Xalqa arxalanan lider
Xalq yazıçısı
Mirzə İbrahimovun
"Böyük dayaq”
romanında bir ifadə var: "Hər bir vəzifəli
şəxsin arxasında
xalq durmalıdır. Dayağı xalq olanın arxası da güclü olar”. Bu, həqiqətən, belədir. Tarixi təcrübə sübut edir ki, dövlət rəhbəri yalnız xalqa arxalananda, əhalidən dəstək
alanda yürütdüyü
siyasəti reallaşdıra
bilər. Dövlət başçısı cənab
İlham Əliyevin uğurlu siyasi fəaliyyəti də xalq dəstəyindən qaynaqlanır.
Keçən ilin dekabrında
Çində başlamış
və sürətlə
dünyaya yayılmış
yeni tip koronavirus
(COVID-19) bütün bəşəriyyət
üçün böyük
bəlaya çevrilmişdir.
Dünyanın heç bir
ölkəsi, o cümlədən
Azərbaycan bu müsibətdən yan keçə bilməmişdir.
Gözə görünməyən düşmən hələ
də planetdə tüğyan edir və onun "hücum”unun nə vaxt dayanacağını proqnozlaşdırmaq mümkün
deyil. Vaksin hələ hazırlanmadığından
koronavirusun qarşısında
duruş gətirmək
çətindir. Ona görə
də COVID-19 bəşər
övladlarını biçməkdə
davam edir. Təəssüf ki, ölkəmizdə də koronavirusa yoluxanların və xəstəlikdən
vəfat edənlərin
sayı az
deyil.
Belə bir ağır vəziyyətdə dövlət
başçısı cənab
İlham Əliyevin uzaqgörənliyi, parlaq siyasi zəkası, vaxtında çevik, yeganə düzgün qərar qəbul etmək məharəti özünü göstərir. Şəraitə
uyğun olaraq ardıcıl addımlar atılır, qabaqlayıcı
tədbirlər görülür:
təhsil müəssisələrinin
işi dayandırılmış,
əhalinin sıx toplaşmasının qarşısı
alınmış, qısa
müddətdə yeni
səhiyyə ocaqları
inşa olunub COVID-19 xəstələrinin ixtiyarına
verilmişdir. Əhalinin tibbi
maskaya ehtiyacını
ödəmək üçün
Prezidentin göstərişi
ilə operativ şəkildə Sumqayıt
şəhərində maska
və tibb işçiləri üçün
xüsusi geyim istehsal edən zavod inşa edilmişdir.
Dövlət başçısı indiki mərhələdə
qarşıya qoyduğu
əsas vəzifənin
Azərbaycan vətəndaşının
sağlamlığını qorumaq olduğunu təkrar-təkrar bəyan
edir və bu məqsədə nail olmaq üçün dövlətin bütün
qurumlarını, maddi-mənəvi
resurslarını səfərbər
edərək xalqın
yanında olur, xalqa bağlılığını
sözdə də, əməldə də nümayiş etdirir. Nəticə
özünü çox
gözlətmir. Xalq özünün
istəyib seçdiyi
liderinə inam və etimadını, hörmət və məhəbbətini ifadə
edərək onun ətrafında sıx birləşmişdir. "Biz
birlikdə güclüyük!”
şüarı artıq
əməli işə
çevrilmişdir. Dövlət öz xalqı üçün, xalq öz dövləti üçün birlikdə
əl-ələ verib
çalışmağa başlamışdır.
Ölkəmizdə xalq-dövlət birliyi beynəlxalq ictimaiyyətin də nəzərindən qaçmır. Ümumdünya Səhiyyə Təşkilatı öz hesabatlarında Azərbaycanı və onun lideri İlham Əliyevi başqalarına nümunə göstərir. Bu, xalq-dövlət birliyinin təntənəsidir. Hamıya aydın olmuşdur ki, biz yalnız birlikdə güclü olaraq koronavirusla mübarizədən mümkün qədər az itki ilə çıxa bilərik.
Azərbaycan səhiyyəsi ekstremal şəraitdə özünün bütün potensialını ortaya qoyub xalqın sağlamlığının keşiyində durdu. Həkimimiz və polisimiz fədakarlıq mücəssəməsinə çevrildilər. Sahibkarlar, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, elm adamları, din xadimləri - bir sözlə, cəmiyyətin bütün təbəqələri əhalinin sosial cəhətdən zəif hissəsinə maddi və mənəvi dəstək göstərdilər. Dövlət başçısının sərəncamı ilə koronavirus pandemiyası başlayandan sonra işləməyən vətəndaşlara dövlət tərəfindən ayda 190 manat müavinət verilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız Yer kürəsini cənginə almış bəlanın fəsadlarını minimuma endirmək üçün var qüvvəsini sərf edir. Eyni zamanda Azərbaycan imkansız ölkələrə yardım əli uzadır.
Bir müəllim olaraq Prezident İlham Əliyevə bu ağır dönəmdə daim xalqın yanında olduğuna, yorulmadan xalqa xidmət etdiyinə görə dərin təşəkkürümü bildirirəm. Xalqın sevgi və rəğbətini qazanan, çətin zamanda vətəndaşların sağlamlığı naminə gecə-gündüz çalışan liderimizlə qürur duyuram.
Elnarə ASLANOVA,
Bakı şəhəri,
İ.Əbilhəsənov adına 42 saylı orta
məktəbin müəllimi
Azərbaycan.-2020.- 5 iyul.- S.2.