Bakı xanlarının
sarayı
Şəhərlər bir növ canlı orqanizmdir. Hər şəhərin özünəməxsus taleyi vardır. Bəzi şəhərlər hərbi, siyasi hadisələrdən kənarda qalsa da, bir qismi tarixi hadisələrin güclü burulğanında çırpınır, bir qismi talan və yanğınlara, feodal çəkişmələrinə, təbii fəlakətlərə tab gətirməyərək məhv olur, digərləri isə əlverişli təbii iqlim şəraitinə, güclü iqtisadiyyatına, ticarət və sənətkarlığının inkişafına görə çiçəklənərək şöhrət qazanır. Bakı məhz belə şəhərlərdəndir.
1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində 20-dən çox kiçik feodal dövlətləri olan xanlıq və sultanlıqlar yaranmışdı. Bakı xanlığı isə ərazisinə görə yığcam olsa da, Azərbaycanın şimalında yaradılmış çox önəmli və strateji siyasi dövlət qurumlarından biri idi. Xanlar feodal zümrəsinin ali təbəqəsi olmuşlar. Bakı xanlarının sarayında I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu 1747-1765-ci illər), Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu 1765-1784-cü illər),
II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu 1784-1791-ci illər), Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu 1791-1792-ci illər), Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu 1792-1806-cı illər) yaşamış və xanlığı idarə etmişlər.
Bakının Rusiya imperiyası tərəfindən 1806-cı ildə üçüncü işğalı (birinci işğal 1723-cü ildə general-leytenant M.A.Matyuşkin, ikinci işğal 1796-cı ildə general V.Zubov tərəfindən olmuşdur) zamanı İçərişəhər ərazisində bir neçə tarixi məhəllə sökülmüş, o cümlədən də Bakı xanlarının yaşayış yerindəki bəzi binalar qismən dağıdılmışdı. Həmin ərazidə Bakı qarnizonunu yerləşdirmək üçün əsgər kazarmaları tikilmişdi.
"Bəy” titulundan yuxarıda duran xanlar cah-cəlallı sarayları, malları-mülkləri, var-dövlətləri ilə həmişə seçilmişdilər. Bakı xanlarının sarayı zənginlik və gözəlliyi ilə nəinki rus generallarını, hətta adi əsgərləri belə məftun etmişdir. Vaxtilə indiki Qoşa Qala qapısının yaxınlığındakı beş həyətdə yerləşmiş saray portalda yazılmış tarixə əsasən, 1750-1751-ci illərdə bir neçə mərhələdə inşa edilmişdir.
Bakı xanları inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyətini əllərində cəmləşdirib, xanlığı öz mülkləri kimi idarə edirdilər. Öz bayrağı olan və sikkələr zərb etdirən xanların divanı vardı ki, burada bütün vergi, müharibə və sülh, eləcə də digər mühüm dövlət məsələləri həll edilirdi.
Bakının xan sarayının ərazisindəki
kompleks bir neçə binadan ibarət olmuşdur. Bunlar "Məscid
binası”, "Qonaq evi”, "Yataq evi”, "Tövlə” və
"Gülüstan”dan - yəni hovuzdan ibarət idi. Bu ərazidə
su kəhriz sistemi, hamam və ovdan da vardı.
Alman səyyahı
Samuil Qmelin 1785-ci ildə Sankt-Peterburqda nəşr edilmiş
"Puteşestvie po Rossii” kitabının III hissəsində
Bakı xanlarının sarayından da bəhs edilir.
Bundan
başqa, Bakı xanlarının Abşeronda da mülkləri
və böyük bağları olmuşdur. Onların indiki Nəsimi
heykəli və Milli Bank yerləşən ərazisindəki
bağları çox möhtəşəm idi. Bu barədə
1858-1866-cı illərdə Bakıda olan və unikal bir xəritə
hazırlayan hidroqraf, kapitan-leytenant A.F.Ulski Bakı
xanlarının sarayı, onların bağları və
mülkləri haqqında çox maraqlı məlumat təqdim
etmişdir. Onun xəritəsində bu bağ "Xanskiy sad”
kimi qeyd olunur. A.F.Ulski yazırdı: "Bağın mərkəzində
böyük mülk ucalır. Yamyaşıl və
güllü-çiçəkli, hovuzlu bağda ceyran,
cüyür və tovuz quşları var, həmçinin
bülbüllərin oxuması insanı valeh edir”.
