Qlobal böhran dünya turizmini də çökdürüb
Ümumdünya Turizm Təşkilatı Prezident
İlham Əliyevin pandemiya
dövründə bu sahə ilə
bağlı qəbul etdiyi qərarları
çox yüksək qiymətləndirir
Dünyanı çənginə alan qlobal pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizm sektorudur. Aylardır əksər böyük dövlətlərin sərhədləri qapalıdır. 2020-ci ilin əvvəlindən dünya turizm sənayesinin itkiləri təxminən 1 trilyon 500 milyon dollara bərabərdir. BMT-nin Ümumdünya Turizm Təşkilatı hesab edir ki, hökumətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan bu sahə şokdan yaxa qurtara bilməz.
Əlbəttə ki, bu mənfi tendensiya Azərbaycanda da hiss olunmaqdadır. Çünki pandemiyadan öncə Azərbaycana gələnlərin sayında hər ötən il artım müşahidə olunurdu. Hətta 2019-cu ildə rekord göstərici qeydə alınmışdı. Ölkəmizə 3 milyondan çox əcnəbi vətəndaş səfər etmişdi.
Göründüyü
kimi, qlobal pandemiya iqtisadi sektorun bütün sahələrinə
ciddi təsirini göstərməkdədir. Bəlkə
də tarixdə ilk dəfədir ki, hər hansı bir səhiyyə
hadisəsi daha çox
iqtisadi fenomen
halına gəlib.
Azərbaycan turizm sənayesinin inkişafı üçün çox böyük qüvvə sərf edib
İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında keçirilən videokonfrans zamanı da məhz bu problem müzakirə mövzusu oldu.
Qeyd edildi ki, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması müəyyən məhdudiyyətlərlə bağlı olacaq.
Pandemiya dövründə bu sahənin ən çox itki, ən böyük böhran ilə üzləşdiyini söyləyən dövlət başçısı Azərbaycanda turizim sektoruna dövlət tərəfindən hər zaman böyük dəstək göstərildiyini, sahibkarlara geniş imkanların yaradıldığlnı diqqətə çatdırdı. Məhz bu dəstək, bu sahənin daha da inkişafı üçün yaradılan imkanlar, həm sahibkarlar, həm də dövlət tərəfindən qoyulan sərmayələr turizm sektorunun inkişafına getdikcə stimul verib. Bunu statistika da təsdiqləyir. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olması bu sahənin çox geniş vüsət aldığını göstərir.
Prezident Azərbaycanda turizmin sürətli inkişafının "Formula-1” yürüşlərinin keçirilməsi ilə bağlı olduğunu da söylədi. Çünki birinci yürüş keçiriləndən dərhal sonra ölkəmizdə turizmin artması müşahidə olunub və hər il bu potensial yüksəlməyə başlayıb. Müxtəlif məlumatlara görə, əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu isə ölkəmizin iqtisadiyyatına böyük valyuta axını deməkdir. Məhz buna görə də dövlət turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf edib. Hotel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər.
Lakin pandemiya bu sahədə çalışan sahibkarlara, digər işçilərə təsirsiz ötüşməyib. Bunu nəzərə alan hökumət digər sahələr kimi, turizm sektorunda işləyən insanlara da maddi dəstək göstərib. Prezident bu sahənin bərpa olunacağı dövrə qədər həmin şəxslərə dəstəyin göstəriləcəyini söyləyib: "Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin”.
Prezident İlham Əliyev dövlətin pandemiya dövründə daxili turizmə böyük diqqət yetirdiyini söylədi. Dövlət başçısı hesab edir ki, daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda ölkənin turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər.
Pandemiyadan sonrakı dövrdə turizm sektorunun inkişafına gəlincə isə, dövlət başçısı vurğulayıb ki, dövlət bu istiqamətdə atacağı addımları çox dəqiq planlaşdırır. Səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün Azərbaycan Ümumdünya Turizm Təşkilatının növbəti məsləhətlərini, tövsiyələrini gözləyəcək.
Postpandemiya dövründə
turizm sektorunun
inkişafına dəstək
Bir il bundan əvvəl, iyun ayında Bakıda təşkilatın İcraiyyə Şurasının iclasının keçirildiyini xatırlayan Zurab Pololikaşvili isə vurğuladı ki, hazırda 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Buna görə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektorudur. Onun fikrincə, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayıb və indi dünya heç vaxt görmədiyimiz böhran içindədir.
Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan danışan Zurab Pololikaşvili mehmanxanaların sertifikatlaşdırılması üzrə layihənin həm dövlət başçısı, həm də təşkilat tərəfindən dəstəklənməsini müsbət hal kimi dəyərləndirdi.
Ümumdünya Turizm Təşkilatının tövsiyələrini çox yüksək qiymətləndirən Prezident İlham Əliyev isə dedi ki, Azərbaycan postpandemiya dövründə onlara riayət edəcək. Çünki pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Pandemiya zəiflədikcə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə sərhədlər açılacaq. Bunun nə vaxt baş verəcəyini demək isə çətindir. Bu hal baş verən kimi turizm sektorunun bərpasına dair təşkilatın tövsiyələri çox gərəkli olacaq: "Əlbəttə, postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik”.
Zurab Pololikaşvili isə vurğuladı ki, təşkilat Azərbaycanla sıx əməkdaşlıq edəcək və vaxt itirməmək, mövsüm açılan kimi sərhədləri açmaq, ölkənin populyarlaşdırılmasını davam etdirmək üçün Azərbaycana hazır sənəd verəcək: "Hamı beynəlxalq əlaqələrin açılacağı günə hazırlaşmaq istəyir. Odur ki, hər şey artıq hazırdır və biz birbaşa əlaqə saxlayacağıq, bütün yaxşı ideyaları, Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtmaq üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri çox fəal şəkildə yayacağıq. Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq”.
Azərbaycanda turizmin daha da inkişafı üçün bütün amillər mövcuddur
Qlobal pandemiyadan sonra dünyada turizm sahəsinin yenidən bərpa olunacağını söyləyən cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacaq.
Çünki Azərbaycanda buna kömək edə biləcək bütün amillər mövcuddur - ölkədəki sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Həmçinin ölkəmizin həm coğrafi mövqeyi, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələri də buna real imkan yaradır: "Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir”.
Əlbəttə
ki, Azərbaycanla Ümumdünya Turizm Təşkilatı
arasında sıx münasibətlər, fəal əməkdaşlıq
bu sahənin inkişafına müsbət təsirini göstərəcək,
ölkəmiz hər zamankı kimi əcnəbilərin ən
sevdikləri məkanlardan birinə çevriləcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 5 iyul.- S.1;5.