Azərbaycan beynəlxalq siyasətin
zirvəsindədir YENİLƏNİB
Dünyada bizə böyük
hörmət və dəstək var
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.
Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib.
Prezident İlham
Əliyevin müsahibəsi
-Cənab Prezident, vaxt tapıb suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm. Birinci sualım bugünkü modul tipli xəstəxana ilə bağlı olacaq. Yaradılan şəraitlə tanış oldunuz. Bununla bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirəm.
- Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır.
Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır.
- Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, son vaxtlar Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar modul tipli xəstəxanalar açılır və Siz də növbəti dəfə belə bir tibb ocağının açılışında iştirak etdiniz. Qısa olaraq toxundunuz, amma istərdim, mümkünsə ətraflı məlumat verəsiniz ki, gələcəkdə də əlavə belə tibb ocaqlarının yaradılması, inşası nəzərdə tutulurmu?
- Bəli, nəzərdə tutulur. Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.
Ümumiyyətlə hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.
Bildirməliyəm ki, bu il istifadəyə verilmiş "Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, "Yeni klinika”da əlavə 350.
-Cənab Prezident, dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirməyinizi istərdik.
- Bildiyiniz kimi, dünyada koronavirus xəstəliyi
daha geniş vüsət alır. Bizim kimi, bəzi ölkələr
yumşalma tədbirlərindən sonra gördülər ki, xəstəliyin
yayılma tempi geniş vüsət alıbdır. Ona görə
indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı
tədbirlərə qayıdırlar. Hesab edirəm ki, bu,
düzgün qərardır. Çünki bu gün bu xəstəliyin
tam müalicəsi üçün peyvənd mövcud deyil. Belə olan
halda yoluxanların sayı bundan sonra da arta bilər.
Bizə gəldikdə, bəri başdan bütün
qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti
nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət
nəzarət altındadır. Baxmayaraq ki, hazırda
gündə təqribən 500 yeni xəstə qeydə
alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət
nəzarət altındadır. Əlbəttə,
biz pandemiyanın ilk günlərindən çox önəmli
addımlar atdıq. Fevral ayında bizim cəmi
altı laboratoriyamız var idi. Hazırda
bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni
laboratoriya sifariş edilib, yoldadır, gələcək və
laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu,
bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da
bildirməliyəm ki, bu günə qədər 500 mindən
çox test aparılıb və adambaşına düşən
testlərin sayına görə Azərbaycan dünyada təqribən
40-cı yerdədir.
Xəstəxanaların buna hazır olması məsələləri
də öz həllini tapıb. Deyə bilərəm
ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə
yerləşir. Bu xəstəxanalar regional
inkişaf proqramı çərçivəsində tikilib və
bu gün ən yüksək standartlara cavab verir.
Əlbəttə ki, biz məhdudlaşdırıcı
tədbirlərin görülməsi ilə bağlı
addımlarımızı vəziyyətə uyğun şəkildə
atırıq.
May ayının əvvəlində biz birinci
yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin
yayılma sürətinin artdığını görsək,
yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı
tədbirlərə qayıtmalı olacağıq, belə də
oldu. Bu gün karantin rejiminin qüvvədə
qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr
yenə də karantin rejiminin daha da sərt formasına
qayıdırlar.
Əlbəttə, hər bir məsələ müqayisə
tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi
eyni olan bəzi inkişaf etmiş ölkələrdə
yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10
mindir. O
ölkələrin səhiyyə sistemi bir çox hallarda
nümunə kimi göstərilirdi. Bu, onu
göstərir ki, heç bir ölkə tam şəkildə
özünü sığortalanmış hesab edə bilməz
və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa
daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə
lazımi addımları atır.
Bu xəstəlik bir şeyi də göstərib - adətən
hesab olunurdu ki, belə dəhşətli pandemiyalar,
epidemiyalar, insanların yoluxucu xəstəliklərdən
kütləvi şəkildə həlak olması ancaq geridə
qalmış ölkələrdə mümkündür. Amma həyat
onu göstərdi ki, bu, belə deyil. Həyat
onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət
çəkən ölkələr inkişaf etmiş ölkələrdir.
Əgər onlar bu məsələyə tam
çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər
də inkişaf etməmiş, yaxud da geridə qalmış
ölkələrdə vəziyyəti təsəvvür etmək
çətin deyil.
Biz, əlbəttə, bütün addımları atanda
vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı
tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə,
həkimlərlə məsləhətləşmələr
aparılır. Yəni, biz bu işi kortəbii
aparmırıq, ölçülüb-biçilmiş
addımlar atırıq. Bu
addımların əsas məqsədi insanlarımızı,
onların sağlamlığını, həyatını bu
xəstəlikdən qorumaqdır. Pandemiya dövründə
bütün imkanlarımız səfərbər
olunmalıdır ki, biz bu vəziyyətdən az
itkilərlə çıxa bilək.
