Karantin rejiminin tətbiqi Azərbaycanda yoluxma sayının stabil qalmasına səbəb olub

 

Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun - COVID-19-un yayılmasının qarşısının alınması üçün aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə müxtəlif addımlar atır. Lakin hələ də qlobal pandemiyanın qarşısını tam almaq mümkün olmayıb. Koronavirus bütün dünyada daha aqressiv şəkildə yoluxmağacan almağa davam edir. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusuna yoluxma hallarının yenidən artmağa başladığı ölkələrin sakinlərini evdən imkan daxilində az hallarda çıxmağa çağırıb.

"Virusun artması və ya sürətlə yayılmasının mövcud olduğu ölkələrdə insanların qarşısında seçim var. Hər kəs virusa yoluxduğu halda infeksiyanın daha da yayılmaması üçün nə etməli olduğunu bilməlidir. Həmin bölgələrdə olarkən sizə evdə qalmanızı deyirlərsə, evdə qalın. Çünki ön xətdə çalışanlar bunu edə bilmir. Bu məsələdə hamımız üzərimizə düşəni etməliyik”, - deyə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove bildirib.

Azərbaycan hökumətinin bu məsələ ilə bağlı siyasəti məlumdur. Dövlət koronavirusun hələ yeni yayılmağa başladığı günlərdən pandemiyaya qarşı qəti tədbirlər həyata keçirdi. Bu istiqamətdə görülən mühüm qabaqlayıcı və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa və pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi.

Tədbirlərə başlandığı gündən indiyədək atılan bütün addımların məqsədi insanların sağlamlığını təmin etmək, eyni zamanda bu bəladan minimum itkilərlə çıxmaqdır.

Lakin karantin rejimi yumşaldılmağa başladıqdan sonra əhali arasında arxayınlıq, virusa qarşı inamsızlıq və laqeydlik yarandı. Əksər vətəndaşlar məsuliyyətsizlik edərək maska taxmadı, sosial məsafəni gözləmədi. Nəticədə ölkədə koronavirusa yoluxma üç rəqəmli ədədə yüksəldi, ölüm hallarının sayı artdı. Eyni zamanda yoluxanlar arasında gənclərin, ağır vəziyyətdə olan xəstələrin sayı çoxaldı. Ölkəmizdə COVID-19-a yoluxma hallarının sürətlə artması, gündəlik yoluxma sayının 500-ün üzərində olması yenidən sərtləşdirilmiş karantin rejimini daha iki həftə uzatmağı, əhali arasındaki ünsiyyəti minimuma endirərək yoluxma zəncirini qırmaq üçün digər zəruri addımlar atmağı labüd etdi.

 

 

Məqsəd odur ki, mənfi dinamika aradan qalxsın

 

 

Hazırda ölkə üzrə yoluxma hallarının 55,1 faizi Bakı, 16,3 faizi Abşeron, 8,4 faizi Gəncə-Qazax, 7,5 faizi Aran, 5,8 faizi Lənkəran, 1,6 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala bölgələrinin payına düşür.

Paytaxtda yoluxma hallarının 12,8 faizi Binəqədi, 12,4 faizi Yasamal, 11,8 faizi Sabunçu, 10,4 faizi Nəsimi, 8,8 faizi Nərimanov, 8,7 faizi Suraxanı, 8,2 faizi Nizami rayonlarında müşahidə edilib. Digər rayonlarda yoluxma faizi 5 faizdən azdır

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla mübarizədə görülən tədbirlərin və həkimlərin fədakarlığının nəticəsində xəstələrin müalicəsində irəliləyişlərin olduğunu deyib. Belə ki, koronavirusdan vəfat edənlərin sayını digər ölkələr, xüsusilə tibb sahəsi inkişaf etmiş ölkələrlə müqayisə etsək görərik ki, bizdə ölüm halları 2 faizdən azdır. Bir sıra inkişaf etmiş ölkələrdə bu rəqəm 10, 14, 18 faiz təşkil edir. Bunlar ilk gündən düzgün protokolların tətbiqi və yerlərdə icranın düzgün həyata keçirilməsi nəticəsində mümkün olub.

TƏBİB sədrinin sözlərinə görə, karantin rejiminin tətbiqi Azərbaycanda yoluxma sayının stabil qalmasına səbəb olub. Bu qaydalar olmasaydı, yoluxma sayı indikindən 2-3 dəfə çox ola bilərdi.

İyunun 15-dən 21-dək olan müddətdə Azərbaycanda ümumilikdə 2772 nəfər koronavirusa yoluxub. Həmin həftə 1216 nəfər sağalıb, 35 nəfər vəfat edib. İyunun 22-28-də isə 3695 yoluxma, 2227 sağalma, 44 ölüm halı qeydə alınıb. Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub. Bu da yeni yoluxma hallarının nisbətən sabitləşməsi ilə əlaqədardır.