XIX əsrin
sonlarında nəşr olunan "Zakavkazskiy kray - zametki”
adlı kitabda Azərbaycan xanlıqlarında vəzifələr,
sarayların təminatı, Hüseynqulu xanın qala daxilindəki
sarayının ümumi ğörüntüsü haqqında
maraqlı məlumatlar öz əksini tapmışdır.
Digər
bir mənbə, XVII əsrin sonlarında, daha doğrusu,
1684-cü ilin yanvar ayında Səfəvi hakimiyyəti
dövründə Bakıda olan almanəsilli həkim-təbib,
etnoqraf və səyahətşunas-alim Engelbert Kempfer də məhz
Bakı xanlarının sarayı yerləşən ərazidə
gözəl və yaraşıqlı mülklərin
olduğunu yazırdı.
Bakı
xanlığının əsasını Dərgahqulu bəyin
atası Hüseyn bəy Məhəmməd (hakimiyyət
dövrü 1718-1723) qoymuşdur. Amma 1723-cü ildə I
Pyotrun general Matyuşkinin başçılığı
altında Bakı şəhərinə göndərdiyi hərbi
ekspedisiya zamanı şəhəri ruslara müvəqqəti
təhvil verdiyi üçün xəyanətdə ittiham edilərək
Nadir şah tərəfindən vəzifəsi əlindən
alınmış, oğlu Dərgahqulu bəy xan kimi təsdiqlənmişdir.
O, 1731-ci ilə qədər hakimiyyətdə olmuş və
1736-cı ildə döyüşlərin birində yaralanaraq
dünyasını dəyişmişdir. Dərgahqulu bəyin
oğlu, 11 yaşlı Mirzə Məhəmməd (I Mirzə
Məhəmməd 1747-1768) Nadir şahın ölümündən
sonra növbəti Bakı xanı olmuşdur.
Bakı
xanlarının evinin yerindəki məhz xanlığa aid ilk
ikimərtəbəli "Yataq evi” adlanan bina 1730-cu illərdə
məhz Dərgahqulu bəy tərəfindən inşa
edilmişdir. İkimərtəbəli, 7 otaqlı bu bina vaxtilə
çox gözəl və zəngin çalarlarla bəzədilmişdi.
Lakin rus ordusunun qarət və
özbaşınalığı ucbatından bina xeyli zərər
görmüşdü.
O zaman Azərbaycanın
daxili siyasi vəziyyəti rus işğalları
üçün əlverişli şərait yaradırdı.
Öz qüvvələri ilə Rusiya və Qacarlara müqavimət
göstərə bilməyəcəklərini anlayan Azərbaycan
xanları Rusiyanın onların istiqlaliyyətlərini bərpa
edəcəyinə inanırdı. Bu isə yerli xanların
Rusiya təcavüzünə qarşı vahid cəbhəsini
təşkil etməyə imkan vermirdi. 1802-ci ilin sentyabr
ayında Qafqazdakı rus qoşunlarının baş
komandanı təyin edilmiş qədim gürcü zadəgan
nəslinin nümayəndəsi, Azərbaycan xalqına
qarşı kəskin münasibətilə fərqlənən
general Pavel Sisianov Cənubi Qafqazda rus müstəmləkə
siyasətinin icraçısı olmuşdu.
1802-ci ildə
Həsənəli xan vəfat etdikdən az sonra Şeyxəli
xan Dərbəndi yenidən Quba xanlığına birləşdirib,
Bakı xanlığına öz iddiasını bildirir.