-Cənab
Prezident, karantin rejiminə toxundunuz. Bu cür
karantin rejiminin nə qədər davam edəcəyini
proqnozlaşdırmaq olar? Yəni,
hansısa bir səviyyə varmı özümüz
üçün onu əsas tutaraq deyə bilək ki, karantin
rejimi filan vaxt yekunlaşa bilər.
-Bilirsiniz
ki, biz pandemiya dövründə adətən karantin rejimini
bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti
təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən
baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər
nəyə gətirib çıxarır. Deyə
bilərəm ki, bir müddət bundan əvvəl
yoluxanların sürətlə artan sayı indi sabitləşib.
Son bir neçə gün ərzində, dediyim
kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ
müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin
sayı sağalanların sayından çoxdur və bu mənfi
dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə
yükdür. Ona görə indiki rejim nə
qədər davam edəcək və bu rejim daha da sərtləşəcək,
yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu
görəcəyik. Yenə də demək
istəyirəm ki, ilk gündən bu günə qədər
burada dövlət tərəfindən bütün lazımi
addımlar atılıbdır. Xəstəliyin
yayılmasının başlıca səbəbi bəzi
insanların məsuliyyətsizliyidir. Onlar
sadə qaydaları gözləmirlər, bunlara əməl
etmirlər. Ona görə biz məcbur olub
cərimələri artırdıq. Bəzi
hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar
atmağa məcbur oluruq. Ancaq onlar da öz
məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən
karantin rejimini pozanların sağlamlığının
qorunmasına hesablanıb. Amma biz
görürük ki, insanlar bu rejimi nümayişkaranə
pozurlar. Dünən məşhur bir oteldə
baş verən o biabırçı hadisə dözülməzdir.
Ona görə, əlbəttə, Azərbaycan
polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən
çox ciddi göstəriş verilibdir ki, bütün
pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər
xarici şirkət, istər yerli vətəndaş, istər
xarici vətəndaş olsun, fərq etmir, biz
xalqımızı qorumalıyıq, biz xalqımızın
sağlamlığını qorumalıyıq. Eyni
zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı
tətbiq edilən qaydalar hər kəs üçün əsas
olmalıdır. Ona görə biz bundan
sonra da bu istiqamətdə addımlarımızı
atacağıq. Əgər o qaydaları
pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama
riayət edərlərsə, hesab edirəm ki, biz
pandemiyanı nəzarətdə saxlaya biləcəyik.
-Cənab
Prezident, pandemiya başladığı gündən bəri
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı
ilə sıx əməkdaşlıq edir. Ümumdünya
Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla
mübarizədə nümunəvi ölkə
adlandırıb. İstərdim ki, bu təşkilatla
əlaqələrimizi və əməkdaşlığımızı
qiymətləndirəsiniz.
-Biz ilk
gündən Ümumdünya Səhiyyə Təşkilatı
ilə təmasda idik. Çünki bu təşkilat
dünya miqyasında bu işlərə cavabdehlik
daşıyan birinci təşkilatdır. Onların
mütəxəssislərini dəvət etdik. Onlar da ezam olundu, gəldilər, bəzi məsləhətlər
verdilər və o məsləhətlər əsasında
öz addımlarımızın bir hissəsini atdıq.
Dediyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı
Azərbaycanda görülmüş işlərə yüksək
qiymət vermişdir, həm birinci mərhələdə,
ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və
hesab edirəm ki, bu təşkilatla hər bir ölkə
çox sıx əməkdaşlıq etməlidir. Çünki biz yalnız Ümumdünya Səhiyyə
Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq
arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı
da etmişik. Bu gün təşkilatın nümayəndəliyi
Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin
yayılmaması üçün əməli addımlar
atır. Biz bu fəaliyyətə görə
minnətdarıq. Bildiyiniz kimi,
Ümumdünya Səhiyyə Təşkilatının Baş
direktoru Azərbaycan tərəfindən təşkil
olunmuş Zirvə görüşlərində də
iştirak edib. Hesab edirəm ki, pandemiyadan
sonra da biz bu təşkilatla əməkdaşlığımızı
uğurla davam etdirəcəyik.
-Cənab
Prezident, koronavirus pandemiyasının ölkəmizin
sosial-iqtisadi sahələrinə təsiri necədir? Bu barədə fikirlərinizi öyrənmək istərdik.
-Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın
aparıcı maliyyə qurumları indi ortaya müxtəlif
proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə
uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə
bağlı vəziyyət necə olacaq? Biz
görürük ki, işsizlik az olan
ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə
vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir
parçası olduğu üçün təbii ki, bu, bizim
vəziyyətimizə də mənfi təsir göstərmişdir.
Biz bu ili çox böyük ümidlərlə,
böyük planlarla başlamışdıq. İlin
ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər
yüksək idi. Biz hesab edirdik ki, 2020-ci il
son vaxtlar apardığımız islahatların nəticəsində
gözəl nəticələri verə biləcək il
olacaqdır. Ancaq əlbəttə ki, pandemiya
bizim bütün planlarımıza da müdaxilə etdi və
biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı
addımlar atdıq, o cümlədən ticarət sahəsində,
digər sahələrdə. Təxmin
edirdik ki, iqtisadiyyatımız tənəzzülə
uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın
yekunlarına görə 1,7 faiz tənəzzülə
uğradı. Altı ayın yekunları yəqin
ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm
ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı,
tərəddüdsüz idi, insanların sağlamlığı
ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə
salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial
layihələr keçən ilə nisbətdə daha təsirlidir.