R.Bayramlının sözlərinə görə, tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi rəqəmləri sabit saxlamağa imkan versə də, bu, yetərli deyil: "Kumulyativ olaraq sağalanların xəstəxanadan evə yazılmasının gecikməsi ilə əlaqədar xəstəxanaların üzərində yük artır. Məqsədimiz odur ki, karantinlə sabitləşən say vətəndaşların məsuliyyəti ilə azalmağa doğru getsin və mənfi dinamika aradan qalxsın”.

 

 

Narahatlığı olan şəxs poliklinikaya müraciət etməlidir

 

Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onlar bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təmin olundu, müasir laboratoriyalar alındı, qoruyucu vasitələrin istehsalı təşkil edildi. Ölkədə ilk yoluxma qeydə alınandan indiyədək koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün ölkədə kifayət qədər dərman ehtiyatı var. Lakin bəzən vətəndaşlar özünümüalicəyə cəhd edirlər, yaxud xəstəliyin ilkin simptomlarını özündə hiss etsə də, tibbi xidmətə müraciət etmək əvəzinə adi həyat qaydasında yaşayışlarını davam edirlər. Bu da ağır fəsadlara yol açır.

Xəstəlik gecikdiriləndə virus yuxarı tənəffüs yollarında aşkarlanmır, aşağı tənəffüs yollarında tomoqrafiya müayinəsi ilə üzə çıxır. "Buzlu şüşə” adlanan görüntü ağciyər toxumasının zədələnməsini, orada fibroz toxumanın əmələ gəlməsini göstərir. Bu, çox təhlükəli mərhələdir. Hazırda tibb müəssisələrində müalicə alan 600-dən çox belə xəstə var. Onlar COVID-19 xəstəsi kimi qiymətləndirilərək müalicəyə cəlb olunublar.

Ona görə də kimdəsə hərarət və öskürək varsa, özünü pis hiss edirsə, narahatlığı varsa, yaşadığı ərazinin poliklinikasına, sahə həkiminə zəng etməsi vacibdir. Onun xəstəliklə əlaqədar suallarına əsasən həkim COVID-19 şübhəsinin olub-olmaması barədə qərar və lazımi təlimat verəcək. Ehtiyac olduqda ondan evdə nümunə götürüləcək.

 

"Rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi deməkdir”

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib ki, cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib - bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar: "Biz hər birimiz bu virusa yoluxa bilərik. Ona görə də bunu gizlətməyə ehtiyac yoxdur. Cəmiyyətdə bu fikrin formalaşmasının qarşısı alınmalıdır. Özünü xəstə hiss edən, hərarəti qalxdığı üçün özünü narahat hiss edən hər bir şəxs mütləq və mütləq həkimə müraciət etməlidir. Çünki bunu etməsələr, onlar da yoluxmanın yayılmasında iştirak etmiş olurlar”.

Rayonlara gediş-gəlişlə bağlı məsələyə toxunan Şahmar Mövsümovun sözlərinə görə, epidemioloji sahədə ixtisaslaşan insanların əsas fikri ondan ibarətdir ki, istənilən epidemiyanın qarşısını almaq üçün virusa yoluxan hər bir insanın tapılması və izolyasiya olunması, özünütəcridi önəmlidir. Əks halda pandemiya daim davam edəcək: "Təsəvvür edin ki, 10 nəfər xəstələnib, onun 9-u sağalıb, 1-i qalıb. O bir nəfər artıq 13 gündür xəstədir, sağalmağına 1 gün qalmış marketə gedib 10 nəfəri də yoluxdursa, bu o deməkdir ki, biz yenidən ilk günə qayıdırıq. Rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi deməkdir. Bu zaman virus bütün rayonlara yayılacaq, onun nəzarətə götürülməsi də çətinləşəcək. Başa düşürəm, bu, hamını narahat edən məsələdir, amma bir az dözümlü olmaq lazımdır ki, koronavirusun yayılmasının qarşısı alınsın, lokallaşdırılsın. Müəyyən səviyyəyə endikdən, narıncı zonanın sarı zona statusunu almasından sonra təbii ki, rayonlararası hərəkət də açılacaq”.

Prezidentin köməkçisi qeyd edib ki, koronavirus ümumxalq problemidirbu problemlə mübarizədə hamı səfərbər olmalıdır. Bu isə çətin deyil, sadə yollarla - sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və gigiyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərik.

İnsanlar başa düşməlidirlər ki, indiki məqamda önə çıxan məsələ şəxsi məsuliyyətdir. Qaydalara nə qədər çox riayət edilirsə, yoluxma o qədər az qeydə alınır. Qaydalara əməl edilmədikdə isə yoluxma sayı artır. Ona görə də hər kəs məsuliyyətli olmalı, üç sadə qaydaya əməl etməli, özünü, yaxınlarını qorumalıdır.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 5 iyul.- S.1;4.