Sisianov bundan bərk hiddətlənərək Dərbəndi ələ
keçirmək istəyir. O, 1803-cü ilin yanvar ayında qraf
Vorontsova yazırdı ki, "əlverişli vaxtda Dərbəndi
tutmaq lazımdır, çünki bu, mənə verilmiş
göstərişin ümumi planına uyğundur.” Çar isə
bütün dağlı hakimlərin etimadını itirməkdən
çəkinərək hələlik Quba xanlığına
hücuma razılıq vermir.
XVIII əsrdə
Rusiyanın Azərbaycana iki hücumu Dərbənddən
keçməyə yönəlmişdisə, bu dəfə
hücum Car-Balakən və Gəncə istiqamətindən
başlayır. Çünki 1801-ci ildə Şərqi
Gürcüstan birləşdirildikdən sonra Rusiya burada əlverişli
şərait əldə etmişdi. Sisianov ilk zərbəni
Gürcüstandan Azərbaycanın içərilərinə
doğru uzanan yolun üstündə yerləşən
Car-Balakənə yönəldir. 5 minlik gürcü
qoşununun da yardım etdiyi general Qulyakovun
başçılığı ilə rus hərbi hissələri
1803-cü ilin mart-aprel aylarında yerli əhalinin müqavimətini
amansızcasına qırıb Balakəni ələ
keçirir və yandırırlar. Sonra isə Car
işğal edilir.
Rus
qoşunlarının Azərbaycana sonrakı irəliləyişi
Gəncə qalasından başlayır. General Sisianov Gəncə
xanlığının ələ keçirilməsinə
xüsusi əhəmiyyət verirdi. Sisianov şəhəri təslim
etməyi tələb edir və bildirir ki, tələbi qəbul
olunmasa, "Gəncəyə atəş və
qılıncla gələcək”. Cavad xan
işğalçının tələblərini rədd
edir. Bir ay davam edən mühasirədən sonra 1804-cü il
yanvarın
2-dən
3-nə keçən gecə rus qoşunları həmlə
ilə Gəncəni işğal edirlər. Cavad xan və onun
oğlu Hüseynqulu ağa döyüşərək həlak
olurlar. Gəncə xanlığı ləğv edilir və
dairəyə çevrilir. Şəhərin adı dəyişdirilərək,
I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə
Yelizavetpol qoyulur.
1805-ci
ilin avqust ayında rus hərbi donanması Bakı limanına
yaxınlaşır. Hüseynqulu xan təslim olmaq tələbini
rədd etdiyindən donanmanın komandanı general Zavalişin
şəhəri atəşə tutur və mühasirəyə
alır. Hüseynqulu xan İran şahından yardım istəyir.
Şahın vəliəhdi Abbas Mirzə urmiyalı Əsgər
xana öz qüvvələri ilə Bakının
yardımına getməyi əmr edir. Bu zaman qubalı Şeyxəli
xan da Bakıya yardım etməyə
hazırlaşırdı. General Zavalişin Bakıya İran
və Quba tərəfindən yardım ediləcəyindən
xəbər tutaraq Bakı ətrafından çəkilir və
Lənkəranın yaxınlığındakı Sara
adasında düşərgə salır.
Şamaxını
tabe edən general Sisianov 1806-cı ilin fevralında özü
böyük qoşunla Bakı ətrafına gəlir və
qüvvələrini general Zavalişinin desant dəstəsi ilə
birləşdirir. Sisianov Hüseynqulu xanı Rusiya təbəəliyini
qəbul etməyə çağırır. Hüseynqulu xan
müəyyən şərtlərlə
razılaşdığını bildirir və fevralın 8-də
Sisianov polkovnik Eristavinin müşayiəti ilə onu Qala
darvazalarının önündə gözləyən
Hüseynqulu xanın görüşünə gedir.