Misal üçün, ən həssas təbəqəyə
aid olan layihələr bu il daha
böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər
üçün rekord sayda binalar tikiləcək, 7 mindən
çox köçkün ailəsi yeni mənzillərlə
təmin ediləcəkdir. Şəhid ailələri
üçün bu il rekord sayda - 1500 mənzil
istifadəyə veriləcək, adətən ildə təqribən
700-800 mənzil təqdim edilir. İyirmi il
orduda qüsursuz xidmət etmiş hərbçilərə bu
il 400-dən çox mənzilin verilməsi nəzərdə
tutulur. Biz ünvanlı sosial yardım
alanların sayını artırdıq. Bu rəqəm təqribən
85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən
çox insan. Digər önəmli sosial layihələr
icra edildi. Bildiyiniz kimi, işsizləri, o
cümlədən qeyri-formal sahədə işləyənləri
dəstəkləmək, pandemiyadan zərər çəkmiş
sahələrdə çalışan insanlara maddi yardım
göstərmək və digər məqsədlər
üçün təqribən 3 milyard manat vəsait nəzərdə
tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib.
Ona görə biz nə qədər vəsait
lazımdırsa, o qədər də ayıracağıq. Digər tərəfdən,
baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə
uğrayıb, amma bəzi sahələrdə inkişaf da var.
Misal üçün, kənd təsərrüfatı.
Biz beş ayın yekunlarına görə
bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində
aparılan islahatlar və şəffaflıq bu gün
çox yaxşı nəticələrə gətirib
çıxarır. Qeyri-neft sənayesi sahəsində
artım beş ay ərzində 16 faiz olub.
Bu da son illər ərzində sənayeləşmə
prosesinin təzahürüdür. Ona görə mən
hesab edirəm ki, biz bütövlükdə bu ili
də lazımi səviyyədə başa vuracağıq. Dünya bazarlarında neftin qiymətinin kəskin
düşməsinə baxmayaraq, altı ay ərzində bizim
valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar
azalıbdır. Biz daha da böyük
düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti
55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti
38 dollar olub. Yəni, bu, bizim
üçün böyük itkidir. Bəzi
günlərdə daha aşağı düşürdü.
Hətta bildiyiniz kimi, özünü müxalifət
adlandıran bəzi nümayəndələr bir-birini təbrik
edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara
düşüb və beləliklə, ölkə
böyük problemlərlə üzləşəcək.
Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni
görərkən bir daha əmin olur ki, kim
kimdir. Çünki neftin qiymətinin
düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin
həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət
aşağı səviyyədə olarsa, biz istər-istəməz
investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik
və insanlar bundan əziyyət çəkəcəklər.
Hesab edirəm ki, bu gün neftin qiymətinin
düşməsinə sevinən bir Ermənistandır, bir də
özünü müxalifət adlandıran antimilli şura.
Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə
düşmənçilik hissləri ilə yaşayır.
Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14
dollar da olsa, biz ayaqda duracağıq. Çünki
biz son illər ərzində o qədər böyük
iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən
böhranla bacara biləcəyik.
İqtisadi sahədə bir məsələyə də
toxunmaq istəyirəm. Bildiyiniz kimi, hazırda kölgə
iqtisadiyyatına qarşı çox ciddi mübarizə
aparılır və bu mübarizə özünü göstərir.
Həm biznes cəmiyyəti bunu görür və
qiymətləndirir, eyni zamanda, biznes qurumlarında fəaliyyət
göstərən vətəndaşlar. Bu il yüz mindən çox əmək
müqaviləsi imzalandı. Əslində bu,
qeyri-formal məşğulluğun ağardılması deməkdir.
Çünki bu günədək yüz minə
qədər insan kölgə iqtisadiyyatında fəaliyyət
göstərirdi, öz əməkhaqqı barədə məlumat
vermirdi. Beləliklə, özünü gələcək
pensiya təminatından, gələcək tibbi
sığortadan məhrum edirdi. Odur ki, həm
maarifləndirmə işləri, həm də çox ciddi
inzibati addımlar və dövlət qurumları ilə biznes
qurumları arasındakı təmaslar, onlar üçün
güzəştli vaxtın uzadılması ona gətirib
çıxardı ki, yüz mindən çox əmək
müqaviləsi imzalandı və bu, son hədəf deyil.
Bizdə qeyri-formal sahədə bəlkə də hələ
yüz minlərlə insan işləyir və əminəm
ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində
də özünü göstərdi. Baxın,
ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti
bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir.
Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki
keçən il 3 milyon rekord hədd idi. Bu
il üçün belə
planlaşdırırdıq. Bu da ölkə
iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi
demək idi. Biz bundan da məhrum olduq.
