Paşinyanın kilsə ilə qarşıdurması böyüyür

 

Ermənistanda siyasi qüvvələr baş nazirə qarşı birləşir

 

Ermənistanda Nikol Paşinyan iqtidarına qarşı çıxan qüvvələrin sayında indi daha dinamik artım müşahidə olunur. Ölkədə siyasi qüvvələr artıq birmənalı şəkildə Paşinyana qarşıdır. Baş nazir isə hazırda ölkədə koronavirusla bağlı yaranan durumdan sui-istifadə edərək, fövqəladə vəziyyət rejimini uzatmaqla hakimiyyəti qorumağa çalışır.

Hələlik buna nail olur. Ancaq 4 milyon ABŞ dolları girovu qarşılığında keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğv edilməsi, onun azadlığa buraxılması keçmiş hakimiyyəti, yeni müxalifəti və onun ətrafındakıları fəallaşdırıb.

Proseslərin gedişi Paşinyanın əleyhdarları sırasına kilsənin də qoşulduğunu göstərir. Bütün bunların əsas səbəbi odur ki, Paşinyan iqtidara gələndən sonra Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında kəskin münaqişə yaranmağa başladı.

Əvvəlki rejimlə dərin əlaqələrə malik olan kilsə xadimlərinin siyasiiqtisadi dayaqlarının Paşinyan tərəfindən zəiflədilməyə başlanmasını bu qurum qəbul etmədi. Paşinyan isə kilsənin artıq dünya ermənilərini birləşdirəcək potensiala malik olmadığını iddia edərək ona qarşı hücumları daha da genişləndirdi. Lakin mütəxəssislər Ermənistan baş nazirinin kilsəyə qarşı təbliğat cəhdlərinin iflasa məhkum olduğunu bildirirlər. Belə vəziyyətdə Paşinyandan artan narazılığı əsas götürən kilsə ona qarşı fəaliyyətini genişləndirib.

Ekspertlər hətta kilsəni iqtidara qarşı çevriliş potensialı daşıyan mühüm güc hesab edirlər. İndi Paşinyanın komandası bu gücün qarşısını almaq üçün əlindən gələni edir. Elə bu da qarşıdurmanı daha da şiddətləndirir.

Kilsənin Koçaryanın buraxılması ilə bağlı tələb irəli sürməsi əslində onu siyasətə qarışmasının bariz nümunəsidir. Bu durumda hökumət əleyhinə kampaniyalara açıq-aşkar şəkildə qoşulan, mövcud siyasi elitaya qarşı təbliğata maliyyə xərcləyən kilsə keçmiş hakimiyyətin təmsilçiləri ilə də sıx şəkildə işləməyə başlayıb. Kilsənin Ermənistan Respublika Partiyası tərəfindən himayəsi, Paşinyanın komandası tərəfindən maraqları təmin olunmayan biznes oliqarxları ilə işbirliyi içərisində olması onun imkanlarını daha da artırır.

Beləliklə, baş nazirin kilsə ilə qarşıdurması, əslində, siyasi opponentləri ilə mübarizəsinə də yönəlib. Kritik həddə çatan münasibətlər fonunda Erməni Apostol Kilsəsi ilə Paşinyanın komandası arasında açıq-aşkar qarşıdurma təhsil sistemində də özünü büruzə verir. 2003-cü ildən etibarən məktəb dərsliyinə salınmış "Erməni kilsəsinin tarixi” adlı fənnin Ermənistanın Təhsil Nazirliyi tərəfindən tədris planından çıxarılması kilsə və inanclı təbəqələr tərəfindən hiddətlə qarşılanıb. Bu fakt siyasi iqtidarın qəti surətdə Apostol kilsəsinin fəaliyyətinə qarşı olduğunu və münaqişənin həlli yolunda hansısa kompromisə getməyəcəyinə dəlalət edir.

Kilsənin keçmiş siyasi hakimiyyətin dövründən qalan geniş səlahiyyətlərinin mövcud iqtidar tərəfindən azaldılması özünü Yerevan şəhərində kilsə tikintisi üçün ayrılan torpaq sahəsinin hakim "Mənim Addımım” fraksiyasının üzvü Levon Zakaryan tərəfindən bələdiyyələrə geri qaytarılması tələbində də büruzə verir. Eyni zamanda, siyasi iqtidarın məqsədyönlü fəaliyyəti ilə Eçmiədzin şəhərinin meri olaraq məhz ateist Diana Qasparyan seçilib. Apostol kilsəsinin aqressiyasına səbəb olan bu hadisə, kilsə ilə iqtidar arasındakı münasibətlərin daha da sürətlə uçuruma yuvarlandığını göstərir.

Kilsəyə qarşı aparılan elan olunmamış müharibənin kulminasiya nöqtəsi isə baş yepiskop Navasard Kçoyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamı ilə cinayət işinin açılması idi. O, maliyyə cinayətlərində ittiham olunan Aşot Sukiasyankeçmiş baş nazir Tiqran Sarkisyan ilə birgə Kipr qeydiyyatlı ofşor şirkətlərdən birinin 33 faizlik pay sahibi kimi ortağı olub.

Ermənistan hakimiyyəti hətta erməni kilsəsinin rəhbərinin dəyişdirilməsi məsələsini nəzərdən keçirməkdədir. Buna səbəb kimi, keçmiş rejimin kilsə ilə əlaqələrinin yüksək səviyyədə olmasıdır. Bundan sonra Nikol Paşinyan kilsə daxilində keçmiş oliqarxik rejimə yaxın nümayəndələrin hökumətin işindən narazı olduğunutez-tez siyasi proseslərə açıq-aşkar müdaxilə etdiyini bildirdi .

Ötən il Ermənistan parlamenti ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini qəbul etmədi. Bu tərəflər arasında ziddiyyətin ilk görüntüsü idi. Onda Nikol Paşinyanın "Çıxış” fraksiyası bildirdi ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir: "Bu barədə özü düşünməlidir”. Yeri gəlmişkən, Paşinyan diaspor komitəsini ləğv edəndə kilsə ona qarşı çıxdı. Ümumerməni katolikosu ona açıq məktub ünvanlayaraq erməni diasporunun fəaliyyətini yüksək qiymətləndirmiş, komitəyə ehtiyacın olduğunu vurğulamışdı. Bütün bunlar kilsə və hakimiyyət arasında qarşıdurmanı şiddətləndirir.

Bu fonda kilsə indi Ermənistanda hökumətdən yaranan narazılıqdan istifadə edərək daha aktiv şəkildə Paşinyana qarşı çıxır. Hərbi-siyasi cəhətdən Paşinyan hökuməti həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində öz mövqeyini necə möhkəmləndirirsə, dini anlamda da indiki kilsə qarşısındakını zərərsizləşdirməklə özünə gələcəkdəki potensial maneələri təmizləyir. Bu da əslində qarşıdurmanı şiddətləndirir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 5 iyul.- S.1;6.