Görüş zamanı Sisianov Hüseynqulu xanın əmisi
oğlu İbrahim bəy tərəfindən
öldürülür. General Zavalişin rus
qoşunlarını Bakıdan Sara adasına, oradan da
Qızlara aparmağa məcbur olur. Dörd ay sonra 1806-cı il
iyunun 2-də general İvan Qudoviç Qafqazdakı rus
qoşunlarının baş komandanı təyin olunur və
onlar yenidən Azərbaycanda fəallaşırlar. 1806-cı
il oktyabrın 3-də Bakını döyüşsüz tutan
ruslar növbəti hədəf kimi Qubanı seçirlər.
Bakıda bir batalyon və Bakı limanında hərbi donanma
saxlayan general Bulqakov noyabr ayının 11-də Qubaya doğru
hərəkət edir.
Bakının
tutulması və general Sisianovun qətli haqqında
beşcildlik "Qafqaz muharibəsi”nin I kitabındakı
"Bulqakov” fəslinin muəllifi A.Potto yazır ki,
"...1806-cı ilin yayında "İnfanteriya (piyada
qoşunları) generalı Sergey Alekseyevic Bulqakov artıq Dərbənddə
idi. Qoşunlar gələcək yüruşə tam hazır
olduqdan sonra general onları Quba və Qazıkumık əyalətlərindən
yan kecərək, birbaşa Bakıya apardı. O, şəhərə
yaxınlaşanda bəyannamə göndərib sakinləri
rus imperatorunun mərhəmətinə sığınmağa
cağırdı və əks təqdirdə "məğlubedilməz
qoşunlarla şəhərin bünövrəsini silkələməklə”
hədələdi. Bakı xanının yaxın
adamlarından biri Süleyman bəy bəyannaməyə cavab
olaraq Bulqakova catdırır ki, xan əfv edilməsə, şəhər
sona qədər müdafiə olunacaq, əhali hökmdardan
iznsiz hec nəyə qol qoymayacaqdır...”
O
dövrün müasirlərinin söylədiyinə görə,
Xan sarayının çox zəngin və gözəl tərtibatı
olmuşdur. 1837-ci ildə Sankt-Peterburqda dərc edilmiş
"Kavkazüı ili podviqi i jiznğ
zameçatelğnıx liü, deystvovavşix na Kavkaze”
adlı kitabda 1806-cı ildə Bakının ruslar tərəfindən
işğalı, Xan sarayının qarət olunması belə
təsvir edilir: "Bakı xanının Bulqakov
üçün təmizlənmiş sarayında bizim zabitlərin
diqqətini divarlarda yağlı boya ilə ustalıqla çəkilmiş
və qızıla tutulmuş döyüş səhnələri
əks edilmiş tarixi şəkillər çəkdi.
Onları uzun iskənələrlə divarlardan qopardılar. Təəccüblüdür
ki, bəziləri hətta heç pozulmamışdı da.
Ümumiyyətlə, bu ev çox zəngin idi: qapı və
çərçivələr qırmızı çinar
ağacından idi, çoxlu qiymətli xalçalar, ipək
parçalar, hətta Şərq adətinin əksinə
olaraq güzgülər vardı. Görünür ki, xan
çıxıb getməyə heç də tələsmirdi.
Bütün bu var-dovləti bizimkilər elə təmizlədilər
ki, heç nə qalmadı”.
Nəhayət,
bütün bu faktları təsdiqləyən yeni
tapıntı isə alman etnoqraf və rəssamı
A.V.Kizevetterin "Sonuncu Bakı xanının
güzgülü zalı”nın yağlı boya ilə
çəkilmiş çox qiymətli rəsmi olmuşdur.
Son orta əsrlərdə, hətta XVIII əsrin sonlarınadək
Azərbaycan saraylarının bədii tərtibatından məlum
olduğu kimi, burada aynabəndlik texnikasından geniş istifadə
edilmişdir.