Ancaq altı ay ərzində vergi və
gömrük orqanları büdcəyə proqnozdan əlavə
423 milyon manat cəlb edə biliblər. Bunun
98 milyon manatını gömrük, qalan böyük hissəsini
vergi orqanları təmin edib. Nəyin
hesabına? Məhz şəffaflığın,
dürüstlüyün hesabına, kölgə
iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda
da aparırıq və gözəl nəticələr əldə
edirik. Əlbəttə ki, mən demişəm,
bu vəsaitin hamısı ancaq sosial layihələrə, o
cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir.
-Cənab
Prezident, Azərbaycan pandemiya ilə mübarizədə bir
çox ölkələrə humanitar yardım göstərib.
Bununla bağlı fikirlərinizi
bölüşməyinizi xahiş edirik.
- Bəli,
tamamilə haqlısınız. Biz bu günə
qədər 30-dan çox ölkəyə humanitar və
maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat
da vermirdik. Çünki biz bunu piar
üçün yox, sadəcə olaraq, ölkələrə
həmrəylik borcu kimi edirdik. Ancaq bir
neçə dövlət başçısı mənə
təşəkkür məktubu ünvanladıqdan sonra bu,
artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik.
Əksinə, hesab edirəm ki, bu, bizim
böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə
biz 30-dan çox ölkəyə yardım göstərmişik
və düz etmişik. Əlbəttə,
məhz çətin günlərdə ölkələr
bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs
yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar
verə bilər. Ancaq biz bu həmrəyliyi
sözdə yox, əməldə göstərməliyik və
bunu göstərmişik. Hesab edirəm ki,
buna görə ölkəmizin beynəlxalq mövqeləri
daha da möhkəmlənib. Onsuz da Azərbaycan
dünyada çox yüksək imicə malik bir ölkədir.
Son hadisələr bunu bir daha təsdiqlədi.
Bu humanitar və maliyyə yardımı bir daha
onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda
möhkəm duran ölkədir və çətin dövrdə
özünə qapanmır. Əksinə,
bu dövr ərzində bizim təşəbbüslərimiz,
o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz
beynəlxalq əməkdaşlığı təşviq edən
təşəbbüslərdir. Burada Azərbaycan
dünya miqyasında çox önəmli rol oynayan ölkə
kimi özünü bir daha təsdiqləyib.
İkincisi, bizim fəlsəfəmiz belədir. Mən əminəm
ki, əgər kimsə yardım üçün müraciət
edirsə, imkan daxilində o xahişlər təmin
olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq,
xeyirxahlıq, yardım və dəstək hesabına daha
çox dost qazana bilərik. Biz bunu
ardıcıllıqla, düşünülmüş siyasətlə
etmişik. Biz heç vaxt hansısa bir
ölkənin çətin vəziyyətindən istifadə
edib özümüz üçün nəyisə
qoparmağa çalışmamışıq. Həmişə kömək etməyə
çalışmışıq. İndi kim
bunun qədrini bilir, sağ olsun, kim bunu unudur, özü bilər.
Hər halda bizim vicdanımız təmizdir.
Bu dövrdə biz, əlbəttə, bundan sonra
da yardımları göstərə bilərik və edəcəyik.
O cümlədən biz Ümumdünya Səhiyyə Təşkilatına
10 milyon dollar ianə verdik. Birinci ianə
sırf onların öz planlarını həyata keçirməsi
üçün idi. İkinci ianə isə
pandemiyadan ən çox əziyyət çəkən və
ən ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına
üzv ölkələrə nəzərdə tutulur. Biz digər beynəlxalq təşkilatlara maliyyə
yardımı göstərmişik. Yenə
də deyirəm, hesab edirəm ki, tamamilə düzgün
addım atmışıq.
-Cənab
Prezident, belə bir dövrdə şəxsən Siz beynəlxalq
arenada bir sıra təşəbbüslər irəli
sürmüsünüz. Biz buna misal olaraq
Türk Şurasının və Qoşulmama Hərəkatının
Zirvə toplantılarını göstərə bilərik.
Necə düşünürsünüz, bu təşəbbüsləri
Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi
kimi dəyərləndirmək olarmı?
-Təbii
ki. Bilirsiniz, mən hesab edirəm ki, hər bir
ölkə, - hər halda biz Azərbaycanın mövqeyini
bunda görürük, - hər hansı bir təşkilatda fəaliyyəti
tam icra etməlidir. Yəni, bu fəaliyyət,
xüsusilə sədrlik fəaliyyəti formal xarakter
daşımamalıdır, halbuki daşıya da bilər.
Çünki Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına sədrlik növbəlilik
prinsip əsasındadır. Qoşulmama Hərəkatında
sədrlik isə seçkilər yolu ilədir. Biz hər iki təşkilata sədrliyi təxminən
eyni vaxtda - keçən ilin oktyabrında öz üzərimizə
götürmüşük. Bakıda iki
Zirvə görüşü keçirilmişdir. O vaxt
mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq,
Qoşulmama Hərəkatına üzv ölkələrin
maraqlarını dünya miqyasında müdafiə edəcəyik,
ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik.
