keçirilmişdir.
Lazım
QULİYEV
Azərbaycan.-2020.- 4 iyul.- S.6.