Azərbaycan qazının
ixracı artır
Gürcüstan
və Türkiyə istehlak etdikləri mavi yanacağın
çox hissəsini ölkəmizdən alırlar
Bu ilin ilk 5 ayında Azərbaycandan qaz ixracı xeyli artıb. Belə ki, yanvar-may aylarında xaricə qaz satışı 5,6 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövründə olduğundan 13,4 faiz çoxdur.
Keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 milyard kubmetrdən artıq qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 milyard kubmetr, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min kubmetr olub. Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat verib.
Gürcüstanın Davamlı İnkişaf və İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, bu ölkənin cari il üçün təsdiq olunmuş təbii qaz balansında dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Gürcüstanın təbii qaz balansı 2,56 milyard kubmetr olacaq. Gürcüstan bu qazın 2,33 milyard kubmetrini və ya 91,2 faizini Azərbaycandan alacaq. Beləliklə, Gürcüstanın və Türkiyənin qaz idxal etdiyi əsas ölkə Azərbaycandır.
Azərbaycan qazını Gürcüstana Cənubi Qafqaz Boru Kəməri (CQBK) çatdırır. Xatırladaq ki, CQBK dünya səviyyəli boru kəməri sistemidir. Bu xətt Azərbaycanda 443 və Gürcüstanda 248 kilometr məsafə boyu uzanır. Sistemin hər iki ölkədə eləcə də yerüstü obyektləri - kompressor stansiyaları və nəzarət-ölçü qovşaqları var. CQBK Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstana 2006-cı ildən nəql edir. Az sonra isə qaz Gürcüstan-Türkiyə sərhədində CQBK-ya qoşulan 280 kilometrlik əlavə borularla Ərzuruma da çatdırılıb. Odur ki, bütövlükdə bu xətt Bakı-Tbilisi-Ərzurum kəməri adlandırılır.
Hazırda Türkiyəyə Azərbaycan qazı TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) çatdırılır. Bu ilin yanvar-may aylarında TANAP-la qardaş ölkəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək isə Türkiyə bu kəmərlə 5,47 milyard kubmetr "Şahdəniz” qazı idxal edib.
"Şahdəniz-2”dən çıxarılan qazı Türkiyəyə nəql edən TANAP Gürcüstan-Türkiyə sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) birləşib. TANAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin ikinci və ən böyük hissəsidir. Bu səbəbdən də onu "Cənub qaz dəhlizi”nin "onurğa sütunu” adlandırırlar. Kəmərin uzunluğu 1850 kilometr təşkil edir.
TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ərdəhan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. Təbii qazı "Şahdəniz”, eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql etmək potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyan TANAP-ı həmçinin "Enerjinin İpək yolu” adlandırırlar.
TANAP 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib. Azərbaycan təbii qazını Avropaya nəql etmək üçün TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.
TANAP-la ildə 6 milyard
kubmetr qaz nəql olunacaq. Kəmərin
mövcud ötürücülük
qabiliyyəti hazırda
16 milyard kubmetrdir,
2023-cü ildə 23 milyard,
2026-cı ildə isə
31 milyard kubmetrə çatdırılması nəzərdə
tutulur. İlkin mərhələdə TANAP kəməri
ilə nəql olunacaq
16 milyard kubmetr Azərbaycan qazının
10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Bu ilin sonunadək
TANAP-la nəql olunan qazın tikintisi sona çatmaqda olan TAP-ın qəbul edəcəyi gözlənilir.
Flora SADIQLI
Azərbaycan.-2020.- 5 iyul.- S.1;4.