Ona görə bu ağır bir dövrdə, əlbəttə,
hesab etdim ki, Zirvə görüşlərinin keçirilməsinə
də böyük ehtiyac var. Bildirməliyəm ki, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə görüşü yeni formatda -
onlayn formatda ilk Zirvə görüşü idi. Ondan sonra digər təşkilatlar da buna oxşar
addımlar atdılar. Qoşulmama Hərəkatına
üzv ölkələrin və Türk Şurasının
Zirvə görüşləri çox uğurlu keçdi.
Qəbul edilmiş sənədlərdə Azərbaycanın
bu təşəbbüsü və bu sahədə
oynadığı rolu, həmrəyliyə hesablanmış
addımları yüksək qiymət almışdır.
Bundan başqa, mən Avropa İttifaqının Şərq
Tərəfdaşlığı Zirvə
görüşündə iştirak etmişəm və Azərbaycanın
mövqeyini ifadə etmişəm. Eyni zamanda, bu
yaxınlarda Azərbaycan, Əfqanıstan, Türkmənistan
dövlət başçılarının Zirvə
görüşü keçirildi və bu görüş də
çox önəmli idi. Biz konkret nəticələrə
gəldik. Bu Zirvə görüşü
daha çox logistika, nəqliyyat sektoruna aid idi. Ancaq mənim təşəbbüsümlə biz
onun formatını bir qədər genişləndirdik.
Yenə də təşəbbüs göstərərək
hökumətlərarası işçi qruplarının
yaradılmasına nail olduq. İndi məsləhətləşmələr
gedir. İnvestisiyalar, ticarət, nəqliyyat-logistika,
energetika, telekommunikasiya. Burada çox
önəmli üçtərəfli format artıq
formalaşıb. Deyə bilərəm ki,
üçtərəfli əməkdaşlıq formatına
biz həmişə çox böyük maraqla
yanaşmışıq, üstünlük vermişik. Bir neçə ölkə ilə belə formatlar
var. Bu isə üçtərəfli və çox
böyük iqtisadi səmərə gətirə biləcək
yeni bir formatdır. Əlbəttə ki,
bizim növbəti təşəbbüsümüz BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsi
ilə əlaqədar idi. Bu təşəbbüs də
dünya miqyasında yüksək qiymət aldı və
130-dan çox ölkə bizim təşəbbüsümüzə
dəstək verdi. Beləliklə,
yaxın gələcəkdə sessiya keçiriləcəkdir.
-Cənab
Prezident, Sizin BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi təşəbbüsünüzün
əleyhinə səs verən yeganə ölkə Ermənistan
idi. Bunu nə ilə əlaqələndirirsiniz?
Bu, Ermənistanın bizə qarşı olan
nifrətidir, yoxsa özünü dünyadan təcrid etməsidir?
-Yəqin
ki, hər ikisidir. Hesab edirəm ki, bunun əsas
səbəbi Ermənistanda hökm sürən və dövlət
tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır,
Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin
təzahürüdür. Ancaq Ermənistan
özü-özünü çox pis vəziyyətə
qoydu. Siz qeyd etdiyiniz kimi, özünü
dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün
əleyhinə çıxmaq ağılsızlıqdır və
qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli
sürəndə bir məqsədi güdürdük ki,
artıq dünya miqyasında səylərimizi birləşdirək.
Bu təşəbbüslə əlaqədar
bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu
keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama
Hərəkatı çərçivəsində
keçirdik. İndi biz dünya
miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir
yanaşma tətbiq olunsun, ölkələr özlərinə
qapanmasın, inkişaf etmiş ölkələr ağır
vəziyyətdə olan ölkələrə kömək
göstərsinlər. Biz bunu
görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən
ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar,
iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm
də həmrəyliyi nümayiş etdirmək
üçün veririk. Hələ bilinmir
ki, peyvənd icad olunandan sonra nələr baş verəcək?
İndi dərmanlar, cihazlar uğrunda mübarizə
gedir. Biz özümüz bu vəziyyətlə
üzləşmişdik. Biz sifariş
edilmiş və pulla alınmış bəzi cihazları
ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra
hansı vəziyyət olacaq? Bunu heç kim
bilmir. Birincisi, bu peyvənd nə dərəcədə
səmərəli olacaq? İndi testdən
keçir. Sonra kasıb ölkələrin
ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq,
yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu
paylayacaq? Yoxsa ki, zəngin ölkələr
bundan istifadə edib öz əhalisinin canını qurtaracaq,
amma kasıb ölkələrdəki insanlar öləcək?
Bu, dözülməzdir. Bütün
bu məsələlər vahid bir yanaşma tələb edir.
Hətta ölkələr BMT Baş
Assambleyasında vahid bir fikrə gəlməsələr belə,
biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi
kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən
başadüşülən deyil.
