Dünyanı xeyirxah
əməllər gözəlləşdirir
Bu il "Könüllülər
ili”dir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
2020-ci ilin ölkəmizdə
"Könüllülər ili” elan edilməsi
haqqında 30 dekabr
2019-cu il tarixli sərəncam imzalayıb.
Əsrlər boyu xeyirxahlığı,
fədakarlığı, başqalarına
könüllü və
təmənnasız kömək
ənənələrini yaşatmağı
özünə borc bilən xalqımız üçün belə bir ilin əhəmiyyəti
sərəncamın məzmununda
dolğun şəkildə
əksini tapıb.
Arzuların ifadəsi
Könüllülük hərəkatının getdikcə
daha geniş vüsət aldığı
müasir dünyamızda
bu prosesin dövlət səviyyəsində
dəstəklənməsi əhəmiyyətli
dərəcədə vacibdir. Hazırda bu
işə daha çox insan qoşulur. Hərəkat ümumilikdə dünyanın
inkişafına başqa
həmfikirləri ilə
birgə töhfə verməyə çalışan
gənclərin öz
nəcib məqsədlərinə
çatmasına böyük
kömək göstərir.
Könüllülük insanları vahid
niyyət ətrafında
birləşdirir, vətəndaş,
cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi zaman keçdikcə
özünü doğruldur.
Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına,
dövlətinə, milli-mənəvi
dəyərlərə bağlılıq
və xidmət örnəyidir. Bu baxımdan
Prezident İlham Əliyevin 2020-ci ili
"Könüllülər ili” elan etməsi,
cəmiyyətimizdə könüllülüyün
bir dəyər kimi təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi,
fərdi inkişafı,
müxtəlif sahələrdə
bilik və bacarıqlar əldə etməsi, sosial-işgüzar
çevrəsinin formalaşması
baxımından çox
önəmlidir.
Belə bir sərəncamla dövlət rəhbəri
həm də Azərbaycan könüllülərinin,
ölkəmizdə bu
hərəkatın daha
da genişlənməsini
arzulayan bütün insanların xoş niyyətini ifadə etmiş oldu.
Könüllülük fəaliyyətinin təşviqi
məqsədilə dövlətimiz
tərəfindən son illərdə
zəruri addımlar atılıb. Normativ-hüquqi baza təkmilləşdirilib.
2009-cu ilin iyun
ayında "Könüllülük
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanunu qəbul edilib. Burada könüllülük fəaliyyətinin istiqamətləri,
iştirakçıların, onun təşkilatçılarının
hüquqları, vəzifələri,
bu sahədə beynəlxalq əlaqələr
öz əksini tapıb. Dövlət dəstəyi mexanizmləri
formalaşdırılıb. Bu gün könüllülük
bir çox fəaliyyət sahələrinə
nüfuz edərək
ümummilli hərəkata
çevrilib. Azərbaycanın hər bir bölgəsinə,
ictimai həyatın müxtəlif sahələrinə
yayılaraq, cəmiyyətimizin
bütün təbəqələrini
əhatə edib.
Könüllülük hazırda gənclərimizin
müsbət mənada
həyat tərzi olub. "ASAN Könüllüləri”
Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü” Tələbələrin
Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı,
"Aqrar İnkişaf
Könüllüləri” İctimai
Birliyi, "Nəqliyyat
Könüllüləri” Proqramı,
"Miqrasiya Könüllüsü”
İctimai Birliyi,
"Könüllü gömrükçü”
Dəstəsi, "Turizm
Könüllüləri” Təşkilatı,
"Ekokönüllüləri” Qrupu, "AFFA və
Avro-2020” Könüllülər Proqramı və digər könüllü
hərəkatları yaranıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə
gənci birləşdirən
könüllü qrupları
formalaşdırılıb və onlar qısa
müddətdə bir
çox uğurlara imza atıblar.
Genetik kodumuza yazılmış dəyərlər
Prezident
İlham Əliyev Azərbaycan könüllülərinin
fəaliyyətini yüksək
qiymətləndirir, ölkə
gəncliyinin bu fəaliyyətə marağını
təqdir edir və onlara dəstəyini əsirgəmir:
"Bir çox ölkələrdə gəncləri
birləşdirən təşkilatlar,
qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda
da. Amma hesab edirəm
ki, könüllülər
hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri
həm vətənpərvərdirlər,
həm biliklidirlər,
həm istedadlıdırlar,
həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm
etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə
kömək göstərmək,
mədəni davranış
- bütün bunlar bizim genetik kodumuza
yazılmış sarsılmaz
dəyərlərdir. Sadəcə
olaraq, könüllülər
xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri
özündə cəmləşdirərək,
bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər”.
Könüllü olmağın faydaları
Könüllülük bir könül işidir. Bu fəaliyyətə
qoşulan hər kəs onun faydalarını
qısa zamanda aydın şəkildə
görməyə başlayır.