Bu nadir rəsm
əsəri Xan sarayının bu günədək naməlum
olan daxili interyeri haqqında ilk vizual məlumatı verən
çox qiymətli tapıntıdır. Çünki biz indiyədək
"güzgülü qonaq otağı” haqqında yalnız mənbələrdən,
hərbi yazıçı və səyyahların
yazılarından, həmçinin xalq deyimlərindəki rəvayətlərdən
başqa bir şey bilmirdik. Əsərdəki
görüntülər yuxarıda adı çəkilən
mənbələrdə sözlə təsvir edilən məlumatlarla
üst-üstə düşür. Rəsmdə
güzgülü zalın interyerində çox güman ki,
Bakı xanlarının nəslindən olan xan və xanzadələrin
portretləri əks edilən məşhur divar rəsmlərinin,
qızılla işləmələrin, yer döşənəcəklərinin,
fəvvarə və memarlıq detallarının aydın təsviri
verilmişdir. Rəssam bu əsərdə otağın
gözəlliyini və tavanının da bəzək ornamentlərini
vurğulaya bilmişdir.
Bu otaq
orta əsr Azərbaycan saraylarına xas olan böyük
otaqların ən yuxarı hissəsini rəngli
şüşəli şəbəkələrlə bəzəyən,
"şahnişin” adlanan taglı artırma ilə
tamamlanır. Şahnişində hər iki kənar hissədə
yenə də xalılarla döşənmiş hündür
kürsülər, mərkəzdə isə fəvvarə
aydın görünməkdədir. Rəsm əsəri o qədər
ustalıq və dəqiqliklə, yüksək zövq və rəng
çalarlarının zənginliyi ilə seçilir ki, səviyyəli
foto çəkilişindən geri qalmır.
Şahnişin
əslində yalnız saraylara məxsus və sarayda
küçənin, həmçinin həyətin yan tərəfinə
baxan otağın ikinci və ya daha yüksək mərtəbəsində
şahlara və yaxud xanlara layiq çıxıntılı,
balkon tipli bir yerdir. Şirvanşahlar Saray Kompleksinin saray
binasındakı "şahnişin” öz əzəmətli
və möhtəşəm memarlıq üslubu və gözəlliyi
ilə insanı valeh edir.
Məlumdur
ki, XVIII əsrdə Azərbaycan ərazisində
yaranmış bütün xanlıqlarda hər bir xanın
özünəməxsus saray tikilisi və saray interyeri
olmuşdur. Onları birləşdirən həm ümumi, həm
də fərqli cəhətlər vardır. İrəvan,
Şəki, Gəncə xan saraylarının divar və
tavanlarına yağlı boya ilə qızıla tutulmuş təbiət
təsvirləri, döyüş səhnələri və
portretlər çəkilmiş, stalaktitlər, buxarı və
taxçalar güzgülərlə işlənmişdir. Xan
saraylarının ən böyük zallarında o dövrə
xas fəvvarələrin olması da mütləq idi.
Şamaxı xan sarayı da Şəki xan sarayı kimi, zəngin
divar rəsmləri ilə bəzədilmişdi.
Xan
sarayları ümumi quruluşlarına, eksteryer və interyerlərinə
görə fərqlənsələr də, eyni struktura və
memarlıq üslubuna malikdirlər. Maraqlıdır ki, digər
sarayların xarici interyeri də daxili qədər zəngin
olduğu halda, Bakı xan sarayının fasad quruluşu
çox sadədir. Lakin Bakı xan sarayı böyük bir
kompleksə malikdir, yəni bir neçə bina, məscid,
hamam, ovdan, təsərrüfat həyəti, mətbəx, su
arıtma və su təchizatı sistemi, hovuzlu
bağ-baxçalı həyət və müxtəlif təyinatlı
mülklərdən ibarətdir. Bakı xan sarayı bəzi
memarlıq detallarından başqa, demək olar ki, hər
cür bər-bəzək elementlərindən məhrumdur. Sadə,
lakin sərt və əzəmətli xarici quruluşu Bakı
memarlığı üçün xarakterik idi.
Şirvanşahlar sarayının daxili interyeri də vaxtilə
zəngin kaşılarla bəzədilmiş olsa da, xaricdən
bir o qədər əzəmətli, lakin sadədir.