Bildiyiniz kimi, bu təşəbbüsün
reallaşması üçün bizə 97 səs lazım
idi. Biz isə 130-dan çox ölkənin səsini
qazandıq. Hesab edirəm ki, burada iki əsas
amil öz rolunu göstərdi - bu mövzunun
aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana
olan dəstək və rəğbət. Biz
bu rəğbəti uzun illər ardıcıl fəaliyyət
hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində
qazanmışıq.
Mən dəfələrlə demişəm ki, biz
müstəqil siyasət aparırıq və bizim siyasətimizə
heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif
məqamlarda bunu dəfələrlə nümayiş
etdirmişik. Ona görə bu gün Azərbaycana
olan rəğbət doğrudan da ən yüksək səviyyədədir.
Biz doqquz il bundan əvvəl 155 ölkənin
dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına
üzv seçilmişik. Bildirməliyəm ki,
o vaxt bizdən əvvəl Ermənistan namizədliyini
vermişdi. Ancaq görəndə ki, biz
namizədliyimizi verdik, bizim qarşımızda aciz
olduqlarını başa düşdülər və namizədliklərini
sakitcə geri götürdülər - yəni, o diplomatik
döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından
qaçdılar və beləliklə, Azərbaycan
işğal edilmiş torpaqların bir hissəsini
işğalçılardan azad etdi. Ona görə
bu, 10 ildən sonra yenidən bizə verilən böyük
beynəlxalq dəstəkdir. Mən öz
ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm.
Amma hesab etmirəm ki, bir çox ölkələr
BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim
dürüstlüyümüzün, sözümüzə əməl
etməyimizin nəticəsidir. Mən dəfələrlə
demişəm, bizim sözümüz imzamız qədər təsirlidir
və bunun təsiri eynidir. Biz
sözümüzü tutan ölkəyik.
O ki
qaldı, Ermənistana, əslində, onlar özlərini
çox gülünc vəziyyətə qoydular. Bizim təşəbbüsümüzü 130-dan
çox ölkə rəsmən dəstəklədi,
özü də fərdi qaydada. Baxmayaraq
ki, Qoşulmama Hərəkatı bütövlükdə buna
dəstək vermişdi, yenə də bütün ölkələr
fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu
haqda məlumat verdilər. Bir neçə
ölkə səssiz qaldı. Yəni,
onlar, sadəcə olaraq, buna reaksiya vermədilər. Yeganə ölkə - Ermənistan bunun əleyhinə
çıxıb. Ermənistanın BMT-dəki
səfiri çox qəribə bir məktub ünvanlamışdır
ki, onlar bunun əleyhinədirlər.
Birincisi, Ermənistanın özü regionda və bəlkə
də dünyada pandemiyadan ən çox zərər çəkmiş
ölkələrdən biridir. İndi özləri
etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar. İndi özləri döymədikləri qapı
qalmayıb ki, onlara yardım etsinlər. Yenə
də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan
hansısa yardım hesabına yaşamağa
çalışırlar. Belə olan halda
onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və
faşist mahiyyətini göstərir. Çünki
artıq dünya bunların əsl simasını dəfələrlə
görübdür. Bu gün Ermənistanda
faşizm ideologiyası üstünlük təşkil edir.
Mən demişəm, rejim dəyişə bilər,
amma bu ölkənin faşist ideologiyası dəyişməz
olaraq qalır. Bu ideologiyanın hədəfində
bizik. Onların Azərbaycanafob siyasəti bu gün də
özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid
edirlər. Amma bu addım, əlbəttə
ki, heç bir məsələyə təsir edə bilməz.
Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini
artıracaq, görəcək ki, məhz buna görə bu
addım atıldı, buna görə Ermənistan etiraz etdi və
yenidən təcrid edilmiş vəziyyətdə qaldı.
-Cənab
Prezident, Siz Ermənistanın beynəlxalq təşkilatlarda
addımlarından danışdınız. Ancaq
bu ölkənin daxilində də demokratiyanın, insan
haqlarının pozulması halları geniş vüsət
alır. Avropa təşkilatları isə
bütün bunlara göz yumur. Sizcə,
bu, nə ilə əlaqədardır?
- Hesab
edirəm ki, bunun əsas səbəbi erməni lobbisi və
onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı
bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası
Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin
başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda
idi. O vaxt ermənipərəst deputatlar və əslən
Avropa ölkələrindən olan varlı ermənilər
bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə
edib Ermənistanı bütün tənqidlərdən
qoruyurdular. Ermənistanda insan haqlarının və
demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə
kimi formalaşandan dərhal sonra öz əsl xislətini
göstərdi. Xocalı soyqırımını törədən
faşistlər demokrat ola bilməzlər.
Başqasının torpağına göz dikən, bir milyon
insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola
bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının
və Ermənistanda yaşayan azərbaycanlıların
elementar insan haqlarını pozublar. Ancaq
ermənilərə himayədarlıq edənlər, ilk
növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan
hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti
onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti
deyil, bu, korrupsiya fəaliyyətidir. Mən
hesab edirəm ki, bu fəaliyyət Avropada geniş
araşdırılmalıdır. Bizdə
kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər,
deputatlar, bəzi Avropa ölkələrinin hökumət
üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər.