Könüllülüyün birinci üstünlüyü
başqalarına kömək
göstərmək və
cəmiyyətə faydalı
olmaqdır. Öz bilik
və bacarıqlarını
fərqli mühitdə
tətbiq etmək bu işin daha
bir üstünlüyüdür.
İnsanlar könüllülük fəaliyyətinə həm
də yeni dostlar tapmaq, geniş işgüzar çevrə formalaşdırmaq,
özlərinə inam
yaratmaq üçün
qoşulurlar. Hansısa nəticəni
əldə etmək və özünə dəyər vermək hissinin formalaşması da könüllülük
fəaliyyətinin bir
insana qazandırdığı
ən böyük üstünlükdür.
Xalqımızın tarixi keçmişindən
gələn könüllülük
fəaliyyətinin Azərbaycanda
müasir dünyanın
çağırışlarına uyğun şəkildə
həyata keçirilməsi
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin müstəqil
Azərbaycan dövlətinə
rəhbərliyinin ilk illərindən
başlayaraq, hərtərəfli
və davamlı inkişaf məqsədilə
dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti
arasında əməkdaşlıq
diqqət mərkəzində
saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə
cəlb etməyə,
onların sahə təcrübəsindən yararlanmağa
mühüm önəm
verildi. Beləliklə,
1998-ci ildə Gənclər,
İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının
birgə layihəsi fəaliyyətə başladı.
1998-2000-ci illərdə bu
proqramın nəticəsi
olaraq ölkədə
güclü könüllü
komandası yaradıldı
və könüllülük
prinsiplərinin geniş
auditoriyada təbliğinə
start verildi.
Könüllülüyün ölkəmizdə ictimai bir hərəkat kimi genişlənməsi isə Prezident İlham Əliyevin təşəbbüsü, birbaşa
dəstəyi ilə yaradılaraq qısa müddətdə bütün
dünyada bir Azərbaycan brendinə çevrilən "ASAN xidmət”
mərkəzlərinin fəaliyyəti
ilə davam etdi. İlk mərhələdə əsas vəzifə savadlı və bacarıqlı gənclərimizin
bu mərkəzlərin
işinə fəal şəkildə cəlb olunaraq vətəndaşlarımıza
kömək göstərməsi
idi. Bu yöndə
həyata keçirilən
təşəbbüslər ölkəmizdə könüllülər
hərəkatının inkişafına
böyük təkan verdi. Bu hərəkat başqa sferaları da əhatə edərək müxtəlif layihələrin
uğurla icrasına böyük imkanlar yaratdı.
Ölkəmizdə könüllülər hərəkatının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir”, - deyən Mehriban xanım könüllülüyün cəmiyyətdə xeyirxahlıq və yeni davranış qaydaları təbliğ etdiyini xüsusi vurğulayıb. Xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı bizlərə ancaq qürur hissi yaşadır. Dövlətimizin diqqətindən qaynaqlanaraq milli ruhda tərbiyə alan, Azərbaycanın maraqlarını layiqincə qoruyan gənc nəslin və pandemiya dövründə geniş vüsət almış könüllülər hərəkatının xüsusi əhəmiyyəti misilsizdir, bu, cəmiyyətdə xeyirxahlıq və yeni davranış qaydaları təbliğ edir.
Gənclərimiz ölkəmizdə təşkil edilən "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində, I Avropa Oyunlarında, "Formula-1” yarışlarında, İslam Həmrəyliyi Oyunlarında böyük fədakarlıq göstərdilər. Bu beynəlxalq tədbirlərin uğurla keçirilməsinə töhfə verdilər. Bütün bunlar Azərbaycanda könüllülük fəaliyyəti üçün zəngin təcrübə formalaşdırdı. Bu təcrübənin davamını indi ən müxtəlif sahələrdə - vətənpərvərlik tərbiyəsi işində, ekoloji layihələrdə, təhsil, mədəniyyət, incəsənət tədbirlərində hər birimiz müşahidə etməkdəyik.
Strateji inkişaf yolumuz
Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında, mədəni sərvətlərimizin qorunması və dünyada təbliğində də könüllülərimiz çox fəaldırlar. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT Azərbaycanda yaranmış və inkişaf edən könüllülər hərəkatını yüksək qiymətləndirir. Azərbaycan könüllüləri öz kreativlikləri, təşəbbüskarlıqları, innovativ düşüncə tərzləri və müasir dünyagörüşləri ilə ölkəmizin, cəmiyyətimizin inkişafına yeni nəfəs gətirirlər. Azərbaycan Prezidentinin ölkə gəncliyi, o cümlədən könüllülük hərəkatının əsasını təşkil edən gənc nəslin nümayəndələri qarşısında qoyduğu böyük vəzifələr var: "Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünyagörüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. ...Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır”.
"Könüllülər
ili”nin formalaşdırdığı ənənələr və
dəyərlər də ölkəmizin bu günü və gələcəyinə
böyük töhfə olacaq.
İradə
ƏLİYEVA
Azərbaycan.-2020.- 5 iyul.- S.3.