2015-ci ildə
hamam kompleksində aparılan tədqiqat işləri, həmçinin
Moskva və Sankt-Peterburq şəhərlərinin dövlət
arxivlərindən gətirilmiş xəritələr üzərində
aparılan araşdırmalar nəticəsində bu kompleksin
ayrıca divarlarının və hamam hasarının iki
darvazasının olması aşkar edilmişdi.
XVIII əsrin
II yarısı və XIX əsrdə İçərişəhərin
mükəmməl qrafik xəritələrini hazırlayan rus
hərbi hidroqrafları şimal qala qapısına (Qoşa
Qala qapıları) yaxın su anbarının və bir məhəllə
məscidinin olduğunu da xəritədə qeyd etmişlər.
Bu ərazidə geniş arxeoloji qazıntılar
aparılmadığından əfsuslar olsun ki, xəritələrdə
qeyd edilən bir neçə abidə aşkar olunmamış
və hələ də torpaq altında qalır.
1919-cu ildən
sonra kompleksdə daha bir neçə dəyişikliklər
edilmişdir. Belə ki, ötən əsrin 30-cu illərində
hamamın ərazisindən kanalizasiya və su xətlərinin
çəkilməsi NKVD-nin qərarı ilə həyata
keçirilmişdir. 2015-ci ildə arxeoloji qazıntılar
zamanı həmin 3 sıra azbes boru aşkar edilmiş və
fotofiksasiya edilərək arxivləşdirilmişdir.
Hamam kompleksinin əsas qapısı Bakı xanlarının saray kompleksinin Qala divarına bitişik divarı yanında olduğundan, demək olar ki, bu hamam saraya aid olmuşdur.
Araşdırdığımız xəritələrdən bəlli olur ki, saray kompleksinin təsərrüfat həyəti nisbətən daha geniş və aydın oxunan formadadır. Burada mətbəx, yemək otaqları, xidmətçi otaqları, xörəkbişirmə otaqları, saxlama otaqları sutənzimləmə-paklaşdırma (su arıtma sistemi) və təmizləmə qurgusu, anbarlar, quyular, təndirlər yerləşir.
Həyətdə əsas tağlı girişlə üzbəüz dulusçu emalatxanası da mövcud olmuşdur. Kompleksin həyətində məscid və bu məscidin də ayrıca həyəti, minarəsi və ikiyaruslu otaqları var imiş. Bu fakt da xəritədə öz əksini tapmaqdadır. Həyətdə ovdan yaxınlığında gizli yeraltı yolun da olması və bu yolun arxeoloji parkın ərazisindən keçən yeraltı yol ilə bağlantısını da xalq arasında söyləyirlər. İkinci bir yeraltı yolun da Qoşa Qala qapılarının altından keçərək indiki Həsən Əliyev küçəsi istiqamətindəki yeraltı yol ilə bağlantısı olduğu da bizə məlumdur. Digər tərəfdən xəritəyə baxdıqda başqa bir yeraltı yolun olduğu anlaşılır.
Eləcə də yeni tapılmış yeraltı hamamı da Xan Sarayı Kompleksinin bir tərkib hissəsi kimi qəbul etmək olar. Belə ki, məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə İrəvan xanının bacısını almış Bakı xanı Əşrəf xanın toyunda iştirak etmək üçün 10 gün Bakıda qonaq olmuşdur. O, "Səyahətnamə”sində Bakı qalasındakı üç hamamdan bəhs etmiş, lakin Mirzə xan hamamının daha xoş olduğunu xüsusi qeyd etmişdir.
Bakı
şəhərinin tarixində əhəmiyyətli yeri olan
Bakı xan sarayı yaxın gələcəkdə əsaslı
yenidənqurma, konservasiya və bərpa işlərindən
sonra muzey kimi ictimaiyyətə təqdim ediləcək.
Kamil İBRAHİMOV,
Professor
Azərbaycan.-2020.- 5 iyul.- S.5.