Elə adamlar var ki, Dağlıq Qarabağa
yüzlərlə səfər edib. Bunun
arxasında nələr dayanır, hamımız yaxşı
başa düşürük. Ona görə
Avropanın hüquq-mühafizə orqanları bu məsələni,
Ermənistan hökumətinin Avropada korrupsiyanın
yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə
ki, Ermənistanın riyakar siyasətini
araşdırsınlar. Çünki o, hər
bir güc mərkəzinə o güc mərkəzinin
eşitmək istədiyini deyir yalandan. O, bir neçə
stulda oturmaq istəyir. Bu günə qədər
buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş,
yüz il bundan əvvəl
dırnaqarası hadisələri - soyqırımı istismar
etmək istəyir. Özündən qurban,
yazıq bir xalq düzəltmək istəyir. Halbuki hər kəs yaxşı bilir ki, ermənilər
bizə qarşı soyqırımı törətmişlər.
Budur, əsas amillər.
Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti
ona gətirib çıxarıb ki, Ermənistanın üzərində
mövcud olan çətir artıq deşilibdir. Biz onların əsl
mahiyyətini üzə çıxarırıq, onların
faşist mahiyyətini ifşa edirik. Faşist
Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən
faşistdir. Bunu biz deyirik və artıq dünya
miqyasında bu fakt haqqında kifayət qədər məlumat
var. Mən bu məsələni qaldırmayana qədər
heç kim bu haqda
danışmırdı. Mən bu məsələni
qaldırdım və buna geniş beynəlxalq dəstək təmin
edildi. İndi artıq hər kəs bilir
ki, Njde faşist olubdur. Bu faşist
onların qəhrəmanlıq simvoludur. Onların
işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq
təşkilatların sənədlərində Azərbaycanın
ərazi bütövlüyü birmənalı şəkildə
dəstəklənir və işğal haqqında kifayət qədər
dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi
əvvəlki hakimiyyətin bütün çirkin əməllərini
üzə çıxarır. Artıq
onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə
qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları
ifşa ediblər.
Mən
demişəm ki, əgər 20 il ərzində
bir ölkəyə rüşvətxorlar, cinayətkarlar,
oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar,
oğrular, rüşvətxorlar ölkəsidir. Başqa
cür ola bilməz. Onların
dırnaqarası müstəqillik tarixi
rüsvayçılıq tarixidir. Müstəqilliyin
ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş
ərazi iddiası, Xocalı soyqırımı, işğal
və Azərbaycan vətəndaşlarının öz
doğma torpaqlarından didərgin salınması, ondan
sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin
zəbt edilməsi. Bütün Ermənistan
rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər.
Bu ölkənin, sadəcə olaraq, tarixinə
baxmaq kifayətdir. 1990-cı illərin
sonlarında Ermənistan parlamentində terror hadisəsi
onların əsl mahiyyətini üzə çıxarır.
Bu, terrorçu ölkədir və 2018-ci ilə
qədər quldur, kriminal, rüşvətxor xuntanın
hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə
gətirib çıxardı. Belə
çıxır ki, Ermənistan prezidentləri rüşvətxor
olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb
edilib. Onların generalları oğru
olublar, əsgərlərin tuşonkasını bazarlarda
satdırıblar. Onların qəhrəmanları
faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi
baxın görün son iki il ərzində
nələr baş verir. Belə olan halda mənzərə
tam üzə çıxacaq. Son iki il
ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda
insan haqları kobudcasına pozulur, jurnalistlər həbs
olunur. Bir jurnalist həbsxanada aclıq elan
etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və
konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə
bilərdi. Siyasi opponentlər təqib
edilir, siyasi partiya rəhbərlərinin deputat
toxunulmazlığı götürülür, onlar hədələnir,
onların qohumlarına qarşı cinayət işləri
açılır, hakimiyyət zəbt edilib, hakimiyyət
bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm
icra orqanının rəhbəridir, həm də sanki
parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq
və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib
və Ermənistanda diktatura artıq formalaşıbdır.
Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir
çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir
reaksiya vermir. Haradadır ATƏT-in media
üzrə nümayəndəsi? Hansı
ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur
və indi dəridən-qabıqdan çıxır ki, öz
vəzifəsində qala bilsin. Niyə səsini
çıxarmır? Niyə həbsxanada
jurnalist öləndə səsini çıxarmayıb?
Niyə pozuntular olanda səsini çıxarmayıb?
Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus
üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu
suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə
cavab verəcəklər? Cavab verəcəklər
ki, biz saxtakarıq? Deməyəcəklər.
Sadəcə olaraq, susmağa üstünlük
verirlər.
Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda
keçirilmiş bütün seçkilərdə
görmüşük. Bütün seçkilər
saxtalaşdırılıb, amma bütün seçkilərə
müsbət rəy verilib. Heç
uzağa getməyək. Guya ki, onlarda
baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti
qanunsuz zəbt etmək istədi, parlament seçkilərini
saxtalaşdırdı, özünə 50 faizdən çox səs
yazdırdı. Avropa Şurası Parlament
Assambleyası, ATƏT-in müşahidəçi missiyası
buna müsbət rəy verdilər. Yaxşı,
görmürdünüz ki, bu adam
saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda
seçicilərin kütləvi qaydada satın alınması
prosesi gedir?! Beynəlxalq müşahidəçilər
Sarkisyan hakimiyyətinə, onun
saxtalaşdırılmış seçkilərinə müsbət
rəy verir, ondan sonra xalq ayağa qalxır. Çünki erməni xalqı Sarkisyana və onun
xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq
bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun
hansı aciz vəziyyətdə olmasını bütün
dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi
ki, mən səhv etmişəm, məni
bağışlayın, qaçdı getdi. Qorxaq.
Bunun başqa adı yoxdur. Amma
özünü qəhrəman kimi göstərirdi. O
hansı qəhrəmandır, bütün dünya
gördü. Azərbaycanın dinc əhalisinə
qarşı cinayət törədən o cəllad
qorxaqcasına qaçıb gizləndi. İndi
də əsas məqsədi odur ki, həbs olunmasın. Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra
parlament seçkiləri elan olunur və onun faşist
simvolikası ilə eyni simvolikası olan
Respublikaçılar Partiyası heç 1 faiz də səs
toplamır. Necə ola bilər, bir
neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs
toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir
ki, Ermənistan saxta dövlətdir və əlbəttə
ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax,
buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı
qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir.
Cavab verin. Siz buna necə
müsbət rəy vermisiniz ki, bu adama bütün erməni
xalqı nifrət edir və seçkilər də onu göstərdi.
Ona görə bu məsələ tam aydındır və
artıq bu riyakarlığın üstü tam
açılıbdır. Artıq heç kimdə
şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən
verilən qərarların əksəriyyəti siyasi xarakter
daşıyır, siyasi sifarişdir. O ölkələr
ki, onların qarşısında baş əyir, diz
çökür, - Ermənistan kimi, - onların
başını sığallayır, o ölkələr ki, ləyaqətli
özünü aparır, ayaqda möhkəm durur və
özünə qarşı hörmət tələb edir, -
Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas
tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta
iradlardır. Bayaq bizim haqqında
danışdığımız beynəlxalq arenadakı
uğurlarımız onu göstərir ki, Azərbaycan bu
gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə
şər atanlar böhran içindədir.
-Cənab
Prezident, mənim sualım Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlıdır. Bu yaxınlarda ATƏT-in
Minsk qrupu da bəyanat yayıb. Ümumiyyətlə,
son dövrlərdə danışıqlarda hansı proseslər
gedir və danışıqlar prosesində Azərbaycanın
mövqeyində hər hansı bir dəyişiklik varmı?
-Xeyr.
Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik
yoxdur, ola da bilməz. Çünki
bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni
zamanda, beynəlxalq hüquqa əsaslanır. Mənim bu məsələ ilə bağlı kifayət
qədər açıqlamalarım olub, o cümlədən
beynəlxalq tədbirlər çərçivəsində və
bunu artıq bilməyən yoxdur. Ona
görə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik
mümkün deyil, münaqişə ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır. Heç vaxt Azərbaycan
torpağında ikinci erməni dövlətinin yaranmasına
icazə verilməyəcək. İşğal
edilmiş bütün torpaqlar işğalçılardan azad
edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba
torpaqlarına qayıtmalıdırlar. Bu,
prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.
Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar
bütün aparıcı beynəlxalq təşkilatlar
müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda
açıq-aydın ifadələr işlədiblər, qərarlar,
qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik
Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament
Assambleyası, NATO və digər təşkilatlar qətnamələr
qəbul ediblər. Yəni, bu, hüquqi müstəvidir,
bizim mövqeyimizi tam möhkəmləndirən mənzərədir.
O ki qaldı, tarixi ədalətə, hesab edirəm ki, bu haqda Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi. Eşitmişəm ki, mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı, əzbərləsinlər ki, tarixi yaxşı bilsinlər və özlərini, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər. Çünki onlar bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın baş nazirinin Ermənistanda hansısa meydanda yalan danışması bir məsələdir, bu yalanı beynəlxalq tədbirdə utanmadan danışması isə digər məsələdir. O, erməni xalqına heç bir aidiyyəti olmayan çarı erməniləşdirib. Bu, tam yalandır. "Qarabağ Ermənistandır” - növbəti yalan. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Ermənistanda baş verən hadisələrlə əlaqədar yalanlar.
Ona görə bu, məsələlərin bir tərəfidir. O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni,10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk qrupu? Verməyib! Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın.
-Cənab
Prezident, çox sağ olun. Bizə vaxt
ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü
bildiririk.
-Sağ olun. Təşəkkür edirəm sizə.
Azərbaycan.-2020.- 7 iyul.- S.1-3.